Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Nazirlik İlham Əliyevin Göygöl mülkü barədə iddiaya aydınlıq gətirdi


«Belə bir yerdə Hüseynqulu Bağırovun və ya hansısa bir nazirin, məmurun villa tikməsi qeyri-mümkündür»
«Belə bir yerdə Hüseynqulu Bağırovun və ya hansısa bir nazirin, məmurun villa tikməsi qeyri-mümkündür»
«Göygöl qoruğunda tikilən iqamətgahın İlham Əliyevə aid olduğunu bizə fəhlələr bildirib».

«Demokrat» qəzetinin iyunun 17-də çıxan sayında «Göygölü İlham Əliyev zəbt edibmiş» başlıqlı məqalənin müəllifi Əfqan Muxtarlı bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib. Məqalənin müəllifi bildirib ki, redaksiyalarına müraciət edən həmin fəhlə villanın ərazisinin 10 hektardan çox olduğunu bildirib:

«Göygöl qoruğu bir nəfərin ixtiyarına verilib. 150 nəfərdən artıq işçi orada girov saxlanılır».

Əfqan Muxtarlı deyib ki, həmin ərazidə yaxşı maaş adı ilə tikintiyə bir çox fəhlələr cəlb ediliblər. Onun sözlərinə görə, həmin insanlara 5 aydan çoxdur ki, məvacib verilmir. Bu da onların ciddi narazılığına səbəb olub:

«Giriş və çıxış ciddi nəzarət altındadır. İcazə olmadan fəhlələr ordan çıxa bilmirlər. Onları məcbur edirlər ki, mütəmadi olaraq orada
işləsinlər».

ƏRAZİDƏ HAVA HÜCUMUNDAN MÜDAFİƏ OBYEKTİ TİKİLƏCƏK

Əfqan Muxtarlı deyib ki, fəhlələr onlara bildirib ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov birbaşa tikintiyə rəhbərlik edir:

«O, özü də fəhlələrə iqamətgahın dövlət başçısına aid olduğunu bildirib».

Bu tikili ilə bağlı heç yerdə məlumat verilmədiyini bildirən məqalə müəllifi deyib ki, həmin ərazidə bütün yerlərə çoxsaylı videokamera quraşdırılıb. Yollarda postlar qurulub və ərazidə hava hücumundan müdafiə obyektinin qurulacağı gözlənilir:

«Belə bir yerdə Hüseynqulu Bağırovun və ya hansısa bir nazirin, məmurun villa tikməsi qeyri-mümkündür».

Əfqan Muxtarlı bildirib ki, dediklərinin sübutu olaraq əlində fəhlələrin ona təqdim etdikləri videogörüntülər də var. Jurnalist deyib ki, məlumatı dəqiqləşdirmək, mövqe almaq üçün Prezident Administrasiyasına müraciət etsələr də, hələ ki, cavab ala bilməyiblər:

«Onlar bizə bir ay müddətinə cavab verməlidirlər. Amma biz bunu gözləmədik. Mövzunun ciddiliyini nəzərə alaraq onlar bizə daha tez cavab verə bilərdilər».

Məqalə müəllifi qeyd edib ki, mövzunun davamı olacaq.

Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev şifahi olaraq bildirib ki, həmin qoruq Göygöl rayonuna aid deyil. Qoruq Gəncə Şəhər İcra Hakimiyyətinin balansındadır:

«Orada gedən işlərdən bizim məlumatımız yoxdur».

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov isə bildirib ki, qoruqla bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyindən almaq daha məsləhətlidir.

QƏZETİN YAZDIQLARI CƏFƏNGİYATDIR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, Göygöl qoruğunun ərazisində milli park salınması haqqında prezident İlham Əliyevin sərəncamı var:

«Ekoturizmin inkişafı ilə bağlı bütün milli parklarda olduğu kimi, Göygöl milli parkında da qoruq ərazisindəki köhnə binaların hazırda təzələnməsi üzrə təmir işləri aparılır».

İradə xanım bildirib ki, qəzetdə yazılanlar cəfəngiyatdan başqa bir şey deyil.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG