Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:13

Azərbaycan nümayəndə heyəti finaldan qabaq...


«3 məşqimiz olmalıdır. Artıq biri bitib»
«3 məşqimiz olmalıdır. Artıq biri bitib»
«Eurovision» Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli ilə final öncəsi müsahibə.

- Adil müəllim, yarımfinaldan sonra əhvalınız necədir?


- Əhvalımız çox yaxşıdır. Final mərhələsinə vəsiqə qazanmağımız hər birimizi sevindirir. Bunu əldə etmək bir o qədər də asan deyildi. İkinci yarımfinalda gərgin bir mübarizə keçdi. Artıq final mərhələsi üçün çox ciddi hazırlıqlara başlamışıq. 3 məşqimiz olmalıdır. Artıq biri bitib. Məşqlərimiz də gərgin və həyəcanlı keçir. Çünki finalda iştirak edən ölkələr çox güclüdür. Mübarizə çox qızğın və atəşli keçəcək. Biz çalışırıq çıxışımızı da, Səfurəni də həm fiziki, həm psixoloji baxımından maksimum hazırlayaq ki, mübarizə uğurlu olsun.

- Səfurə ilə indi psixoloqlar işləyirmi?

- Onun o qədər də psixoloqlarla işləməyə ehtiyacı yoxdur. Yəni, özünü çox yaxşı hiss edir. Onun hər hansı bir psixoloji təzyiqdə olduğunu biz hiss etmirik. Çünki çox sərbəst və rahatdır. Söhbət onun kənar təzyiqlərdən, təsirlərdən, maksimum problemlərdən uzaq tutulmasından gedir.

- Kənar təsir nə ola bilər?

- Yəni mətbuatın sualları, cavabları. Verilən hər bir sual, müsahibə, onun cavabları onda stress, həyəcan yaradır. Jurnalistlərlə ünsiyyət asan deyil, məsuliyyətli məsələdir.

- Yarımfinaldakı çıxışa qayıdaq. Burda belə fikirlər yayılıb ki, Səfurə məşqlərdə daha yaxşı çıxış edirdi. Amma səhnədə müəyyən xətalar var idi. Siz bunu necə qiymətləndirirsiniz?

- Yarımfinaldakı çıxış «Eurovision» mütəxəssislərinin rəyinə görə, çox müsbət çıxış idi. Təbii ki, həyəcan var idi. Çıxışın özü müsbət qarşılandı.

- İlk çıxışdan sonra orda hansı fikirlər var? Rəylər nədir?

- Uzun müddətdir ki, Səfurə favoritlər sırasındadır və qələbə qazanmağa real namizədlərdəndir. Bunu həm xarici mətbuat nümayəndələri, həm fanatlar, həm də mütəxəssislər daim öz çıxışlarında bildirirlər. Yarımfinaldan sonra favoritlərin sırasına bir neçə ölkə də daxil oldu. Türkiyə, Danimarka və Gürcüstan qələbə şansı qeyd olunan ölkələrdəndir.

- Yarımfinaldakı səsverməni necə qiymətləndirirsiniz?

- Nəticələr hələ ki, açıqlanmır. Hansı xalların verildiyi isə final mərhələsindən sonra açıqlanacaq. Yanaşma çox obyektiv və ədalətli idi. Sadəcə, tamaşaçı zövqü var. Zövq müxtəlifliyi var. Hər hansı bir ədalətsizlikdən, qanun pozuntusundan və ya qeyri-bərabər yanaşmadan söhbət gedə bilməz.

- Finalda nəsə bir yenilik olacaqmı?

- Qaydalara müvafiq olaraq nəyi isə dəyişmək mümkün deyil. Sadəcə, maksimum güc sərf olunacaq ki, Səfurə uğurlu nəticə əldə etsin.

- Təşəkkür edirəm.

/ Hazırladı Kamran Mahmudov /

MÜZAKİRƏLƏRƏ QOŞUL
XS
SM
MD
LG