Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Yusif Şükürlü "Başdan böyük söz" (Hekayə)


İslam odunçuluq edib, ailəsini dolandırırdı. Bu peşə ona atasından qalmışdı.

Deyirlər ki, o, rəhmətlik kişinin üç eşşəyi varmış və o, “bal əmirdi”.

Çünki bir eşşəyi olan odunçu zorla dolanır, demək olar ki, dilənir, iki eşşəyi olan dolanır, üçü olan isə “bal əmir!”.

Üç oğlundan yalnız biri - İslam, onun sənətini yaşadırdı. O, yaz-yay aylarında kömür, payız-qışda isə odun satardı.

Səhər tezdən durar, əvvəcə inək-buzovu yemləyər, eşşəyinə arpa verər, sonra üz-gözünü yuyub, arvadın saldığı süfrənin başında oturar, çörəyini yeyib, çayını içərdi.

Günəş bir adamboyu qalxandan sonra, baltasını itilər, sicimi qolaclayar, eşşəyini palanlayıb meşəyə yola düşərdi.

Buralarda meşə dağın yamacında yerləşdiyinə görə, gedəndə yoxuşdur, gələndə eniş. Geri qayıdanda, ağır yüklü olmağına baxmayaraq, eşşək evə çox yeyin gədirdi. İslam da yüklü olurdu.

O, ya ot, ya da odun şələsi götürür, eşşəyin dalınca evə kimi yüyürürdü.

Bir gün necə oldusa, eşşəyin yükü çox ağır oldu və heyvan yolu demək olar ki, dördnala getdi. İslam evə çatanda gördü ki, eşşək həyət qapısının dibində yükün altında yatıb.

O, çiynindəki odun şələsini yerə atıb eşşəyin yanına qaçdı. Gördü ki, heyvanın gözləri çevrilib, güclə nəfəs alır. İslam tez-tələsik eşşəjin şələsindən odunları dartıb çıxarmağa, sicimi açmağa başladı.

Heyvan odun yuku və palandan azad olandan sonra da ayağa qalxa bilmədi. İslam qonşuları köməyə çağırıb, onlardan kömək istədi. Hərə bir söz danışdı: biri dedi ayaqları alınıb; o biri dedi, yox, saqqo olub və s.

İslamın eşşəyinə heç kimdən bir əlac olmadı, bir onu etdilər ki, heyvanı sürüyüb tövləyə saldılar və çıxıb getdilər.

Həmişə qarınqululuğu ilə İslamın zəhləsini tökən eşşək o axşam yemədi, içmədi yatdı və yatdığı yerdən də durmadı.

İslam bildiyi bütün türkəçarələrini eləsə də eşşəyə heç bir kömək edə bilmədi. Gördü eşşək ölür, əlini qaldırdı və Allahdan kömək dilədi:

- Ya Rəbbim! Mənə yazığın gəlsin... Bu heyvan mənə qardaşlıq edib.

Ailəmin çay-çörəyini, ət-yağını onun köməyi ilə qazanmışam... Bağışla onu mənə!.. Əgər bu heyvan ölməsə, söz verirəm ki, onu Qalanın Aşağı qapısından Yuxarı qapısına kimi çiynimdə qaldıracağam!..

Bu minvalla İslam eşşəyi tövlədə qoyub, kor-peşman, evə getdi.

Əyin-başını dəyişib, şam yeməyinə oturdu. Ancaq boğazından tikə keçmədi. Durub bir də tövləyə - eşşəyə baxmağa, getdi. Gördü eşşək yenə bayaqkından bətərdi: köpüb və zorla nəfəs alır.

- Vəssalam! -deyə düşünən İslam, əlini eşşəkdən üzdı və evə qayıtdı.

O gecə İslam çox narahat yatdı. Nə edəcəyini, başına hansı külü tökəcəyini fikirləşə-fikiləşə səhəri açdı. Durub əl-üzünü yudu və əyinin geyinıb, tövləyə getdi. Gedə-gedə fikirləşirdi ki, gedib görəcək ki, eşşək ölüb...

O, tövləyə girəndə gözünə inanmadı. Gördü, eşşəyi ayaq üstədir və axurdan ot yeyir.

Qaçıb heyvanın boynunu qucaqladı, yü-gözündən öpməyə başladı... Sonra Allaha şükür edib, verdiyi sözü yadına saldı. Fikirləşdi ki, elə indicə verdiyi sözə əməl edəcək, vədini yerinə yetirəcəkdir.

O, eşşəyin başına bir ip salıb, tövlədən çıxardı və qabağına qatıb, toşa-toş, Qalanın Aşagı qapısına gətirdi. Səhər tezdən olduğuna görə yolda heç kimə rast gəlmədi. Yaxşı da ki, gəlmədi! Axı, İslamın çənəsinin çüyü yox idi.

Kimi görsə, onu dayandırıb, ötən gecə başına gələnləri, indi hara getdiyini və nə edəcəyini danışacaq, o adamı üstünə güldürəcəkdi.

Bunu İslam başa düşürdü və, öz xasiyyətini bildiyindən, bu işi tez bitirməyə çalışırdı.

- Bisimillahi Rəhmani-Rəhim! – deyib, girdi eşşəyin qarnının altına.

Güc verdi ki, heyvanı qaldırsın çiyninə... Qaldıra bimədi. Bir güc də verdi. Gözləri qaraldı, gördü yox, bu elə - onun düşündüyü qədər asan, iş deyil!

Həlli mümkün olmayan məsələdir bu! – Elə eşşəyin altındaca çöməlib oturdu və özünün nə qədər axmaq olduğunu, belə - başından böyük, söz verdiyini başa düşdü. Öz-özünə deyindi ki,

- Ay beyinsiz! Sən yenə öz başından yekə danışmısan! Ay əbləh! Sən ki bu heyvanı yerindən qaldıra bilmirsən, onu çiyninə götürüb, bu yoxuşu necə dıürmaşacaqdın?!.

İslam beləcə - yolun ortasında oturur, eşşək də kənara çəkilib, Qala divarlarının dibində otlayırdi.

Küçənin o başından əlarabasının cırıltısı gəldı. İslam ayağa qalxıb səs gələn tərəfə boylandı. Qəssab Akif idi. Kəsdiyi mal-davarın içalatından çıxan tullantıları Dərə çayına atmaq üçün aparırdı.

Hələ alatoran olduğuna görə o, əvvəlcə İslamı tanımadı. İstədi ki, geri qayıtsın, eşşək anqırdı. Buna cavab olaraq İslamın da

- Of! Of! – deməsi Qəssabı arxayınlaşdırdı və o, yenə arabasını cırıldada-cırıldada çaya doğru hərəkət etdi. İslam isə onun Akif olduğunu bilirdi. Bilirdi ki, camahatın etirazına baxmayaraq Akif qarın peyinini çaya atıt, oraları üfunət götürüb gedir, iyim-iyim iylənir.

Düzdür buralar İslamın həyətinə yaxın deyildi, amma o da hər gün buradan keçib odun, kömür satmağa gedir və arada Akifin qarasına söylənən söz-söhbəti də eşidirdi. Akif İslamın tuşuna çatanda İslam səsləndi:

- Salaməleykum, Qəssab! Sabahın xeyir! Ərə, yenə caya?!..

Akif isə cavabında:

- Əleykəsalam, sabahın da xeyir, hələ beş də artıq, kömürçü! Noolub öz baxca-həyətin qurtarıb ki, eşşəyi burada otarırsan?

Bilmirsən ki, qala divarları dövlət qoruğudur?!.

- Ərə, eşşək divarı yemir e, ot otlayır!.. Qandın?!. – deyə İslam oturduğu yerdən qalxıb Qəssab Akifə tərəf getdi. Akif isə ona məhəl qoymayıb yoluna davam edirdi. İslam gördü ki, Akifin onu gözləmək fikri yoxdur, yoluna davam edir, dayandı və Akifin dalınca deyindi.

– Ərə, bir dayan də! Bəlkə bir sözümüz, bir dərdimiz var...

Akif yenə İslam tərəfə baxmadı və yoluna davam edə-edə donquldadı:

- Mən eşşək kəsmirəm!.. Rəhmətliyin oğlu!.. Elə səhər-səhər qabağıma çıxıb zəhləmi tökür... Doğru deyirlər ki, mərdüməzarı axtarmaqnan deyil, özü gəlib səni tapır..

- Ay Akif, başıma bir iş gəlib e!.. Get arabanı boşalt gəl, danışacağam.

- Ə kişi, getsənə işinə, gücünə! Mənim sənnən çənə-çənəyə verəsi vaxtım yoxdur!

İslam gördü ki, Qəssab ona qulaq asmaq belə istəmir, pərt oldu və qayıdıb əvvəlki yerinə gəlib oturdu. Akifə möhkəm hirslənmişdi. Eşşəyin dərdi bir yana bu Qəssabın özünü belə qəribə aparması İslama çox ağır gəldi.

O, çöməltmə oturmuş və başını da əllərinin arasına alıb fikirləşirdi.

Yuxarıbaşlı Çayçı Əli buradan keçib, aşağıya – çayxanaya, gedəndə bu mənzərəni gördü və düşündü ki, yəqin İslam səhər-səhər eşşək otarır. Burada heç bir maraqlı məqam yox idi. Amma İslamın bu oturuşu Əlinin marağına səbəb oldu.

O, qəm dəryasına qərq olmuş və yolun ortasında oturmuş İslama yaxınlaşıb, salam verdi. İslam elə bil yuxudan ayıldı, cəld ayağa qalxıb, Əlini qucaqladı və dedi:

- Ölmüşəm, Əli! Adına and olsun, Allaha başımdan böyük vəd vermişəm, indi vədimə əməl edə bilmirəm. Bu qəssab Akif də bir tərəfdən, keyfimə soğan doğradı..

- Ə, İslam! Noolub ə? Hansı sözü vermisən ki, başından böyük olub? Yoxsa Akifə eşşəyi kəsib satmağı təklif eləmisən?! – İslamın cavabını gözləmədən – Ərə bəsdirin, ərə! Ayıb deyil?!.

İslam hələ indi anladı ki, Qəssab ondan niyə qaçırmış. Onu gülmək tutdu. Əli heç nə başa düşmədən İslama qoşulub gülməyə başladı. Onun bu davranışı İslamın gülməyini az qala boğulmasına qədər şiddətləndirdi.

Əli İslamın çiyinlərindən tutub onun əyilmiş belini düzəltdi və fəhmlə onun üzünə baxıb soruşdu:

- Ayə, İslam! Yoxsa, yoxsa dəli olmusan?!. - İslam əli ilə “yox” işarəsi verdi və bir az toxdayıb Əliyə İslam başına gələnləri danışdı. Əli də bundan sonra bir xeyli güldü və İslama məsləhət bildi ki, köməyi ondan yox, gedib məscidin baş mollasından istəsin. Sonra o, başını bulaya-bulaya öz işinin dalınca getdi.

- Əli düz deyir! – deyə İslam düşündü. - Daha gözləmək olmaz... Gün qalxır, işin də vaxtı keçir... Məscidə gedib, molladan öyrənim, görüm ki, necə bu günahımı bağışlada bilərəm!..

O, yenə, eşşəyi qabağına qatıb, məscidin həyətinə gəldi. Məscidin həyətində baş mollanı hovuzun başında dəstəmaz alan gördü. Tez eşşəyi bir tərəfə bağlayıb, hovuzun başına - dəstəmaz almağa, getdi. İnsafnan, molla Mikayıl İslamın da dəstəmaz alıb, qurtarmasını gözlədi. Sonra hər ikisi məscidə girib, namaz qıldılar. Namazdan sonra molla İslamdan soruşdu:

- İslam! Səndən çıxmayan iş! Sən belə vaxtlarda bura namaza gəlməzdin axı... Bu gün bazar da deyil ki, deyəm, o heyvanı satmağa aparırsan! Üz-gözündən də sözlü adama oxşayırsan... Allah eləməsin, olmaya, ölənin varmı, yoxsa?!

- Özüm ölmüşəm, Mikayıl əmi! - deyə İslam yalvarmağa başladı. – Mənə kömək elə, Mikayıl əmi! Mənə kömək elə!.. Böyük qəbahət eləmişəm, Mikayıl əmi! Mənə yol göstər, Allah günahımdan keçsin, Mikayıl əmi!

- İslam! Yoxsa, bir haramzadalıq eləmisən?

- Necə yəni? - deyə İslam mollanın sualına sualla cavab verdi.

- Deyirəm, bəlkə naməhrəmə, zada rast gəlmisən?!.

- A kişi! Vallah yox! Evdəkindən bezaram!..

- Bəlkə meşəyə gedəndə özünlə içki aparmısan?!.

- Yox, vallah! Mən hələ dilimə işki vurmamışam!

- Allah elləməmiş, narkotikdən istifadə eləmisən?

- Yoox! Mən heç siqaret də çəkmirəm...

- Bəs, sən neyləmisən, axı?! Nə qələt eləmisən ki, məscidə gəlmisən?

- Hə, hə! Mikayıl əmi! Qələt eləmişəm, başımdan böyük söz vermişəm. İndi vədimi yerinə-yetirə bilmirəm. Gəlmişəm ki, mənə bir yol göstərəsən - günahımı bağışlada bilim!

- Sən necə söz vermisən ki, ölçüsünü bilməmisən?! Danışsana!..

İslam başına gələnləri molla Mikayıla danışır və məzlum-məzlum onun üzünə baxaraq, kömək gözləyirdi. Molla bir qədər düşündükdən sonra başını qaldırdı və İslama dedi:

- İslam! Sən əməli-saleh adamsan. Bu başına gələnləri Qurban olduğum bağışlayar, məncə. Allahımız bağışlayandır! Mən, baxma ki, bu məscidin baş mollasıyam, başqa insanlar kimi mən də Onun işinə qarışmaq iqtidarında deyiləm. Madam ki, bura gəlmisən, məndən kömək istəyirsən, mən səni əliboş qaytara bilmərəm. Ona görə öz məsləhətimi verəcəyəm. Məsləhət də odur ki, dur, eşşəyini də qabağına qat, get Qalanın Aşağı qapısına, oradaca min eşşəyin belinə. Qoy, o heyvan səni Aşağı qapıdan Yuxarı qapıya aparsın...

- Elə bu?! - deyə İslam sevinclə ayağa qalxdı.

- Yalnız bir şərtlə! - deyə molla şəhadət barmağını qaldırdı. - Sən elə hesab elə ki, o səni minib, və çalış onun nə çəkdiyini hiss edəsən! Əgər onu hiss edə bilsən, bu sənin günahının yumşalmasına kömək edəcək.

İslam molla Mikayılın belə "asan" yol göstərəcəyini gözləmirdi. O sevinə-sevinə məsciddən çıxdı və eşşəyini də gətirib Qalanın Aşağı qapısına gəldi. Mollanın dediyi kimi elədi. Eşşəyin belinə mindi və özünü onun, onu da özünün yerində hiss etməyə çalışdı.

- Paho bu yoxuş necə də dikdir!.. Bu boyda cəmdəyi mən necə yuxarı qapıya aparıb çatdıracağam?..

Eşşək yavaş-yavaş yeriyir, İslam isə düşünür, düşünə-düçünə də yorulur, nəfəsi təngiyirdi. O, bir neşə yerdə dayandı, "özünə" - yəni eşşəyinə, dincəlmək imkanı verdi. Nəhayət, onlar qalanın yuxarı qapısına çatdılar. İslam eşşəkdən düşüb onun - yəni "özünün" başını sığalladı. Bu dəfə elə söz verdi ki, onu yerinə-yetirə bilsin:

- Ay heyvan! Mən hələ indi başa düşürəm ki, sənin də özünə görə haqqın-hüqüqün varmış. Ay Allahın heyvanı, biz insanlar siz heyvanların haqqını görməyəndə cevrilib elə siz oluruq, necə ki, mən oldum! Bundan sonra, səni ağır yükləmərəm! Çünki, buna mənim haqqım yoxdur. Səni də Allah yaradıb axı, elə bizi yaratdığı kimi! Uzun sözün qısası, əgər bundan sonra dediklərimə əməl etməsəm, deməli mən elə sənəm, sənəm ki, varam!.. Toş, di düş qabağıma getdik!

Şəki, 30 yanvar 2008-ci il.
XS
SM
MD
LG