Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:57

Rasim Qaraca "Kim yatmış kim oyaq"


Cırtdan xalq nağılının dekonstruksiyası

Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxları bilmir.

Yadınızdasa, div gecə yarı uşaqların yatdığı otağa daxil olub “kim yatmış, kim oyaq?” deyə soruşmuşdu, Cırtdan isə ona “hamı yatıb, Cırtdan oyaq” cavabını vermişdi.

Bu cavabı eşidən div dərin düşüncələrə daldı.

Öz otağına çəkilib bir müddət gözləməli oldu. Yaxşı xatırlayırdı, hələ lap kiçik olanda div özündən böyük bacı və qardaşlarını yuxuya verib xəyala dalar, gələcək haqqında, həyatın mənası haqqında düşüncələrə qapılardı.

Gecənin bir aləmində atası onların yataq otağının qapısını aralayıb eynən onun özü kimi soruşardı: “Kim yatmış, kim oyaq?”

O da oz növbəsində sevincək dillənərdi. Atası onu qucağına alıb nə üçün yatmadığını soruşardı və uzun-uzun söhbətə başlardılar.

Daha çox atasından insanlar haqqında soruşardı. Atasının hələ o zamanlar söylədiyi bu sözlər yaddaşının dərin qatlarında özünə yer etmişdi: “yadında qalsın oğlum, insanlar, onlarla mərhəmətli davrandığın zaman, səninlə hesablaşmazlar.

Onlara qarşı nə qədər zalım və əzazil olsan bir o qədər uğur qazanarsan”

Div ayağını çənəsinin altına qoyub düşünür, Cırtdanla necə rəftar edəcəyini götür-qoy edirdi. Bəni-insan tayfası arasında beləsinə rast gəlməmişdi. İnsanlar adətən kös vurub yatmağa meylli olurdular.

Ancaq bu Cırtdan başqa toxum idi, onlara bənzəmirdi. Div olsa da ayıq insanlara hörməti vardı.

Bu cür ayıq insana o həyatında rast gəlməmişdi, şüuraltı olaraq onunla xüsusi tərzdə davranmaq lazım olduğunu anlayırdı. Beləcə, qarışıq düşüncələr içərisində təkrar uşaqların yatdığı otağa girdi, lap astadan: “kim yatmış, kim oyaq?” deyə soruşdu. Cırtdan, lap “həmişə hazıram” deyən sovet pionerləri kimi bağırdı: “hamı yatıb, Cırtdan oyaq!”

- Cırtdan, oğlum, gəl görüm hələ, sən nə üçün oyaqsan?

Cırtdan yerindən qalxıb yaxınlaşdı, div onu ovuclarının içərisinə alıb mətbəxə apardı, stolun arxasına keçib oturdu, çay fincanını tərsinə çevirib Cırtdanı da onun üstündə oturtdu.

- Həə, Cırtdancığaz, sən bilirsən ki, mən dünyagörmüş bir divəm, bu günə qədər neçə ev yıxıb, neçə insanın başını yediyimin sayını-hesabını da itirmişəm. Siyasətdən də az-maz başım çıxır. Bax, sən bu balaca boyunla istəyirsən məni devirəsən, axı belə olmaz...

- Mən heç də səni devirmək istəmirəm – Cırtdan etirazını bildirdi – sadəcə istəyirəm öz xalqımı xilas edəm...

Div müştüyünü tütünlə doldurub tələsmədən yandırdı, dərin bir qullab vurub dedi:

- Cırtdan bəy, çox xalq, xalq deyirsən, bax sənin nənən bu “xalqa” yağlı əppək verməsəydi onlar səni yarı yolda atıb qaçardılar.

- Aaa, sən hardan bilirsən nənəmin uşaqlara yağlı əppək verməyini?

- Ha-ha-ha! Oğlum, mən hər şeyi bilirəm. İstəyirsən sənə nağılın sonunu da danışım. Necə məni xəlbirlə suya göndərəcəksən, boynuma dəyirman daşı salıb çayda boğacaqsan.

Div bunları deyib, Cırtdanın bərəlmiş gözlərinin müşayəti altında ayağa qalxdı, boyası qopmuş dəmir seyfə yaxınlaşdı, oradan bir dosye alıb gətirdi, Cırtdanın qarşısında stolun üstünə qoydu.

Cırtdan hoppanıb fincanın üstündən aşırıldı, dosyenı vərəqləməyə başladı. Aman allah, burada nələr yox idi:

Cırtdanın bütün dostlarının fotoşəkilləri, onların Cırtdan haqqında ifadələri, hətta Cırtdanın nənəsinin cavan çağlarının erotik pozada fotoları.

Bunları görüncə Cırtdan qorxudan büzüşüb bir az da balacalaşdı.

Ən yaxın dostu Qənbərin onun haqqında yazdıqlarını oxumaqdan özünü saxlaya bilmədi:

“Son beş ildə Cırtdanın bu səfsətə və sayıqlamaları, zərərli məfkurə və meyillər daşıyan əsərləri, həmçinin onun ziyalılarımıza atdığı bir sıra böhtanlar, ideologiyaməza qarşı bəzən passiv, bəzən də qeyri-səmimi münasibəti partiyamız tərəfindən dəfələrlə ifşa edilmişdir.

O, bir neçə dəfə öz səhvlərini islah edəcəyinə söz vermişsə də yazdığı məqalələrdə öz sözünü yerinə yetirmək üçün heç bir hərəkət göstərməmişdir.

Cırtdan, bu gün də nənəsinin gül balası olaraq ölkədə demokratiyanın bilavasitə inkişafında və onun böyük məsələlərinin həllində heç bir aktivlik göstərməyib...

Bütün bunlara əsasən Cırtdanın həbs olunmasına və ya ölkə vətəndaşlığından xaric edilməsinə möhkəm əsaslarımız vardır.”

- Aha, demək belə, əclafın biri əclaf! – bu kəlmələr qeyri-ixtiyari olaraq Cırtdanın dilindən qopdu.

- Bax, görürəm ziyalı oğlansan, əgər yaxşı fikirləşsən, mənim səninlə heç bir problemim yoxdur. Axı “xalq-xalq” deyib ozunu yormağın mənası nədir?

De görüm sonunda nə qazanacaqsan? Yadında saxla oğlum, el üçün yanan şam tez sönər.

Ən yaxşısı, mənim əleyhimə kampaniya aparmağı bir tərəfə burax, gəl keç mənim tərəfimə. İstərsən nənəni də gətir, birlikdə mənim yanımda yaşayın...

Cırtdanın üzündə qəribə bir ifadə vardı, sanki eşitdiyi sözlər ona dərindən təsir etməkdəydi. Ancaq zalımın, istismarçı divin yanında olmağı özünün ziyalı şərəfinə sığışdıra bilmirdi.

Div söylədiklərində təpədən dırnağa qədər haqlıydı, ancaq eyni zamanda birdən-birə dostlarını satıb divin tərəfinə keçmək ona böyük şərəfsizlik kimi gəlirdi.
Div ayağa qalxıb təkrar paslı dolaba yaxınlaşdı, oradan bir ovuc dollar paçkası götürüb ehmalca Cırtdanın qarşısına qoydu:

- Ey qəhrəman bəni-adəm balası, axı nə vaxta qədər sən meşədən odun toplayıb satmaqla dolanacaqsan.

Axı sən böyük işlər üçün yaranmısan, sən öz qiymətli zəkanı odun satmaqdan başqa əlindən bir iş gəlməyən bu tərəkəmə uşaqlarına nə vaxta qədər xərcləyəcəksən, öz gözəl ömrünü divlərlə mübarizəyə sərf edəcəksən?

Mən sənə səmimi qəlbdən deyirəm, al bu pulları, yoldaşlarına verib onları yola sal, özün isə mənim yanımda qalıb firəvan yaşa. Yaz, yarat, intellektual işlərlə məşğul ol....

Cırtdanın sanki deməyə sözü qalmamışdı, artıq beyni də sanki onun deyildi, qarşısındakı pullarla nələri etməyin mümkün olduğunu hesablamaqla məşğul idi. Div öz növbəsində, onun susqunluğunu razılıq əlaməti kimi başa düşdü, ürəklənib təbəssümlə əlavə etdi:

- İndi isə, mənim əziz balam, yoldan gəlmisən, çox yorulmusan, gedib yata bilərsən. qalan şeyləri də sabah danışarıq!

Divin gözlərində qeyri-adi nəcib bir ifadə yaranmışdı, onun qorxunc, əzazil görkəmindən əsər əlamət qalmamışdı artıq. Cırtdanın canını xoşbəxt bir rahatlıq bürümüşdü:

- Gecən xeyrə qalsın! – deyib öz otağına çəkildi və həyatının ən dərin yuxusuna daldı.

Div isə bayıra çıxıb manqal üçün odun toplamağa başladı.
XS
SM
MD
LG