Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:33

Eyvaz Zeynalov "Borc dəftəri" (Hekayə)


Əmisinin öldüyünü ikinci gün axşamtərəfi kənddən cib telefonu ilə zəng vurub xəbər verdilər.

Hər gün eşitdiyi ölüm xəbərlərindən biri kimi soyuqqanlı qarşıladı.

Ölüb ölüb də, fikirləşdi, bir gün yaranan bir gün də ölməlidi.

Gündə neçəsi yıxılıb ölür, o da biri. Az-azacıq yaşamayıb, günü-güzaranı da pis keçməyib.

Kaş elə hamı dövranını əmisi kimi sürüb dünyasını dəyişəydi.

Allah rəhmət eləsin!.. İşdən minnət-sünnət icazə almağı, ilin-günün bu vədəsində (qışın oğlan çağıydı) durub Bakıdan basa-basa kəndə yasa getməyi ağlına da gətirmədi...

Əslində ölüm xəbərini soyuq qarşılamağının səbəbi vardı. Əmisini dindirmirdi, uzun müd-dətdi küsülüydülər.

Ürəyi kişidən bərk sınmışdı. Çox da eşidib-bilənlər bu küsülülüyü də, onu doğuran, əsasını qoyan məsələni də adi, əhəmiyyətsiz bir şey sayırdılar.

Əmi ilə qardaşoğlu qədər yaxın qohumların heç nəyin üstündə (onlara görə) bir-biriynən bu qədər küsülü qalmalarına yaxşı baxmır, təəccüblənirdilər. Aralarında başqa, daha ciddi səbəbin olduğunu düşünürdülər.

Yenə onlara görə, əgər ciddi bir səbəb yoxdu, məsələ, doğrudan da, elə deyilən kimiydisə, deməli, hər ikisi, həm əmi, həm də qardaşoğlu, sadəcə, çox kinli adamdı. Bir-birinə güzəştə getməyə, barışmağa hikkələri mane olurdu...

Amma belə götürəndə gərək buna heç təəccüblənməyəydilər. Axı hər ikisi eyni nəsil-kökdəndi. Xasiyyətcə tərs, oxşardılar...

Sonra birdən-birə əmisinin ölümü ona pis təsir etdi. Durduğu yerdə qəhərləndi, gözləri doldu.

Nə qədər olmaya ölən dostdoğmaca əmisi, atasının qardaşıydı. Gedər-gəlməzə, haqq dünyasına köçmüşdü. Bu da həyatda nə iləsə müqayisə edilməyəcək bir hadisəydi.

Dədə-babadan qaydaydı, ölənin, haq dünyasına köçənin günahlarını müvəqqəti, fani dünyada qalanlar bağışlayardılar. Ölüdən nəsə ummaq ağılsızlıq, dəlilikdi...

Beləcə fikirləşə-fikirləşə hazırlaşıb gecə qatarıynan rayona yola düşdü.

Kəndə, yasın üçünə səhərisi gün çatdı. Çoxdandı bu tərəflərə, doğma yerlərə ayağı dəymirdi.

Qabaqlar yenə arabir atüstü gəlib gedərdi. Axırıncı dəfə kəndlərində anasının dəfnində olmuşdu. Bir tərəfdən, iş-güc başını qatmışdı.

O biri tərəfdən, anasından sonra onu kənd-kəsəyə bağlayan, çəkən elə bir qüvvə də qalmamışdı. Atası anasından əvvəl dünyasını dəyişmişdi...

Qohum-əqrəbanın, tanış-bilişin hamısı yaxınlaşıb onunla görüşmək, əl tutub salamlaşmaq, nəsə bir kəlmə kəsmək istəyirdi. Nəyə görəsə buna cəsarəti çatmayanlar qıraqdan-qırağa baxışları qarşılaşanda gülümsəyərək ona tərəf başını tərpədir, əl eləyirdilər.

Elə də, belə də, hamı onunla qohumluqdan, tanışlıqdan qürur duyurdu.

Zarafat deyil, bu vaxtacan kəndlərindən çıxmış yeganə yazıçıydı ki, ölkə miqyasında tanınırdı.

Düzdü, kəndin məşhur bir şairi də vardı. Amma eloğlusu əvvəllər şairlik eləsə də sonralar şairlikdə duruş gətirməmiş, elm sahəsində külüng çalmağa başlamış, elmi fəaliyyəti ilə daha artıq tanınmışdı...

O, dolanışığın yazıçı, şair üçün heç də əlverişli olmadığı bir vaxtda yazıçılığına dönük çıxmamışdı.

Müxtəlif qəzet və jurnallar yazılarını tez-tez çap edirdi. İldə də olmasa üç-beş ildən bir kitabları işıq üzü görürdü. Arabir tənqidçilər yazıları haqqında xoş sözlərini əsirgəmirdilər...

SSRİ dağılmasaydı, bu tutuşla yəqin ki, daha artıq məşhurlaşar, şöhrət qazanardı. İndi yazıçını, şairi oxuyan yoxdu.

Yazı-pozu kimsənin qulağına girmirdi. Millətin dilinin əzbəri axşamacan televizorda, meydanlarda, toyxanalarda at oynadan tamadalar, sou, diringi, meyxana əhliydi.

Nə isə, hər aşiqin bir dövranı var...

Mağarın ayağında, qapının ağzında əmisi oğlu ilə yanaşı əyləşmişdi.

Çıxan əmisi oğlundan qabaq ona baş sağlığı verir, dil-ağız edirdi. Bundan, bir növ, qürur duymaqdansa sıxılırdı.

Axı yas məclisi birinci növbədə əmisi oğlunundu. Öz varlığı ilə istər-istəməz onu sıxışdırmış, kölgədə qoymuşdu. Halbuki dünənə qədər əmisi heç yadına da düşmürdü...

Amma əmisi oğlu buna görə qısqanclıq, narahatlıq-filan keçirmirdi. Əksinə, sayılıb-seçilən can-ciyərinin məclisdəki iştirakından məmnundu.

Hətta belə bir ağır günündə aradakı umu-küsünü, incikliyi nəzərə almadan o boyda yolu Bakıdan basa-basa gəldiyinə, dost-düşmən içində onu tək qoymadığına, qəminə, kədərinə, dərdinə-oduna şərik olduğuna, yas məclisini şərəfləndirdiyinə görə ona minnətdardı...

Arabir imkan eləyib bir-bir qohum-əqrəbanı xəbər alır, kənd-kəsəyin vəziyyəti ilə maraqla-nırdı. Gözünə sataşan hər tanış sifət başqa bir həmkəndlisini yadına salırdı. Bir-bir onlardan hal-əhval tuturdu...

Axırda əmisinin ölüm xəbərini eşidəndən bəri elə hey fikrində dolanan sualı da birdəncə dilinə gətirdi:

- Rəhmətlik camaata yenə pul borc verirdi?..

- Kim?..

Fikri harda-nədəydisə sualı əmisi oğluna yaxşı çatmadı. Təkrar etməli oldu:

- Əmimi deyirəm...

O saat da peşimanladı. Özünü qınadı. Bəlkə heç yeri deyildi? Amma daha iş-işdən keçmiş, ox yayından qopmuşdu.

- Yox, - deyib əmisi oğlu yerində qurcalanaraq xəfifcə qımışdı. - Neçə ildi daha o işə bax-mırdı. Kasıblamışdı. Pensiyası heç özünü dolandırmırdı...

- Niyə, balam? Hesab-kitabını bilən adamdı axı...

Əmisi oğlunun məsələdən qəsdən yayındığını düşündü. Yəqin atasının vaxtıynan ona əl tut-madığını xatırlamış, utanmışdı...

- Hökumət gündə bir pulları dəyişə-dəyişə əlindəki-ovcundakının hamısını öldürdü. O zıp-pıltıya pul dözərdi?..

Bu, heç ağlına gəlmirdi. İndi də düşündü ki, yəqin kişinin dünyadan köçməsini elə müflis-ləşməsi tezləşdirib. Yoxsa canı hələ suluydu...

Qaynı bu yaxınlarda bir sirrinin üstünü açmışdı. Yeznə, demişdi, sovetlər dağılhadağılda Sibirdə taxta-şalban alverindən iki yüz min manat pul qazanmışdım. Təsəvvür edirsən, o zaman handa göynən gedən tək-tük nazir-mazirin, vəzifə sahibinin bu boyda pulu vardı.

Deyirdim, ölüncə əbəjdadıma da bəsdi. Di gəl hökumət pulu dalbadal ikicə dəfə dəyişən kimi hamısı öldü, əlim boşda qaldı...

Pulun tez-tez dəyişməsi ölkədə əmisi, qaynı kimi nə qədər adamın evini yıxmış, ümidlərini puça çıxartmışdı... Amma əmisi ilə qaynı arasında fərq çoxdu. Qaynı qazandığı pullarını bərk-bərk gizlətmişdi.

Pulu-pənəsi olduğunu danırdı. Yeri gələndə hamıdan artıq ağlaşma qururdu. Pulunun xeyrini ömrünün axırınacan yalnız özü görmək fikrindəydi.

Dəyərdən düşməsəydi yəqin ki, o qədər pulu olduğundan heç kəs xəbər tutmayacaqdı. Əmisinin pullarının sayını dəqiq bilməsələr də xeyrini çox adam görmüşdü...

Əmisinin qəribə, qeyri-adi şakəri dillər əzbəriydi. Kənddə əl tutan, pul borc verən adam kimi tanınmışdı.

Bununla açıq-aşkar öyünərdi... Rəhmətliyin can dəftəri adlandırdığı bir dəftəri vardı. Həmişə özündə, qoltuq cibində gəzdirərdi.

Pul borc verdiyi adamın adını, familiyasını, atasının adını, nə qədər pul borc götürdüyünü ili də daxil olmaqla gününə, saatınacan orda səliqə ilə yazardı. Borc alandan borcunu haçan qaytara biləcəyi ilə bəri başdan maraqlanardı.

Boyun olduğu müddətin üstünə özündən üç gün də dədəboyu əlavə edərdi. Axırda həmin adama qol çəkdirərdi. Altından da özü qol çəkərdi...

Borclu borcunu qaytaranda bu haqq-hesab eyni qaydada bütün dəqiqliyi ilə təzədən təkrar-lanardı.

Borcun alındığı tarixlə verildiyi tarix arasında irəli, geri söhbəti yaranardısa fərqi də dəftərində gününə, saatınacan göstərərdi.

Borc götürən götürdüyü pulu boyun olduğu vaxtdan qabaq qaytarardısa, bu fərqi xüsusi nəzərə çarpdırmaq üçün qırmızı qələmlə qızardar, qarşısında bir üstəgəl (+) işarəsi də qoyardı.

Sonda borcunu vaxtında, yaxud vaxtından əvvəl qaytaran adamın əlini sıxar, iş-gücündə müvəffəqiyyət arzulayar, xeyir-duasını verərdi.

Qarşısındakının da dili ağzına sığmaz, eyni məmnunluqla əmisinə minnətdarlığını, razılığını bildirərdi.

- Sən bizim ümidimiz, pənahımızsan, - deyərdi. - Allah səni bizə, elimizə-obamıza çox gör-məsin!..

Borcunu vaxtlı-vaxtında qaytara bilməyən əmisinin gözündən birdəfəlik düşərdi. Gecikdirdiyi günləri qara qələmlə qaralamaqla kifayətlənməz, ürəyi soyumazdı. Üzüqara günlərin, ayların qarşısında üstəgəl əvəzinə zırpı bir çıx (-) işarəsi də qoyardı.

Əmisinin verdiyi qiymətdən hesabını götürən adam xəcalətindən başını yerdən qaldırmadan durub dinməz-söyləməz aradan çıxardı.

Can dəftərinin üzünə həmişəlik qapandığını bilərdi. Nə qədər əlimyandıda qalır-qalsın borc üçün bir də heç vaxt əmisinin qapısını döyməzdi. Əmisi nə qədər xeyirxah, əliaçıqıydısa, bir o qədər tərs, sərt adamdı.

Sözünün ağasıydı. Tüpürdüyünü yalamaz, qoyduğu qaydanı qətiyyən pozmazdı. Kənddə-kəsəkdə bunu hamı bilər, aldığı borcu vaxtında qaytarmağa çalışardı.

Ikinci dəfə pul borc ala bilməyən əmisindən yox, özündən küsər, inciyərdi...

Əmisi öz fəaliyyətini xeyriyyəçilik adlandırardı.

Haqqı da vardı. Ona görə ki, borc verdiyi pulun üstündə kimsədən qara qəpik də faiz, sələm-filan almazdı. Fərq qoymadan hamıya təmənnasız əl tutardı. Borc verdiyini də ona görə qaytarıb alardı ki, başqasına da əl tuta bilsin.

Özü demiş, bank üstündə yatmamışdı ki! Verdiklərini qaytarıb almasaydı, günlərin bir günü özü əliboşda qalmalıydı...

Xeyriyyəçilik əmisinin həyata keçirdiyi ən böyük arzularından biriydi. Hələ cavanlığından pullarını xəsisliklə xərcləyərdi. Necə deyərlər, qəpiyi qəpiyin üstünə qoyub yığardı. Bəlkə də pulu heç o qədər çox deyildi.

Sadəcə, camaat arasında sürətlə dövr etdiyinə, tez-tez əldən-ələ dəyişdiyinə görə kənardan qat-qat artıq təsir bağışlayar, şişirdilmiş təsəvvür yaradardı...

Rəhmətlik öz ehtiyacı üçün o pullara heç zaman əl vurmazdı.

Qəpiyini belə tərpətməz, üstündə əsim-əsim əsərdi... Bələd olmadığı hər yoldan ötənə, ağız açana pulunu borc verməzdi. Hətta, ilk baxışdan ağlı bir şey kəsmədiyi adamla artıq-əskik çənə-boğaza belə ehtiyac duymazdı. Pulunu küçədən yığmamışdı ki!..

Xeyriyyəçiliyi ilə öyünər, fəxr edərdi. Oturub-durub açıq-aşkar lovğalanardı.

- Bütün kənd mənim dəftərimdədi!.. - deyərdi.

Əmisinin tezliklə müflisləşəcəyi hələ anasının ölümündən xeyli əvvəl kənddə olarkən ürəyinə dammışdı. Ölkədə qıtlıq başlanmışdı. Çörək, taxıl qəhətə çəkilmişdi. Adamlar əməlli-başlı arıqlamışdılar. Camaatın sanki aclıqdan yox, naməlumluqdan, sabahkı günün özü ilə gətirəcəyi vahiməli sürprizlərdən gözləri kəlləsinə çıxmışdı...

Anasının qəndi lap xırda-xırda doğradığını görüb bərk təəccüblənmişdi.

- Bu nədi, ay ana? Qəndi niyə belə doğrayırsan?..

- İndi kənddə arvadların hamısı qəndi bu cür doğrayır, ağrın alım, - anası dərindən köksünü ötürmüşdü. - Hətta əmingildə də belə doğrayırlar...

- Doğrudan?.. - İnanmamışdı.

- Bəs necə? Qıtlığı, bahalığı görmürsən?..

Bax, onda əmisinin tezliklə müflisləşəcəyi ürəyinə dammışdı. Halbuki bahalıq, qıtlıq da olsa əmisi hələ öz xeyriyyəçiliyində, lovğalanmağındaydı...

Qohum-əqrəba ilə xudahafizləşib Bakıya qayıdanda əmisi oğlu birdən xatırlamış kimi dedi:

- Əmiyin sənə bir əmanəti var.

- Nə əmanətdi?..

- Yəqin əmiyin can dəftəri, borc dəftəri yadındadı? Ölüm ayağında onu sənə çatdırmağı və-siyyət eləyib.

Qonaq-qara, gəlib-gedən o qədərdi ki, ev-eşikdə aləm bir-birinə qarışmışdı. Nə qədər axtar-salar da dəftəri tapmadılar.

Hara qoyduqlarını unutmuşdular. Əmisi oğlu üzrxahlıq elədi ki, nigaran qalmasın, əl-ayaq çəkiləndən sonra tapıb poçtla Bakıya, evlərinə göndərəcək...

Yol boyu nə qədər fikirləşsə də əmisinin can dəftərini niyə ona vəsiyyət etdiyini doğru-dürüst bir tərəfə yoza bilmədi...

* * *
Aradan xeyli ötdü. Nəhayət, əmisi oğlunun poçtla göndərdiyi dəftər gəlib ona yetişdi.

Baş-dan ayağa vərəqlədi, nəzərdən keçirdi. İlahi, burda kimlərin adı yoxdu? Əmisinin sözü olmasın, bütün kənd bu dəftərdəydi...

Adları bir-bir, səbrlə oxuyur, sahiblərini xatırlamağa çalışırdı.

Yaddaşının hansı künc-buca-ğındasa ilişib qalan oturuşları-duruşları, söz-söhbətləri, gülüşləri ilə hürkək-hürkək boy göstərir, özlərini nişan verir, gözlərinin qabağında canlanırdılar.

Bəzilərini nə illah eləsə də heç cür yadına sala bilmirdi. Adlar tanış gəlsə də sahibləri haqqında düz-əməlli, tutarlı bir şey demir, yatan yaddaşını silkələyib oyatmağa gücləri çatmırdı. Bircə tükünü belə tərpətməyən yerli-dibli tanımadığı adlar da vardı.

Tanıdıqları ya atası, ya da anası tərəfdən yaxın-uzaq qohumlarıydı. Hesabla, bircə tükünü belə tərpətməsə də tanımadıqları da tamam yad, özgə deyildilər.

Ona görə ki, əmisi yaxşı tanımadığı, hərtərəfli bələd olmadığı adama pul borc verməzdi.

Tanımadıqları yəqin ondan sonra kənddə əmələ gələn uşaqlar, cavanlardı. Uşağın böyüməyinə nə var, bu gün uşaq, sabah yeniyetmə, o biri gün cavandı.

Kəsəsi, tanıdıqları da, tanımadıqları da doğma kənd-kəsəyinin yetirmələriydi.

Haçansa əmisindən borc pul almış, sonra biri tez, biri gec, həmin pulu, məbləği cağbacağ geri qaytarmışdılar. Bircəciyinin də adının qabağı boş qalmamışdı...

Birdən, gözləmədiyi halda səhifələrin birində öz adına, familiyasına, atasının adına rast gəl-di.

Qarşısında il, gün, hətta saat da qeyd edilmişdi. Lakin nə qədər borc verilib-verilmədiyi yazılmamışdı. Başqalarından fərqli olaraq adının qabağı ağappaqdı.

Görəsən bu nə deməkdi? O axı əmisindən heç vaxt borc almamışdı. Yaxşı, bəs adını borc dəftərinə niyə salmışdı? Hətta tarixi, günüynən?..

Özü-özündən şübhələndi. Bəlkə haçansa əmisindən, doğrudan da, pul borc götürmüş, sonra qaytarmağı unutmuşdu?..

Nə qədər fikirləşdi, baş sındırdısa belə bir şeyi xatırlaya bilmədi ki, bilmədi. Handan-hana bir gümanın üzərində dayandı. Hesabla, adının qabağındakı tarix o gümanın tarixi olmalıydı...
Onda institutu qurtarıb kəndlərinə təzə qayıtmışdı. Amma kənddə çox qalıb küllənmək fik-rində deyildi.

Yazıçı olmaq istəyirdi. Mərkəzi qəzetlər bir-iki cızma-qarasını çap etmişdi. Düşünürdü ki, tanınmaq, yaxşı yazıçı olmaq üçün hökmən geri, Bakıya dönməlidi...

Ata-anası savadsız adamdı. Özlərini birtəhər dolandırırdılar. Onun cızma-qarası, yazıçı-ma-zıçılığı nə qulaqlarına girir, nə də ağıllarına batırdı. Bundan əvvəl institutda oxumağına da könülsüz razılıq vermişdilər.

Atasının arzusu onu yaxşı bir kənd mollası kimi görməkdi. Səbəbi də çox sadəydi. SSRİ dağılmış, müstəqillik əldə edilmiş, dinin üzərindən qadağa götürülmüşdü. Xurafata, dinə meyl günü-gündən artırdı.

Əvvəl ölülərini götürməyə molla dalınca qonşu rayonlara yollanırdılar. İndi bu boşluğu Quranı höccələyə-höccələyə üzünə zorla oxuyan əldəqayırma mollalar doldurmaqdaydı.

Mollanın hörmət-izzəti kəlləçarxa qalxmışdı. Hara tərpənsə maşınla aparır, maşınla gətirir, məclislərdə başda oturdur, nə buyursa, dediklərini yerinə yetirirdilər.

Atası ərəb-fars əlifbasını hələ instituta getməmişdən qabaq özbaşına öyrənən oğlunun Quranı üzünə onlardan səlist oxuduğunun şahidiydi. İndi də o boyda institut qurtarmışdı.

Oturub-durub deyirdi: “Hörmət-izzətləri bir yana, dolanışıqlarını görmürsən? Əllərini ağdan-qaraya vurmur, amma yağ yeyib yaxada gəzirlər...”

Yox, belə şeylər onu fikrindən döndərə bilməzdi. Bakıya getmək çətin deyildi. Günü sabah gedərdi. Əsas orada yerbəyer olmaq, iş tapmaqdı. Deməli, hər şeydən əvvəl əlinə müəyyən qədər pul-para salmalıydı...

Kənddə alverlə məşğul olanlar vardı. Həftədə, iki həftədə bir dəfə birləşib kiminsə “Raf”ını kirayələyir, o zaman ölkədə adla tanınan məşhur Cəlilabad bazarına gedirdilər. Ordan İran malları alıb gətirirdilər.

Pis də qazanmırdılar. Neçəsi mayasını əmisindən aldığı borcla tutmuş, əməlli-başlı pullanmışdı... Onlara qoşulmaq fikrindəydi. Hamıya pul borc verən əmisi ona niyə verməyəydi? Tanımırdı? Kimdən əskik, əfəldi?..

Ona elə gəlirdi ki, çətini başlamaqdı. Üç-dörd reysə özünü düzəldər, əmisinin borcunu qay-tarar, əlində qalanla Bakıya gedərdi...

Əvvəl əmisiynən ordan-burdan xeyli söhbətləşdilər. Münasib saydığı məqamda qəfil əmisinə qayıtdı ki, ondan pul borc almağa gəlib. Həm də, hamı necə, o da elə.

Əmisi onu başdan-ayağa sınayıcı nəzərlərlə süzüb soruşdu:

- Pulu neynirsən, ə?..

- Cəlilabaddan satdıq mal gətirmək, alver eləmək istəyirəm, - dedi.

- Bəs könlündən yazıçılıq keçirdi? Nə tez yorulub geri çəkildin?..

Əmisi atasının tayı deyildi. Ayıq, dünyagörüşlü adamdı. Atasının onu molla eləmək istədi-yini eşidəndə qardaşına demişdi, uşağnan işin yoxdu. Asandı deyə molla olmaq istəyən indi onsuz da çoxdu.

Bu gün-sabah hər məhlədə bir molla əmələ gələcək. Amma yazıçı nə kəndimizdə var, nə də nəslimizdə...

Bu sözlər təsadüfi sözlər deyildi. Cavanlığında əmisi də şairlik, yazıçılıq eşqinə düşmüşdü. Sonralar bacarmadığını görüb tamamilə öz xeyriyyəçiliyinə qurşanmışdı...

- Yazıçılıq qaçmır, ay əmi, - dedi, - əvvəl əlimə bir az maya salmaq istəyirəm.

- Hə, bir zaman mən də fikirləşirdim ki, qaçmır, amma qaçdı. - Əmisi istehza ilə güldü. - Yadında saxla, dadanan qudurmuşdan betər olur, qardaşoğlu...
Əmisi üzünə şax “vermirəm!”, deməsə də pul borc vermədi.

Cürbəcür bəhanələr gətirdi. Nə bilim, çox pis vaxtda ağız açıb, əli aşağıdı, hazırda evdə nəqd pulu yoxdu, borc verdikləri borclarını vaxtında qaytarmırlar, məlum da deyil haçan qaytaracaqlar və c. Bir sözlə, əməlli-başlı fırlatdı...

Əmisindən bərk incidi. Həmişəlik küsdü. Acığa cibindəki xırda-xuruş pulla yığışıb Bakıya yola düşdü. Hardansa bunu eşidən əmisi son anda oğlundan ona yolxərci göndərmişdi.

O, həmin pulu götürməmiş, elə əmisi oğlundan geri qaytarmışdı.

Sonralar da, bir növ, əmisinin acığına bütün məhrumiyyətlərə mərdliklə sinə gərmiş, çalışıb-vuruşmuş, yazıb-yaratmışdı.

Hansısa çətinlik qarşısında ruhdan düşəndə, əli işdən soyuyanda əmisinin hərəkətini yadına salmış, özünü təzədən toparlamış, məqsədinə doğru daha artıq ciddi-cəhdlə can atmışdı...
Qəribəydi, borc verməyə-verməyə əmisi onun adını dəftərinə niyə yazmışdı?

Tarix də həmin tarixdi, borc istədiyi tarix. Bir gün sonrakı tarix olsaydı, deyərdi, oğlundan göndərdiyi yolxərcini nəzərdə tutub.

Bir də, axı yolxərcini götürməmişdi. Götürsəydi, yaxud əmisi oğlu dalına keçsəydi, atasına gileylənməzdi... Di onda bütün bunlar nə deməkdi? Əmisi ölüm ayağında dəftərini niyə ona vəsiyyət etmişdi? Bunun nəsə bir mənası, açması olmalıydı axı...

Neçə gün bu suallar üzərində baş sındırdı...

* * *

Qapının zəngi çalındı. Yazı-pozusuynan məşğuldu deyə əvvəl fikir vermədi. Sonra yadına düşdü ki, evdə təkdi. Arvad-uşaq harasa getmişdi. Qalxıb fikirli halda qapıya yaxınlaşdı.

Gözlükdən baxmadan açdı. Əlində uzun təsbehi cavan, saqqallı bir oğlandı. Babalı öz boynuna, dediyinə görə, seyiddi. Nəzir yığırdı...

Adətən, küçədə, orda-burda rastlaşdığı əlsiz-ayaqsız dilənçilərə imkanı daxilində nəzir, di-lənçipayı vermədən ötməzdi. İndi qapısını döyən bu bığıburmaya möhkəm acığı tutdu.

Birdən ona elə gəldi ki, neçə gündən bəri axtardığı suallara, əmisinin verməyə-verməyə adı-nı borc dəftərinə niyə yazdığına, həmin dəftəri ölüm yatağında niyə ona vəsiyyət etdiyinə cavab tapıb. Bığıburmanı başdan ayağa tərs-tərs süzüb:

- Yekə kişisən, - dedi, - boyundan-buxunundan heç utanmırsan? Əlin sağ, ayağın sağ, qapı-qapı düşüb dilənməkdənsə özünə layiqli bir iş-peşə tapa bilmirsən?..

Cavab gözləmədən qapını əsəbi halda üzünə çırpıb geri qayıtdı...
XS
SM
MD
LG