Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

ANAR: "Tələsdirirlər ki, ay aman sən tez ol öl..."


Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın Azadlıq Radiosunun "İşdən sonra" verilişinə verdiyi müsahibənin ikinci hissəsi.

(MÜSAHİBƏNİN BİRİNCİ HİSSƏSİNİ BURDA OXU)


- Dinləyici yazır: Fikrimcə əsl ziyalı qazandığı savadla yanaşı xalqın təmsilçisi olmalıdır. Şahın yox, xalqın yanında olmalıdır.

Öz vəzifəsinin yox, xalqın pozulan hüquqlarının müdafiəsində durmalıdır.

Padşaha öz övladlarına görə yox, xalqa görə ağız açmalıdır. Siz bu fikirlə razısınızmı və özünüzü bu sırada görürsünüzmü?

- Bəli mən bu sırada görürəm özümü. Heç bir vaxt heç kəsə heç bir ağız açmamışam.

Ona görə bu nəyəsə eyhamdırsa, mənim balalarım ancaq öz güclərinə, öz qabiliyyətlərinə, öz istedadlarına görə irəli gediblər. bir az da geri qalıblar mənə görə ki, məni sevməyənlər onlara da mane olublar.

- Nə iş görür ümumiyyətlə övladlarınız?

- Mənim oğlum indi Küveytə səfir təyin olunub. Azərbaycanda müstəqillik dövründən Xarici işlər nazirliyi yaranandan orada işləyib. Onunla bir yerdə ora işə düzələn adamların çoxu nazir, nazir müavini, səfir olublar.

Bu da 20 ildən sonra bütün o mərhələləri keçərək səfirliyin birinci katibi, müşavir, filan... indi hörmətli bizim prezidentimiz onu Küveytə səfir təyin edib. Ərəbşünasdır, 6 dil bilir.

Təbii ki, azərbaycanca oxuyub, Azərbaycan dili - ana dilidir. Rus, ingilis, ərəb, Türkiyə türkcəsini mükəmməl bilir və Rumıniyada işlədiyi üçün müəyyən dərəcədə rumın dilini də bilir.

- Və bir qızınız var.

- Qızım da Günel bu saat üç dərginin baş redaktorudur. “Ölkəm”, “Pəncərə” dərgisinin və bir də yeni bir dərgi çıxaracaq.

Mən həmişə onunla zarafat edirəm ki, C.Məmmədquluzadə və Ə.Hüseynzadə hərəsi bir jurnal buraxırdı.

Sən 4 jurnal. Çünki ondan əvvəl də “Pəncərə” jurnalını buraxırdı.

Və özümə qarşı tənqidi bir şey deyim ki, mən vaxtı ilə 9 nəfər işçi ilə 3 aydan bir “Qobustan” dərgisini buraxırdıq. Günel isə üç işçi ilə aylıq jurnallar buraxır. Özü də iki jurnal.

- Hesab edirsiniz ki, qızınız sizdən daha qabiliyyətlidir?

- Yox qabiliyyət söhbəti deyil. Bəlkə məndən daha işgüzardır. Şərait də başqadır.

O vaxt çətinliklər daha çox idi. o vaxt belə poliqrafik baza da yox idi. “Qobustan”ı biz çap edəndə onun rəngli şəkillərini Moskvadan sifariş edirdik.

Ağır-ağır şeylərdə gətiridilər. O cür əzabla buraxırdıq. Indi isə poliqrafik baza elə inkişaf edib ki, çox yüksək səviyyədə jurnal da buraxmaq olur.

- Dinləyici yazır: 23 ildir eyni kresloda oturmaq necə hissdir?

- Çox gözəl hissdir. 23 ildir oturmuşam yenə də oturacam. Heç narahat olmasın. Şablon, eyni şeylər gəlir.

Bütün bunlar eyni məxrəcdən gələn şeylərdir. demək, mənimlə bərabər, məndən əvvəl Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov seçilib.

Deməli mən 23 ildirsə, o 24 ildir. Məndən əvvəl Rüstəm İbrahimbəyov Kino Ittifaqının sədri seçilib.

O da 24 ildir. Heç kim onlar haqqında bir söz demir.

Mənim 23 il orda oturmağım niyə bunlara belə göz dağı verir. Mən başa düşmürəm. Özü də mən yəqin ki, pis işləsəydim 3 qurultayda yekdilliklə məni seçməzdilər.

- Amma niyə belə baş verir?

- Ancaq sancmaq üçün.

- Mən tənqidi nəzərdə tutmuram. 23 il bir adamın bir quruma başçılıq etməsi ümumiyyətlə yaxşı haldır yoxsa, daha yaxşısı ortaya çıxmır?

- Mən bilmirəm daha yaxşısı ortaya çıxırsa gəlsin olsun. Mən heç bir etiraz etmirəm.

- Daha yaxşının ortaya çıxmaması yaxşıdırmı?

- Mənim 72 yaşım var. Indi mən tutalım 2 il işlədim, üç il işlədim. Ömür bivəfadır. Çıxıb gedəcəyik.

Ondan sonra başa düşəcəklər ki, bu işdə işləmək nə qədər çətindir. Mən əsəblərimi, səhhətimi qurban vermişəm Yazıçılar Birliyi üçün.

Özüm nə qazanmışam axı burda? Vicdanı olan adamlar desinlər. Bir dəfə demişdim ki, mənim bağım yoxdur. Nə bilim bir dılğır – başqa söz deyə bilmirəm, yazır ki, gülə-gülə Anarın bağı yoxdur.

Yoxdur da. Özümə bağ qazanmamışam, özümə dəbdəbəli mənzil qazanmamışam, şəxsi maşınım yoxdur, bankda pulum yoxdur. Nə qazanmışam Yazıçılar birliyinin sədri olmaqla?

Ancaq yazıçılara xidmət etməkdən başqa. Vicdanı olan adamlar bunu bilir, vicdansıza isə nə deyəsən?

- Amma müzakirəni bu istiqamətdə qurmaq istəməzdim. Sırf sistemik yanaşma sərgiləyək bir az. Bu yaxşıdırmı ki, ümumiyyətlə yeni nəsildə sizi əvəzləyəcək, bəlkə də sizdən irəli gedəcək adam yetişmədi?

- Yetişir də. Niyə yetişmir? Biz də çalışırıq yetişdirməyə. Mən cavanları, sağlam cavanları cəlb edirəm.

Yavaş-yavaş təcrübələri bölüşürük. Gec-tez biz gedəcəyik, onlara qalacaq hər şey. Amma tələsdirirlər ki, ay aman sən tez ol öl.

Hətta açıq yazırdılar ki, tez sən infarkt ol, nə bilim nə ol. Yaxşı, mən infarkt olanda sənə istedad verəcəklər.

- Dinləyici yazır: Bu qədər əmək sərf edib xalqın hörmətini qazanıb. Bu gün Azərbaycanda tuthatutdur. Gənc ziyalıları həbs edirlər. Adnan Hacızadə və Emin Milli bunlardandır. Anar müəllim kimi insanın bu gün söz azadlığına edilən hücumlara qarşı susması nə dərəcədə düzgündür?

- Bax belə suala cavab verirəm ki, deyir ki, tuthatutdur. Kimi tutublar bu iki nəfərdən başqa? Desin də, mən bilmirəm.

- Azdımı?

- Lazım deyil o iki nəfəri də tutmaq. Mən yenə də deyirəm.

O iki nəfəri həbsdən buraxmaq lazımdır. Amma bu iki nəfərə görə ay tuthatutdur, ay söz azadlığı yoxdur.... Söz azadlığı olmasa sizin o qəzetlər o şəkildə çıxa bilər?

O qəzetlər ki, çıxırlar gündə hökumətin əleyhinə.

Hökümətin əleyhinə, vəzifəli adamlar haqda ağızlarını gələni yazırlar. Təhqirlər yazırlar. Söz azadlığı olmayan bir ölkədə bu mümkündür? Söz azadlığı olmasaydı onlar hamısı ləbbeyk deyəcəkdilər.

- Amma üç il əvvəl Azərbaycan lider ölkə idi məhbus jurnalistlərin sayına görə. 10 jurnalist var idi həbsdə.

- Indi yoxdur ki?

- Indi var, üçü var.

- Üçü var onlar da Allah qoysa çıxar yaxında. Ondan sonra nə yazacaqlar? Məni o maraqlandırır. Mən hökumətin yerinə olsam günü sabah buraxdırardım onların üçünü də. Görüm ondan sonra nə yazacaqlar.

- Niyə buraxmır bəs onda?

- Bu sualı mənə verməyin. Bu sualı hökumətə verin.

- Amma siz çox müsbət yanaşırsınız hökumətə.

- Mən hökumətə bəli, müsbət yanaşacam. Çünki mən, bilmirəm sizin yadınızdadır yoxsa yox, 91-92-ci illər mənim yaxşı yadımdadır. Və həmin sizi təbliğ etdiyiniz adamlar Azərbaycanı nə günə qoymuşdular o da yaxşı yadımdadır.

Yadımdadır ki, cənubda Talış respublikası yaranmışdı, oradan qoşunlar Gəncədən gəlirdi Bakının üstünə, şimalda Sadval yaranmışdı. Qan töküldü, vətəndaş müharibəsi idi. Bütün bunlar var idi, bizim gözümüzün qabağında.

Küçəyə çıxmaq olmurdu. Çünki hərənin bir silahlı dəstəsi var idi. Bunlar hamısı olub axı, bunlar hamısı mənim gözümün qabağında olub.

Ona görə deyəndə ki, sən niyə Heydər Əliyevi müdafiə edirsən, deyirəm ki, ona görə müdafiə edirəm ki, o gəlib bunun qabağını aldı.

Və həmişə də bunu deyəcəm. Mənə deyirlər ki, sən yəqin Heydər Əliyevə yarınmaq üçün deyirsən? Mən heç kəsə yarınmaq üçün heç vaxt söz deməmişəm. Heydər Əliyevə mənim həmişə hörmətim olub.

Və Azərbaycanı doğrudan da o ağır vəziyyətdən xilas edən adam odur. Kim nə deyir desin. Faktlarla danışıram mən.

- Anar bəy, sizin yadınızdadır ki, bunları edib Heydər Əliyev. Bəzilərinin də yadındadır ki, Heydər Əliyev hakimiyyətə gələn kimi 6 rayon işğal olunub.

- O boş sözlərdir. Çünki onların işğalını elə hazırlamışdılar ki, Heydər Əliyev gələndə bir ayın içində vəziyyət necə dəyişə bilərdi? Və Heydər Əliyev gəlməsəydi 6 yox Azərbaycanın yarısını işğal edəcəkdilər. Yevlaxa qədər gəlib çıxacaqdılar.

- Siz bunu deyirsiz amma digər tərəf deyir ki....

- ....(sözü kəsir) Deyirlər çünki onların bir dənə şeyi var ki, təki yalan doğru biz Heydər Əliyevi ləkələyək, özümüz gələk hakimiyyətə. Bunların prinsipi odur ki, mən sizə deyirəm.

Biri var desinlər ki, nə olur olsun, biz hakimiyyətə gələk. Yenə bunu qəbul etmək olar. Biri də var deyirlər ki, biz hakimiyyətə gələk sonra nə olur olsun. Sonra təzədən 92-ci il olsun.

Yenə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya dayansın. Yenə parçalansın, yenə dağılsın. Təki biz hakimiyyətə gələk. Mən bunu qəbul etmirəm. Özü də kim hakimiyyətə gəlsin?

Bunlar ümumi bir, bir-iki partiya bir araya gələ bilmirsə bunlar Azərbaycanı necə birləşdirəcəklər? Bunlar bir partiyanın içində bir- biri ilə dalaşırlar, bir-biri ilə yola getmirlər, bir-birinin sözünü qəbul etmirlər. Bu onu ifşa edir, o bunu ifşa edir.

Bu demokratiyadır, yaxşı razıyam. Amma bu demokratik üsul gətirib Azərbaycanı anarxiyaya çıxara bilər.

- Ölkədə siyasi proses olmadıqda bunların olması təbiidir.

- Niyə yoxdur ölkədə siyasi proses?

- Yoxdur. Çünki seçkilər düzgün keçirilmir?

- Mən bilmirəm siz haradan alırsız bu məlumatları?. Siz bir mənbədən götürürsüz, çünki kim seçilmir, o deyir ki, seçki düz keçirilmədi. Mən məsələn seçilmədim sonuncu dəfə. Amma mən demirəm seçkilər düz keçirilmədi.

- Azadlıq Radiosunun müxbirləri karuseli çəkiblər. Yəni bir dəstə adam əvvəl bir məntəqədə səs verir, sonra getdilər başqa bir məntəqədə səs verdilər.

- Bəs exit-poldur nədir o xarici müşahidəçilər, onlar niyə təsdiq edir bu seçkiləri. Gəlin burda siyasətdən danışmayaq. Elə ona görə gəlmək istəmirdim.

Istəmirəm siyasətdən danışım. Mən siyasətşi deyiləm və siyasətə məni cəlb etməyin. Mən yazıçıyam. ədəbi söhbət gəlin edək. Yoxsa o seçki necə oldu, bu partiya necə oldu.

Mən bu barədə danışmaq istəmirəm. Vaxtı ilə kifayət qədər danışmışam. Və başım da çəkib. Elə müxalifəti müdafiə etdiyim üçün müxalifətdən başım çox çəkib.

- Dinləyici yazır: Hüseyn Cavid haqda film ssenarisi yazmış Anar, Cavid haqda donos yazmış onun üzünə durmuş adamların obrazını yaradarkən tarixi şəxsiyyətlərdən konkret kimləri nəzərdə tutub?

- Bu intriqa sualıdır. Mən buna cavab verməyəcəyəm. Əgər o maraqlanırsa getsin o dövrün qəzetlərini açsın oxusun və görsün ki, Cavidin üzünə duran da kim olub, onun əleyhinə yazan da kim olub, onu yamanlayan da kim olub.

Mən təzədən ara qarışdırmaq üçün o adamların adlarını filmə salmadım. Çünki bu özü elə Cavidin ruhuna xoş olmazdı.

- Dinləyici yazır: Siz 88-ci ildən başlayaraq haqsızlığa qarşı olan ziyalılardan idiniz. Nədən bu günki haqsızlıqlara qarşı bir kəlmə danışmırsınız? Anar özünü ziyalı sayırsa, Eynulla Fətullayevi də ziyalı sayırmı?

- O barədə mən dedim. O ki qaldı mənim bədxahlarım, illər boyu qəzetlərdə yazırlar. Özü də iki qəzetdə yazırlar. O biri qəzetləri mən oxumuram. O birilər də yazırlar, amma oxuduğum qəzetlərdən iki qəzetdə yazırlar.

Bir “Azadlıq”da yazırlar, bir də “Yeni Müsavat”da. Və bu iki qəzetin mənim üçün fərqi odur ki, “Azadlıq”da gündə mənim əleyhimə yazırlar, “Yeni Müsavat”da həftədə iki dəfə.

- Anar bəy, yazmasalar da oxuyarsız?

- Yox, nəyə oxuyacam mən? Görürəm ki, çoxusu yalandır da. Düz yazanları da var. Bilmirəm “Azadlıq”dadı yoxsa “Yeni Müsavat”dadı, Zabil Müqabiloğlu adlı bir jurnalist var.

Onun yazısını mən həmişə oxuyuram. Çünki görürəm bu adam vicdanlı yazır, obyektiv yazır. Amma elə yazalar var ki, bilirəm başdan- ayağa yalandır. Nəyin oxuyacam onun?

O ki qaldı deyirsiz ziyalı, bunların əsas yazdıqları, cürbəcür söyüşlər yazırlar, təhqirlər yazırlar- bu öz yerində, əsas bunların dedikləri odur ki, Anar ziyalı deyil. Mən onlarla razıyam. Əgər onlar ziyalıdırsa mən ziyalı deyiləm.

- Dinləyici yazır: Anar müəllim, son iyirmi ilin hadisələri haqda əsər yazmaq fikriniz varmı?

- Son iyirmi ilin hadisələri haqda mən iki əsər yazmışam. Biri “Otel otağı” povestidir, biri “ Ağ qoç, qara qoç” povestidir. Iki hekayəm var: biri “ Vahimə hekayəsidir, biri “ Qırmızı limuzin” hekayəsidir. Bir satirik silsiləm var: “ Nə yemisən–turşulu aş”. “Mütləq görüşərik”, “İlin fəsilləri”.

- Yəni bunlar hamısı son dövrü əhatə edir?

- Bunlar hamısı son 15 ildə yazdığım əsərlərdir. Mən çox istərdim ki, mən gələn dəfə sizinlə görüşə gələndə, bəlkə heç bundan sonra dəvət etmədiniz, dəvət etməsəz, düz edərsiniz, amma dəvər etsəz mən dinləyicilərə müraciət edirəm, çox xahiş edirəm, bu əsərləri oxusunlar. Və bu əsərlərdən sonra söhbətimiz bizim daha real olar ki, Anar kimdir, neyniyib və nə düşünür.

- Dinləyici yazır: Anar müəllim, necə oldu ki, Sabir Hacıyev sizə qalib gəldi? Siz ictimai nüfuzunuzun hətta Göyçayda belə aşağı olmasının səbəbini söyləyə bilərsizmi?

- O seçkilərdən sonra mənim geniş bir müsahibəm çıxdı. Sevinc Telmanqızı ilə. Ona da mən burdan salam göndərirəm. Çünki əvvəllər o da məni sancırdı, amma son dövrlər sancmır. Çox sağ olsun. (Gülür). O müsahibədə mən hamısını izah elədim və yazdım. Təzədən bu məsələyə mən qayıtmaq istəmirəm.

-Niyə belə diskriminasiya edirsiniz?

- Kimi diskriminasiya eləmişəm mən?

- Bizi.

- Niyə?

- Bizə də deyin.

- Dediklərimi daha o vaxt demişəm də. Təzədən 5 il sonra niyə dediklərimi təkrar edim. Əgər maraqlanırsızsa oxuyun bilin də.

- Dinləyici yazır: Bu 23 ildə Yazıçılar birliyinə sədrlik etməyə sizdən başqa layiq bir adam çıxmayıb? Bunu necə izah edə bilərsiniz? 1500 üzvü olan bir birliyin sədrinin kitabı 500 tirajla çıxır. Öz üzvləriniz belə sizi oxumurmu? Ya da bundan daha çox kitab çap edən üzvünüz varmı?

- Bunu da axır vaxtlar məni sancmaq üçün deyirlər. Mən o adamam ki, mənim vaxtı ilə kitablarımın tirajı çıxıb 50 min Azərbaycanda, Rusiyada 300 min, bəzən 200 min.

Son kitabım çıxıb Rusiyada 46 min tirajla. Türkiyədə çıxır 10 min tirajla. Indi Azərbaycanda tək məni yox başqa yazıçıları da az oxuyurlar. Amma bunun da başqa bir cəhəti var axı.

Bunu sevinə-sevinə deyirlər 500 tirajla. əvvəla Yazıçılar İttifaqına biz üzv qəbul edəndə qarşılarına məqsəd qoymuruq ki, sən mütləq Anarın kitabını alıb oxumalısan. İstəyər oxuyar, istəyər oxumaz.

Öz işidir. Bu zövq məsələsidir. Amma bir şeyi nəzərə almırlar ki, indi camaat hamısı internetdən istifadə edir. Mən özüm internetə qoşulmamışam. Internetə qoşulan adamlar mənə deyirlər ki, ən çox müzakirə olunan əsərlərdən biri də mənim əsərimdir.

Demək o oxucular ki, kitab alıb oxumurlar və bunlar ona sevinirlər, onlar internetdə hər halda maraq göstərirlər və ona görə bunları kədərləndirirlər.

- Bu yaxınlarda bir maraqlı xəbər oxudum. Həbsdə olan bloqçu Emin Milli qohumlarından həbsxanaya “Əlifba” kitabı istəmişdi və bunu həbsxanada gördüyü çoxsaylı oxumağı və yazmağı bacarmayan adamlar üçün etmişdi. Onlara əlifbanı öyrədirdi. Sizcə bu oxuma krizisi həm də təhsil krizisi ilə bağlıdırmı?

- Əvvəla bu oxuma krizisi bütün dünyada var. Bütün dünyada kitaba maraq azalıb. Nəyə görə? Mən əsas səbəbi görürəm internetdə və televiziya kanallarının çoxluğunda.

Azərbaycana gələndə konkret, Azərbaycanda bizim kitablar böyük tirajla çıxanda bizdə bircə televiziya kanalı vardı. Indi neçədir? Səkkizdir- doqquzdur. Türkiyə kanalları var, Rusiya kanalları var.

Insanlar çox vaxtını televiziyanın qarşısında keçirirlər. Insanlar çox vaxtını internetdə keçirirlər. Ikincisi, on ildir mən deyirdim ki, biz latın əlifbasına keçmişik, amma kitablar yoxdur.

On il bu kitablar çap olunmadı 10 il sonra hörmətli İlham Əliyev bu kitabların çap olunması ilə bağlı sərəncam imzaladı. 10 il biz ədəbiyyatsız bir nəsil yetişdirdik. Ona görə niyə təəccüblənirik?

Hələ onu demirəm ki, bu kitabları almağa da hamının maddi imkanı yoxdur. Bütün bu səbəblərdir kitaba marağın azalması. Yoxsa o deyil ki, əvvəl yaxşı yazırdız, indi pis yazırsız.

- Dinləyici yazır: Siyasətçi olmayan insan uzun illər deputat, hətta komissiya sədri ola bilərdimi?

- Məni deyirsə, bəli, mən 10 il deputat olmuşam. 10 il yox. Mən 2 il olmuşam Azərbaycan Sovet Respublikasının deputatı, 2 il olmuşam Moskvada SSRİ Ali Sovetinin deputatı, sonra 10 il olmuşam Azərbaycanın deputatı.

10 ildə mən bu sözü demişəm, yenə təkrar edirəm ki, mən siyasətçi deyiləm.

Amma mədəniyyət də siyasətdir. Mədəniyyətsiz siyasət yoxdur. Və mən mədəniyyət komissiyasının sədri olanda komissiya 10 il ərzində 12 təməl qanun qəbul edib.

Milli Məclis bizim komissiyanın hazırladığı təməl qanunları qəbul edib. Bu da mənim Azərbaycan mədəniyyətinə və siyasətinə xidmətimdir.

- Təhsillə bağlı necədir fikirləriniz?

- Mən o komissiyanın sədri seçiləndə o komissiya belə idi: Elm, təhsil və mədəniyyət komissiyası. Mən birinci iclaslardan başa düşdüm ki, bu təhsil məsələsi çox çətin məsələdir. Çox mübahisəli məsələdir.

Ona görə mən xahiş etdim ki, mədəniyyət komissiyası ayrılsın. Təhsil komissiyası da ayrılsın. Təhsilə daha yaxın olan başçı, rəhbər təyin olunsun. Belə də oldu. Mədəniyyət komissiyası 12 qanun qəbul etdi.

Təhsil komissiyası isə bir dənə təhsil haqda qanunu o vaxt qəbul eləmədi. Deyəsən artıq hazırlayıblar neçə ildən sonra qəbul ediblər.

- Bütün çətin məsələlərə belə yanaşırsınız?

- Mənə aid olmayan məsələlərə, çətinliyindən asılı olmayaraq - o şey ki, mənə aid deyil, mən özümü mütəxəssis saymıram. Çətinliyinə görə yox, mənə aid olmadığına görə.

- Yenə suallar var.

- Nə tikanlı suallarınız var verin gəlsin.

- Sualların əksəriyyəti vətəndaş mövqeyi ilə bağlıdır ki, sizin bir vətəndaş kimi ölkə prezidentinin övladlarının Dubayda 75 milyonluq mülklərinin olması barədə...

- (Sözü kəsir). Mən elə suallara cavab verməyəcəyəm. Xahiş edirəm.

- Niyə?

- Ona görə ki, məni bura aləmi qızışdırmaq üçün çağırmısınızsa, mən nahaq gəlmişəm bura. Mən nə bilim Dubayda nə var.

- “Vaşinqton post” qəzeti yazıb ki...

- (yenə sözü kəsir) “Vaşinqton Post” qəzetini mən oxumuram.

- Sonra Azərbaycanda da bəzi qəzetlər yazdı.

- O qədər yalan yazıblar ki, mən o şeylərə də inanmıram.

- Hər halda təkzib etməyib prezidentin ailəsi və özü.

- O sualı onlara verin, mənə yox.

- Bəs sizi narahat etmir ki, prezident öz övladlarına mülk almaq üçün pulu haradan tapır?

- Məni yalan narahat edir. O qədər yalan danışırsız ki, bağışlayın siz yox ha. O qədər mətbuatda yalan danışırlar ki, doğru sözə inanmıram.

- Sizcə doğrunu axtarmaq lazım deyil ümumiyyətlə? O cümlədən də hökumətin elədiyi yalanları..

- Niyə biz çalışaq ki, öz prezidentimizi pis vəziyyətə qoyaq. Niyə biz sevinirik ki, filan qəzet xaricdə bizim əleyhimizə yazdı. Bu vətən hamımızındır. Niyə bu vətənə aid olan hər ləkə insanların bəzilərini sevindirir.

- Amma bizim efirə əvvəl gələn suallardan biri də bu idi ki, 75 milyona neçə diplomat, neçə hüquqşünas, neçə jurnalist yetişdirmək olardı ki, elə vətəni narahat edən məsələləri elə dünya çapında təmsil edəydilər.

- Niyə Azərbaycanın əleyhinə olan hər şey bu dairələri bu qədər sevindirir?

- Sizcə 75 milyonun haradan qazanılmasının bilinməməsi Azərbaycanın əleyhinə deyilmi?

- Mən o məsələləri deyə bilmərəm. Çünki mən nə 75 milyon pul qazanmışam. Nə də onun nə cür qazanıldığını bilirəm. Nə də ki bunun doğrudan da olub olmadığını bilmirəm.

- Bəs sual vermək ağlınıza gəlmir?

- O sualı vermək istəmirəm. Çünki mənim verdiyim sual odur ki, bu gün Azərbaycan çox çətin vəziyyətdə, bir tərəfdən şimal, bir tərəfdən cənub, bir tərəfdən Amerika- bütün bu şeylərin içində Azərbaycan siyasətini dəngələmiş tarazlı siyasət aparan bizim prezidentimiz var.

Mən onu dəstəkləyirəm. Mənim üçün əsas budur. Azərbaycanda sabitlik varsa- baxın, Qırğızıstanda nə olur, Gürcüstanda nə olur, Moldovada nə olur?

Bütün bu şeylərin içində Azərbaycanda sabitlik varsa niyə biz çalışaq ki, nəyin bahasına olur olsun o sabitliyi pozaq. Nəyin bahasına olursa-olsun rəhbərliyi hörmətdən salaq. Və Azərbaycanın bütün əleyhdarlarına o cümlədən erməniləri sevindirək.

- Sizcə olkədə əmin amanlığı qurmaq üçün rüşvət almaq və yaxud qeyri şəffaf siyasət yürütmək lazımdır? Budur bunun açarı?

- Yox o deyil. Amma kim deyir axı bunu? Mən deyirəm ki, rüşvət almaq lazımdır? Bütün yazılarım rüşvətin əleyhinədir.

- Amma xeyli araşdırmalar var. Elə bizim etdiyimiz də araşdırmalar olub. Milyonlarla deyil, hətta milyardlarla pul yeyintisi barədə..

- Indi görünür sizin araşdırmalarınız daha şey mənbələrə əsaslanır. Mənim belə mənbələrim yoxdur.

- Bu araşdırmaların bir problemi var. Bu araşdırmalardan sonra hökumət heç bir tədbir görmür. Bu bir vətəndaş kimi sizi narahat edir?

- Mən belə fikirləşirəm ki, əgər hökumət haqda yalan sözlər deyirlərsə hökumət buna heç bir reaksiya vermir və düz edir.

- Siz nəyə əsasən deyirsiz ki, bu yalandır?

- Bəs siz nəyə əsasən deyirsiz ki, bu düzdür?

- Çünki biz faktlara əsaslanıb deyirik.

- Hansı faktlara? Kim tərəfindən yönəldilən faktlara? Heç ağlınıza gəlmirmi ki, bütün bu faktları erməni təbliğatı sizə yeridir və siz də bunu qəbul edirsiniz?

- Mən sadəcə hesablamağı bacaran vətəndaş kimi bəzi şeyləri anlayıram. Məsələn bütün dünyada yolu 5 milyona, bizim ölkədə isə 30 milyona tikirlərsə, mən bunu sadəcə hesab edirəm ki, kimsə mənim cibimə girib. Vergi ödəyirəm yeri gəlmişkən.


- Siz mənə elə suallar verirsiz ki, mən nə yol üzrə mütəxəssisəm, nə o yolların neçəyə başa gəlməsini bilirəm. Iqtisadşı deyiləm axı. Siz məni bura yazıçı kimi dəvət etmisiniz, yoxsa istintaqa? Elə bil siz prokurorsuz, mən də ittiham olunan.

- Siz vətəndaş deyilsinizmi?

- Mən vətəndaşam, vətəndaş olmuşam, vətəndaş da qalacağam. Və öz vətəndaşlığı ilə öyünənlərin çoxundan da daha yaxşı vətəndaşam.

- Vergi də ödəyirsiz?


- Vergi də ödəyirəm. Çünki bu xalqıma xidmət edirəm, edəcəm də bundan sonra. Kim nə deyir desin.

- Sizi narahat etmir ki, vergilərinizi hara xərcləyirlər, kimə xərcləyirlər? Nə qədər effektiv xərcləyirlər?

- Indi mən işimi gücümü atım, gedim baxım ki, mənim vergimi hara xərcləyirlər?

- Bu da işdir.

- Bu iş deyil. Mənim işim yazıçılıqdır.

- Noyabrın 7- i parlament seçkisidir. Siz gedib yəqin ki, səs verəcəksiniz eləmi?

- Bəli səs verəcəyəm.

- Bu seçimi etmək üçün sizə daha çox məlumatlı olmaq lazım deyilmi?

- Mən gedəcəm, baxacam, əgər tanıdığım adamdırsa ona səs verəcəyəm. Tanımadığım və ya pis tanıdığım adamdırsa ona səs veməyəcəyəm.

- Yəni belə maraqlanmırsız qalan məsələlərlə?

- Yox maraqlanmıram. Məni maraqlandırmır.

- Maraqlandırmırsa əgər və sizə fəal olmayan, ziyalı mövqeyi ortaya qoymayan adam deyəndə niyə inciyirsiniz?


- Incimirəm. Razıyam. Mən ziyalı deyiləm. Siz ziyalısınız, mən yox. Gəlin bununla qurtaraq söhbəti.

- Təşəkkür edirəm.

- Mən çox böyük səhv etdim ki, gəldim sizin verilişə.Mənim bütün əsəblərimlə oynadınız, mənə ittihamlar verdiniz. Guya mən nədənsə günahkaram ki, özümə bəraət qazandırmağa çalışdım. Nəyimə lazımdır bu? Sabah da görün o, gülməşəkərlər gül ağızlarını açıb nələr yazacaqlar.

- Mən sizdən sadəcə mövqeyinizi soruşurdum. Siz müdafiə mövqeyi tutdunuz.

- Siz mövqeyimi soruşmurdunuz. Siz bağışlayın, mənə təxribatçı suallar verirdiniz.

- Siz belə hesab edirsiniz.

- Bəli.

- Yenə də təşəkkür edirik.

- Sağ olun. Mən də təşəkkür edirəm.

Müsahibəni apardı Xədicə İsmayılova
Hazırladı Kamran Mahmudov
XS
SM
MD
LG