Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Qəşəm Nəcəfzadə "Ay ürək" (Hekayə)


İki ayağını bir başmağa dirədi ki, alacam. Vəssalam!

Arvad çox yalvardı:

– Əşi, müəllim adamsan, motosiklet sənin harana yaraşır? Xalq «Jiquli» alır, «Qaz-24» alır. Sən də durub qocalıqda yorğalıq eləyirsən?
Mümkün olmadı. Mütləq almalıydı.

Özü də ilk dəfə tərkinə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı «Volqa»ları ötməliydi. Nərgizgilin çəpərinin yanından sürətlə keçməliydi.

Birdən nəsə «dızz» elədi. Nərgiz:

– A bala, o kimiydi? – soruşdu.

– Mama, Cəmil müəllimdi, təzə «tırtır» alıb. Yüznən sürür ey!..

Kənddə qıy çıxmışdı ki Cəmil müəllim motosiklet alıb. «Bu gələn Cəmil müəllimdir», «Balam, Cəmil müəllim görünmür, bəlkə avariya-zad eləyib», «Nahaq ikitəkərli alıb, gərək üçtəkərli alaydı »,– söz-söhbəti dillərdə hallanırdı.

Motosiklet almaq onun uşaqlıq arzusuydu.

Çəpərləri, sərhədləri aşıb getmək istəyirdi. Gəncliyində sevdiyi, lakin vüsalına yetmədiyi Nərgizi tərkinə alıb bu dünyadan ilim-ilim itmək istəyirdi. Uçan durnaların cərgəsinə qoşulmaq istəyirdi.

Nərgizgilin çəpərinin yanına çatanda qazı artırdı.

– Öyün tikilsin, ay Cəmil müəllim, tozun bizi öldürdü… arvad-uşaqlı kişidir eey. Ay bala, qaç, Cəmil müəllim gəldi!

– Dızz…

Əvvəlcə universitetdə saxlamışdılar. Bir müddət işlədikdən sonra kəndə qayıtdı. Dedi, kənd yaxşıdır. Orta məktəbdə dərs dedi. Arada arvadını boşamaq istədi. Deyirdi: «Könlümə yatmır, vapşe, mən onu sevməmişəm, anam məcbur aldı». Qrup yoldaşlarından ikisi elmlər doktoruydu.

Cəmil müəllim darıxırdı. Sürət onu qane etmirdi. İstəyirdi motosikleti süni peyk olsun, yerin belinə dolansın. Cəmil müəllim darıxa-darıxa əriyirdi, balacalaşmışdı. Yarısı harasa çıxıb getmişdi. Canı jaketinin, köynəyinin boğazından süzülüb çıxmaq istəyirdi. Gözləri irilənmişdi.

Motosiklətə bir təpik vurdu.

– Hı, yerimir.

Kazım motosikleti dikəltdi.

– Niyə yerimir, dədə?

– Yavaş gedir, bala, yavaş.

Cəmil müəllim təzədən motosikletə oturdu. Arvadı yaxına gəldi.

– Ay Cəmil, ayıbdı, axı sən müəllimsən, hamı sənin motosikletindən danışır. Gəl sən də geyin-keçin, qalstuk bağla, get müəllimlərlə yanaşı dur, söhbət elə.
Cəmil müəllim motosikletə qaz verə - verə düşünürdü: «Yox, gedəcəm, sizi qoyub gedəcəm». Birdən darıxdı.
– Gedəcəm, çıxıb gedəcəm!

– Hara edirsən, dədə?

– Cəhənnəmə!

Motosikletə qaz verdi: «Uç, motosikletim, uç, yerin üstüncə uç».

Eheyy!!!

Hamı Nərgizgilin çəpərinə tərəf yüyürürdü. Motosiklet ağaca dəyib çilik-çilik olmuşdu. Cəmil müəllimə tərəf qaçdılar. Paltosu bomboş idi, Cəmil müəllim içində yox idi, getmişdi, harasa getmişdi.
XS
SM
MD
LG