Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Azərbaycanda xarici kəşfiyyatlar


Amerika əks-kəşfiyyatı Rusiyaya işləyən 10 adam tutub
Amerika əks-kəşfiyyatı Rusiyaya işləyən 10 adam tutub
«Siz Amerikaya uzun müddətə göndərilmisiniz. Sizin təhsiliniz, bank hesabınız, şəxsi maşınınız bir məqsədə xidmət edir - əsas missiyanı yerinə yetirmək - Amerikanın siyasətini müəyyən edən dairələrlə əlaqə axtarmaq, yaratmaq və bizə məlumat vermək».

Amerika əks-kəşfiyyatı bu mesajı ələ keçirəndən sonra ölkənin 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub.

Azərbaycanda hələlik belə bir mesajın ələ keçməsilə bağlı məlumat yayılmasa da, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları hesab edirlər ki, marağı olan ölkələrin əksəriyyətinin kəşfiyyatı Azərbaycanda bu və ya digər formada fəaliyyət göstərir.

EMİL SÜLEYMANOV MƏSƏLƏSİ

2008-ci ildə Azərbaycan Hava Yolları Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov Rusiya xüsusi xidmət orqanları ilə işbirliyi qurmaqda təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib. İttiham aktında deyilirdi ki, Süleymanov Azərbaycandakı bir sıra qapalı obyektlərlə bağlı gizli informasiyaları Rusiya xüsusi xidmət orqanlarına ötürməklə yanaşı, çalışdığı Beynəlxalq Hava Limanında bir sıra rəsmi şəxslərin xidməti otaqlarda keçirdiyi söhbətləri səsyazma qurğusu vasitəsilə qeydə alaraq Rusiya kəşfiyyatına çatdırıb.

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər hesab edir ki, Azərbaycanda əsasən qonşu ölkələrin kəşfiyyat şəbəkələri daha fəaldırlar:

«Rusiya, İran və Ermənistan, İran kontekstində İsrail və NATO-nun qlobal terrorizmə qarşı mübarizə şəbəkəsi daxilində ABŞ başda olmaqla digər müttəfiqlərin də Azərbaycanda marağı var».

Sülhəddin Əkbər
Sülhəddin Əkbər hesab edir ki, Azərbaycana bu qədər maraq daha çox bu ölkənin zəngin enerji ehtiyatlarına malik olması, İran və Rusiya kimi ölkələrin arasında yerləşməsindən irəli gəlir.

AZƏRBAYCANDA ÇİN KƏŞFİYYATI

Xeyli uzaqlarda olmasına baxmayaraq Sülhəddin Əkbər Çin kəşfiyyatının da Azərbaycanda fəallaşdığını iddia edir:

«Çinin müəyyən marağı var, baxmayaraq ki, ilk baxışda uzaq görünür, amma Çin də Azərbaycanda ciddi kəşfiyyat aparan ölkələrdən biridir».

XARİCİ AGENTLƏR HARDA OLURLAR?

Sülhəddin Əkbər deyir ki, xarici ölkələrin xüsusi orqanları ilə gizli əməkdaşlıq edənlər məscidlərdən tutmuş, ali hakimiyyət orqanlarına qədər hər yerdə ola bilərlər, baxır qarşıya nə məqsəd qoyulub. Onun sözlərinə görə, xarici ölkələrin xüsusi kəşfiyyat xidmətləri Azərbaycanda aparılan əməliyyatlara özləri rəhbərlik etsələr də, əməkdaşlığa yerli vətəndaşları cəlb edirlər.

Sülhəddin Əkbərə görə, bu həmin qurumları həm maddi baxımdan qane edir, digər tərəfdən də diqqətin cəlb olunmaması üçün yaxşı imkanlar yaradır.

Milli Təhlükəsizlik Nazirliyinin digər sabiq əməkdaşı, Şərq-Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bəzən Azərbaycan xüsusi xidmət orqanları müəyyən qrupları, gizli fəaliyyət göstərən şəbəkələri aşkar etsə də, onlarla bağlı məlumatlar xəsisliklə yayılıb.
Ərəstun Oruclu
Mərkəz rəhbəri hesab edir ki, bu da iki ölkə arasında iqtisadi, siyasi və ya sırf kəşfiyyatla bağlı ola bilər.

XARİCİ KƏŞFİYYATIN AZƏRBAYCANDA MARAQLARI

Milli Təhlükəsizlik Nazirliyinin hər iki sabiq əməkdaşı hesab edir ki, xarici kəşfiyyat Azərbaycanda ilk növbədə siyasi, hərbi sahələrə, daha sonra ölkənin təhlükəsizlik və maliyyə sisteminə maraq göstərir. Ərəstun Oruclu:

«Bundan sonra informasiya qurumları, siyasi partiyalar, gənclər təşkilatları bu hədəflərə baxır. Bu baxır fəaliyyət göstərən kəşfiyyatın marağı nəyədir».

Xarici kəşfiyyatın siyasi proseslərə, hakimiyyət çevrilişlərinə təsir etmə imkanlarına gəlincə, Ərəstun Oruclu 1993-cü ildə Azərbaycanda baş verən hadisələri misal çəkir:

«Misal üçün 1993-cü ilin iyun qiyamı haqqında xeyli mülahizələr irəli sürmək olar. Bu qiyamda iştirak edən iki qrup var idi, siyasi və hərbi-siyasi qrup. İkincinin arxasında birmənalı şəkildə Rusiyanın kəşfiyyatı dayanırdı və həmin adamlar bu ölkənin xüsusi xidmət orqanları ilə bağlı adamlar idilər».

Azərbaycanda xarici kəşfiyyatın fəaliyyətilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin münasibətini də öyrənmək istədik, amma nazirliyə etdiyimiz çoxsaylı zənglərimizə cavab verən olmadı.
XS
SM
MD
LG