Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Hillari Klintonun Azərbaycana səfəri başa çatıb


Hillari Klinton İlham Əliyevlə görüşür, 4 iyul, 2010
Hillari Klinton İlham Əliyevlə görüşür, 4 iyul, 2010
BİRGƏ NAHAR

İyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar ediblər.

Bu haqda AzərTAc məlumat yayıb.

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola salıblar.

Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salıblar.

***

«ABŞ MÜNAQİŞƏNİ HƏLL EDƏ BİLMƏZ, AMMA»


Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki prinsipləri çərçivəsində - ərazi bütövlüyü və hamının öz müqəddəratını təyin etmək üçün bərabər imkanlara malik olması şərti ilə həllinin tərəfdarıdır.

Bu fikri ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfərinin sonunda hava limanında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinq zamanı deyib.

O deyib ki, bu gün prezident İlham Əliyev və Elmar Məmmədyarovla görüşündə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkə prezidentinin imzaladığı bəyanatdakı fikirləri bir daha vurğulayıb:

Hillari Klintonun səfəri başa çatdı
«Birləşmiş Ştatlar Azərbaycan və Ermənistana dayanıqlı sülhə nail olmaqda və onu tətbiq etməkdə yardım edəcəklər. Sülhün son addımları hər zaman daha çətin olur. Amma biz inanırıq ki, sülh mümkün və vacibdir. Bu, təhlükəsiz və rifahlı gələcəyin şərtidir. Azərbaycan və daha geniş regionun əhalisinin sülh və əmin- amanlıqda yaşamaq, eləcə də Allahın onlara verdiyi potensialı reallaşdırmaq haqqı var.

ABŞ münaqişəni həll edə bilməz, amma bu istiqamətdə səylərdə əməkdaşlıq və yardım edə bilər. Qafqazın gələcəyi burdakı insanların əlindədir və mən əminəm ki, Azərbaycan insanları pozitiv bir gələcək imkanına malikdirlər».

***

RATİ-DƏN KLİNTONA MƏKTUB

«Dalğa» Gənclər Təşkilatının nümayəndəsi Ramin Hacılı görüşdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) Azərbaycanda söz azadlığı və insan hüquqları ilə bağlı məktubunu Hillari Klintona təqdim edib.

***

HİLLARİ KLİNTONUN ÜMİDİ

ABŞ dövlət katibi Hillari Klinton gənclərlə görüşdə deyib:

«Ümid edirəm ki, məhbus bloqçular yaxın vaxtlarda azadlığa buraxılacaqlar».

***

AZƏRBAYCANDA İKİ GƏNC BLOQÇUNUN HƏBSİ İLƏ BAĞLI ÇOXLU MƏKTUBLAR ALMIŞIQ

Hillari Klinton «Muğam» klubunda görüşdüyü gənclərə Birləşmiş Ştatların demokratiya və insan haqları məsələsində prinsiplərinə sadiq qaldığını deyib.

«O dövlətlər inkişaf edir ki, onlar dialoqa və uyğunlaşmaya hazırdır. Bir dövlət katibi kimi mənim prioritetim demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdir. Yeni texnologiyalar ünsiyyətin xəritəsini dəyişir. İnsanların ünsiyyət texnologiyaları dəyişə bilər, amma ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyi dəyişmir».

Hillari Klinton və azərbaycanlı gənclər
Hillari Klinton gənclərə deyib ki, prezident Barak Obama və o Azərbaycanda iki gənc bloqçunun həbsi ilə bağlı çoxlu məktublar alıblar və bu gün Bakıda keçirdiyi əvvəlki görüşlərdə o, bu məsələni qaldırıb. H.Klinton prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüşün mətbuatsız keçən hissəsində də mövzu insan haqları və demokratiya olub. Görüşdə iştirak edən bloqçu Əli Novruzovun sözlərinə görə, Hillari Klinton Obama administrasiyasının söz azadlığı və demokratiyaya dəstəyini ifadə etməklə yanaşı, gənclərin hökumətlə dialoqunun vacibliyini də vurğulayıb

Hillari Klinton deyib ki, bugünkü görüşlərində bloqçuların məsələsini müzakirə edib.

***

GƏNCLƏRLƏ GÖRÜŞ

Bu dəqiqələrdə Bakının «Muğam» klubunda Hillari Klintonun Azərbaycan gənclər təşkilatlarının (AN, İrəli, OL və s. ) rəhbərləri ilə görüşü gedir. Dövlət katibi görüşdə çıxış edib. Xanım Klinton görüşdə deyib ki, mən gəncləri dinləməyə gəlmişəm.

***

ƏLİYEV KLİNTONDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ KÖMƏK İSTƏYİB

«Frans Press» Agentliyi xəbər verir ki, görüşdə İlham Əliyev Hillari Klintondan Dağlıq Qarabağ münaqişəsinin həllində kömək istəyib. Əliyev deyib ki, ABŞ-dan bu münaqişənin həllində onlarla daha yaxından əməkdaşlıq və konfliktin beynəlxalq hüquq əsasında həllinə köməyini gözləyirlər.

İlham Əliyev Hillari Klintonu qəbul edir
Klinton isə cavabında deyib ki, bu münaqişənin həlli bizim üçün də vacibdir. Sonra bağlı qapılar arxasında görüş davam edib.

***

PREZİDENT İLHAM ƏLİYEV HİLLARİ KLİNTONU QƏBUL EDİB


Prezident İlham Əliyev iyulun 4-də Azərbaycanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonu qəbul edib. APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub.


H.Klinton Bakıdan sonra Yerevan və Tiflisə səfər edəcək.

***

İŞGÜZAR NAHAR


Bu dəqiqələrdə Hillari Klintonun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla işgüzar naharı başlayır.

***

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi xanım Hillari Klinton iyulun 4-də Şəhidlər Xiyabanını ziyarət edib.

Bu barədə AzərTAc məlumat yayıb.

Hillari Klinton Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə həlak olmuş şəxslərin məzarları üstünə çiçəklər düzüb, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyub.

Hillari Klinton Şəhidlər Xiyabanında
Hillari Klinton Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Qonağa Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

SƏFƏR BAŞLADI

İyulun 4-ü səhər ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri başlayıb.

Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.
XS
SM
MD
LG