Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Azər Abdulla "Sarı tağ" (4)


ƏVVƏLİ BURDA

Keçən il hələ erməni, türk münaqişəsinin dalğası İrəvanın Burnazyan küçəsində azərbaycanlı, erməni bölmələrindən ibarət kənd təsərrüfatı texnikumu binasına çatmamış, hələ texnikumun yanındakı kanalın qırağında höcətləşəndən sonra amasyalı bəstəboy, amma kötük kimi olub qoldan qüvvətli zootexnik şöbəsinin ikinci kurs tələbəsi Osman, ana söyüşünü sinirə bilmədiyindən, erməni bölməsi mexanizasiya şöbəsinin birinci kursunda oxuyan razdanlı Ardonu yüngül dirək kimi asanlıqla qaldırıb kanala atmamış, hələ erməni və azərbaycanlı tələbələrinin arasındakı gərginlik yaranmamış, azərbaycanlı və erməni tələbələrin üz-üzə gəlməməsi üçün texnikumun dəhlizlərində divarlar hörülmədiyi bir zaman Akop iki qızıyla yayın boğanaqlı, qızmar günündə Nazanın sənədlərini axşamacan olsa belə verə bilməyəcəyini görəndə əvvəlcədən şərtləşdikləri kimi zəng edib Qafura bildirmişdi.

On beş dəqiqədən sonra iki dəfə «Topçuyan Nazan, qapıya yaxınlaşın» - deyə ucadan çağırmışdılar. Akop adam yığnağını çətinliklə yara-yara qapıya çatıb Nazanı içəri ötürərək Zərinənin yanına qayıtmış, «Balikcan, himi desar Qafurin başdoni? - əziz balam, indi gördünmü Qafurun hörmətini?»-demişdi. Moskvadan gətirdiyi üstündə «Paris» sözü yazılmış maviyə çalan güllü sarafan don buğdayı rəngini açdığından, əyninə rahat olduğundan və çox yaraşdığından Zərinənin ürəyinə necə yatmışdısa, imtina etmək, naz satmaq əvəzinə Qafurla qarşılaşanda ilk dəfə gülümsünüb «Hədiyyəyə görə təşəkkür edirəm» deməkdən özünü saxlaya bilməmişdi. Zərinənin yumşalıb barışması Qafuru sevindirmişdi. O, «Reginanın da könlünü ala bilsəydim...» - düşünmüşdü.

Zərinə ilə barışdığına, Moskvadan yazıb gətirdiyi «Qaçaq Nəbi» məqaləsinin xahiş minnətdən sonra sərlövhəsini dəyişdirmək şərtilə baş redaktordan çap üçün razılığını aldığına, səhər evdən həmişəkindən bir az tez çıxıb Təpəbaşından enən dolama yolla sallana-sallana yol qırağındakı qarağac, ulas, palıd, ağcaqayının öz budaqlarını dost əli kimi yolçulara uzatdığını, təzə-tər, işım-işım işıldayan yamyaşıl yarpaqların pırıl-pırıl qaynaşmasını,təpənin döşündə basırıqdan qaçıb qurtulmuş kimi seyrəklikdə adda-budda səpələnərək yarpaqları əlvan rəngli zirinc, qarağat, nar, quşarmudu kollarının sevinişməsini acgözlüklə seyr edə-edə şəhərin ən geniş, yaraşıqlı Lenin prospektinin başına enərək, səhər-səhər su maşını ilə yuyulmuş küçənin hər iki tərəfi boyuncu sıralanıb bir-birinin bəhsinə boy atmış, yaraşıqlı xan çınarların məğrur duruşundan, gözəlliyindən zövq və güc ala-ala gəlib «Örtülü Bazar»ın yaxınlığından sola burulanda qanadlanıb uçmaq istəyən Qafur «Mayın axırınacan yarpaqların, otların üstünü toz, his-pas basmamış işə beləcə payi-piyada gəlib gedəcəyəm» düşündü.

***

Moskvadan gətirdiyi zərif yundan toxunma Belçika istehsalı gözəl svitir hədiyyəsindən, iki ayın xahiş, yalvarışından, tezliklə filologiya elmləri namizədi olacağından, «Usta Akop» məqaləsinin ermənicə «Kommunist» qəzetində çapından sonra yuxarı dairələrdə belə tanınmasından başqa, yeni məqaləsində erməni xalqının yoxsul təbəqəsinin mənafeyi əks olunduğundan yazının çapına razılıq versə də, məqalə mətbəəyə göndərildiyindən bir gün qabaq heç vaxt xəstələnməyən baş redaktorun birdən-birə xəstəxanaya düşməsinin səbəbini Qafur indi «Bareqamutyan» küçəsiylə yuxarı qalxarkən anladı.

Dünən çap olunmuş məqaləsiylə bağlı Mərkəzi Komitəyə çağrıldığını bildiyi andan başlayaraq Ali İdarənin həyətinə daxil olub sirli, həm də zəhimli görünən binanın qapısına dogru uzanan asvalt yolun sağında və solunda, hər qarış, hər addımında səliqə-səhman duyulan, biçiləndən sonra azca uzanmış birboyda yamyaşıl tər otlar, həmişəbahar qızılgül, qərənfil, çobanyastığı, başqa məmləkətlərdən gətirilib əkilmiş alçaqboy,yarpaqları sarımtıl kollar, yabanı təbiəti yada salan, qabığı çoxdan ərpiyib töküldüyündən gövdəsi,budaqları şumallaşıb nəhəng maral buynuzuna oxşayan qup-quru ağac, sığallı çay daşları yığnagınıdakı ölçü-biçinin, uyarlığın dəqiqliyi, memar planşeti üzərində rəngli layihəni xatırlatdığından, bu geniş həyətdəki və binanın dəhlizindəki,qəbul otağındakı uzun sürən darıxdırıcı gözləmə anları, katibə qızın başıyla «İçəri keçin» işarəsi, qara meşinli qapının hündürlüyü, kabinetin genişliyi, bahalı mebellər, çoxlu telefon aparatları, ciddi işlə məşğul olduğundan qapının açılmasını sanki duymayan, qara dərili kresloda əyləşmiş adamın nəhəngliyi, inək gözünü xatırladıb, ancaq zəhim təlqin edən iri gözləri və nəhayət göy gurultusuna bənzər hökmülü gur səsindən doğan qorxunun ağırlığına Qayfur güclə dözürdü.

Yarım saatdan çox vaxtda verdiyi suallardan istədiyini ala bilməyən təlimatçı əlini masanın üstünə çırparaq – Sənin «Qaçaq Nəbi» məqalən başdan-başa pravakasiyadır, cinayətdir! Düzgün izahat verməməyin, faktı gizlətməyin ikinci cinayət! Müstəntiq səninlə başqa cür danışacaq! Bu təkcə sənlik deyil, baş redaktorun gəlib bunları boynuna alanda sənin işin daha ağır olacaq! Xalqlar arasında ədavəti qızışdıranlar, insanları qıran qaçaq-quldur haçannan qəhrəman olub?! Boyundan, başından, çəkindən yekə şeylərə girişirsən!...

Təlimatçı əlini masanın üstünə vuranda Qafur daha da qorxmaq əvəzinə, hansı möcüzədənsə içini bürümüş qatı qorxu birdən dağıldı, elə bil vahiməli yuxudan ayıldı, çaşğınlığı, kəkələməyi ötüb keçdi, dumanlı başı aydınlaşdı, dil-dil ötməyə başladı.

- İnger-yoldaş Qarabetyan, mən harada olduğumu, kiminlə danışdığımı yaxşı bilirəm. Məqaləni yazmağı mənə heç kim tapşırmayıb. Mən yalannan baş redaktorumu necə şərləyim?

Mən həmişə xalqlar dostluğundan yazmışam, səmimi deyirəm, yazıda heç bir qızışdırıcı, ara qarışdırıcı motiv yoxdur. Qaçaq Nəbi quldur olmayıb, o, azərbaycanlı və erməni varlıların, qaniçənlərin var-dövlətini, mal-heyvanını alıb yoxsul, ac-yalavac ermənilərə, azərbaycanlılara paylayıb, kasıblara əl tutub.

Məqalədə Qaçaq Nəbi ədalətli, insaflı adam kimi verilib. Bunu mən tarixi faktlara əsasən yazmışam. Qaçaq Nəbini görmüş erməniləri, azərbaycanlıları danışdırmışam, onlar sağdılar, adları, ünvanları məqalədə var. Ermənicə «Kommunist» qəzeti bu yaxınlarda mənim «Usta Akop» adlı geniş oçerkimi...
Təlimatçı Qafurun sözünü kəsərək – Türklərin... eee... – deyib başını bulamaqla çaşdığını bildirərək – Azərbaycanlıların bir atalar sözü var ...söyləyib azərbaycan dilində ləhcə ilə – bir balaca boyu var, dam dolusu toyu var – bu, sənsən - deyəndə Qafur sevinərək bir az da yüngülləşdi. Təlimatçının yumşaldığını güman elədi. Ancaq o birdən yenə səsini qaldırdı – «Varbed Akob» yazını təriflədilər ayağın yer aldı!

Elə bildin bütün Ermənistanı aldatdın?! Sənin o yazın başdan-başa Türkiyəni təbliğ edir. Sən pantürkistsən! O yazı çap olunan günün səhərisi sən işdən qovulmalıydın!...

Telefon ucadan zəng çaldı, təlimatçı dəstəyi götürüb qulağına dayadı, zərif qadın səsini Qafur da eşitdi:

- İnger Dallakyanin badasxanek- yoldaş Dəlləkyana cavab verin...

Mərkəzi Komitənin ideoloji şöbə müdirinin səsini eşidən təlimatçı nəhəng bədəninə uymayan cəldliklə ayağa qalxıb farağat vəziyyəti alaraq – lsumem, inger Dallakyan – eşidirəm, yoldaş Dəlləkyan.-dedi.

- Söhbəti saxla! Haya-küyə salıb bir qarış boyda türkü qəhrəmana çevirməyin. Bunu zarafatla, yumorla, komediya ilə qurtarmaq olmaz? Boşla getsin!

- Oldu, oldu.

Təlimatçı dərindən nəfəs alıb yenidən yerində oturdu. Qarşısındakı dağınıq kağızları dəstələyib masanın üstünə qoydu. Karandaşı götürüb qələmdana saldı. Teyfura baxıb gülümsünərək – Gedə bilərsən – dedi, tez də əlavə elədi – eşitmişəm müdafiəyə hazırlaşırsan. Çox yaxşı, ancaq innən belə nə yazacağın barədə yaxşı-yaxşı fikirləş...

Qafur Mərkəzi Komitənin həyətindən «Bareqmutyan» küçəsinə çıxıb sağa buruldu, dərindən nəfəs alıb başaşağı sürətlə bir qədər gedib dayandı, taksi gözlədiyi vaxt küçənin o yanından baş redaktorun qara «ZİM» maşınıyla keçdiyini gördü. Səlimbəyovun Mərkəzi Komitəyə çağrıldığını dərhal duydu, əl edib sürücünü səsləsə də onu görmədilər.

Qafur svetoforda qırmızı işığın yandığını gördü, başı lovlu küçəni adlayaraq qaçıb özünü maşına yetirdi, başını pəncərədən içəri salıb tövşüyə-tövşüyə – Yoldaş Səlimbəyov- başıyla MK-ya işarəylə – ordaydım, sıxma-boğmaya saldılar, yazını sənə kim tapşırıb soruşdular.

Özüm yazmışam, özüm dedim. Çapa getməsinə siz imzalamamısınız, yazıdan xəbəriniz yoxdur dedim. Dedim Siz də bunu biləsiniz.

Qafurun başını salonun içinə əyərək nəsə dediyini sanki o vahimə, qorxu dolu binanın harasındansa baxdıqlarından, kamera ilə çəkdiklərindən ehtiyyat edən baş redaktor təlaş içində – Yaxşı, yaxşı çəkil! – dedi, maşın tərpənib uzaqlaşdı. «Baş redaktordu, Ali Sovet Rəyasət Heyyətinin üzvüdü, deputatdı, yazını yazan mən, yarpaq kimi titrəyən bu. Get soy adının sonundakı «bəy» sözünü at getsin. Ancaq nə qədər üstünə çığırsalar da məqalədən xəbəri olmadığını, çapa imza atmadığını, inamla deyəcək»

Üç saatdan sonra baş redaktor kabinetinə qayıtcaq dərhal Qafuru yanına çağırdı, o, içəri girəndə başqa vaxtlar başını Qaldırmayın, özünü ciddi işlə məşğul olan kimi göstərən baş redaktor cavan oğlan kimi dik ayağa qalxaraq yeyin addımlarla gəlib kabinetin ortasında Qafurun o üzündən, bu üzündən öpüb bağrına basdı, aralanaraq Qafurun qollarından yapışıb gözlərinin içinə baxdı – Əgər səni bircə oğlum Albert qədər istəmirəmsə, Allah mənə qənim olsun. Sən kişi oğlusan, Allah atana rəhmət eləsin!

***

Səhər gün yenicə qalxmışdı, adamlar işə çıxıb getdiyindən küçələrdə dolaşan adamlar seyrəlmişdi. Akopun evinin yanında vələs ağacının altındakı su krantının başında iki qadın dayanmışdı.

Üzündə, buxağındakı xallardan uzun-uzun verrgüləbənzər işıldayan qara tüklər sallanmış, qarabəniz, törəboy, iri döşlü, dolubədənli, orta yaşlı qadın, qəlbində qaynaşıb onu rahat buraxmayan xəbərləri deyib qurtarmamış, üzbəüz dayandığı ucaboy, ağbəniz,nərmənəzik gəlinin çıxıb gedəcəyindən sanki qorxaraq danışığına ara vermədən pulyemot kimi ötürdü. – Axçi, özünü elə utancaq göstərməsinə baxma, bilirsən nələr var o türkdə. Ağanik kimi o da bütün işlərini utana-utana görür. İyunun ortalarıydı, Ağanikə çiyələk gətirməyi söz verəndə özüm eşitdim.

Söz vaxtına çəkər, bir az bundan qabaq olardı, taksinin qapısı açılıb-örtüləndə özüm pəncərədən gördüm. Axçi, bunun özünə bir bax – deyib əlini öz sinəsinin tuşuna gətirdi – bu boyda boyun ola, belə fərasətli olasan, həmişə taksiylə gedib-gəlir, hərdən də «Qaz – 24»lə. Bir əlində sələydi, üstünə bəmbəyaz örtük çəkili, o bitri əlində vaza oxşar qabıydı.

Sən görəydin necə ədayla yeriyirdi, elə bil nazir oğludu. Öz aramızdı, türk olanda nə olar, şirindi, üzündə şeytan tükü var, Ağaniki də qınamaq olmaz. Akop səhərdən-axşamacan eşşək kimi işləyir, sənin ərinnən yaşıddı, özün bilirsən də.

Fikirləşdim gedim-getmiyim, gedim-getmiyim. Taksi dayanıb onu gözləyirdi. Çox çəkmədi, çıxıb tələsik taksiyə minib getdi. Özümü saxlaya bilmədim ikinci mərtəbəyə qalxanda Ağanik sələnin üstündən ağ örtüyü yenicə qaldırmışdı.

Canıyanmışın üzündəki, sevinci, xoşbəxtliyi görəydin! Bilmirəm bu sevinc türk dığasını gördüyünə görəydi, yoxsa çiyələklərə görə.

Axçi, bir sələ dəymiş çiyələyi görəndə ağzımın suyunu saxlaya bilmədim. Təsəvvür etməzsən sən onların necə səliqəylə düzüldüyünü,hamısı seçmə! Ağanikə demədən üçünü, dördünü ağzıma atıb, gözümün qurdunu öldürdüm.

Vaza oxşar qaba yığılmış alasütül çiyələkləri sən görsəydin! Təsəvvür etməzsən onların bir boyda, bir ölçüdə, səliqəylə düzülüşünü. Həlqəvari sırayla düzülmüş çiyələklər yuxarı qalxdıqca halqa daralırdı., türk çoban papağı kimi. Son ucdakı çiyələk qıpqırmızı, dəymişdi. Məni bu dəqiqə tikə-tikə doğrasalar da bunun adicə diqqət, adicə hörmət olduğuna inanmaram.

Oğulun, qızın, ataya, anaya, dostun dosta, qonşunun qonşuya verdiyi payda, sovqatda o boyda istək, o boyda sevgi ola bilməz. Ancaq aşiqlərdə, sevənlərdə o əlaməti, o nişanəni, o məhəbbəti görmək olar. Fikirləşirsən ki, mən bunları şişirdirəm, uydururam. O vaza oxşar qabdakı çiyələk topasının ucuna niyə al qırmızı, dəymişi qoyulmuşdu?

Bir dəfə Ağaniklə onların hamamında çimmişəm. Demə görməmişəm, o vazdakı çiyələyin forması Ağanikin döşyüdü ki var. Ölmüşün bu yaşında döşləri bakirə qız məmələri kimidi. Allah bizə düşünməyə ağıl verib.

Sən təsəvvür edirsənmi, Zəngibasardan bura qırx kilometrdən çoxdu. O şan vorti – it oğlu çiyələklər əzilib, dağılmasın deyə bu boyda yolda qabı əlindən yerə qoymayıb.

Mərkəzi Komitədən çıxarkən bədəninə, ruhuna çökmüş gərginlik baş redaktor öz kabinetində onu əziz adamı kimi öpüb-bağrına basanda, «Sən kişi oğlusan, Allah atana rəhmət eləsin!» deyəndən sonra çox-çox yüngülləşmiş, işdən çıxarkən yol qırağında ətrafına təmiz hava, dinclik, gözəllik çiləyən növbənöv ağacları xatırlayaraq Qafur pencəyini çiyninə atıb Lenin prospektinin sağ tərəfini tutaraq çinarların kölgəlikləri ilə başı yuxarı qalxırdı.

Opera binasının yanına çatanda küçənin sol yanından onu ucadan, gur, bariton səslə, bağırtıyla səslədilər. Qafur çevriləndə Deronu, onun ardınca nəhəng bir varlığın şəltəyə-şəltəyə addımladığını gördü, yoldan ötən sürücülərin bəziləri maşının sürətini azaldır, bəziləri bir anlıq maşını saxlayıb təəccüblə küçəni keçməkdə olan o nəhəngə baxır, başlarını bulayıb çaşqınlıq içində yollarına davam edirdilər.

«Bağırtı Deronun səsinə oxşamır» düşünərkən, Deronun «Dediklərim yadından çıxmayıb ki?» - sorğusuna nəhəngin «Voç-yox» deyərək iri başını ləngərlə tərpətməsini Qafurun gözü aldı. Dero yaxınlaşıb əl tutmadan ciddi və soyuq tərzdə «Görünmürsən? Məhəllədən getmisən?» - soruşanda Qafur gülə-gülə ona yaxınlaşıb salam vermək üçün əlini uzatmaq istəyəndə nəhəng özünü qabağa verib Qafurun çiyninə atdığı pencəyi qaparaq gəmi fitinə bənzər gur səsiylə «Görüm bu mənə olar?» - deyib zorba qolunu pencəyin qoluna soxub dartdı, pencəyin qolu çiynindən sökülərək şırıqlandı, Qafur Deronun sualına cavab verməyə macal tapmamış gileyli tərzdə Deroya baxaraq «Bu nə eliyir?...» - dedi.

Qafurun sözü ağzında qaldı, nəhəng bir göz qırpımında Qafuru körpə uşaq kimi qucağına aldı, «İm pokrıs, kez şok çi? – Mənim balacam, isti deyil?» - deyib Qafurun qalstukunu çəkib boşaltdı, köynəyinin bir düyməsini açdı, yekə dodaqlarını yığaraq nəfəsini onun boyun-boğazına üfürdü. Bir anın içində baş vermiş ağılagəlməz əhvalatdan başını itirən Qafur dartınır, əlini yekəpərin çiyninə dirəyib itələyərək yerə düşmək istəyəndə nəhəng bir an qolunu boşaldıb dərhal yenidən onu qucağına sıxdı. Yerə düşüb əlinin, ayağının əziləcəyindən, sınacağından qorxaraq, Qafur qeyri-iradi bir an yekəpəri qucaqladı. Yekəpər sol əlini gətirib Qafuru ata, ana körpəsini bağrına basan kimi özünə sıxdı.

«Qorxma, qorxma heç səni yerə salarammı?» - deyib başını sığalladı, özündən aralayıb indi də qalstukunu düzəltməyə başladı. Qafur güclə dartınıb Deroya sarı çevrilib incik-incik «Hamı bizə baxır, belə olarmı?» - deyəndə Dero gülə-gülə nəhəngə işarə ilə «Kimin sözünə baxır ki, məni də eşitsin?» - söyləyib birdən ciddiləşdi. «İki-üç günə beş min manat lazımdı, bir aylığına!» - dedi. Qafur acı-acı gülümsünərək – Derocan, bu vəziyyətdə danışmaq olar? Başıyla yekəpərə işarəylə – denən buraxsın danışaq da.

- Buraxmamış səni axşamacan qucağında saxlayan deyil ha. Yaxşı, burax da...

Yekəpər aşağı əyilib Qafuru ehmalca yerə qoymaq istəyəndə peşman oldu, onu əvvəlkindən də yuxarı qaldırıb «Moratseleyi, mi had nayi des esdeğits tser aygin yerevuma? Lav nayi, yete yelaqner çbrtsel, eta mets hamar el ber-Yadımdan çıxmışdı, bir bax gör burdan sizin bağça görünürmü?

Yaxşı bax, əgər çiyələk sovuşmayıbsa, get bizə də gətir» - deyib gözlənilmədən əlini uzadaraq Qafurun çənəsindəki xalı iki barmağı ilə sıxaraq dartdı, «Nə gözəl xalın var, bunu ver də mənə» - dedi. Qafurdan çıxan inilti-ufultu qarışıq ağrılı səs quyruğu qapı arasında qalmış pişik səsinə bənzədi. Dero onun çənəsindən axan qanı görəndə «Səninki poliklinikalıq oldu, tələs, ancaq dediyim yadından çıxmasın, uzaq başı üç günə!»

Poliklinikada həkim Qafurun yarıyacan qopub sallanan xalının axmaqda olan qanını qurulayanacan, dərmanlayıb leykoplastr yapışdıranacan, sorğu-suala tutdu. «Deyirsən yıxılmışam, axı bu yıxılmaq yarasına oxşamır?» - söylədi. Qafuru qınadı, danladı «Bu yaşacan bilmirsən buna toxunmaq olmaz?!» deyib qorxutdu, sonra «Yaxşı ki qopub düşməyib» - dedi.

Qafur Moskvada olarkən səngimiş söhbət İrəvana qayıdandan sonra yenidən qızışdı. İki gün qabaq axşamüstü Ağanikin sancısı tutanda Nazan bu xəbəri Qafurla qarşı-qarşıya əyləşib söhbət edən atasına eyhamla bildirəndə duyuq düşən Qafur dərhal ayağa qalxıb bayıra çıxdı.

Maşın tutaraq geri qayıtdı. Gecə saat iki radələrində Akop sevincək «Oğlumuz oldu» xəbəri ilə evə qayıtdı. Gecə səhərəcən Akopgilin pəncərələrində işıq sönmədi. Səhərə yaxın yatdıqlarından Qafur yuxudan gec oyandı, işə günortaya yaxın getdi.

Küləkli havada qaranlıq buludun ardından darıxıbmış kimi tələsik çıxan ay, öz nurunu sel kimi axıdaraq, daşı-qayanı, dərə-təpəni hövlnak öz qoynuna aldığı kimi xalla bağlı maraqlı xəbər də günortayacan Təpəbaşına, «Sovet Ermənistanı», ermənicə «Sovetakan Hayastan», «Kommunist», rusca nəşr olunan «Trud» qəzetləri redaksiyalarına, Mərkəzi Komitənin bəzi şöbələrinə və Bakıda yaşayan Qafurun özündən böyük qardaşına çatdı. Qafur dördüncü mərtəbənin dəhlizində həmkarı Qafarla qarşılaşanda «Ooo, təbriklər, təbriklər!

Oğlun olub, bəs niyə əli boş, konyakın, şokaladın hanı?» bu sözlərdən sarsılan Qafur, onun gözlərindəki sevinci görəndə «Səninlə heç vaxt barışa bilmərəm»- düşündü. «Belə bir iş sənin də başına gəlsin, belə bir oğul sənə də qismət olsun» – dedi. Qafur ciddiləşərək, «Üzünü elə turşudursan, elə bil günahkar mənəm... »

Dəhlizə çıxan baş redaktorun katibəsi – Qafurcan, səni haçandan Səlimbəyov gözləyir. Baş redaktor səsini alçaldaraq nə qədər çək-çevir eləsə də Qafurdan gözlədiyi xəbəri ala bilmədi. Qafur-Siz buna inanırsınız? – deyəndə, Səlimbəyov – mən inandım,inanmadım bununla məsələ bitmir.

Bütün şəhər sənnən danışır, deyirlər elə bil Qafurun burnundan düşüb, rəngi, çənəsindəki batıq yeri.... çənəsindəki xal, səndə batıqdan sağdadı, uşaqda solda.

Qafurcan, Sən bilirsən də mən səni oğlumcan istəyirəm. Bir aylığa Bakıya getməyin məsləhətdir. Görək sora nə olur...

Qafur şəstlə ayağa qalxdı. – Mənnən ötrü Sizə söz gəlsə, deyin işdən çıxartmışıq. Gedim ərizəmi yazım gətirim - deyib qapıya yaxınlaşanda baş redaktor – Ay bala, o nədi elə, köynəyinə bulaşıb? – soruşdu.

Qafur çevrilib ağappaq köynəyindəki qırmızı ləkəni gördü. «Əclaflar daş atanda əzik gilənar da qoyub atıblar» düşündü, başını bulayaraq bir siz demədən kabinetdən çıxdı. İş otağında otaq yoldaşını görməyəndə sevindi. Qapını arxadan bağlayıb var-gəl elədi. Yerində əyləşib başını əlləri arasına alaraq gərgin düşüncələrə daldı.

Beşmi, altımı yaşında başını anasının dizi üstə qoyaraq xumarlandığı anlar, anasının onun çənəsindəki xalını sığallaya-sığallaya bayatı oxuyurmuş kimi dediklərini xatırladı. «Rəhmətlik atanın sinəsində iri xal vardı.

O xalı qardaş malı kimi yarıya bölmüşdü. Yarısını sənin çənənə qoymuşdu, yarısını qardaşının çiyninə. Yüz il ötsə də hər yerinizi qumaşa, kətana bürüsələr də, bircə bu xalınızı görsəm, min adamın içindən gəlib sizi taparam». Bu kövrək, həzin xatirənin ardınca Toxmaqgöldə Akopun suya tullanmağa hazırlaşdığı an onun çiynindən aşağı qoşa kürəyinin hər birində olan xallar, «Beni Bosforun, Marmaranın tüm balıqları, ilbizləri tanıyor.” söyləyib gölə baş vurduğu məqam yadına düşdü. «Akopu görməyənlər şübhələnə bilər, axı qonşular, tanıyanlar onun da çənəsində batıq olduğunu bilirlər, ancaq mənim çənəmdəki batıq daha dərindi. Anamın dediklərini bunlara necə çatdırım.

İrsən övlada keçən xalın bədəndə bəzən yerdəyişməsini necə sübut edim. Akopun kürəyindəki qoşa xallar barəsində bunlara necə çatdırım, bəlkə bu barədə bir məqalə yazım, daha da gülünc vəziyyətdə qalmarammı, dolayarlar, ələ salarlar.Akop eşitsə,onun da ürəyinə şübhələr dolacaq. Bunların yalan olduğunu bir mən bilirəm, bir də Ağanik, bir də yuxarıda əyləşən baş drijor. Tapdım, tapdım, ona da mən ayama qoyacağam.

Mən Ta-Qa-yam. O da De-De!... əvvəlinə bir «B» artıranda lap düzəlir. Bezdarnıy Dirijor Dallakyan! Əla, qaldı bunu yaymaq. Həqiqətisə nə mənim baş redaktorum bilir, nə qardaşım, nə də özünü ağıllı sayan Qoğaqan-oftaritet titulu qazanmaga can atan Dero. Bu cılızlıqnan sənnən heç vaxt ağsaqqal-avtoritet olmaz. Avtoritet olmaq üçün qəlbindəki haqq, ədalət, millətçi hissini üstələməlidi.

Sənsə olsa-olsa KQB-nin girdirmə aftariteti ola bilərsən... Daha Təpəbaşına qayıda bilmərəm...

Telefonun gur səsi Qafuru diksindirdi. Qardaşının doğma səsini eşidəndə kövrəldı, qəhər boğazına tıxandığından bir an danışa bilmədi. “Nə olub,niyə dinmirsən?-qardaşının sualına Qafur bogazını arıtlayaraq: Çörək yeyirdim, boğazımda qalıb-dedi.

-Yaxşı, o xal söhbəti nə məsələdı?

Qafurun xeyli susduğuna dözə bilməyən qardaşı cingiltili və inamlı səslə - Ə, sən yiyəsiz deyilsən e, gəlib bomba qoyub partladaram o şəhəri! Altını üstünə çevirərəm, - deyəndə elə bir Qafurun canından ağırlığı, gərginliyi çəkib çıxartdılar, ürəklənərək – Qardaş, ömrümdə sənə yalan deməmişəm, sənin canına and içirəm, hamısı şayədir, uydurmadır. İnşallah görüşəndə...
ARDINI BURDA OXU
XS
SM
MD
LG