Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

Yazıçının ictimai mövqeyi olmalıdırmı?


Günel Mövlud
Günel Mövlud
«İctimai şüura malik vətəndaşların hamısında ictimai mövqe olmalıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında gənc yazar Günel Mövlud deyib. Onun sözlərinə görə, bu mövqe daha sərrast sərgilənməlidir. Yazıçılar isə ictimai məsələlərə daha tez reaksiya verməlidirlər:

«Çünki hər halda o, kütlə, cəmiyyətin ehtiraslarını, zövqünü idarə edən adamdır. Ona görə onun sözünün kəsəri daha çoxdur. Xüsusilə yazıçının mövqeyi niyə daha konkret olmalıdır? Ona görə ki, yazıçının iş materialı sözdür. Və sözlə də insanlarla daha çox, daha yaxın, daha aydın ünsiyyətə girmək mümkündür. Və
buna görə də yazıçı daha tez reaksiya verməlidir ictimai məsələlərə».
Aqşin Yenisey


Aqşin Yenisey isə həmkarından fərqli olaraq bildirir ki, cəmiyyətin hazırda ziyalı dediyi şəxslərin demək olar ki, hamısı sovet dövrünün dövlət maraqlarına xidmət etmiş, üzərinə ziyalı markası vurduğu dövlət xadimləridir. Buna görə də bir çoxları bəzən ictimai mövqe dedikdə dövlət maraqlarına xidmət etmək kimi başa düşür. Onun fikrincə, cəmiyyətin ziyalı dediyi şəxslər adətən oxucunun deyil, dövlətin yanında olub. Aqşin Yenisey deyir ki, bir çox halda ziyalını dövlət və az hallarda isə ədəbi mühit yetişdirir. Ona görə də ziyalının ictimai mövqeyi mürəkkəb məsələdir.

YAZIÇINI TƏNHALIĞA ÇƏKİLMƏYİ ÖZÜ DƏ BİR MÖVQEDİR

«Ziyalının ictimai mövqeyi məsələsi bizdə o qədər problemlidir ki, biz hətta 60-70 yaşında olan ziyalılarımızın qulağından tutub gətiririk efirə və yaxud mikrofon qarşısına buna ictimai mövqe dərsi keçirik. Buna ictimai mövqeni tədris edirik. Ona görə cəmiyyətdə belə bir reaksiya var. Bu jurnalistlərin və gənc yazarların işi deyil. Cəmiyyətdə ümumiyyətlə öz ziyalısına ictimai mövqe dərsi keçmək ab-havası var. Nəyə görə? Çünki bizim ziyalılar hamısı ictimai mövqeyi olanlar kateqoriyasına aiddir. Harda ki ictimai mövqe tələb olunur bundan, bunlar çox rahat bundan imtina edirlər. Hesab edirlər ki, burda bizim ictimai mövqeyimiz olmaya da bilər. Əslində burda bir həqiqət var. Yazıçının tənhalığa çəkilməyi özü də bir ictimai mövqedir».

Aydin Xan Əbilov
1 FƏRDƏN KÜTLƏNİ DƏYİŞƏN MÖVQE GÖZLƏMƏMƏLİYİK


Yazıçı Aydın Xan Əbilov isə opponentlərinin gənc olmasına baxmayaraq, onların fikirlərini geridə qalmış kimi izah edir. O deyir ki, artıq ziyalılığın, intelegensiyanın dövrü deyil. İntellekt deyilən bir şey var.

«İnsan əgər intellektual səviyyəsi yüksəkdirsə, müəyyən bazaya malikdirsə, müəyyən cəmiyyətin ictimaiyyətin dəyişməsi ilə bağlı enerji verə bilirsə, onların ictimai mövqeyi, yolu, səmti olmalıdır. İntellektualın mövqeyi mənim üçün daha maraqlıdır, nəinki ziyalının. Hər hansı bir fərddən kütləni dəyişə bilən mövqe gözləyə bilmərik. Bu, mümkün deyil. Çünki kütlənin cəmiyyətin nəinki ziyalıya, nəinki alimə, heç ən dəyərli insanlara belə inamı qalmayıb. Yəni bütün dünyada bu belədir. Nəinki bizdə».

XS
SM
MD
LG