Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

Sələfilərin toplaşdığı məsciddə namaza yasaq qoyulub


Müşfiq qəsəbəsinin məsçidi
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

Məsçid əhli deyir ki, onlara cümə namazı qılmağa qadağa qoyublar

«Cümə namazının qılınmaması ilə bağlı xəbərdarlıq olunduğu üçün məscidin imamı bu gün bura gəlməyib. Qaradağ rayon polis idarəsi xəbərdarlıq edib. Rəsmi olmasa da şifahi bildiriblər. Ona görə çox adam gəlməyib».

Bu Qaradağ rayonunun Müşfiqabad qəsəbə məscidində cümə namazına toplaşan sakinlərin dedikləri idi. Onlar iddia edirlər ki, Qaradağ rayon polis idarəsi məsciddə cümə namazının qılınmasına yasaq qoyub. Sakinlərin sözlərinə görə, məscidlərin bağlanması, yaxud mövcud olan məscidlərdə cümə namazı qılınmadığı üçün Bakının digər rayonlarından, eləcə də Sumqayıtdan insanlar bura namaz qılmağa gəlirlər. Dediklərinə görə, əslində başqa yerlərdə cümə namazına şərait olsa, heç Müşfiqabad qəsəbə məscidində kimlərinsə gözünü ağrıdan sıxlıq yaranmaz və belə problem də olmazdı.

CƏFƏNG İTTİHAMLARI CAVABLANDIRMIRIQ


DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polisin ünvanına səslənən iddiaları qəbul etmir. Deyir polis asayişin qorunması ilə məşğul olur. Hansısa məsciddə cümə namazının qılınmasına polisin yasaq qoyması barədə səslənən fikirlər cəfəngiyatdır:

«Polis namazın vaxtını müəyyən etmir. Biz belə cəfəng ittihamları cavablandırmırıq».

Onu da deyim ki, iddia edilən xəbərdarlığa baxmayaraq namaza az qalmış məscidə xeyli adam toplaşmışdı və ardı gəlirdi. Onların arasında əcnəbilər də gözə dəyirdi. Dindarlar deyir ki, əslində əvvəlki cümə namazlarında namaza gələnlərin sayı bundan bir neçə dəfə artıq olur. Sadəcə haqqında danışılan xəbərdarlıq gələnlərin sayına ciddi təsir edib. Toplaşanlar deyir ki, onlar Allaha ibadət edirlər, heç bir mitinq, piketdə iştirak edən adamlar deyillər. Dediklərinə görə, onların məzhəbində ümumiyyətlə hakimə–yəni rəhbərə qarşı çıxmaq yoxdur.

SƏBƏB QEYDİYYATIN OLMAMASIDIR

Məscidin imamı Mübariz Qaçayev orada olmadığı üçün onunla telefonda danışdıq. Dedi ki, bəli belə bir xəbərdarlıq olub və o özü bu barədə camaatı məlumatlandırıb. Səbəb icmanın qeydiyyatının olmamasıdır:

«2009-cu ilin noyabr ayından sənədlərimiz Qafqaz Müsəlmanları İdarəsindədir. Azərbaycanda 700-dən artıq məscid var.
Mübariz Qaçayev
Onların 200-ə qədəri qeydiyyatdan keçib. Qalanının sənədləri hələ oradadır. Yavaş –yavaş onları da qeydiyyatdan keçirdəcəklər. Sonra sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gedəcək. Bizimki də həmçinin».

Qafqaz Müsəlmanları İdarəsindən Müşfiqabad qəsəbə məscidinin sənədlərinin taleyi barədə məlumat ala bilmədik.

Qəsəbə sakini Etibar Məmmədov isə deyir ki, onlardan sonra sənəd verənlər qeydiyyata alındığı halda Müşfiqabad məscidinin icması hələ də gözləyir. Müvafiq qurumlar işi get-gələ salıb.

«Bütün sənədlər hazırlanıb rəsmi qurumlara təqdim edildiyi halda dini icmanın qeydiyyatı məsələsi həll olunmamış qalır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanı arasında rəy verilməsi üçün bir proses yarandı və bu bir müddət davam etdi. Axır ki, icra hakimiyyətinin qəsəbə nümayəndəliyinin verdiyi rəyə qane olundu. Ancaq proses hələ də davam edir. Hazırda bura kənardan namaz qılmağa gəlməsinlər, məsciddə cümə namazı qılınmasın kimi sözlərin də kökündə bu proses dayanır».

SAQQAL MƏSƏLƏSİ

Qəsəbə sakinləri, eləcə də digər yerlərdən bura namaza gələnlər deyirlər ki, müxtəlif vaxtlarda, xüsusilə də 2008-ci ilin payızında («Əbu-Bəkr» məscidində 17 avqustda partlayış baş verəndən sonra) prezident seçkiləri ərəfəsində onlar Qaradağ rayon polis idarəsinin 10-cu bölməsinə aparılaraq, saqqalları qırxılıb. Hətta şəxsiyyət vəsiqələri əllərindən alınaraq yenisi –yəni saqqalsız şəkillə onlara qaytarılıb. Özü də bu iş guya şəxsiyyət vəsiqəsinin itməsi kimi sənədləşdirilib.

Ehsan Zahidov bunların əsassız iddialar olduğunu bildirib saqqal qırxmağın polisin işi olmadığını deyir. AzadlıqRadiosu dindarların saqqallarının qırxılması halları barədə reportajlar və məlumatlar yaymışdı.

MƏSCİDİN BAĞLANMASI BARƏDƏ QƏRAR YOXDUR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirir ki, onlar polisə hansısa məsciddə namaza yasaq qoyulması barədə müraciət etməyiblər. Müşfiqabad qəsəbəsinin məscidində cümə namazı qılınmamasına dair xəbərdarlıq barədə də icmadan məlumat veriblər.
Gündüz İsmayılov
Ancaq həmin məscidin bağlanması barədə də onlarda heç bir qərar yoxdur. Sadəcə icma qeydiyyatdan keçməlidir:

«Onların sənədləri hələ ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gəlib çıxmayıb».

Gündüz İsmayılovun sözlərinə görə, yaxşı olar ki. onlar qeydiyyatla bağlı sənədləri hazırlasınlar. Çünki dini etiqad haqqında qanunda da yazılır ki, dini icmalar yalnız dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Dini məsələlər üzrə ekspert Elşad Miri hesab edir ki, qeydiyyat məsələsində süründürməçilik var və bu səbəbsiz deyil. Qafqaz Müsəlmanları İdarəsindən icmanın qeydiyyatına rəy verildikdən sonra sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə getməlidir. Bunun hamısı vaxt tələb edir.

DİNOKRATİK ƏNGƏL

«Qafqaz Müsəlmanları İdarəsi bir tərəfdən məscidlərin sökülməsinin əleyhinə bəyanatlar verir, bununla bağlı prezidentə müraciət edir, lakin digər tərəfdən də bu qədər məscidin qeydiyyatdan keçməsinə bürokratik də yox, dinokratik əngəl törədir. Bu insanlar deməli gözləməlidilər ki, nə vaxt onları orada qeydiyyatdan keçirirlər, sonra sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gedəcək. Orada nə qədər zaman tələb olunacaq qeydiyyat üçün. Bəs bu insanların, məscidlərin taleyi necə olacaq».

Elşad Miri deyir ki, qeydiyyatla bağlı müvafiq idarələrdə baş verənlərdən belə başa düşmək olur ki, onlar insanları dinə olan sevgidən məhrum etməyə çalışırlar. Bu isə din üçün yox, əslində dövlət üçün yaxşı nəticələrə gətirib çıxarmayacaq.
XS
SM
MD
LG