Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:57

Naxçıvanda seçki dairəsinin çoxluğu MSK sədrinin istəyidir?


Akif Qurbanov
«Məzahir Pənahov Naxçıvanda seçki dairələrinin daha çox olmasını özü istəyir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra»proqramında MSK-nın Ümid partiyasından olan üzvü Akif Qurbanov deyib.

Akif Qurbanov deyib ki, MSK sədri Naxçıvanda seçici siyahılarının seçki qanunvericiliyinə uyğun gəlməməsini öz istəyi ilə əlaqələndirib:

«Məzahir Pənahov Naxçıvan məsələsini qaldıranda dedi ki, mən özüm istəmişəm ki, Naxçıvanda dairələrin sayı daha çox olsun».

Akif Qurbanov deyib ki, ümumiyyətlə, seçici siyahıları ilə bağlı kifayət qədər nöqsanlar var.

MİLYON YARIM SEÇİCİ HARDADIR?

«Dövlət Statistika Komitəsinin göstərdiyi yetkinlik yaşına çatan əhalinin sayı ilə, MSK arasında 1 milyon yarım fərq var. Və bu bir milyon yarım seçici hardadır, niyə diqqətdə deyil, bununla bağlı sual ortalıqdadır. Və buna aydınlıq gətirən yoxdur. Təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi, nə də MSK tərəfindən bu məsələ qaldırılmadı və baxmayaraq ki, mətbuatın iştirakı ilə keçən iclasda MSK sədri cənab Məzahir Pənahov bu məsələni mənə həvalə edəcəyi ilə bağlı söz versə də, heç bir tədbir görülmədi. Və bunu iclasda sualdan və ya vəziyyətdən yayınma kimi xarakterizə etmək olardı. Və nəticə onu göstərir ki, seçici siyahıları ilə bağlı kifayət qədər nöqsanlar var».

63 saylı seçki dairəsinin parçalanmasına gəldikdə isə MSK üzvü dairənin taleyi ilə bağlı hər hansı bir qərarın hələ qəbul olunmadığını deyib.

«Pənah Hüseynin şəxsi məlumatı əsasında 63 saylı seçki dairəsi ictimai müzakirəyə çıxarılıb.
Anar Məmmədli
Amma mənim məlumatıma görə vəziyyət ondan ibarətdir ki, hələ hər hansı bir qərar qəbul olunmayıb».

MSK AÇIQLAMA VERMƏLİDİR

Seçkilərin monitorinqi və tədrisi mərkəzin direktoru Anar Məmmədli də seçici siyahılarının qeyri-şəffaf olduğunu bildirib. Onun sözlərinə görə MSK bütün bunlar barədə rəsmi açıqlamalar verməlidir.

«Referendumda ölkə üzrə seçicilərin sayı olub 4 milyon 917 min nəfər. Bələdiyyə seçkilərində seçicilərin sayı düşüb 4 milyon 600 min nəfərə. 300 min birdən birə qeybə çəkilir. İndi parlament seçkilərində elan edirlər ki, seçicilərin sayı 4 milyon 829 min nəfərdir. Bu rəqəmlər necə dəyişir? Nə baş verir? Proses o qədər qeyri-şəffafdır ki ictimaiyyət məlumatsız qalır. Biz qanunu bilsək də, faktiki olaraq hansı addımlar atılır məlumatsızıq. Rəsmi orqan MSK aÇıqlama verməlidir bütün bunlar barədə».

Anar Məmmədli şəffaflığın təmin olunması üçün təklif də irəli sürüb.

«Hər il vahid seçici siyahısı təsdiqləndikdən sonra MSK yanında seçki dairələrinin sxeminin təyin olunması ilə bağlı bir komissiya yaradılmalıdır. Və bu komissiyaya MSK sədrinin müavini rəhbərlik etməlidir. Və bu komissiya 125 seçki dairəsi üzrə vəziyyətə baxmalıdır. Belə bir komissiya fəaliyyət göstərmir. Əgər fəaliyyət göstərirsə, niyə biz onun fəaliyyətindən məlumatsızıq?»

XS
SM
MD
LG