Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Vurğun Əyyub ölkəni tərk edir


Vurğun Əyyub
Vurğun Əyyub
Filologiya elmlər doktoru, dosent Vurğun Əyyuba Türkiyə universitetlərindən birindən təklif gəlib və o uzun müddətə Türkiyəyə getməyə hazırlaşır.

AzadlıqRadiosunun Vurğun Əyyubla səfər öncəsi müsahibəsini təqdim edirik.

- Vurğun bəy necə oldu ki, bu qərara gəldiniz?


- Mən N. Tusi adına ADPU-nu bitirmişəm, orada aspirantura təhsili almışam və orada da işləmişəm. 1993-cü ildə H. Əliyev hakimiyyətə gələndən sonra məni səbəbsiz yerə işdən azad ediblər. O gündən bu günə kimi öz sahəm üzrə işləməyimə imkan verilməyib. Yalnız ötən il Xəzər Universitetinin rəhbərliyi cəsarət göstərək, saat hesabı ilə olsa da, mənə iş təklif edib. Amma oradan aldığım maaşla ailəmi saxlamaq mümkün deyil. Vəziyyətdən çıxış yolu kimi Türkiyə Universitetlərindən birindən gələn təkliflə əlaqədar olaraq, ora gedib ailəmi dolandırmaqdan başqa yolum yoxdur.

- Nə isə səsinizdə bir küskünlük, bir inciklik var. Ürəyinizcə deyil verdiyiniz bu qərar?

- Əlbəttə, ürəyimcə deyil. Sadəcə olaraq məcburiyyət qarşısında atdığım bir addımdır. Ölkəni tərk edib getmək mənim üçün çox ağırdır. Azərbaycan xalqına qarşı hər hansı bir narazılığım yoxdur. Hər yerdə hörmətlə qarşılanmışam, hər hansı bir idarəyə yolum düşübsə, hörmət görmüşəm. Amma hansı müəssisəyə, idarəyə öz sahəm üzrə işləmək üçün müraciət etmişəm, cavab olub ki, sizi qiymətləndiririk, amma bizi işə salma!

- Facebook internet şəbəkəsində sizin ölkəni tərk etmənizə münasibət bildirənlər yazıblar ki, bu ölkəyə ziyalı, müəllim yalnız seçkiləri saxtalaşdırmaq üçün lazımdır. Siz Azərbaycanda ziyalıya, müəllimə göstərilən münasibəti necə qiymətləndirirsiniz?

- Tamamilə düzgün mövqedir. Mənə yaxşı müəllim olduğuma görə bu cür münasibət göstərilmir. Məni siyasi mövqeyimə görə heç bir ali məktəbə və ya Elmlər Akademiyasına yaxın buraxmırlar. Mənim həyat yoldaşım ali təhsilli müəllimədir, ona da heç bir dövlət müəssisələrində çalışmağa imkan verilməyib. Neçə illərdir özəl müəssisələrdən birində çalışır. Bütün bunlar mənim siyasi mövqeyimə görədir. Yaşamımı düzəltmək üçün siyasi mövqeyimi dəyişmək fikrim heç vaxt olmayıb və belə bir fikrim də yoxdur.

- 30-cu illərdə ziyalılar öz siyasi mövqelərinə görə repressiyaya məruz qalıblar. Azərbaycanda bu gün ziyalılara göstərilən münasibət 30-cu illəri xatırladırmı?

- Mənim bu gün həbs təhlükəm yoxdur. Amma bu gün vəziyyət elə yaradılıb ki, ya yüz cür fırıldaqla məşğul olmalısan, ya hakimiyyətə baş əyməlisən, ya da acından ölməlisən. Bu da repressiyanın başqa bir növüdür. Yenə xatırladıram, mənim üçün doğma vətənimdən ayrılmaq çox çətindir. Düzdür, illərdir mənim elmlə məşğul olmaq imkanım olmayıb, siyasətlə məşğul olmuşam. Tutaq ki, mən bu gün Türkiyədə gedib işləsəm, bir ədəbiyyatşünas kimi elmlə məşğul olub, öz sahəmdə araşdırma aparıb, problemlərlə bağlı tədqiqatlar yazım. Amma bu, məni qane etmir. Çünki mənim yaşadığım, anadan olduğum Azərbaycan normal idarə olunmur. Bir vətəndaş kimi, bir siyasətçi kimi bu məni narahat edir. Amma təəssüf ki, mənim ölkədə qalıb, bu hakimiyyətlə mübarizə aparmaq imkanlarım tükənib...

- Sonuncu sualım, Vurğun bəy, siz bu məqamda hansı sualı eşitmək istəməzdiniz? (bir az fikirləşir)

- Mən bu sualı mübarizə dostlarımın, yaxınlarımın gözlərindən oxuyuram... «Vurğun, sən bizi bu mübarizədə yalnız qoyub, hara gedirsən?»

Onun səsi titrəyir, fikrini sona kimi çatdıra bilmir. Bir qədər sükutdan sonra, kövrəlmiş şəkildə davam edir.

«Bu suala cavab vermək mənim üçün çox ağırdır...»

P.S. Vurğun Əyyub Müsavat başqanının sabiq 1-ci müavini, Müsavat Partiyasının rəhbərlərindən biri olub.

1992-93-cü illərdə o, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunu tətbiq edib.
XS
SM
MD
LG