Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Rəsulzadənin Azərbaycanda neçə büstü və heykəli var?


Məmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəli
Məmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəli
Bu günlərdə Müsavat Partiyası Ağcabədi rayon təşkilatı 10 ildən sonra Məmməd Əmin Rəsulzadənin torpağa basdırılmış büstünü tapıb çıxartdı. Həmin büst 1992-ci ildə rayon icra hakimiyyətinin qarşısında qoyulmuşdu. 2000-ci ildə isə təmir adı ilə götürülmüşdü və o vaxtdan yoxa çıxmışdı. Bu əhvalat bir sualı aktuallaşdırdı – Azərbaycan Demokratik Respublikasının banisinin ölkənin hansı şəhər və rayonlarında büstü və ya heykəli var?

Məmməd Əmin Rəsulzadənin indinin özündə də Zaqatalanın mərkəzində heykəli var. Heykəl Elçibəy hakimiyyəti dövründə - 1993-cü ildə qoyulub. Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanovun verdiyi məlumata görə, heykəlin vəziyyəti yaxşıdır. Bir neçə gün əvvəl heykəlin rəngi də təzələnib:

ZAQATALADAKI HEYKƏLDƏ SINIQ VAR

«Ancaq bir şey var ki, heykəlin Məmməd Əmin Rəsulzadə yazılan hissəsində – doğum və ölüm tarixi ilə bağlı olan hissədə sınıq var. Bununla bağlı şəhər icra nümayəndəliyinə müraciət etmişik. Hələ ki, bir nəticəsi yoxdur. Qalan şeylərdə problem yoxdur».

Məmməd Əmin Rəsulzadənin ilk heykəli isə 1992-ci ildə Ağsuda – rayonun mərkəzində qoyulubmuş. Heykəl 2007-ci ilə qədər yerində qalıb. Müsavat Partiyasının rayon təşkilatının sədri Fəxrəddin Kərimli deyir ki, heykəl təmir adı ilə götürülsə də, hələ yerinə qoyulmayıb:

GÖTÜRÜLDÜ, AMMA YERİNƏ QOYULMADI

«Sonra icra hakimiyyəti rayondakı bütün siyasi qüvvələri yığdı. Söz verdilər ki, Rəsulzadənin daha yaxşı heykəli qoyulacaq. Daha mükəmməl heykəl qoyulması şərti ilə razılığa gəlindi. Heykəli götürdülər. Ancaq hələ bu günə kimi heykəl qoyulmayıb».

Məmməd Əmin Rəsulzadənin torpağa basdırılmış büstü
Fəxrəddin Kərimli deyir ki, heykəl rayondakı yerli idarələrdən birində saxlanılır.

ELƏ GÜNDƏDİR Kİ…

Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı Gəncədə isə Rəsulzadənin Dəmiryol Parkında büstü var. Büst 1992-ci ildə qoyulub. Müsavat Partiyası Gəncə təşkilatının rəhbəri Cahangir Əmirxanlının verdiyi məlumata görə, büst hazırda baxımsız vəziyyətdədir:

«Elə gündədir ki, kənarları əzilib, baxımsızdır. Arabir biz gedib təmizləyirik».

O ki qaldı Ağcabədidə tapılan büstün sonrakı taleyinə, büstü tapan Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli deyir ki, büstün Rəsulzadənin adını daşıyan prospektə qoyulması üçün yerli icra nümayəndəliyinə müraciət olunacaq. Razılıq verilməsə, büst Müsavat Partiyasının rayon təşkilatının qarşısında qoyulacaq. Həm də büstün bərpaya ehtiyacı var:

BÜSTƏ LOMLA ZƏRBƏLƏR ENDİRİLİB

«Torpaqda qalmaqla olan vəziyyət deyil. Məhv etmək üçün ona lomla zərbələr endirilib. Görünür ki, tamamilə dağıtmaq istəyiblər. Mən izinə düşmüşdüm, ona görə də tamam dağıda bilməyib torpağa basdırmışdılar».

Rəsulzadənin başqa bir heykəli isə doğulduğu Novxanı kəndindədir. Ölkənin başqa rayon və şəhərlərində Məmməd Əmin Rəsulzadənin başqa heykəli və büstü yoxdur.

Məmməd Əmin Rəsulzadənin ölkənin paytaxtında da heykəli yoxdur. Bir neçə ilə əvvələ qədər Rəsulzadənin Kukla Teatrı ilə üzbəüz parkda heykəlinin qoyulacağı barədə danışılırdı. Heykəl isə xalq rəssamı Ömər Eldarova sifariş verilmişdi. Qoyacağı heykəlin modeli indi də onun emalatxanasındadır:

HEYKƏLİN QOYULMASI ÜÇÜN QƏRAR OLMALIDIR

«Mən bu modeli 90-cı illərdə hazırlamışam. Qalıb emalatxanada»
«Mən bu modeli 90-cı illərdə hazırlamışam. Qalıb emalatxanada. Bu keçid modelidir. 8-9 metrlik heykəl planlaşdırırdıq. Heykəlin qoyulması üçün qərar olmalıdır, gərək bu hökumətdən olsun. Nə Xalq Cəbhəsi hakimiyyəti dövründə, nə də sonra heykəlin qoyulması haqqında sifariş olmadı».

Ömər Eldarov deyir ki, heykəlin qoyulması üçün bir milyon dollara yaxın vəsait lazımdır.

ADR dövrünün araşdırmaçısı, professor Cəmil Həsənli deyir ki, Rəsulzadəyə heykəl qoyulmasının vaxtı çoxdan çatıb:

HÖKUMƏT İSTƏSƏ…

«Əgər hökumət istəsə, heykəli qoyar. Hər halda Bakıda tikilən orta səviyyəli bir binanın inşasından çox pul tələb etmir. Rəsulzadə ölkənin tarixində müstəsna rolu olan şəxsdir. Hakimiyyətin ona qarşı olan siyasi qısqanclığı bir kənara qoyulmalıdır».

İki il əvvələ qədər Kukla Teartı ilə üzbəüzdəki parkda «burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq» sözləri yazılmış daş lövhə də vardı. İki il əvvəl həmin park təmir olundu və daş lövhə də yoxa çıxdı. Məmməd Əmin Rəsulzadənin Bakı Dövlət Universitetindəki büstü isə 1999-cu ildə götürülüb.

Cümhuriyyətə həsr olunmuş abidə isə Bakıda 2007-ci ildə qoyulub. Abidənin üstünə ərəb və latın əlifbası ilə 28 may 1918-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi həkk olunub. Mayın 27-də prezident İlham Əliyev həmin abidənin üstünə əklil qoyub.
XS
SM
MD
LG