Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Pasportunu yandıran özbəklərin yeni problemi


Reyd zamanı döyülən özbəklər, 21 iyun 2010
Reyd zamanı döyülən özbəklər, 21 iyun 2010
Özbəklər pasportlarını yandırmışdılar ki, kimlikləri bilinməsin. İndi qırğız əsgərlər gəlib pasportları yoxlayırlar. Pasportu olmayanı şübhəli şəxs kimi döyürlər.

Qırğızıstanda yenə zorakılıqdır. Qayda-qanun yaratmaq istəyən Oş şəhəri rəhbərliyinin məlumatına görə, özbəklərin qurduğu barrikadaların dağıdılması və sənədlərin yoxlanması zamanı 2 adam ölüb, 17 adam yaralanıb.

Şəhər rəhbərliyi bildirir ki, barrikadaları xoşluqla yığışdırmağa bazar günü axşam saat 6-ya kimi vaxt verilmişdi.

Hökumət barrikadaları dağıtmaqla silah axtardığını və son günlərin qırğınlarının təşkilatçılarını aradığını deyir.

PASPORTU OLMAYAN GƏNCLƏRİ DÖYÜRLƏR

AzadlıqRadiosunun Oşda olan müxbiri Brüs Panier iyunun 21-i yaralananları və döyülüb-öldürülən özbəkin meyitini görüb. Bu hadisənin şahidi olan deyib ki, onu qırğız əsgərlər döyüb, öldürüb:

«Çoxlu gənc döyülüb. Hətta qocalar da döyülüb. Onları silahların qundağı ilə başlarından vurublar. Özbəklərin çoxu qorxusundan pasportlarını yandırıblar. İndi isə əsgərlər gəliblər. Pasportları yoxlayırlar. Hazırda burda şəxsiyyət sənədi olmayan çoxlu adam var. Onların öz kimliklərini sübut etməyə heç nəyi
Hərbçilər barrikadaları sökürlər
yoxdur».

Oş şəhəri ətrafında Nəriman kəndində xüsusi təyinatlı qoşunların bazar ertəsinə keçən gecə başlanan əməliyyatından qabaq o da elan olunmuşdu ki, kimin silahı var, təhvil versin, əks halda, evində silah olan hər bir kəs «yaraqlı» elan olunur. Hökumətin məlumatına görə, ölənlərdən biri əsgərlərə atəş açıbmış.

Həbslər isə bazar günündən başlanıb. Milli iğtişaşların təşkilatçıları hesab olunanlar tutulur. Hələlik Oş ətrafında 20 adam həbs olunub.

ÖZBƏKLƏR REFERENDUMA GEDƏCƏKMİ?

11 iyundan - Oşda özbəklərlə qırğızlar arasında münaqişə başlanandan 400 min özbək evindən didərgin düşüb. Onlardan 100 mini Özbəkistana qaçıb, qalanları isə Qırğızıstanın daxilində köçkünə çevrilib.

Ölkənin müvəqqəti lideri Roza Otunbayevanın dediyinə görə, ölənlər, rəsmi deyiləndən 10 dəfə çox ola bilər, təxminən 2000 nəfərə çıxa bilər.

Hərbçilər Oşda patrul çəkirlər
Otunbayeva ölkənin cənubunda fövqəladə vəziyyətin vaxtını isə iyunun 25-nə kimi uzatdı. «Vəziyyət yavaş da olsa, sabitləşirsə, hökumət bunu niyə edir?» sualına AzadlıqRadiosunun Oşda olan müxbiri Brüs Panier cavab verir ki, iyunun 27-i Qırğızıstanda referendumdur:

«Qırğızıstanda keçiriləcək referendum ölkənin idarəçiliyini dəyişməlidir, ölkə prezident respublikasından parlament respublikasına çevriləcək. Cənubda, eləcə də, bütün ölkədə referendumun baş tutması üçün, fövqəladə vəziyyət, referenduma 48 saat qalana kimi uzadılır».

Bəs Oşdakı özbək əhalisi referendumda iştirak edəcəkmi?

Panier deyir ki, Cəlalabadda və Oşda özbəklər barrikada qurub, qonşularından ayrılıblar. Onların necə gəlib səs verəcəyini təsəvvür etmək çətindir:

«Özbəklər səs verməsə, referendumu legitim hesab etmək çətin olacaq. Özbəklər başqa səbəbdən də gəlməyə bilərlər. Onlar şikayətlənirlər ki, polislər qırğızlardır, əsgərlər qırğızlardır, hakimiyyət nümayəndələri qırğızlardır. Özbəklər heç yerdə təmsil olunmayıblar. Üstəlik, referenduma gəlmək üçün onların şəxsiyyət vərəqləri də yoxdur».
XS
SM
MD
LG