Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

ATƏT Prezident Administrasiyasını təəccübləndirib


Hətta demokratik qanunlarla belə anti-demokratik seçki, eləcə də anti-demokratik qanunlarla demokratik seçki keçirmək olar
Hətta demokratik qanunlarla belə anti-demokratik seçki, eləcə də anti-demokratik qanunlarla demokratik seçki keçirmək olar
«Ölkədə elə seçki qurumu olmalıdır ki, ona güvənilsin, hörmət edilsin, çox geniş ictimai dəstəyə malik olsun. Azərbaycan bu istiqamətdə hələ axtarışdadır və öz modelini ortaya qoymaqdadır».

Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Departamentinin rəhbəri Nikolas Kaçzorovski deyib.

Azərbaycanda prezident seçkilərindən sonra ATƏT öz tövsiyələrini vermişdi. Özü də bu yalnız, seçki administrasiyasına, siyasi partiyalara yox, vətəndaş cəmiyyətinin subyektlərinə, bir sözlə, hamıya aid tövsiyələr idi.

AZƏRBAYCANIN MODELİ...

«Azərbaycan üçün qəbul olunmuş model hansıdır? Yaratdığımız seçki hökumətinin formuluna görə siyasi partiya namizədləri, rəqabət aparan tərəflər, o cümlədən insanlar seçki prosesinin ədalətli, qərəzsiz, professional və müstəqil təşkil olunmasına inansınlar. Bu seçki hökuməti geniş kütlələrin inamını qazanacaq».

Kaçzorovski deyir ki, onlar ATƏT olaraq seçki komissiyalarının tərkibi və fəaliyyəti barədə öz tövsiyələrini verirlər.
Nikolas Kaçzorovski
Amma bunların həyata keçirilməsini Azərbaycanın özünə buraxırlar. Özü də yaxşı olar ki, bütün maraqlı tərəflər bu məsələni dialoq və kompromislər yolu ilə gerçəkləşdirsinlər.

Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev isə ATƏT yetkilisinin səsləndirdiyi fikirlərə təəccübləndiyini qeyd edir:

HÖKUMƏT RƏSMİSİ TƏƏCCÜB İÇİNDƏ...

«Çox təəccüb edirəm ki, yenidən bu məsələ ATƏT tərəfindən Azərbaycan hökuməti qarşısında qaldırılır. Ona görə ki, seçki komissiyalarının mövcud formatı vaxtı ilə ATƏT-in təklifi əsasında hökumət tərəfindən qəbul edilib. Hökumətin mövqeyi ondan ibarətdir ki, seçkilər Seçki Məcəlləsinin tələblərinin pozulmasına imkan yaratmamaq şərti ilə peşəkar idarə olunmalıdır».

Şahin Əliyev hesab edir ki, ATƏT-in seçki komissiyalarını dəyişdirmək
Şahin Əliyev
barədə tövsiyələrinin arxasında analitik təhlil durmalıdır. Çünki bu təklifin gələcək seçkilərə nə vəd etməsi aydınlaşmır.

Müsavat başqanı İsa Qəmbər isə düşünür ki, əslində bu tövsiyələrin gələcək seçkilərə nə vəd etməsi bəllidir. Əgər iqtidar seçki komissiyalarının tərkibi və fəaliyyəti ilə bağlı təklifləri qəbul etsə, bu seçkilərin azad və ədalətli keçirilməsinə münbit şərait yaradar. İsa Qəmbər deyir ki, anlaşılmayan ATƏT-in bu təkliflərin qəbulunun razılaşdırılmasını iqtidarla müxalifətin öhdəsinə buraxmasıdır:

«YAP KOMİSSİYALARI İŞĞAL EDİB»

«Bu təxminən Ermənistanla Azərbaycana verilən tövsiyəyə bənzəyir ki, Dağlıq Qarabağ problemini öz aranızda həll edin. İşğalçı ilə işğala məruz qalan tərəfin kim olduğunu qiymətləndirmirlər. Eyni qaydada da bu gün bütün komissiyalar YAP tərəfindən işğal olunub. ATƏT isə ictimai etimada malik komissiya yaradılmasını tövsiyə edir, ancaq öz mövqeyini birmənalı şəkildə ortaya qoymur ki, YAP-ın bütün komissiyaları işğal etməsi azad və ədalətli seçkilərin keçirilməsinə uyğundur ya yox».

Müsavat başqanının fikrincə, ATƏT bu məsələdə birmənalı mövqe ortaya qoymalıdır.

BEYNƏLXALQ QURUMLAR SADƏCƏ YOL GÖSTƏRİR

Əli Bilge Cankorel
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel isə əslində beynəlxalq qurumların bu kimi həssas məsələlərdə müdaxilə etmək istəmədiklərini bildirir. O deyir ki, belə məsələlərdə beynəlxalq qurumlar sadəcə başqa örnəklərdən yollar göstərir, problemlər varsa, diqqəti onlara yönəldir, problemlərin necə aradan qaldırıla bilməsi üçün alternativləri göstərirlər. Fəqət çözümü daxili siyasətə buraxırlar.

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə isə beynəlxalq qurumlar azərbaycanlıların yerinə seçki keçirə bilməz. Sadəcə hansısa təkliflər paketini təqdim edə bilərlər. Bunu qəbul edib-etməmək isə Azərbaycanın üzərinə düşən məsələdir. Hakimiyyətin ortada olan təklifləri qəbul etmək istəməməsi anlaşılandır. Çünki bu nisbətən demokratik seçkilərin keçirilməsi olardı. Hakimiyyət bundan ehtiyatlanır.

Ekspert deyir ki. müxalifət də son dərəcə zəif və resurslardan məhrum olduqlarına görə həmin təkliflər paketinin qəbul olunması istiqamətində müqavimət göstərə bilmir. O hesab edir ki, ATƏT-in və digər beynəlxalq qurumların da əlində elə bir ciddi təzyiq və təsir imkanları yoxdur ki, o təklifləri hakimiyyətə qəbul etdirsin:

Azər Rəşidoğlu
«BEYNƏLXALQ QURUMLAR HÖKUMƏTLƏ İŞLƏYİR»

«Seçki ilə bağlı fəaliyyət göstərən beynəlxalq qurumların əksəriyyəti öz nizamnamələrinə uyğun olaraq Azərbaycan hakimiyyəti ilə işləyirlər. Ona görə də onlardan çox şey gözləməyə dəyməz. Digər tərəfdən Azərbaycanın yaxın seçki tarixi göstərir ki, hətta demokratik qanunlarla belə anti-demokratik seçki, eləcə də anti-demokratik qanunlarla demokratik seçki keçirmək olar. Əsas siyasi iradədir».

Azər Rəşidoğlu düşünür ki, ölkədə ədalətli seçkilər keçirmək üçün ya hakimiyyətin siyasi iradəsi olmalı, ya da müxalifətin hakimiyyəti bu iradəyə tabe etdirə biləcək kifayət qədər güclü elektoratı olmalıdır:

«Azərbaycan kimi balaca ölkələrdə yalnız seçki öncəsi və ya seçkilərdən sonra hər hansısa bir fors-major situasiya yaranıb vəziyyəti dəyişə bilər. Başqa heç nə».
XS
SM
MD
LG