Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

Mirmehdi Ağaoğlu "Elektron poçt sifarişi" (Hekayə)


Poçtun bəyaz plastik qapısı möhkəmcə açıldı və örtüldü. İçəri girən adam palçıqlı çəkmələrini kandarda qoyulmuş şəlpəyə silib piştaxtaya yaxınlaşdı.

“Tayota Prado”sunun açarlarını tutduğu əlilə piştaxtanın kəhrəba rəngli taxtasını döyəclədikdən sonra başını qaldırıb ətrafa göz gəzdirdi. Divardan asılmış poçt işi, rabitəyə lövhələrə etinasız baxdı.

Lövhələrdə yazılanlardan bir şey anlamadığı donuq çöhrəsindən bəlliiydi. O ikinci dəfə piştaxtanı döyəclədikdə içəri qapıdan poçt işçisi Çapayın başı göründü.

O aş yediyi dodaqlarını əlinin içi ilə silib piştaxtaya yaxınlaşdı. Ədəb-ərkanla hörmətli qonağa salam verib yumşaq kreslosunda əyləşdi.

Gələn Boranlı idi. Astanlı kəndinin sayılıb seçilən adamlarından biri.

Sözsüz ki, bu varlı hallı adamı nəinki doğma Astanlıda, rayonun ən ucqar kəndlərində belə tanımayan yox idi.

Onun Astanlının və qonşu kəndlərin çöllərində beş yüz hektardan çox torpağı, min baş qoyundan ibarət sürüsü, 30 baş inəklik ferması, rayonda beş mağazası, bir avtoyuması, üç kafesi vardı.

Boranlının Bakıdakı və rayonun mərkəzindəki iki mənzilindən başqa kəndin kənarında olsa belə öz əzəməti, böyüklüyü ilə kənddə tayıbərabəri olmayan mülkü var idi. Mülkü ata-baba yurdunda yerləşirdi.

Əvvəllər isə yurdda onun özünün də böyüyüb boya başa çatdığı, Böyük Vətən Müharibəsindən bitəndən beş il sonra tikilmiş, külək şimaldan əsəndə cənuba, cənubdan əsəndə şimala əyilən bir mərtəbə samanlı möhrədən tikilmə evləri var idi.

Bu birmərtəbə, samanlı möhrədən tikilmə evdə yaşadığı vaxtlarda heç kəs onu Boranlı çağırmırdı. Onda kənddə hamı onu Çingiz kimi tanıyırdı. Hər şey o əsgərlikdən qayıtandan sonra oldu.

Təxris olandan sonra bir müddət o da tay-tuşları kimi işsiz dolandı.

Kənddə yeganə iş yeri kənd məktəbində müəllimlik idi, onunsa heç düzəmməli orta savadı yox idi. Ali məktəbi bitirənlər isə kənddə avara-avara dolanır, Astanlı məktəbində vakant yer olan kimi işə götürüləcəklərinə ümid edirdilər.

Kənddə bir müddət avara dolandıqdan sonra Çingiz atasının Bakıda yaşayan əmisi oğlunun çağırışı ilə paytaxta fəhlə işləməyə gedir.

Çingiz bir ay sonra günortadan xeyli keçmiş arxa hissəsi kəsilib yük yeri düzəldilmiş, rənginin nə vaxtsa yaşıl olması üstündəki bir-iki əl boyda yaşıl boyadan hiss olunan uçub tökülmüş köhnə-külə “Qaz-21”-də döndü.

Ona bir xeyli gülüb ələ salan işsiz taş-tuşları səhər nə onu, nə də “Qaz-21”-ni kənddə tapmayanda Çingizin xətrinə dəydiklərini düşünüb məyus oldular.

Onunla birlikdə kənddə İkinci Dünya Müharibəsi qurbanlarınıın xatirəsinə tikilmiş abidənin ətrafındakı dəmir sürahilər də yoxa çıxdı.

Bir həftə sonra Çingiz yenə kənddə peyda oldu. Bu dəfə o gedəndən sonra kolxoz həyətindəki yararsız dəmir-dümür və bir də kəndə gələn istifadəsiz su borusunun bir hissəsi yox oldu.

Növbəti dəfə su borusunun qalan hissəsini və kolxoz baxçasınıın həyətindəki dəmir yelləncəkləri , sürütcəkləri doğrayıb apardı.

Bir gün axşama yaxın onların həyətlərinin qabağını “Kamaz” bağırtısı bürüdü.

Çingiz kəndə metal aparamağa “Kamaz”la gəlmişdi. Bir müddət onların qapısından “Kamaz” səsi əksiz olmadı.

Bir dəfə isə qapılarında “Kamaz”la birlikdə Çingizin “07”-si də göründü. Bundan sonra o daha paslı-tozlu iş paltarında dəmir tulantıları toplamır, “07”-si ilə lazımı idarələrə gedib söküb daşıyacağı dəmir –dümirin “icazəsi”ni alır, ardınca da Çingizin fəhlə tutduğu tay-tuşları metal tullantılarını yük maşınlarına yükləyirdilər.

Astanlıda, qonşu kəndlərdə dəmir adda gözə dəyən nə varsa azaldıqca onun şan-şöhrəti, var-dövləti də artırdı. Beləcə bir neçə il keçdi. Bir gün kənddə daşımağa dəmir qalmayanda Çingiz kefini pozmadı. O artıq kəndin əkin sahələrində bir xeyli torpaq sahəsi almış, müflis olmuş bir mağazanı isə özününkiləşdirmişdi.

Bir dəfə kənddə icra nümayəndəliyinin keçirtdiyi bir tədbirdə kənd sovetliyinin işçisi ona Çingiz müəllim yox, familiyası ilə Boranlı deyə müraciət elədi. Vahimə oyandıran familiyası ilə çağırılması onun özünə də xoş gəldi, icalasın fəxri qonaqlar üçün ayrılmış kürsüsündə əyləşmiş Çingiz xımı-xımı gülümsədi. Bundan belə kənndə hamı onu Boranlı çağırmağa başladı.

Çingiz kənddə Boranlı çağırılmağa başlayandan sonra xasiyyəti də dəyişdi. Adının mənası olan bu təbiət hadisəsinin xüsusiyyətləri onun xasiyyətinə, davranışlarına da təsir etdi.

Yekəxana, özündənrazı adam kimi tanınsa da hamı ona hörmət edir, xətrini əziz saxlayırdı.

Bəs necə, kənddə iş yeri adda hansı müəssisə var idisə orda onun barmağı var idi. Kənddə onlarla adam onun torpaqlarında əkinçilik edir, heyvanlarını otarır, mağazalarında işləyir, kafesində ofisiantlıq edirdilər.

Ümumiyyətlə onun xasiyəti idi. Hansı yeni sahə açılırdısa Boranlı mütləq o işdə var idi. İndi də köhnə kolxozun inzibati binasının arxasındakı boş torpaqda

Kərpic sexi açmaq istəyirdi. Hətta Rusiyadakı bir dostunun vasitəsilə müxtəlif avadanlıqlar, cihazlar istehsal edən müsəssisələrin biri ilə telefonla danışmış, onlar isə öz kataloqlarını göndərmək üçün ondan elektron poçtunu istəmişdilər.

O telefonda bir saniyəlik duruxub qalmış, heç nə başa düşməmişdi.

Amma rus iş adamlarının qarşısında savadsız kimi görünmək istəmədiyindən səhər təkrar zəng vurub onlara elektron poçtunu verəcəyini vəd vermişdi.

Telefon söhbəti bu gün səhər olmuşdu. O günortaya qədər bir xeyli fikirləşmiş, mədaxil-məxariclərini hesablamış, nəhayət günorta vaxtı işdən ötrü təcili Bakıya gedərkən saxlancından iki min dollar götürüb yolunu kənd poçt şöbəsindən salmışdı.

Boranlı əlini cibinə aparıb bir dəstə pul çıxarıb piştaxtaya qoydu və dönə-dönə Çapaydan xahiş elədi ki, bu elektron poçt məsələsini onun üçün tez bir zamanda həll eləsin. Ardınca da tələsdiyini, sabah gələndə qalanını da ödəcəyini söyləyib çıxıb getdi.

Boranlı poçtdan çıxan kimi Çapay pulları cəld piştaxtanın üstündən yığışdırıb əvvəlcə siyirməyə, sonra siyirmədən götürüb cibinə qoydu. Özünü itirdiyindən nahar yeməyini yarıda bıraxdığını da unutmuşdu.

İçəri otağa keçib şax yüzlük banknotları saymağa başladı. Otuzu adlamış Çapay heç vaxt iki min dolları bir arada görməmişdi. Onun üçün iki min dolları əlində tutmaq möcüzə idi. Əlində tutduğu əskinazları saydqca kədərləndi.

Özünü və orta məktəbi güclə bitirmiş Boranlını tərəziyə qoyub on bir illik məktəb, dörd illik universitet təhsilinə sərf etdiyi zamana heyifi gəldi.

İki ilə yaxın nişanlı olsa da qızıl almağa pulu olmamağı səbəbindən hələ də evlənə bilməmişdi. Poçtdan aldığı aylıq 98 manatla isə siqaret xərclərini güclə ödəyirdi.

Bu pul onun üçün göydəndüşmə sayılırdı. İki min dollarla (Boranlı üstünü düzəldəcəyini də vəd etmişdi) nişanlısının qır-qızılını alar, yüz-iki yüz də xərcliyi qalardı.

Çapay əlbəttə elektron poçtun Azərpoçtun hər kənddə tikdirdiyi xudmani poçt şöbələri kimi bir şey olduğunu düşünən Boranlının pulunun dalına keçə bilərdi. Lap bir şey uydurub bir-iki həftə Boranlını fırlada da bilərdi.

Amma gec-tez Boranlı elektron poçtun nə olduğunu, onun düzəldilməsinin iki min yox, heç iki dollar xərc aparmadığını biləcəydi.

Bax o zaman Çapay üçün pis olacaqdı. Boranlı isə öz acığını necə desən çıxardı; onu döyməkdən tutmuş, işindən qovdurmağa qədər.

Çapay bir də ayıldı ki, pulu dəfələrlə saymaqdan baş və şəhadət barmaqlarının ucu qapqara qaralıb. Görməmişliyindən xəcalət çəkib pulları cibinə qoydu. Otaqdan çıxdı.

Boranlı palçıqlı çəkmələrini kandarda qoyulmuş şəlpəyə silib piştaxtaya yaxınlaşdı.

Çapay kreslodan qalxıb onunla salamlaşdı, elektron poçtun artıq hazır olduğunu söyləyib, kompüterdə onun işləmə qaydasını, loqini, pəsvordu daxil etməyin, onunla işləməyin qaydalarını öyrətdi.

Sonra da cibindən Boranlının dünən verdiyi pulları çıxartdı, elektron poçtun düzəldilməsinə Boranlının düşündüyü kimi o qədər yox cəmi yüz dollar dollar sərf elədiyini söyləyib qalanını qaytardı.

Bu çətin işin belə az məbləğə başa gəlməsinə sevinən Boranlı dəstin üstündən 100 dollar götürüb Çapaya uzatdı, təşəkkür eləyib getdi.

Çapay potrmanatını açıb yüzlüyü ehmalca dünəndən Çapayın portmanıtında müvəqqəti məskunlaşmış o biri yüzlüyün yanına qoyub kresloya yayxandı. Toyun pulunun iki yüzü artıq düzəlmişdi.
XS
SM
MD
LG