Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Seçki kampaniyası müddəti niyə qısaldıldı?


Fuad Qəhramanlı
Bu suala «Panorama» verilişində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və millət vəkili Zahid Oruc cavab veriblər.

FUAD QƏHRƏMANLI:

«Cəmiyyətdə narazılıq getdikcə artır. Bir çox insanlar başa düşür ki, neft pullarına bəslənən ümidlər illüziyadan başqa bir şey deyil. Üstəlik, hakimiyyətə beynəlxalq təpki də artıb. Hakimiyyət də bunu dərk edir. Onlar cəmiyyətin fəallaşmasını özlərinin monarxiya hakimiyyətinə təhlükə görürlər. Elə bu səbəbdən də seçki kampaniyası müddətini azaldırlar ki, əhalinin fəallığı artmasın...».

ZAHİD ORUC:

«Yaponiyada bu müddət 21 gündür. Orada bir nəfərə cəmi 7 dəqiqə çıxış hüququ verilir. Gürcüstanda isə bu müddət 28 gündür. 109 milyonluq Rusiyada isə bu müddət 29 gündür. Azərbaycanda isə təbliğat müddəti 23 günə endirilib və mən hesab edirəm ki, bu, yetərlidir. Bütünlükdə seçkiyə hazırlığı tək təbliğat müddətinin özü ilə məhdudlaşdırmaq yanlışlıqdır...».

FUAD QƏHRƏMANLI:

«Siz Qərb və başqa ölkələrdən statistik nümunələr gətirirsiniz. Orada demokratik proses təkcə seçki kampaniyasına sığışdırılmayıb. Azərbaycanda nə sərbəst toplaşmaq azadlığı təmin edilir, nə də müxalifətə efir verilir. Belə olan halda seçki kampaniyası bir imkandır. Hakimiyyət bununla bu imkanı məhdudlaşdırır. Onu formal prosesə çevirir. Çünki seçki kampaniyasını məhdudlaşdırmaqla cəmiyyətə müxalif fikrin ötürülməsinin qarşısı alınır.
Zahid Oruc
İndi namizədlərə verilən 200 manat da aradan qaldırılır. Necə olur təkcə Heydər Əliyev Mərkəzinin inşasına 200 milyon manat ayrılır, ancaq bir namizədə bu 200 manatı çox görürlər?..».

ZAHİD ORUC:

«Mən onun tərəfdarıyam ki, sərbəst toplaşmaq azadlığı hüququ normal şəkildə bərqərar olunsun. Ancaq müxalifət də keçmiş dönəmdə baş verən problemlərə görə məsuliyyətini dərk etsin. Bundan başqa, onlar hər şeyi tanımamaq mövqeyindən daşınsınlar. Müxalifətin obyektiv dildə danışması heç şübhəsiz hakimiyyətə də təsir edəcək. O ki, qaldı Heydər Əliyev Mərkəzi haqda dediklərinizə, bu, bir adamın adı ilə bağlı olsa da, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün bir məkan olacaq. Azərbaycan üçün çox gözəl təqdimat yeri olacaq. Ona görə də bu məsələni adi səviyyəyə endirmək düzgün deyil…».

XS
SM
MD
LG