Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Beynəlxalq təşkilatların başqa hansı təsir vasitələri qalıb?


5 iyun aksiyası
5 iyun aksiyası
«Azadlıq» blokunun növbəti aksiyası. Polislərin sayı yenə aksiyaçılardan dəfələrlə çoxdur. Yenə də «Azadlıq!», «İstefa!» şüarları və polisin bir anda avtobuslara mindirib susdurduğu müxalifətçilər…

AXCP və bir neçə müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun iyunun 5-də keçirdiyi icazəsiz aksiya əvvəlkilərdən heç nəyi ilə fərqlənmədi, köhnə ssenari yenidən təkrarlandı. Bu il «Azadlıq» bloku artıq üçüncü aksiyasını keçirirdi. Sadəcə bu dəfə müxalifət fəalları «İçəri şəhər» metrosunun qarşısında qrup halında cəmləşməyə macal tapa bilmişdi. Beşcə dəqiqə sonra isə bu fəallardan biri də gözə dəymirdi. Hadisə yerində onlarla polis qalmışdı...

Ötən həftə etiraz aksiyası dağıdılan təkcə müxalifətçilər deyildi, polis bir qrup sakinə hətta evlərinin həyətində aclıq aksiyası keçirməyə belə icazə vermədi. Sakinlərə deyiblər ki, Qış Bağına görə evsiz qalacaqlarını iddia edənlər aclıq etməkdən ötrü meriyadan icazə almalı idilər...

DAHA SƏRT MÖVQE

İyunun 5-də müxalifətin aksiyasını ATƏT-in təmsilçiləri izləyirdi. Aksiyadan cəmi bir gün əvvəl - iyunun 4-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb. Görüşdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq və bununla əlaqədar İcra Hakimiyyətinin üzərinə düşən məsələlər müzakirə olunub.

Bəzi yerli ekspertlər isə hesab edir ki, sərbəst toplaşma azadlığının pozulmasına görə beynəlxalq təşkilatlar daha sərt mövqe nümayiş etdirməlidir. Məsələn, bunu sanksiyalar qoymaqla edə bilərlər.

ATƏT QANUNUN İCRASI ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ EDİR

Bakı Şəhər İcra Hakimiyyəti
ATƏT-in Bakı ofisinin mətbuat və informasiya idarəsinin rəhbəri Rəşad Hüseynov deyir ki, Azərbaycanda «Sərbəst toplaşma azadlığı haqqında» qanun məhdudiyyətlərlə icra olunur. Onun təmsil etdiyi qurum isə bu qanunun tam icrası üçün əlindən gələni edir:

«Beynəlxalq təşkilat olaraq ATƏT-in Bakı ofisi öz mandatına uyğun olaraq bu məsələləri yalnız qaldırmaqla öz işini görür. Müxtəlif instansiyalarda narahatçılığımızı bildirməklə bu məsələlərin müzakirəsinə şərait yaradırıq, özümüz də müzakirə edirik və çalışırıq ki, həmin söhbət və görüşlərlə Azərbaycanda bu qanunun tam icrası təmin olunsun».

BAŞ VERƏN HADİSƏLƏR NARAHATLIQ DOĞURUR

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də AzadlıqRadiosuna bildirib ki, parlament seçkilərindən əvvəl ölkədəki siyasi vəziyyəti yaxından izləyir.

Semnebi bildirir ki, seçkilər dövründə baş verən hadisələr narahatlıq doğurur, müxalifət aksiyaya icazə almaq üçün çətinliklərlə üzləşir, müxalifət fəalları həbs olunurlar. AB-nin rəsmisi bu və digər məsələləri müzakirə etmək üçün bu ayın sonunda Bakıya gələcəyini və prezident də daxil olmaqla, digər rəsmi şəxslərlə görüşəcəyini bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin də hesab edir ki, geniş çeşiddə mövcud olan siyasi məsələlərə rəy bildirmək imkanı Azərbaycanın demokratik inkişafı üçün vacibdir: «Biz Azərbaycan hökumətini fundamental azadlıqlara hörmətlə yanaşmağa, Azərbaycanın qanunvericiliyi və beynəlxalq normalara əsaslanaraq insanların dinc toplaşmasına icazə verməsinə çağırırıq».

BAKIYA QARŞI CİDDİ SANKSİYALAR TƏTBİQ OLUNMALIDIR

Azər Rəşidoğlu
Politoloq Azər Rəşidoğlu isə deyir ki, Azərbaycan hakimiyyəti hazırda avtoritar rejimi möhkəmlətməklə məşğuldur. Ona görə Azərbaycana artıq hansısa şəkildə təsir imkanları tükənib. Qərbin beynəlxalq təşkilatları Azərbaycanı artıq «sıxmaqdan» çəkinirlər ki, birdən siyasi kursunu birmənalı Rusiyaya doğru dəyişər:

«Ancaq buna baxmayaraq əgər Qərb dəyərlərinin, demokratik dəyərlərin, liberal düşüncəli insanların tamamilə məhv olmasını istəmirlərsə, Bakıya qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Məsələn, Avropa Şurasından xaric olunma, bu qurumda ən azı səsvermə hüququndan məhrum etmə ola bilər, Belarusdakı kimi Azərbaycan hakimiyyətinin müəyyən nümayəndələrinin Avropa ölkələrinə gedişinə qadağa qoyula bilər. Görünən və görünməyən təsir mexanizmləri var».

Azər Rəşidoğlu yaxın vaxtlarda Qərbin hansısa ciddi addım atacağını gözləmir. Müxalifətin mitinqlərinə gəlincə, o hesab edir ki, «quş qoymaq xatirinə» aksiyaların keçirilməsi yanlışdır :

PARALEL MÜBARİZƏ YOLLARI AXTARILMALIDIR

«Aksiyalarla məhdudlaşmamalı, hökumətə təzyiq etmək üçün paralel mübarizə yolları axtarılmalıdır. Bu metodları tapmaq, təkmilləşdirmək müxalifət liderlərinin vəzifəsidir».

Bu arada Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla birlikdə iyunun 12-də aksiya keçirmək niyyətindədir. Müxalifət yenə də aksiyanı şəhər mərkəzindəki keçirmək istəyir. Artıq 3 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhər mərkəzində aksiya və mitinq keçirməyə icazə vermir, müxalifətçilərə şəhər kənarında aksiya keçirməyi tövsiyə edir.
XS
SM
MD
LG