Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

Emin Milli daha gələcəyi planlamır...


Emin Milli atasının yas mərasimində
Emin Milli atasının yas mərasimində
Neftçalanın Böyük Oryat kəndində yas üzüntüsü ilə məhbusla görüş sevinci bir-birinə qarışıb. Vəfat etmiş Paşa Abdullayevin yas mərasiminə gələn hüznlü qonaqlar həm də mərhumun oğlu – həbsdə yatan gənc bloqçu Emin Milli ilə görüşün acı sevincini yaşayırlar.

MƏN SİYASƏTÇİ DEYİLƏM

Biz kəndə iyunun 29-da gecə saatlarında çatdıq deyə, Eminlə yalnız ertəsi gün görüşə bildik. Ətrafda onu müşayiət edən həbsxana işçiləri gözə dəymirdi. Eminin istənilən kəslə istənilən mövzuda danışmaq imkanı olsa da, müsahibə verə bilməyəcəyini dedi.

Atasını itirdiyindən və onun müvəqqəti buraxılması barədə qərar gecikdiyinə görə dəfndə iştirak edə bilmədiyindən əhvalının pozğun olduğu aydın görünürdü.
Amma Emin özü müsahibə verməməsini həm də onunla izah etdi ki, onun fikrincə, bu cür hallarda yalnız siyasətçilərin müsahibə verməsi yerinə düşərdi, o isə özünü siyasətçi hesab etmir. Deyir ki, işi yalnız sosial şəbəkələrlədir, elə indi də ən çox «Facebook», şəxsi bloqu üçün darıxır, ən çox öz fikirlərini bu şəbəkələrdə dost-tanışla bölüşə bilməməkdən təəssüflənir. Amma bununla belə Milli təcridxanada da vaxtını hədər keçirmir. Daha çox kitab oxuyur, həm də müəllimliklə məşğuldur.

Bloqçu deyir ki, həbsdə hətta hərfləri tanımayan adamları gördüyünə mat qalıb. İndi Emin həm də bu cür məhbuslara dərs keçməklə - əlifbanı öyrətməklə məşğuldur.

2 İL YARIM NƏDİR Kİ?!

Xuliqanlıq ittihamı ilə artıq demək olar ki, həyatının bir ilini həbsdə keçirmiş Emin hələ il yarım da azadlıqdan məhrumdur. Bu müddətdən əvvəl azad olunacağını da gözləmir. Fikirlərinə, ictimai fəaliyyətinə görə həbsinin cəmiyyətdə həddən artıq şişirdilməsinin də tərəfdarı deyil, deyir tarix boyu əqidəsinə görə on illərlə həbslərdə yatanlar var, onlarla müqayisədə 2 il yarım nədir ki?!

Amma yaxınları, xüsusən də anası Natella Abdullayeva ümid edir ki, oğlunu azadlıqda görəcəyi gün elə də uzaq deyil. Natella xanım deyir ki, Eminin atası Paşa Abdullayev 8 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkirdi, amma onun ölümünü sürətləndirən oğul dərdi oldu:

«Atası onun yoxluğuna dözə bilmədi. Belə oğul yetişdirəsən, onu görə bilməyəsən, çox böyük dərddir. O, dərddən öldü».

Emin Milli dostları ilə. 30 İyun 2010
DOSTLARI EMİNİ TANIMIR


Amma Emin özü atasının ölümünü ancaq onun səhhəti ilə bağlayır. Deyir, illərdir atasının xəstəlikdən çəkdiyi ağrıları görüb daha pis olurdu, indi isə onun yaxşı əməllər sahibi olduğuna görə cənnətdə rahatlıq tapdığına inanır. Elə kənardan da Emində kəskin ruh düşkünlüyü sezilmirdi. Baxmayaraq ki, onunla görüşə gələn dostları Millinin əvvəlki kimi coşqulu görünmədiyini deyirlər. Vəfa Cəfərliyə görə, bəlkə də, buna yeganə səbəb atasını itirmək acısıdır:

«Qəribə hisslər keçirirəm, hələ ki əvvəlki Emini tanıya bilmirəm. Bəlkə də, fərq bu günlə bağlıdır, insana yaxınını itirmək çətindir. Biz Emini coşqulu görməyə öyrəşmişik, o həmişə bizə ümid verib, bu gün isə sanki bizim ümid verməyimizə onun ehtiyacı var».

QƏNİMƏT ZAHİD: EMİN MƏNƏVİ BAXIMDAN FORMADADIR

Vəfadan fərqli olaraq, «Azadlıq» qəzetinin baş redaktoru, özü də bu il azadlığa çıxmış Qənimət Zahid isə Emini mənəvi baxımdan formada gördüyünü deyir. Emin isə Qənimət Zahidə hətta məhbuslardan salam də gətirib.
Emin Milli atasının yasına gələnlərlə birlikdə. 30 İyun 2010


«Ümumi tanışlar oldu ki, o vaxt mənimlə birlikdə Bayılda olublar, indi Xələcdədirlər. Onların salamları var imiş mənə, biliblər ki, burda olacağam».

EMİN DAHA GƏLƏCƏYİ PLANLAMIR...

Eminlə isə imkan tapıb gələcək planları barədə də danışdıq. Həbsdən öncə Kanadaya təhsil almağa getməyi planlaşdırsa da indi deyir ki, baş verənlər ona bir şeyi öyrədib – gələcəklə bağlı indidən qərarlar verməsin, çünki hər şey bir anın içində belə dəyişə bilir.

Emin Milli Xələc təcridxanasına iyulun 2-si günorta saatlarında qayıdacaq. Heç nə dəyişməsə, yəqin ki, həyatının daha 18 ayını həbsxanada özü demiş gününü müəllimliklə başa vurmağa çalışacaq. Neyləsin, internetdə yazmağa imkanı yoxdur... Necə olsun ki! Həmkarları demiş, yəqin ki, onu elə internetə əli çatmasın deyə həbsxanaya göndəriblər...
XS
SM
MD
LG