Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:53

Harada dincələsən ki, deyəsən dincəldim?


Borjomi (Gürcüstan)
Borjomi (Gürcüstan)
Bir neçə il əvvəl Gürcüstanın populyar pop qruplarından birinin ifa etdiyi mahnıda belə sözlər vardı, «bəziləri dənizə üfürür, digərləri dağlarda» - hər şey zövqdən və temperamentdən asılıdır. Bu baxımdan turizm şirkətləri Gürcüstanda hər növ istirahət imkanlarının olduğunu deyirlər. Qara dəniz sahilindəki şəhərlər – Batumi, Kabuleti kurortları, Svanetidəki qış kurortu, həmçinin Borjomi, Bakuriani və Şovi turistlərin yolunu gözləyir.

Gürcüstanın tur-operatorlar assosiasiyasının icraçı direktoru Eter Cinçveladze deyir ki, ötən illə müqayisədə sahil boyunca yerləşən kurortlarda şərait xeyli yaxşılaşıb. Özəl və beynəlxalq səviyyəli mehmanxanalar istirahət edənlər üçün yaxşı xidmətlər təklif edir. Dağ kurortuna gəlincə, Eter Cinçveladze Svanetini digərlərindən fərqləndirir:

SVANETİYƏ TƏLƏBAT BÖYÜKDÜR


- Svanetidə istirahət daha yaxşı təşkil olunub. Çünki Svanetidə infrastrukturun inkişafı proqramı xeyli əvvəl başlayıb. Orada qonaq evlərinin vəziyyəti çox yüksək qiymətləndirilir. İki yeni mehmanxana açılıb və Svaneti regionu turistləri qəbul etmək üçün yaxşı hazırlaşıb. Gürcülər kimi xarici turistlər də ora gələ və istirahət edə bilər. Bu baxımdan Svanetiyə tələbat böyükdür.

«Özəl və beynəlxalq səviyyəli mehmanxanalar istirahət edənlər üçün yaxşı xidmətlər təklif edir»
«Gürcüstanın istirahət ənənəsində dəyişiklik baş verib» – Gürcüstanın turizm assosiasiyasının rəhbəri Nata Kvaçantiradze bu fikirdədir. Belə ki, son zamanlar həftə sonları – şənbə-bazar günləri fəal və maraqlı istirahət etmək istəyənlərin sayı artıb:

- Maraqlı istirahət üçün ekskursiya təklif etmək artıq dəb halını alıb. Ya da turistləri qayıqla dağ çaylarından enməyə çağırırlar. Macəralarla zəngin turizm bu il daha çox populyardır.

Nata Kvaçantiradze daha bir tendensiyanı qeyd edir. Əgər bir neçə il əvvəl gürcü turistlər xarici ölkələrə üstünlük verirdilərsə, son zamanlar belələrinin sayı azalıb. Nata Kvaçantiradze səbəbini belə izah edir:

BU İL GÜRCÜSTANIN KURORTLARINA MARAQ GÖSTƏRƏNLƏRİN SAYI ARTIB

- Bu il dincələnlər müəyyən iqtisadi və böhran fonunu nəzərə alır və kiçik büdcə ilə az xərc tutan yerlər axtarırlar. Əvvəllər bir çoxları xarici kurortlara üstünlük verirdisə, bu il Gürcüstanın kurortlarına maraq göstərənlərin sayı artıb.

Gürcüstanın kurortuna gedə bilməyənlər Tbilisidəki əyləncə mərkəzlərinin təklif etdiyi xidmətlərdən yararlanır. Paytaxt sakinlərinin üstünlük verdiyi yerlərdən biri Avroparkdır. Gün ərzində Avroparkın hovuzlarına 500-dən 800-ə qədər adam gəlir. Bunu parkın marketinq xidmətinin direktoru Tako Soseliya deyir:

Gürcüstanın kurortuna gedə bilməyənlər Tbilisidəki əyləncə mərkəzlərinin təklif etdiyi xidmətlərdən yararlanır
- Biz kompleks servis təklif edirik: cakkuzi, attraksion, hovuzdakı suyu sərinləşdirənlər. Buna görə də dincələn çox olur. Bizdəki tematika heç kimdə yoxdur və inanmıram ki, olacaq. Ona görə bizə gələn qonaqlar razı qayıdırlar.

Natiya Qabuniyia 3 uşağı ilə az qala hər gün Avroparka gəlir. İşlədiyindən şəhər kənarına çıxmaq imkanı yoxdur. İstidən qorunmağın yolunu hovuzlarda tapıb.:

YAXŞI ƏYLƏNCƏLƏR TƏKLİF OLUNUR

- Çox təmiz hovuzdur. Ən çox xoşuma gələn odur ki, səhər saatlarında belə xlorun iyini hiss edirəm. Yaxşı əyləncələr təklif olunur. Uşaqlarımı heç nədən çəkinməyərək suya buraxıram. Bura hər baxımdan yaxşıdır.

Axşamlar Tbilisidə Lisi və Ku göllərinin sahilində boş yer tapmaq çətindir. Tbilisi dənizi adlanan bu yerdə hər zaman xeyli adam olur. Bu göllərə əsasən qiymətinə görə Avropark və digər hovuzlara gedə bilməyənlər gəlir.

Elə paytaxt sakinləri də var ki, şəhər fontanlarında üzməkdən çəkinmir.

İMKAN YOXDUR ƏLAVƏ PUL YIĞIB, YAYDA İSTİRAHƏTƏ GETMƏYƏ

Digərləri isə istirahətin bahalı olduğunu deyir və yayda dincəlmək üçün il ərzində pul yığmalı olurlar:

- İmkan yoxdur əlavə pul yığıb, yayda istirahətə getməyə. Mənim kəndim var, ancaq orda da insanlar dincəlmək üçün başqa yerlərə gedir, ancaq bizdə bu imkan yoxdur.

Dgərləri isə işi istirahətdən üstün tutur:

- Birinci səbəb odur ki, abituriyent idim. Nəhayət, imtahanlar bitdi. İkinci səbəb odur ki, iş imkanı yaranıb və nə iləsə məşğul olmaq istəyirəm.

Baqajını yığıb dənizə gedənlər onun səsini tezliklə eşidəcək, şəhərdən kənara çıxmağı planlaşdırmayanlara isə sadəcə ləpədöyənin səsini eşitmək xoş olardı.
XS
SM
MD
LG