Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

İrana qarşı yeni sanksiyaların detalları məlum oldu


Yeni planda əsas hədəf kimi nüvə fəaliyyətinə bağlı olan elit hərbi qüvvələr, ordu, maliyyə və nəqliyyat sahələri götürülür
Yeni planda əsas hədəf kimi nüvə fəaliyyətinə bağlı olan elit hərbi qüvvələr, ordu, maliyyə və nəqliyyat sahələri götürülür
BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin hamısının razılaşdığı İrana qarşı dördüncü sanksiya planının mətnində əsas hədəf kimi İran İnqilab Qvardiyası götürülür.

İRANA SİLAH SATIŞI QADAĞASI

Əsasən İran İnqilab Qvardiyasını hədəf alan BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı yeni sanksiyalar planını artıq böyük güclər razılaşdırdıqlarını deyirlər. İrana qarşı BMT-nin dördüncü qadağası olacaq yeni planda əsas hədəf kimi nüvə fəaliyyətinə bağlı olan elit hərbi qüvvələr, ordu, maliyyə və nəqliyyat sahələri götürülür.

Yeni sanksiyalarda Tehrana bəzi ağır silahların, o cümlədən də hücum helikopterləri, tankları kimi silahların satılmasının qadağan edilməsi, onun nüvə başlıqları daşıya biləcək ballistik raketlər yaratmaq imkanlarının məhdudlaşdırılması yollarının tapılması nəzərdə tutulur.

RUSİYA DA RAZIDIR, ÇİN DƏ

Dövlət Katibi Hillari Klinton mayın 18-də Senatın alt komitəsində çıxışında məlumat verib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan beş dövlət – ABŞ, Britaniya, Çin, Fransa və Rusiya, eləcə də Almaniya yeni sanksiya planının mətnini razılaşdırıblar, indi sanksiyanın özünün qəbulu prosesi başlayır.

İran israr edir ki, onun nüvə proqramı dinc məqsədlərlə istifadə edilmək üçün nüvə yanacağı əldə etmək məqsədi daşıyıq. Amma Qərb dövlətlərinin çoxu və ABŞ Tehranın bu proqramının nüvə silahı yaratmağa yönəldiyindən narahatdır.

Hillari Klinton Senatın alt komitəsində çıxış edir
Ağ Ev İranın nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərə qarşı çıxdığına dünya liderlərini inandırmaq üçün bir ildən çox vaxt sərf etdi. İranla çox yaxın iqtisadi əlaqələri olan Rusiya və Çin uzun müddət İrana qarşı yeni sanksiyaların qəbul edilməsinə qarşı çıxırdılar. Amma son vaxtlar onlar da Tehranın nüvə silahına malik olmasının qarşısının alınması tədbirlərinə qoşulmağa razı olduqlarını bildiriblər. Dövlət Katibi Hillari Klintonun bildirdiyinə görə, Pekinlə Moskvanın yeni sanksiyaya razılaşması intensiv danışıqların nəticəsidir.

«MOSKVA VAŞİNQTONLA ƏMƏKDAŞLIQ ETSƏ»

Rusiyanın BMT-dəki daimi səfiri Vitali Çurkin də bildirir ki, yeni sanksiyanın forması onları qane edir. Çurkin hesab edir ki, bu sanksiya İranla normal iqtisadi əlaqələrə və İran xalqının dolanışığına təsir etmir:

«Biz inanırıq ki, bu, vəziyyətə uyğun qərardır. Biz həmin qərarın forması ilə razıyıq. Çünki o, yalnız nüvə silahının yayılmamasına dair məsələləri hədəfə alır».

Çurkin onu da əlavə edib ki, bur formada yeni sanksiyaların qəbul edilməsi sahəsində Moskva Vaşinqtonla əməkdaşlıq etsə də, Rusiya yeni sanksiyanın birbaşa təşəbbüskarı deyil.

ÇİN: «DİALOQ YOLU HƏLƏ AÇIQDIR»

Çinin BMT-dəki səfiri Li Baodun də bildirib ki, onun hökuməti İran probleminin əməkdaşlıq və təzyiqlər yolu ilə həllinə tərəfdardır və Çin İranla Türkiyə arasındakı nüvə razılaşmasını müdafiə edir:

Buşehrdə nüvə zavodu
«Biz hesab edirik ki, yeni sanksiya mətninin razılaşdırılması heç də o demək deyil ki, artıq diplomatik yollar bağlanır. Əminik ki, İranın nüvə proqramı ilə bağlı problemin həllində dialoq, diplomatiya ən yaxşı yoldur».

Mayın 17-də Tehranda İran, Türkiyə və Braziliya arasında imzalanan nüvə razılaşmasında nəzərdə tutulurdu ki, İran Türkiyəyə 1200 kiloqram 20 faiz zənginləşdirilmiş uran göndərsin, əvəzində isə 1 il ərzində Beynəlxalq Atom Enerjisi agentliyindən 120 kiloqram hazır nüvə yanacağı alsın. Ankara öhdəlik götürürdü ki, əgər bir il ərzində İran hazır nüvə yanacağı almazsa, Tehrandan aldığı uranı geri qaytaracaq.

Buna qədər Tehran BMT Təhlükəsizlik Şurasının üzvləri ilə apardığı danışıqlarda hazır nüvə yanacağını kənardan almaq təklifini qəbul etmirdi.

ANKARA-TEHRAN SÖVDƏLƏŞMƏSİ VAŞİNQTONU RAZI SALMIR

ABŞ-da hesab edirlər ki, bu sadəcə, İranın özünə qarşı yeni mümkün sanksiyaların qarşısını almaq cəhdi idi. Ağ Ev artıq bildirib ki, İran-Türkiyə razılaşması beynəlxalq ictimaiyyətin Tehrandan onun nüvə proqramına dair şəffaflıq və əməkdaşlıq gözləntilərinə münasib addım deyil. Başqa sözlə, Ankara ilə Tehranın Razılaşması Vaşinqtonu razı salacaq razılaşma deyil.
XS
SM
MD
LG