Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Əkrəm Əylisli “Ağır daş” (Hekayə)


Ramiz Rövşənə

1

Bu dünyanın saysız-hesabsız hikmətlərindən buzbulaqlı Kəblə Salman kişiyə bir də o hikmət məlum idi ki, sərin çeşmə suyunda əl-üzünü yaxşı-yaxşı yuyanda adamın kefi durulur, fikri dağılır, zehni açılır...

İşləyib yorulanda və bir işi düz gətirməyəndə özünü çeşməyə verib əl-üzünü yumaq Kəblə Salman kişinin çoxdankı adəti idi.

Bundan əlavə sərin suya ehtiyac hiss eləyəndə onun arabir, hətta gecələr də yuxudan durmağı var idi.

Bu da əsasən Kəblə Salman kişinin necə yatmağından və nə təhər yuxular görməyindən asılı idi.

Yuxuda bir pis şey görəndə Kəblə Salman kişi gecənin vaxtına-vədəsinə baxan deyildi; onun öz mülkündəcə öz sərin çeşməsi vardı və neçə illərdən bəri o çeşmənin suyu Kəblə Salman kişinin bircə allah bilir ki, nə qədər pis yuxusunu arx aşağı axıtmışdı.

Vaxt keçdikcə, yaş artdlqca Kəblə Salman kişinin pis yuxularının da sayı artırdı, bir gecə kənddə kolxoz söhbəti başlandı və o gündən etibarən Kəblə Salman kişi əl-üzünü yumağın sayını-hesabını tamam itiridi.

Lap cavan vaxtlarından ta indiki həştad dörd yaşınacan Kəblə Salman kişinin gördüyü ən pis yuxular həmişə bir topa zil qara buluddan başlamışdı ki, bunun da özünəməxsus səbəbi vardı.

Birinci səbəb o idi ki, Kəblə Salman kişinin kəndin çaylaq deyilən yerindəki indiki bağlı-bağatlı böyük mülkü bir vaxt yox idi.

O mülkün, o bağın-bağatın yerində bir vaxtlar bolluca daş vardı, çınqıl vardı və o daşın-çınqılın kökünü kəsənəcən Kəblə Salman kişinin yarı ömrü getmişdi.

İkinci səbəb o idi ki, həmin o çaylaq deyilən yerə o daşı-çınqılı haçansa sel gətirmişdi və üçüncü səbəb o idi ki, qocaların dediyinə görə, o seldən qabaq göyün üzündə bir topa zil qara bulud görsənmişdi.

O buluddan əvvəl dolu tökülmüşdü, sonra yağış yağmışdı və bunun ardınca kəndə dəhşətli sel gəlmişdi.

Buna görə Kəblə Salman kişinin bütün pis yuxuları da o qara buluddan başlanırdı.

Fərq bircə burasında idi ki, Kəblə Salman kişinin yuxularında həmin o zil qara buluddan dolu yağmırdı, daş-çınqıl yağırdı; iri-iri, yumru-yumru çay daşları idi, həmin daşlar idi ki, onların kökünü kəsənəcən Kəblə Salman kişinin yarı ömrü getmişdi.

Və Kəblə Salman kişi yuxusunda görürdü ki, həmin daşlar öz əvvəlki yerlərini tutublar; görürdü ki, çaylaq təzədən daş-çınqıl yığnağı olub və o saat yerindən sıçrayıb çeşməyə əl-üzünü yumağa gedirdi.

Özü də belə yuxulardan sonra Kəblə Salman kişinin əhvalı pisləşmirdi, əksinə yaxşılaşırdı.

Belə yuxulardan sonra Kəblə Salman kişi öz mülkünə tamaşa eləməkdən yorulmurdu, əkdiyi hər ağacın kölgəsi onun nəzərində cənnətin bir guşəsinə çevrilirdi.

Kənddə kolxoz söhbəti təzəcə düşəndə həmin o qara bulud az qala hər gecə Kəblə Salman kişinin yuxusuna girməyə başladı.

Kəblə Salman kişi hər gün yuxudan durub çeşməyə cumdu, əl-üzünü yuyub nisbətən özünə gəldi, ancaq bundan sonra o öz mülkündə öz ağaclarının kölgəsində əvvəlki ləzzətlə gəzə bilmədi.

Kəblə Salman kişi yavaş-yavaş öz cənnətinin əvvəlki daş-çınqıl yığnağı olmağını arzulamağa başladı və məhz buna görə də elə bil o bir topa zil qara bulud da bir gecə Kəblə Salman kişinin yuxusundan həmişəlik çəkilib getdi.

O qara buludun yerində bir gecə Kəblə Salman kişi bulud görmədi, günəş gördü, nə qədər qəribə olsa da, o günəş Kəblə Salman kişiyə o buluddan qat-qat dəhşətli görsəndi və bundan sonra Kəblə Salman kişi o buludu yuxuda görməyin həsrətini çəkə-çəkə qaldı.

Kəblə Salman kişi o buludun həsrətini əvvəla ona görə çəkdi ki, göydə bulud olanda yatmaq mümkün idi, göydə günəş olanda yatmaq mümkün deyildi və Kəblə Salman deyilən şəxs ömründə gündüz yuxusu yatmamışdı.

İkincisi, ona görə ki, Kəblə Salman qara buluddan həmişə qorxmuşdu, günəşdən heç vaxt qorxmamışdı, bu səbəbdən də qorxusu onun özünə də son dərəcə qəribə gəlirdi; o özündən, öz ağlından şübhələnməyə başlayırdı.

Ancaq bununla belə ürəyinin harasındasa Kəblə Salman kişi bu qorxunun səbəbini az-çox hiss eləyirdi, çünki yuxu yuxuluğunda qalsın, lap gündüzlər aşkarda da neçə vaxt idi ki, o günəş hər səhər dağın dalından başını çıxarıb Kəblə Salman kişinin mülkünə baxırdı, bu mülkün otunu qaldırırdı, meyvəsini yetişdirirdi, torpağını isidirdi və cənnət sahibinin əlini-qolunu işdən soyudurdu.

Elə bil məhz o günəşin qorxsundan Kəblə Salman kişi heç bir işin yaxasında əməlli-başlı yapışa bilmirdi; bir saat, yarım saat işləməmiş birdən-birə qanı qaralırdı, beli bükülürdü, əli-qolu yanına düşürdü və bu vaxtlar Kəblə Salman kişi üzünü göyə tutub yazıq-yazıq günəşə baxırdı.

Günəşə baxa-baxa Kəblə Salman kişi elə bil o qorxunc yuxunu təzədən görürdü, yazığı ayaq üstəcə yuxu basırdı və özünü çeşməyə verib əl-üzünü yuya-yuya Kəblə Salman kişi dəhşət içində fikirləşirdi ki, əgər onun torpağı bir gün əlindən getsə, günəş göyün üzündə yenə qalacaqmı?..

Sərin suyu ovuc-ovuc üzünə çırpıb, üstəlik boynunu-başını da yaxşı-yaxşı sərinlədəndən sonra bəzən Kəblə Salman kişiyə elə gəlirdi ki, belə şey ola bilməz, - yəni günəş onun torpağının barını başqaları üçün yetişdirə bilməz və bir müddət Kəblə Salman kişinin halı düzəlirdi.

Belə vaxtlarda Kəblə Salman göyə də, günəşə də, öz böyük mülkünə də nisbətən asudə baxa bilirdi, ancaq çox keçməmiş onun halı yenə də qarışırdı, yenə dünya Kəblə Salman kişiyə sonsuz, nəhayətsiz dərəcədə etibarsız görünürdü və bu etibarsızlıqda o hər şeydən çox günəşi təqsirləndirirdi ki, günəş Kəblə Salman kişi ilə tən yaşıd idi, gözünü açıb özünü bu dünyada gördüyü gün o günəşi də Kəblə Salman göyün üzündə görmüşdü; uzun illər boyunca onlar bir yerdə işləmişdilər, eyni vaxtda yatıb eyni vaxtda yuxudan durmuşdular və ən başlıcası bu idi ki, Kəblə Salman kişi haçansa sellə gələn iri çay daşlarının altından öz torpağını qarış-qarış üzə çıxardanda o günəş həmişə göyün üzündə olmuşdu.

Bütün bunları görə-görə günəşin indi birdən-birə bu torpağı tamam başqa adamlar üçün becərəcəyini Kəblə Salman kişi ağlına sığışdıra bilmirdi.

Kolxoz söhbəti isə gün-gündən ciddiləşirdi.

2

O yay Kəblə Salman kişinin sərin suya olan etiqadı yoxa çıxdı və payızda bağ-bostan işinin ən ləzzətli vaxtında ömründə birinci dəfə o gündüz yuxusu tapdı.

O ilin məhsulunun çoxunu Kəblə Salman gecə yığdı, gecə daşıdı; uzun payız gecələrinin birində o, çaylaqdan evinə köçdü və qış düşüb qar yağandan sonra bir səhər yuxudan duranda Kəblə Salman kişi ürəyində nəhayət ki, bir balaca yüngüllük, rahatlıq hiss elədi.

O səhər Kəblə Salman kişinin bayramı oldu, çünki qar möhkəm yağmışdı, çünki Kəblə Salman kişinin mülkü o qarın altında möhkəm yatmışdı və heç olmasa qar çəkilib gedənəcən o torpaq da Kəblə Salman kişidən başqa heç kəsin olmayacaqdı.

Qar çəkilib gedənəcən o torpağa heç kəsin ayağı dəyməyəcəkdi, o torpağın üzünü heç kəs görməyəcəkdi və heç olmasa qar çəkilib gedənəcən Kəblə Salman kişinin yatmış torpağı kolxoz sözü eşitməyəcəkdi; tox torpaq, gözəl torpaq; haçansa sel sularının gətirdiyi qara qaymağı doyunca içib neçə illərdən bəri peyinsiz-kübrəsiz də, buğdanı noxud boyda, günəbaxanı məcmeyi boyda eləyən, yoncanı adam boyunca qaldırıb, ağacların meyvəli budaqlarını yerin təkinəcən əyən bu torpağın kəndin başqa torpaqlarından aşkar seçilməyi son vaxtlar Kəblə Salman kişini bərk qorxutmuşdu və indi Kəblə Salman kişi bir də ona görə xoşbəxt idi ki, onun qar altındakı torpağı heç kəsin torpağından seçilmirdi.

Üstəlik kəndə qanunlar-qərarlar göndərən böyük şəhərlər də elə bil bu möhkəm qardan sonra bir gecənin içində onun Buzbulaq adlı balaca kəndindən xeyli uzaqlaşmışdı, buraya kolxoz xəbəri gətirən yollar bir gecədə yox olmuşdu və bu yollar yox olduğuna görə kənd sovetinin ancaq damı da o səhər Kəblə Salman kişinin gözünə başqa vaxtlardakı kimi qorxulu-vahiməli görünmürdü.

3

Yolların hələ adam ayağı dəyməmiş yumşaq qarını ləzzətlə tapdaya-tapdaya Kəblə Salman kişi çayın üstündəki dikə qalxdı.

Buzbulağa belə qar çoxdan yağmamışdı və lap çoxdan idi ki, Kəblə Salman bu dikin başından kəndə tamaşa eləməmişdi.

Buradan kəndi bütövlükdə görmək olurdu: bir ucu dağ, bir ucu düzən.

Dağ döşləri Buzbulaq camaatının ev-eşik yeri idi, düzənlər əkin sahəsi idi.

Xırdaca dağ çayının iki yerə böldüyü kənd iki dağın arasında qara, günəşə bürünüb işım-işım işarırdı və donmuş çay suyu da ortada sanki su deyildi, ayna idi və hər iki sahil boyunca düzülmüş söyüd ağacları o gümüşü aynanın qırağında qara-günəşə bürünüb, işım-işım işarırdılar.

Aşağıda, Kəblə Salman kişinin mülkü qurtaran yerdə söyüdlər qurtarırdı, ancaq çay qurtarmırdı; oradan o yana da çay bir xeyli yol gedirdi, çünki çaylar anası Araz oradan da bir xeyli aralıda idi və bu yerlərin bütün xırda dağ çayları heç olmasa ildə bir dəfə öz analarını görməli idilər.

Araz səmtə baxa-baxa Kəblə Salman kişi fikirləşirdi ki, o ana çay bu bala çaylara heç olmasa ildə bir dəfə nəsə deməlidir; guya bunsuz ola bilməzdi, guya bunsuz bala çaylar quruyardılar.

Ordan-burdan – başqa kəndlərdən, başqa dağların-dərələrin dibindən axıb Araza tökülən bala çayların hamısı o səhər Buzbulaq çayının dikindən aşkar görünürdü və dikdən o çaylara baxdıqca o səhər Kəblə Salman kişi dünyanın böyüklüyünə heyrət eləyirdi.

Elə bil məhz qar yağıb dünyanı bu qədər durultduğuna görə Kəblə Salman kişi öz ömrünü də bütövlükdə görə bilirdi: bir yaz səhəri bir yaşıl yamacda quzu otarmaqdan başlanan bir ömür; o səhərin rəngi də, işığı da Kəblə Salman kişinin yadında idi, üstəlik o səhər yaşıl yamacda otardığı quzular da eynən, olduqları kimi Kəblə Salman kişinin xatirində qalmışdılar.

O quzulardan və o yaşıl səhərdən sonra Kəblə Salman kişinin yadına gələn ikinci şey – “Kəlbəla yolu” deyilən bir yol idi: heç vaxt görmədiyi bir yol; hələ altı aylığı tamam olmamış onu bu yolla Kərbəla ziyarətinə aparmışdılar və sonralar bu barədə o qədər danışmışdılar ki, haçansa o yolu görməyinə onun heç bir şübhəsi qalmamışdı.

Vaxt keçdikcə, yaş artdıqca həmin o Kəlbəla deyilən yerdə bir gün Kəblə Salman kişinin allahı peyda olmuşdu və Kəblə Salman kişi çaylaqda, daşla-çınqılla əlləşəndə onun allahı da Kərbəlada müdam öz işini görmüşdü; Kəblə Salman kişi bir işi qurtarıb o biri işə girişmişdi, onun allahı isə həmişə eyni bir işi görmüşdü; Kəblə Salman allahın işlərinə gah sevinmişdi, gah təəccüblənmişdi və beləcə illər ötüb keçmişdi...

4

Kəblə Salmanın heç özü də bilmədi ki, hansı allah bu qəribə fikri birdən-birə onun beyninə saldı, hansı yol onu kənd Sovetinə gətirib çıxartdı, hansı gözəgörünməz mələk onun ürəyindəki sonsuz qayğını-əzabı öz yüngül qanadının üstünə alıb apardı...

- Yazın! – dedi. – Torpağımı da, öküzlərimi də, atlarımı da, hamısını yazın. Yazın ki, bu kolxoza birinci mən girirəm – Qurban oğlu Kəblə Salman!..

Və hər kəlməni dedikcə, elə bil Kəblə Salmanın ürəyindən bir ağır daş götürüldü...

1971
XS
SM
MD
LG