Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Bəxtiyar Hidayət "Lax yumurta"


Çaxmaqlıya qaz çəkilənə qədər Məmmədi familiyası ilə ayrid edirdilər o biri Məmmədlərdən.

Hansı Məmməd- Qoçuyev Məmməd. Elə ki kəndə qaz çəkildi , Məmməd oldu QRP Məmməd. Bu da onun çox yediyinə görə daim fısıldaması ilə bağlı idi.

O vaxtlar aqronom olan QRP Məmməd sonra Cəbhəyə yazıldı. Daha sonra da könüllü orduya yazıldı.

Onların kəndləri bir az cəbhə bölgəsinə yaxın olduğundan hərdən cəbhə bölgəsinə də gedir, qarnını doydurub gəlirdi. O zonanın adamları da ki Allah versin-ürəyi açıq insanlar.

Və bir dəfə döyüş bölgəsindən reportaj aparan jurnalistin kamerasına necə girdisə və necə Zəlimxanvari bir çıxış yapdısa oldu rayonun gözünün işığı. Onun qonşusu aşıq Alxan onu tərifləyənlərə ha dedi ki a balam o QRP Məmməddi, döyüş-zad onluq deyil xeyri olmadı.

Aşıq Alxan hətta bir misal da çəkdi-

- Bizə elə gəlir ki sirk tulaları çox istedadlı məxluqlardı. Bizə elə gəlir ki onlar öz məharətlərini göstərirlər. Amma onlar hansısa qidaya görə edirlər o hərəkətləri. Bu QRP Məmməd guya hünər göstərir, amma o gözə girib özünü ordunun ərzaq şöbəsinə dürtmək istəyir.

Aşıq necə demişdisə eləcə də oldu.

Ordunun ərzaq təminatı bölməsinə dürtülən QRP Məmməd özünü yamanca tutdu. Sonra rayonun bir neçə kəndi ermənilərin əlinə keçdi- o kəndlər boşalanda QRP Məmməd də qoşuldu Saqqallı Alikin dəstəsinə-ermənidən əvvəl talan etdi o kəndləri.

Hətta Saqqallı Alik özünü aşağılayıb sahibsiz eşşəklərin satışı ilə məşğul olmasa da QRP Məmməd bu yola da getdi. Yoox, QRP Məmməd o boyda da axmaq deyildi ki eşşəkləri bazara çıxarda.

O eşşəkləri sürdü boynaya. Kolbasalığı kolbasalıq oldu-ordu təminatına gedən də orduya qismət oldu. Eşşək əti yedirrtdi əsgərlərə QRP Məmməd.

Müharibədə guya yanına düşən mərminin səsindən “kontuziya” aldı. Əslində zibillərinin üstü açılmasın deyə bu yolla aradan çıxdı.
Oldu həm müharibə veteranı, həm də Qarabağ qazisi.

Bu arada böyük oğlu da əsgəri xidmətə çağrıldı. Heç bir ay çəkmədi ki oğlunun tabutu gəldi. Əsgər yoldaşının əlində silah açılmışdı.

Uşağa şəhid adı verildı. 40-çıxanacan ağlayıb sızlayan QRP Məmməd sonra özünü elə apardı ki sanki elə oğlunun ölümünü gözləyirmiş. indi bütün rayonda onu sayırdılar. Kənd soveti onunla hesablaşırdı. Kənd İcmasının başçısı seçilmişdi. İcra başçısı kəndə gələndə mütləq ona baş çəkməli idi.

Idarələri yağır eləmişdi-şəhid ailəsiyəm, mənə yardım eləyin. Artıq onu görən müdürlər qaçırdılar.

QRP Məmməd elə sanırdı dünya elə Çaxmaqlı deməkdi və o da Çaxmaqlının ağsaqqalı olmaqla bərabər dünyanın da ağsaqqalıdır. Bir sözlə-ağsaqqallıq xəstəliyinə tutuldu. Əgər bir pafoslu yazar ondan yazmaq istəsə yəqin ki belə yazar onun haqqında - O Vətən yolunda oğlundan da keçdi.

Onun verdiyi tərbiyə onun oğlunu qəhrəman kimi yetişdirdi.
O özü də yüz dəfə Vətən yolunda qanlı döyüşlərə girib-noolsun ki güllə ondan yan keçib. O bir qəhrəmandır. Babaəklərin ,Həzilərin , davamçısıdır o.

Və s. s. s.

Amma QRP Məmməd nə Babəki tanıyır və nə də Həzini. Heç Təbrizi də tanımır. Hər seçkidə də hökumətin xeyrinə min cürə saxtakarlıq eləyir. Hansı müxalifətçınin başı beşdi ki onun qabağından qayıda-şəhid ailəsini təhqir etdiyinə görə özü də az qala demokratiya yolunda şəhid oluncaya qədər döyülər.

***

Ağsaqqallıq xəstəliyinə tutulmuş QRP Məmməd evdəkiləri də boğaza yığmışdı-

-Bu işi elə etmə, belə et, yeri niyə belə əkirsən, beli niyə belə tutursan, malı niyə vaxtında suya aparmayıbsınız, toyuqlar niyə orda-burda yumurtalayır, şalvarı niyə belə ütülüyübsünüz və s. və i.a.

Xüsusən gəlinin günün qara etmişdi-

- İndiki gəlinlər nə qanır? Anam məni zoğal dərə-dərə doğub. Sən bir qarın doğanacan az qala biz də doğduq. Bu qapı-bacanın abrı nədi? Üç aydı doğub əlini hələ bir işə vura bilmir.

Artıq məhlə cavanları da onu görəndə qaçırdılar-

- Gecə evə niyə gec gəlirsiniz? Qoyunu yaxşı otarın. Sözə baxın. Xeyirə-şərə yarayın. Çox oxuyub gözünüzü xarab eləməyin oxuyub uzağı məllim olarsınız . İtə daş atırsan məllimə dəyir. Siqareti atın, cibə də ziyandı, cana da.

Vay olaydı ki qonşulardan biri bir iş gördürəydi həyət-bacada-

- O daşı ora qoyma, ora qoyma, qaytar, ora bu daşı qoy. Torpağı ora tökmə, bura tök və s. bu kimi mənasız məsləhətlər.
Məhlədə gəlinlər də onun əlindən bezmişdilər-

- Bu uşağın abırı nədi? Cavan gəlinsən, qaynananla niyə sözləşirsən? Bu nə laqqırtıdı belə, işiniz-gücünüz yoxdumu.? Hardan alım sovet hökumətini sizi basa üzümə, pazıya-çıxa canınız.

Bir dəfə aşıq Alxanın gəlininə çəmkirmişdi ki Alxanınm yenicə müəllimə işləyən qızı cavabını verdi-

- Uşaq şalvara siyər dəə. Sən uşaq vaxtı siyməyibsənmi.?

Donquldana-donquldana getdi evinə QRP Məmməd-

- Hardasan ay Sovet hökuməti. Bir məllimə bax, şalvarına bax, danışığına bax.

***

QRP Məmməd həmçının məktəbin qoruqçusu işləyirdi. Elə məktəb də şəhid oğlunun adına idi.

Əslində iş çəpgöz oğlunun adına idi. Amma məktəbdə onu görən olmamışdı. QRP özü hərdən məktəbdə görünərdi.

Və kimin həddi idi QRP-nin adı olan məkandan oğurluq edəydi. QRP Məmməd də ki ən çox məktəbdə bayram keçiriləndə məktəbdə özünü göstərərdi.

Müəllimlər də onun əlindən zara gəlmişdilər. Özünü bütün müəllimlərdən bilikli sayırdı QRP Məmməd.

Coğrafiya müəlliminə buludu göstərib soruşardı məsələn-

- De görüm yağacaq ya yox
- Mən nə bilim

- Amma yarım saata leysan düşəcək.

Həqiqətən yağış yağdımı gəl QRP-nin dilindən canını qurtar.
Kimya müəlliminə-

- Sən ki belə kimyagərsən, niyə kartofun mənim kartofumun yarısı qədər olmur,həə? Sən nə qanırsan gübrə nədi,azot nədi. Səndən müəllim olsa gərək məndən də lyotçik ola.

Bədən tərbiyəsi müəlliminə-

- Sən də yamaşda gərnəşmə məllimisən. Nə var topu uşağın qabağına tullamağa.
Hərbi müəlliminə-

- Sən ki belə hərbçısən hələ bir dovşan da vura bilməyibsən-bu nətəəri olan şeydi. Səndən məllim olsa gərək məndən də lyotçik ola.
Azərbaycan dili müəlliminə-

- Nə var ee sənin dərsinə. Bayaq dəmiriydi- bir “çi” qoşdun oldu dəmirçı. Guya bunu uşağa öyrətmək çətin işdi. Havayıca pul alırsınız hökumətdən
Bir gün biologiya müəlliminə sabah kəsiləsi bir qoyunu göstərib demişdi-

- Ay bioloq, de görüm bu qoyun qısırdı, ya qoça gəlib?

- Mən nə bilim ee?

- Bəs necə bioloqsan? Gəl mərc girək ki bu qoyun qoçunu alıb, dölünü tutub.

Səhəri qoyunun həqiqətən qoça gəldiyi məlum olanda-

- Sən niyə müəllim olursan mənim başım çıxmır. Hamınız gedin o kişiyə gündə yüz dəfə qurban olun- havayı aylıq verir ki acından qırılmayasınız. Yoxsa neynəyəsisiniz. Bir koranı çala bilmirsiniz.

Əmək müəlliminə-
- Sən necə əmək müəllimisən ki nə balta saplaya bilirsən nə də kərənti taptaya bilirsən. Sizin aldığınız nəfəs də haramdı sizə.

Qorxusundan bir müəllim də cavab qaytarmırdı QRP-yə.

Hər bayramda başda oturub tırna qarnını dolduran QRP Məmməd hələ yaxşı çıxışlar da yapardı. Və kəndin qayğısını çəkən adam kimi asıb kəsərdi müəllimləri.-

- Uşaqları yaxşı öyrətmirsiniz. Hamısı məktəbə veyillənməyə gəlir. Bir tənəfüsdə bir uşağın əlində kitab görmürəm. Siz yaxşı məllimsiniz uşaqlar niyə şəhərə hazırlığa gedir? Kəndin uşağını istəməyən müəllim kəndin özünü də istəmir.

Öz kəndiini istəməyən müəllim heç demək rayonu da istəmir,ölkəni də istəmir, Vətəni də istəmir. Xəyanət edir prezidentə, bağışlanılmaz xəyanət. Bir gün burnunuzdan gələcək o havayı aldığınız pullar.

Aşıq Alxanın qızı Füruzə müəllimə daha iş yoldaşlarının-aaz,qoy hürsün, bunun günü belədir, elə bilir o hər şeyi bilir, cammat heç nəyi bilmir , həm də şəhid ailəsidi –deməsinə də baxmadı-

- Belə ki Vətən- Vətən deyirsən, de görüm bayrağımızın mənası nədir?

- Şalvar geyinən məllimə bax bir. Bayrağın mənasıni bilməyə nə var- bayraq millətin namusudu, şərəfidi. Gör mənnən nə soruşur. Sənə diplom verənin başını top aparsın.

Füruzə müəllimə bir uşaq çağırıb bayrağımızın mənasını uca səslə dedirtdi uşağa.

QRP Məmməd camaatın eşidəcəyi bir tərzdə-

- Allah bilir gedib Bakıda nə oyunlardan çıxıb, Şalvarına zada bax bu abırsızın –deyib çıxdı zaldan.

Və bir daha məktəbə hərlənmədi ondan sonra. Arada çəpgöz oğlu dəyirdi məktəbə.

QRP-nin camaatın içində Füruzə müəlliməyə dediyi sözlər aşıq Alxanın da qulağına çatdı. Alxan bir gün onu mərəkədə tutub tulasufat elədi:

- Ay lax yumurta yeyən köpəkoğlu , get o talesizin goruna gündə yüz dəfə qurban ol.

Onun səbəbinə kişilər cərgəsinə qarışıbsan. Yoxsa kimiydi səni adam sayan. Samedovun tövləsini kürüməkdən gözün uzana qalmışdı.

O mərəkədə Çaxmaqlıların dili ilə desək zırıltı bir dava düşmüşdü. Amma olan QRP-yə olmuşdu. Çaxmaqlıda kimə “ lax yumurta yeyən” deyilsə deməli evlənəndə qıfılı açıq çıxıb.

QRP Məmməd hələ buna dözüb qurtarmamışdı ki daha bir zərbə aldı.

Füruzənin şəhərli nişanlısı evini yumurta atəşinə tutdu.

QRP Məmməd güvəndiyi dağlara qalxdı-şikayət üçün.

Amma o dağlara qar yağıbmış. Hamısı bir” dılğır gədədən “qorxdular. O “dılğır gədə” sən demə hansısa telekanalın bölgə müxbiriymiş.

QRP Məmməd fısıldaya-fısıldaya qaldı.
XS
SM
MD
LG