Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:11

Naxçıvanda qatıqsatan niyə ruhi xəstəxanaya salınır?


Naxçıvanda qatıq satanlardan başqa söz deyən qalmayıb
Naxçıvanda qatıq satanlardan başqa söz deyən qalmayıb
Naxçıvanda xırda küçə alverçilərinə qarşı da siyasi rəqiblərlə olduğu kimi ənənəvi davranış üsullarından istifadə edilməyə başlanıb.

İndi də Muxtar Respublikadan ev-ev, küçə-küçə düşüb qatıq satmaqla ailəsini dolandırmaq istəyən xırda alverçilərin də ruhi xəstəxanalara salınmaları ilə bağlı xəbərlər gəlir. Baxmayaraq ki, əvvəllər Naxçıvanda müxalifətçilərin, yerli məmurların özbaşınalıqlarından ölkə rəhbərliyinə şikayət edən insanların bir qayda olaraq belə aqibətlə üzləşdikləri eşidilərdi.

Muxtar Respublika rəhbərliyi Naxçıvan şəhərində küçə ticarətinə qadağa qoyub. Rəhbərliyin tələblərinə görə, bütün məhsullar sanitar yoxlamalardan keçirilməli və bazarlarda satılmalıdır.

30-A YAXIN QADIN POLİS ŞÖBƏSİNDƏ

Bir neçə gün bundan əvvəl isə Naxçıvan şəhərində küçə ticarəti ilə məşğul olan 30-a yaxın qadın saxlanaraq polis şöbəsinə aparılıb.

Onlardan biri Şahbuz rayonunun 62 yaşlı sakini Cənnət Allahverdi qızı Bağırovanı isə polisə etiraz etdiyinə görə ruhi xəstəxanaya salıb. Adlarının çəkilməsini istəməyən yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, yalnız uzun-uzadı xahiş-minnətdən sonra 62 yaşlı qadını ruhi xəstəxanadan çıxarmaq mümkün olub.

Naxçıvanda ev-ev, küçə-küçə gəzib qatıq satanlar deyirlər ki, bazar onlara sərf etmir. Çünki həm bazarda alıcı tapmaq çətindir, həm də yer haqqı ödəyə bilmirlər.

SENSASİYAYA EHTİYAC YOXDUR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən Həsən Hacıyev isə deyir ki, bu məsələ ətrafında sensasiya yaratmağa ehtiyac yoxdur.

Onun fikrincə, bir çox sivil ölkələrdə olduğu kimi Naxçıvanda da sanitar yoxlamadan keçməyən məhsulların küçələrdə satılmasına icazə
Küçə ticarətinə qadağaların qoyulması fərdi təsərrüfatlara zərbə olacaq
verilmir. Çünki isti havada məhsulların harada gəldi satılması anti-sanitariya qaydalarının pozulmasına gətirib çıxara bilər.

Küçə ticarəti ilə məşğul olan qadınların polis və ruhi xəstəxanaya aparılmasına gəlincə, Həsən Hacıyev bunları dedi:

- Orada bəlkə biri polisi söyüb, təhqir edib. Məsələn deyirəm, mən orada olmamışam. Axı hamı qanuna tabe olmalıdır.

KÜÇƏ TİCARƏTİNİN YIĞIŞDIRILMASI QİYMƏTLƏRİN QALXMASINA XİDMƏT EDƏCƏK

Naxçıvanda fəaliyyət göstərən İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə düşünür ki, küçə ticarətinə belə qadağaların qoyulması fərdi təsərrüfatlara zərbə olacaq:

- Bu da istər-istəməz regionda qiymətlərin qalxmasına gətirib çıxaracaq. Çünki belə məhdudiyyətlər qoyulursa, həmin süd və süd məhsullarını kommersiya mağazaları daha baha qiymətə satacaq. Nəticədə də istehlakçılar həmin məhsulları alarkən daha çox pul sərf etməli olacaqlar.

Əslən Naxçıvandan olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyir ki, belə isti havalarda anti-sanitariya qaydalarının gözlənilməsi çox vacib şərtdir. Ancaq o düşünmür ki, Naxçıvanda küçə ticarətinə yalnız bu səbəbdən məhdudiyyətlər qoyulub.

HÖKUMƏT XƏCALƏT HİSSİ KEÇİRMƏLİDİR Kİ...

- Bəs kəndli cüzi məhsulunu necə satsın? Hökumət almır, bazarlarda isə monopoliya var. Bir də bir, iki litr qatıqdan ötrü nə yer haqqı verəcəksən? O, məcburdur yaşamaq üçün qapı-qapı düşüb malından-qoynundan sağdığı südü satsın. Əksinə hökumət xəcalət hissi keçirməlidir ki, belə isti havalarda 60 yaşlı qadınlar qapı-qapı düşüb süd-qatıq satır.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
Hələ 3 il əvvəl üzləşdiyi özbaşınalıqlarla bağlı prezident İlham Əliyevə şikayət məktubu yazan 73 yaşlı Ələsgər İsmayılov da Naxçıvanda qatıq satan 62 yaşlı Cənnət Bağırova kimi ruhi xəstəxanaya salınmışdı. O isə Cənnət Bağırovadan fərqli olaraq fəal müxalifətçi idi. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Naxçıvanda indi xırda alverçilərin də eyni aqibətlə üzləşməsini belə izah edir:

NAXÇIVANDA QATIQ SATANDAN BAŞQA ETİRAZ EDƏN QALMAYIB AXI


- Cəmiyyət total şəkildə susdurulub. İndi yalnız ölüm və qalım dilemması qarşısında qalan insanlar söz deyib, etiraz edə bilirlər. Söhbət indi siyasi rəqiblərin susdurulmasından yox, sonuncu müqavimət közərtilərinin də söndürülməsindən gedir. Onsuz da Naxçıvanda qatıq satanlardan başqa söz deyən qalmayıb. O cümlədən də Azərbaycanda.

Naxçıvanda indi küçə-küçə düşüb süd və süd məhsulları satmaq tamamilə yığışdırılıb. Yerli insanların bildirməsinə görə, onlar indi bu işi gizli həyata keçirirlər. Yəni kimlərsə gəlib evlərindən süd-qatıq istəsə, onu geri qaytarmır yaxud da sifariş olarsa gizli şəkildə həmin ünvanlara məhsul çatdırırlar.
XS
SM
MD
LG