Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:46

«Facebook»da indidən təbliğat qadağandırmı?


Erkin Qədirli
Mərkəzi seçki komissiyasının katibi Natiq Məmmədov sosial şəbəkələrdə və internetdə indidən təbliğat aparanların namizədliyi qeydiyyatdan keçəndən sonra problemlərlə üzləşəcəklər. Təşviqata vaxtından əvvəl başladıqları üçün.

«MSK-NIN XƏBƏRDARLIĞI QANUNİ DEYİL»


Namizəd olmaq niyyətini elan etmiş hüquqşünas Erkin Qədirli həm də aktiv «Facebook»çu və bloqçudur. O, «Facebook»da öz səhifəsində və seçkilər üçün yaradılmış xüsusi səhifədə müxtəlif xəbərlər yerləşdirir.

AzadlıqRadiosunun İşdən sonra proqramında iyulun 26-da danışan Erkin Qədirli deyir ki, MSK-nın xəbərdarlığının heç bir qanuni əsası yoxdur. O deyir ki, hələ təşviqata başlamayıb və sadəcə məlumat xarakterli postlar yerləşdirir.

«Mən seçkilərdə namizədliyimi irəli sürəcəyimi elan etmişəm. Bunu müxtəlif vasitələrlə etmişəm. Qəzetlərə müsahibələrdə, açıq söhbətlərdə və «Facebook»da. Nədən o dairəni seçdiyimi əsaslandırmağa çalışmışam. Orada MSK –nın özünün rəsmi məlumatları üzərində təhlil aparıram».

STATİSTİKA TƏŞVİQ ETMİR, AMMA...


Erkin Qədirlinin «Facebook» şəbəkəsində açıqladığı məlumatlar həm də onun namizəd olmaq istədiyi dairədə ötən seçkilərdə baş verən pozuntularla bağlıdır. Erkin Qədirlinin sözlərinə görə, onun «Facebook»dakı bu postu heç bir halda təşviqat sayıla bilməz:
«16 Yasamal dairəsində 30 məntəqə olduğu halda, ötən parlament seçkilərində 3 əlavə məntəqə yaradılmışdır. Orada A. Məhərrəmovun toplam 1895 səs, N. İmanovun - 86 səs, E. Məmmədovun - 98 səs, A. Nağının isə 131 səs aldıqları göstərilmişdir. Başqa məntəqələrdə namizədlərin aldığı səslər arasında fərq ağlabatandırsa (nəticələr bit birinə yaxındır), burada belə kəskin fərq xeyli şübhələr oyadır. Bu məntəqələrin kimin hesabına yaradıldığı da aydın deyil».

TƏŞVİQAT MÜMKÜNDÜR

Hafiz Həsənov
Hüquqşünas Hafiz Həsənov isə təəssüf edir ki, Erkin Qədirli sosial şəbəkələrdə hər hansı məlumat yerləşdirməsinə izah gətirir. Onun sözlərinə görə, seçkilərə rəsmən start verilməyincə, təşviqat mümkündür. Yalnız seçkilərin rəsmi elanından sonra Seçki Məcəlləsində sözügedən məhdudiyyətlər tətbiq oluna bilər.

«Lap çağırışlar olsun. Tutaq ki bu çağırışlar olsa, seçkiqabağı təşviqat olsa, seşkiqabağı təşviqat deməyək, sadəcə kimsə öz təşviqat kampaniyasını aparsa hansı qanunlar pozulur? Seçki məcəlləsinin tələbləri pozulmur, konstitusiya pozulmur, MSK-nın təlimatları pozulmur. Seçkiqabağı təşviqat , yəni nəzərdə tutulmuş 23 gün, namizəd statusu qeydə alınmış şəxslərə şamil olunur. Yalnız bu təşviqat 23 gündən əvvəl başlaya bilməz. Və bu sadəcə qeydə alınmış, namizəd statusu olan şəxslərə şamil olunur. Yəni bu gün artıq təşviqat kampaniyasının aparılması bu maddənin təsiri altına düşən məsələlər deyil. Yəni bu artıq ümumi qaydada aparılan bir məsələdir».

HAMIYA OLAR, O CÜMLƏDƏN YAP-A


Erkin Qədirli də deyib ki, seçki münasibətləri hələ başlanmadığından heç bir ifadə təbliğat sayıla bilməz. Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov da partiyanın internet səhifəsinə müsahibəsində seçki ilə bağlı işin başladığını və Qərb texnologiyalarından istifadə olunacağını deyib. Erkin Qədirli də, Hafiz Həsənov da deyirlər ki, hakim partiyanın da bu açıqlamasını qanun pozuntusu hesab etmirlər. Qədirlinin fikrincə, bütün namizədlər olduğu kimi Yeni Azərbaycan Partiyasının da bir seçki bitən kimi növbəti seçkiyə yönəlik addımlar atması normaldır.

XS
SM
MD
LG