Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:56

Kamran Nəzirli "Lidiya İvanovnanın qəyyumları" (Hekayə)


Pəncərə şüşələri soyuq tər damcılarına bürünmüşdü və bu damcılar üzüaşağı süzüldükcə bayaqdan bəri qaz plitəsinin üstündə pıqqıldayan çaynik Lidiya İvanovnanın yadına düşmürdü.

Onun işığı öləzimiş, lakin bicliyini hələ də itirməmiş yaşıl gözlərini divardakı kətan parça üzərində çəkilmiş rəsmdən elə bil asmışdılar.

Lidiya İvanovna bu şəkli sanki ilk dəfəydi görürdü; o, gah məftunedici nəzərlərini çərçivəyə salınmış rəsmin üzərində gəzdirir, gah da pəncərə şüşəsindən üzüaşağı süzülən tər damcılarına pərişan-pərişan baxırdı; bu saat onun yadına yenə uzaq keçmişinin xatirələri düşürdü; o xatirələr ki, dünəndən bəri qarını əsir-yesir etmişdi; ona gah xəfif fərəh dolu göz yaşları bəxş edir, gah da bax o pəncərə şüşəsindən süzülən soyuq tər damcılarına bənzəyən, hay-küysüz, müdhiş və «KQB» kabinetləri arasında əriyib gedən təxminən bir əsrlik həyatının müəmmalı əlamətlərini xatırladırdı.

Lidiya İvanovna, demək olar ki, əlli il sərasər «KQB» sədrinin katibəsi işləmişdi; onun həyatı, işi, günü-güzəranı, yenə deyirəm, müəmmalar içində keçmişdi; süzülən tər damcılarına baxdıqca ona həm də elə gəlirdi ki, qapalı, sirli, bəzən də bezikdirici ömür yolu tər damcısı kimi bir şeydi, üzüaşağı süzülür və gözünü yumub açınca qurtarıb gedir.

Və birdən-birə Lidiya İvanovna doxsan beşinci qışından qorxmağa başladı; bayırda qopan xəzri küləyinin vıyıltısı ona sanki matəm marşını xatırlatdı və nədənsə ömründə ilk dəfə olaraq indi başa düşdü ki, o, tənha, kimsəsiz, heç kəsə lazım olmayan, izsiz-tozsuz qarımış bir qızdır, doxsan beş yaşında qız.

Və elə deyəsən indicə anladı ki, ərə getmədiyi üçün çox böyük səhv edib; vaxtında ata-anasının sözünə baxsaydı, onların təkidiylə Aleksey Petroviçə ərə getsəydi, indi həyatının bu son günlərində heç dərdi olmazdı, özünü kimsəsiz hiss etməzdi.

Heç bu neçə ayda səfeh qəyyum axtarışına da çıxmazdı. Heyif, çox heyif!

İndi bu barədə düşünməyin xeyri yox idi və Lidiya İvanovna əlli ildən çox yaşadığı bu birotaqlı mənzilində cəmi iki saat bundan öncə üzüqoylu yerə yıxıldı və necə yıxıldısa, elə beləcə də xeyli huşsuz qaldı; handan-hana durub güc-bəla ilə özünü divanın üstünə yıxdı və yalnız bundan sonra beyninə pis fikirlər gəldi.

Əslində nə fərqi vardı ki, pis, yaxud yaxşı, fikir fikirdi, intəhası aydın deyildi, dumanlıydı, soyuq idi, onun süst bədəninin bütün əzalarını gizildədib ağrıdan başabəla qocalıq düşüncələriydi.

Əlbəttə ki, onun zəngin həyat təcrübəsi, dünyagörüşü və bu gün yıxılmamışa qədərki bütün ömür yolu ölçülü-biçili, səliqə-səhmanlı, son dərəcə ehtiyatlı, həm də şübhəli olmuşdu; bu şübhəli havaydı onu saxlayan; bu havanın özünə də bəlli olmayan şıltaqlıqları bəzən onu məst etmiş, yerişini-duruşunu, sözünü-söhbətini tənzimləmişdi.

O, həmişəki kimi bu səhər də yuxudan durub ac qarına bir xörək qaşığı konyak içdi, sonra dünən gecədən soyuducunun gözünə qoyduğu yarımçıq badımcan kürüsünü və yaydan bəri konservləşdirdiyi acı bibər bankasını götürmək istəyəndə yıxıldı; hələ indiyədək beləcə, çox sadə bir vəziyyətdə yıxılmamışdı; amma bu gün yıxıldı, yaman yıxıldı.

Yalnız bundan sonra o, ölçüsüz-biçimsiz düşüncələrə qərq oldu. Sonra öz qəyyumlarına telefon açıb köhnə «KQB» vərdişlərinə sadiq ədalı bir əndişəylə onlarla görüş təyin etdi.

Bu, bəlkə də ömrün son gününün qapı kandarında durub təntənə ilə çaldığı son zəng idi, başqa bir şey deyildi.

Qapının zəngi çalındı. İşə bax e, elə indicə həmin o «zəng» barədə düşünürdü və bir azca diksinən kimi oldu, sonra xırıltılı-xırıltılı səslədi:

- Gəl, açıqdı...

İçəri qıvraq yerişli cavan bir oğlanla təxminən əlli-əlli beş yaşlarında bir qadın girdi. Qadın Lidiya İvanovnanı bu vəziyyətdə görüb təəccübləndi.

- Lidiya İvanovna, sizə noolub? Bəs getmirik?

- Niyə getmirik ki? Gedirik... Nə yaxşı vaxtında gəldiniz... Bilirsən, mən bir az bundan qabaq yıxıldım... Başım gicəlləndi... Huşumu itirdim... Tamilla, görürsən də, bu gündən sabaha etibar yoxdu...

- Vay, vay, vay... Bir yeriniz əzilmədi ki?

- Yox, əzizim, helə belə uzandım ki, bir az özümə gəlim...

- Qoy sənə bir çay dəmləyim, - deyə Tamilla mətbəxə keçdi və gördü ki, qazın üstündəki çaynikin suyu tamam quruyub.

Cavan oğlan otağa, dörd divarın demək olar ki, hər birində asılan kətan parça üzərində çəkilmiş, səliqə ilə çərçivəyə salınmış rəsm əsərinə, yəqin ki, ötən əsrin əvvəllərindən valideynlərindən Lidiya İvanovnaya miras qalmış gümüş boyunbağıya, çox qəribə və qədim naxışlı iri bir boşqaba, əntiq əşyalara tamaşa edirdi.

Oğlan bu əşyaların Lidiya İvanovna üçün nə demək olduğunu anlamasa da, hər halda, təxminən bilirdi ki, bunlar qiymətlidir, pula gedən şeylərdi. Elə bu barədə düşündüyü üçün də anasının Lidiya İvanovna ilə nədən danışdığını eşitmədi.

Lidiya İvanovna həmişə həsəd apardığı bu cavanın boyuna-buxununa heyranlıqla baxıb soruşdu:

- Ataxan, nə əcəb qarıyla maraqlanmırsan?

Ataxan diksinən kimi oldu və elə bil yuxudaydı, oyandı.

- Hə? Lidiya İvanovna, mən salam verdim axı? Hazırsız? Bu gün gedəcəyikmi?

- Hə, əlbəttə. Mən mütləq o yeri sizə göstərməliyəm. Allahın işini bilmək olmaz. Bir də gördün, iş işdən keçdi. Sonra siz məəttəl qalmayasız...
Oğlanın fikri Lidiya İvanovnanın yanında deyildi; indi o, düşünürdü ki, bu qadın tezliklə öləcək, o da qadının antikvar əşyalarını çox baha qiymətə xaricilərə satacaq, bu otağı da ürəyi istədiyi kimi təmir edəcək.

Tamilla çay gətirdi, Lidiya İvanovna artıq durub oturmuşdu və deyəsən özünə gəlmişdi. Qarı ürəyində öz qəyyumlarına qarşı dəhşətli bir qısqanclıq duydu, hətta başına yenə min cür pis fikir gəlməyə başladı. Çay içməkdən imtina elədi. Sonra nə düşündü-düşünmədi, birdən-birəcə əmr etdi:

- Mən hazır, gedək!

- Ana, mən maşında sizi gözləyirəm, - deyə Ataxan maşının açarlarını əlində oynada-oynada mənzildən çıxdı; altıncı mərtəbədən pilləkənləri üç-üç, beş-beş hoppana-hoppana düşüb blokun ağzında saxladığı qırmızı Jiquliyə oturdu.

Bakıda bəlkə də son on ildə belə xəzri əsməmişdi, külək az qala Ataxanı oturduğu maşın qarışıq götürüb qaldıracaqdı göyə, ordan da təpəsi üstə tullayacaqdı yerə, sonra Allah bilir, diyirlədib, diyirlədib, çırpacaqdı elektrik dirəklərinə, ya da o tərəfdəki təzə tikilən restoranın beton divarlarına.

Yaxşı ki belə olmadı və yaxşı ki, anasıyla Lidiya İvanovna altı mərtəbəni düşənəcən külək bir balaca səngidi.

On beş dəqiqədən sonra onlar artıq yəhudi qəbiristanlığında idilər. Maşın qəbirlərin arasınca uzanan əyri-üyrü cığırları burula-burula yavaşca şütüyür, Lidiya İvanovna gah sağa, gah sola dönməyi, gah da düz getməyi əmr edirdi. Bəli, bəli, əmr edirdi.

Elə bil arvad bu qəbiristanlığı görən kimi lap quş kimi oldu, dirildi, özünü gəmi komandiri kimi aparmağa başladı. Lidiya İvanovna həyəcanla dilləndi:

- Bax, orda, göy rəngli dəmir oturacaqları görürsən?... Da, daaaa… orda, saxla...

Ataxan maşını saxlayan kimi Lidiya İvanovna tələm-tələsik dal qapını açmaq istədi, aça bilmədi, daha doğrusu, bilmədi nə təhər açsın; Ataxan maşından düşüb ehmalca dal qapını açdı və Lidiya İvanovnaya düşməkdə kömək elədi.

Qarı düşən kimi dəmir çərçivəyə salınmış qara mərmərli cüt qəbirə sarı az qala yüyürdü.

O, dəmir çərçivənin məftillə bağlanmış qapısını itələdi, açılmadı, bir də möhkəm itələdi, yenə açılmadı və əsəbi-əsəbi Ataxana baxdı və oğlan anladı ki, qapının məftilini açmaq lazımdı, cəld irəli yeridi; Lidiya İvanovnanın çərçivənin qapısından yapışmış titrəyən barmaqları çox da yorulmadı.

Məftillər qırıldı, xırda gözcüklü karkas qapı cırıldadı; Lidiya İvanovna içəri keçib qəbirlərin düz yanında durdu...

- Toma... idi suda, smatri, eto moy ateç, a eta mama... Görürsən, Qorbatov İvan Sergeyeviç?... Qoldenberq Raisa Qumbatovna... Əzizim, bax məni burda dəfn edəsiniz... Bunların arasında...-deyə yarı rusca, yarıazəricə mızıldadı.

Cavan oğlan qarının hətərən-pətərən danışığına dözə bilmədi:

- Lidiya İvanovna, axı onların arasında yer yoxdu... Görmürsüz, darısqallıqdı?-deyə etiraz etdi.

- Net, net, niçevo straşnovo. Ya tak xaçu...

- Lidiya İvanovna, Allah eləməsin, deyir, şər deməsən, xeyir gəlməz... Bəlkə bir az böyürdən?... Burda.... bax... həm də yer çatar...- deyə Tamilla qarıya tərəf döndü.

- Yox, yox, Tomuçka, ya tebya praşu, tolko nad nimi... Bax elə qazarsınız ki, düz onların üstünə qoyarsız tabutu... Mənim arzumu yerinə yetirin... Yoxsa, halal eləmərəm...

- Yaxşı, yaxşı...

Tamilla gördü ki, arvadın gözləri doldu, sonra özü də dəsmal çıxartdı.

Ataxan bu cansıxıcı ölü sükunət evindən mümkün qədər tez aralanmaq istəyirdi; amma neyləmək olardı, qarının nazıyla oynamalıydı.

Bu «nazlı» qarı düz bir ay idi ki, onun içindəki səbir şirəsini acgöz zəli kimi sorurdu.

O, qəbirlərdən bir az aralandı və ətrafa diqqətlə göz gəzdirməyə başladı; bu yeri yadında saxlamaq istəyirdi.

Və o, əmin idi ki, Lidiya İvanovna üçün tezliklə dördkünc taxta tabut sifariş verəcək, sonra da qarını geyindirib qoyacaqlar həmin o taxta tabutun içinə, gətirəcəklər buraya; qapağını mıxlayandan sonra qarının vəsiyyətinə yüz faiz də olmasa, əməl edəcəklər.

Qarı onsuz da son günlərini yaşayır və yəqin ki, onun dəfniylə bağlı xərclər bir elə çox olmayacaq.

Birotaqlı ev qalacaq Ataxana. Və oğlan düşünürdü ki, lap birinci, dəmir qapı qoyacaq, sonra mətbəxi böyüdəcək, balkonu enlədəcək... Daha nələri, nələri edəcək...

Sonra nədənsə ürəyində qarını söydü: «Bu kaftar elə evi necə alıbsa, eləcə də yaşayıb və bu əlli ildə heç nəyi dəyişdirməyib... İt qızı it! Elə it kimi də yaşayıb...»

Hə, bax belə... Qəbiristanlıqda çox qalmadılar, Lidiya İvanovnanı gətirdilər birotaqlı mənzilinə. Lidiya İvanovna içəri girən kimi döşlüyündən on min manat çıxarıb cavan oğlana uzatdı:

- Eto na benzin, pajaluysta, vazmi, sınok, - deyə az qala yalvarışla dilləndi. Ataxan pulu götürmədi və əlbəttə ki, bu, onun xətrinə dəydi. Sonra qəzəbli baxışlarla arvadı süzdü, heç sağollaşmadan qapıdan çıxdı.

- Ayıbdı, Lidiya İvanovna, bu, bizim borcumuzdu, - deyə anası Tamilla etirazını bildirdi.

Lidiya İvanovna neçə dəfə «spasibo» dedi, sonra divanın üstündə təngənəfəs halda böyrü üstə uzandı.

O, yenə gözlərini qarşı tərəfdəki divarda asılmış şəklə zillədi, bu vəziyyətdə xeyli qaldı. Lidiya İvanovnanın rəngi-rufu sapsarıydı. Tamilla duruxdu, karıxdı, bilmədi nə desin, nə etsin.

Son vaxtlar o, buraya tez-tez gəlirdi və hər dəfə də Lidiya İvanovnaya əlində bir şey gətirərdi. Tamilla qarını heç vaxt bu günkü kimi süst, pərişan görməmişdi.

- Lidiya İvanovna, heç nəyin fikrini çəkməyin, canım, inşallah, hər şey yaxşı olacaq, hələ biz sizin yüz yaşınızı qeyd edəcəyik, -deyə Tamilla arxayınlıqla bildirdi.

Lidiya İvanovnanın məhzun baxışları bu dəfə Tamillaya tuşlandı, bu gözlər az qala yalvaracaqdı ki, nolar, Toma, əgər Əzrayıl sənin sözünə baxarsa, ondan mənim ömrüm üçün möhlət istə...

Mən bir qədər də yaşamaq istəyirəm... Təbii ki, bu həsədli baxışların sahibi bunları Tamillaya deyə bilməzdi və əksinə, gör bir qarı nələr söylədi.

- Tomuçka, sən Allah, yaxın otur. Sənə sözüm var. Bax, bilirsən ki, bu evi sənə vəsiyyət eləmişəm. Amma səndən bir xahişim var: o divardan asılmış şəkli görürsən?..

Mənzil istismar kontorunda işləyən Tamilla Lidiya İvanovnanı çoxdan tanıyırdı və Lidiyaya o qədər ehtiram göstərirdi ki, qarı az qala onu bacısı kimi qəbul edirdi.

Tamilla hər dəfə Lidiya İvanovnaya baş çəkməyə gələndə gözünə ilk öncə qarının göstərdiyi o rəsm əsəri dəyərdi və bu, hansı rəssamınsa kətan parça üzərində həkk etdiyi o gözəl şəkli - atın belində yan pörtü ayaqlarını cütləşdirib ağ alt paltarlı məsum bir qızın şəkli - görəndə az qala ağlı başından çıxsın.

Bu şəkildəki qızın təxminən on dörd-on beş yaşı olardı, amma necə gözəl idi, ilahi!

Necə təbii idi! Yaşıl meşəlik, otluq, at, alt paltarda döşləri lap təzəcə böyümüş gözəl, yeniyetmə bir qız görəsən, heyrətdən donmayasan?!

Buna laqeyd olanın yəqin ki, duyğusu-filanı olmaz!

- Hə, Lidiya İvanovna, hər dəfə ona baxanda düşünürəm ki, orda oturan qız elə sizsiniz! - deyə Tamilla fərəh hissi ilə cavab verdi. Sonra əlavə etdi:
- Necə məsum gözləri var?

- Dayan, Toma, sus! O, mən deyiləm!

- Lidiya İvanovna, özünüzü ələ alın, ürəyinizdən nə keçirsə, çəkinməyin, mənə deyin!

Lidiya İvanovnanın gözləri yenə doldu və o, divardan asılmış rəsm əsərinə xeyli baxdı; həsəd, həsrət, sevgi, nifrət, qeyz, sonra yenə qısqanclıq dolu baxışlarını o rəsmin bəlkə də bütün cizgiləri üzərində gəzdirdi.

Dərindən ah çəkdi və başladı aram-aram danışmağa:

- Bilirsən, Tomuçka, bu şəklin neçə yaşı var? Qəribə bir tarixçəsi var. Mənim atam çar ordusunun polkovniki olub. Biz Sankt-Peterburqda yaşayırdıq və o vaxt mənim cəmi on üç yaşım vardı.

Bizim böyük bir mülkümüz vardı və böyük bacımla biz xoşbəxt yaşayırdıq.

Yadımdadı ki, bizə atamın uzaq qohumlarından biri, cavan bir zabit tez-tez gələrdi, adı Aleksey idi, gözəl rəssamlıq qabiliyyəti vardı.

O bacımı sevirdi, vurulmuşdu ona; bizi həmişə meşəyə, at çapmağa aparardı. Bax, bu şəkildəki mənim bacımdır, Anastasiya; həmin gün ad günüydü, Aleksey onun şəklini çəkdi; axşamçağı evimizdə qonaqlar vardı və Aleksey həmin şəkli gətirib təntənəli şəkildə, atamın-anamın, qohumlarımızın yanında Anastasiyaya təqdim etdi.

Hamı heyran qaldı. Elə mən özüm də vəcdə gəlmişdim. Heç özüm də bilmədən qeyri-ixtiyari Alekseyin boynuna sarıldım və onu öpdüm. Amma Anastasiyanın laqeydliyi, təkəbbürü bizi və Alekseyi əsəbiləşdirirdi.

O, Alekseyin məhəbbətini lazıminca qiymətləndirə bilmirdi.

Əlbəttə, mən hiss edirdim ki, Anastasiya da onu sevir, amma sadəcə hisslərini gizlədir. Bir gün Aleksey yenə bizə gəldi və mən gördüm ki, bu, həmin mən gördüyüm o günkü Aleksey deyil. Anastasiya kilsəyə getmişdi və mən Alekseyi məsumcasına öz otağıma dəvət elədim.

O, əvvəlcə mənim əlimdən öpdü, məmnun oldum, sonra üzümdən öpdü, bir az qızardım, daha sonra isə dodaqlarımdan öpməyə başladı.

Aman allah, elə bil dünən idi! Mən ona müqavimət göstərə bilmədim və o, məni sevdiyini, Anastasiyanın onun sevgisinə layiq olmadığını dilinə gətirdi.

Sonra... sonra... hər şey alt-üst oldu. Heç bilmədim nə baş verdi... Hər şey... hər şey yerlə-yeksan oldu... Hər şey...

Biabırçılıq oldu... Eşidirsənmi? Bədbəxtçilik baş verdi... Anastasiya gəlib bizi bir yerdə gördü.... Ah, mənim dəliqanlı, gözəl bacım!

Aman allah, necə də dəhşətli gün idi! Sonra heç üstündən bir neçə saat keçmədi ki, bacımın meyitini Nevadan çıxarıb gətirdilər evimizə... Özünü atmışdı çaya!

Bax belə... əzizim... Bu şəkli mən xatirə kimi saxlayıram.

Mən bacımın ölümünün baiskarıyam...

- Bəs sora noldu, Lidiya İvanovna? - deyə Tamilla son dərəcə maraqla əhvalatın axırına qulaq asmaq istədi.

- Sonra... Aleksey uzun illər görünmədi... Bu, sirr olaraq aramızda qaldı.... Atamgil inqilabdan sonra Bakıya köçdülər. Mən də bu şəkli özümlə götürdüm... Bu şəkil mənə ömrüm boyu əzab və işgəncə verib.

Ona görə də özümə söz verdim ki, heç vaxt ərə getməyim... Sonralar Aleksey də Bakıya köçdü. Bizə gəlib-gedirdi.

Amma mən onu rədd edirdim. Atam-anam nə qədər dedilər ki, ona ərə gedim, getmədim. Və bu sirri də heç kəsə deyə bilmədim.

Mənim yeganə təsəllim bu şəkildir. Alekseyi güllələdilər, atamla-anamı dəfn etdim, qaldım tək-tənha.

Və bu şəkillə birgə yaşadım. Hər gün ona baxıram, o günləri yadıma salıram.

Bu şəkil mənim cinayətimin, günahlarımın, məhəbbətimin, sevgimin şahidi, tarixi şahididir. Mən bu şahidi özümlə o biri dünyaya aparmaqçün qorudum.

Hətta bir gün mənim sədrim, «KQB» generalı bizə gəlmişdi və bu şəkli görüb vuruldu ona. Çox əlləşdi ki, bu şəkli məndən qopartsın, vermədim.

O vaxtdan uzun illər keçib. İndi nə Aleksey var, nə də valideynlərim. Əlbəttə, bu sirri özümlə qəbrə aparmaqdan qorxuram, Tamilla.

Sən yeganə qadınsan ki, bunu sənə danşıram və səndən son xahişim budur ki, məni dəfn elədiyiniz yerdə bu şəkli də mənimlə birlikdə basdırın.

Məni başa düşün, istəmirəm ki, məndən sonra bu şəklə baxsınlar... Onda elə bilərəm ruhum şad olar. Başa düşürsənmi, Toma?

Tamillanın gözləri dolmuş, elə bil yerindəcə donmuşdu.

Bu müəmmalı Lidiya İvanovnadan baş aça bilmirdi. «Gör ölüm ayağında nə düşünür? Nə qəribə arvaddı? Necə də bədbəxt taleyi varmış?»

Blokun ağzında Jiqulidə oturan oğlu dörd-beş dəfə siqnalladı. Tamilla oğlunun siqnalını tanıdı və dərhal ayağa durdu, dedi:

- Lidiya İvanovna, narahat olmayın, siz hələ bundan sonra əlli il də yaşayacaqsınız...Yastığınız yumşaq olsun, day mən gedim...

Qapını arxadan bağlayın...

- Yox, Tomuçka, qoy açıq qalsın... Kim girəcək, nəyim qalıb ki, şəkildən savayı?..

Qəyyumlar çıxıb getdi. Hava hələ düzəlməmişdi. Günortaüstü Lidiya İvanovnanın yanına daha iki nəfər gəldi.

Onlar da Lidiyanın köhnə bağ qonşuları idi. Qumbaridzelər ailəsi hələ otuzuncu illərdən Bakıya köçmüşdülər, o vaxtdan Lidiyanı tanıyırdılar.

Amma uzun illər idi ki, Lidiya İvanovna onlarla əlaqəni kəsmişdi. Son günlər qarı nə fikirləşdisə, bu ər-arvadı da evinə dəvət elədi. Lidiya İvanovna onları da həmin qəbiristanlığa apardı.

Sonra yenə gəldilər evə. Həmin əhvalatı onlara da danışdı. Eyni vəsiyyəti elədi.

Ər-arvad xeyli mütəəssir oldu, Lidiya İvanovnaya şəfa diləyib getdilər.

Axşam tərəfi Lidiya İvanovnanın daha bir qəyyumu peyda oldu. Bu, onun keçmiş iş yoldaşının nəvəsi Lora Vartanovna idi.

Və Lidiya İvanovna bu gün gördüyü «işləri» səliqə ilə onunla da gördü, sonra həmin o Vartanovnaya da bu gün gələn qəyyumlarına nəql etdiyi əhvalatı danışdı, gözləri ağlamaqdan şişmiş qadını yola salanda dedi:

- Bax ha, mən öləndən sonra ev avtomatik keçir sənin adına, vəsiyyətlərimi unutma!

Lora da ürəyində bu qarıya dua oxudu və ona şəfa dilədi. Həmin gecə Qırmızı Xaçdan dördüncü qəyyum da gəlməliydi. Amma çox gec olduğu üçün Lidiya İvanovnaya zəng vurub dedi ki, səhər gələcək...

Düz bir aydan sonra Lidiya İvanovna axır ki, dünyasını dəyişdi və ən maraqlısı buydu ki, Lidiya İvanovnanın yaşadığı evin bloku ağzına bir-birindən xəbərsiz dörd dördkünc taxta tabut gətirilmişdi və məhəllə adamları bunları görüb təəccüb və heyrət içində bir-birlərindən soruşurdular:

- Lidiyanın öldüyünü bildik... bə bu üç tabut kimin üçündü?

2003
XS
SM
MD
LG