Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:33

Hacı Nərimanoğlu "Yorğan" (Hekayə)


"Qaçqınlar" silsiləsindən


YORĞAN

Qaçqın gələndə yataqxanada bir otağa yığışmışdılar.

Axşamdan keçmişdi.

Koridorda səs:-ay bacı, Nəsi müəllimgil hansı otaqda qalır?

- Bizi soruşurlar, gör kimdi. Səsi tanış gəldi, kim olar görən bu vaxt?

Qapı açıldı.

- Ay allah, kim gəlib e...A qonşu, gözlərimə inanmıram, bu sizsiz yəni...

Elə bil illər ayrısı qardaş-bacıydılar, bir- birin təzə tapmışdılar, hamısı qəhərsilənmişdi.

- Neçə vaxtdı gəlmək istiyirdik, vallah, ürək eləmirdik gəlib sizi burda görməyə. Elə biz də özümüzə təzəliklə yer eləmişik. O gün İnqilabla da Sumqayıtda bir yerdəydik, ha qıjandıx ki gələk, dedi mən gedib məllimi obşiteldə yaşayan görsəm elə ordaca bağrım çatdıyar.

- Qismət beləymiş, bilirəm siz də Sumqayıtda iki qardaş qəfil hücumla uşaq bağçasının bir otağın işğal eləmisiz, barı uşaqların yemək-içməyin pulsuz ala bilirsizmi bağçada?

- Verməkləri cəhənnəm, səhər-axşam başımızın üstün kəsirlər ki tez olun çıxın. Deyirəm, ay allah evinizi yıxmasın, hara çıxım, kefimdən gəlib girmişəm bura, yer tap ver çıxım, görmürsən bir quru canımızı götürüb çıxmışıq .

Bunu da gələnin arvadi dedi:- Biz cəhənnəm, hökumətin tikib verdiyi ev idi, amma sizə yaman zülüm oldu.

O cür əziyyətnən ev-eşik tik, bağ-bağat sal, için təpili yığ doldu, özün də bir gün içində yaşama, ağzı bağlı ver erməniyə çıx gəl qal yataqxanada.

Adamın tüstüsü təpəsindən çıxır e fikirləşdikcə.

- Qonşu, məni yandıran o deyil ha, 3-4 gün qalmışdı çıxmağa, Nəsi gəldi ki, bəs evdə nə qədər pul var ver mənə, yaxşı ucuz taxta, şifer, şveler var gedirəm alam gətirəm tökəm qapıya, məhlədə mağar tikməyə, sonra tapa bilmiyəcəm.

Nə qədər dedim bir- iki gün səbr elə, görək nolur, üstümə acıqlandıki nolacaq, deyirsən yəni erməniyə qalacaq?

Götürdü apardı hamısın, o pul əlimizdə olsaydi, indi heç olmasa gedib bir-iki dəst yorğan-döşək alıb atardıq uşaqların altına, obşitelin pambıq mitilinin umuduna qalmazdıq.

- Məllim, heç demirsən gətirdiyiniz bu bağlamadakı nədi, yorğandı, sizin yorğan.

Bəs axı siz evdən çıxıb körpüyə tərəf qaçanda mən maşınla üst yoldan dədəmgili kənddən götürüb gəlirdim.

Sürdüm evin qabağına, çıxdım yuxarı, əlimə keçən yorğan- döşəkdən tökdüm aşağı, bizimkilərin də vay- şivəni qalxıb göyün bir qatına. İki dəfə erməni top atdı, düz düşdü evin qabağına-Sahibin bağına.

Dedim cəhənnəm olsun hər şey, maşına oturanda baxdım ki, balkonunuzdan bu yorğan sərilib üzü aşağı, çıxdım kuzanın üstdən əlimi atıb dartıb saldım maşına.

Gələndən büküb qoymuşduq qırağa ki aparaq verək, həm də görək neyniyirsiniz, nə fikirləşirsiniz. Heç soruşmuram e, bəs Motugil hardadı?

- Sizdən nə gizlin, həm elə darkeşlikdi, yatmağa yer yoxdu, həm də bu xaraba tualetin iyindən baş götürüb hərəsi bir əmi- bibi evində qalır.

Ordan gələndə qaynımın bağ evində qaldıq, 4 ailə bir yerdə. Baxdıq ki, mümkün deyil, iş yox, nə vaxta qədər dörd ailə bir damın altında qalacaq.

Dedilər burda boş yer var, oda ki belə, mərtəbənin bir tualeti var, bir mətbəxi, birdən elə növbə yaranır heç çay qoyub içmək də olmur.

- Bizə nə olursa, haqq olur. Gərək Xocalı, Kəlbəcər, Laçın o vəziyyətdə boşaldılanda başımızın çarəsin qılaydıq.

-Məllim, canım üçün məni o ev-eşikdən çox burdakıların söz- söhbəti yandırır. Bunların xəbəri yoxumuş e, biz beş il orda erməniynən, urusnan müharibə aparmışıq.

Bir gün başımıza top-raket, mərmi yağışı yağmayanda, atışma səsi eşitməyəndə qorxumuzdan yata bilmirdik ki , köpəyoğlunun ermənisi Tatuf su anbarın açıb buraxar, bütün rayonu məmə deyəndən pəpə yeyənə qədər su yuyub aparar... nə isə görəcək günlərimiz varmış.

- Məllim biz getdik, gecə keçdi.

- Allah, məni öldü, gör heç bir stəkan çay qoymuşam ki, başım qarışıb söhbətə. Görən o günü bir də görəcəyik, yığışırdıq gündə bir evə, kimin əlinə nə düşürdüsə, gətirirdi bir yerdə oturub yeyirdik, söz-söhbət, deyib-gülmək...

- Deyim indi qalın qonağımız olun...Qəhər boğdu, özün nə qədər tox tutmaq istəsə də, göz yaşların saxlaya bilmədi... Qonşuların hansın görsəniz salam deyin, amma siz allah, demiyin şəraitimiz belədi...

İkisi qalmışdı yenə. Hərəsi öz aləmində idi. Birdən:

- Aç görək o hansı yorğandı-dedi.

- Ay ürək!-düz iki aydı ki onu hələ belə çağırmamışdı- bir gör hansı yorğanımızdı ee,..mənim gəlinlik cehizim, ürək, yadına düşür hansı yorğandı?!

Qubadlıda axırıncı gün səhər tezdən durub sənə yuxumu danışdım, yadındadı, toy gecəmizi olduğu kimi görmüşdüm, amma axırı çox qorxuluydu, səhər sənə danışdım, zarafatnan dedin çıxart o yorğanı at havaya, arasına yəqin cin- şeytan doluşub, mənim də nəysə ağlıma batdı...

Yorğanın hər tərəfindən biri yapışmışdı.

- Evin iyin nətərdə saxlıyıb e hələ...

- Yadındadı, ürək, üstündən nətər çəkib atdım yerə.

- İnsafına nə deyim sənin, heç qoymadın bir özümə gələm.

- Yox, əvvəl qırağın qaldırdım ki, qonşu, bu yorğan iki nəfərlikdi, gördüm day pişim-pişimlə buraxmırsan, tulladım e...

- Ürək, çəkirsən içinə iyin, sənin sevimli ətirindi ey...

- Sənin də...

- İkimizin də, elə bildim yaddan çıxartmısan...

-Heç elə gecəni də unutmaq olar...

- Canım...

- Ürəyim...


KƏTƏMƏZ

Darvazadan içəri girən kimi tövlənin, peyinin iyi içinə doldu, həsrətli yanğıynan bu iyi içinə çəkdi, «oxxay» elədi, deyəsən bu nidanı onlar da eşitdilər.

- Başına dönüm, neyniyək, mal-qarasız kənddə yaşamaq olmur, özünüzə baxmayın, biz bu iyə öyrəşmişik.

Bilmirdilər neçə illərdi bu iydən ötrü necə qəribsəyib.

- Ay səni xoş gəlmisən, göz üstə gəlmisən, həmişə sənin kimi əziz qonağımız gəlsin, qurbandı bu ev-eşik sənə. Hava xoşdu, ona görə özüm stolu çöldə açdırdım, əyləşin, hara rahatdı orda.

Elə oturdu ki, üzü məhləyə baxsın, süfrənin üstdə düzülənlərdən görünürdü ki, onun gəlişinə məxsusi hazırlıq görüblər. Evin ağbirçəyi də yaxınlaşıb hal-xoş elədi.

- Bəs uşaqları niyə gətirmədin, başına dönüm, biz qohumuq e, çox olmuşam sizin evdə, Allah erməninin tifağın dağıtsın, o cür yer-yurdunuzdan elədi sizi...
- Ay nənə, yemək qabağı meymunu yadımıza salma yenə...

Tövlədən inək mələrtisi gəldi, dalınca da buzov səsi, təzə doğulmuşdu. Tualet də pəyəyə yaxın tikilmişdi. Onlarınkı da elə idi.

Amma onların tualeti düz çayın üstdə yarğanın başındaydı, taxtalarınarasından içəridən Əyin, Səngər, Hərtiz meşələri, Dondarlının kövşənləri əl içi kimi görünürdü.

Bərşadın suları elə bil laylay çalırdı adama, balıqlar gözünün qabağında atılıb düşürdü. Girən çıxmaq bilmirdi.

Onda görürdün tappatap kərmə yağır tualetə:- tez ol çıx da, ora istirahət yeridi, səndən başqa adam yoxdu, elə bil oturub lojada kinoya baxır...gülümsədi, xəyaldan ayıldı.

- Əmoğlu, günortadı, bismillah elə, sən başla, biz dədə uşağı yeməkdə pərgarıq, özümüz axırına çıxacıyıq. Ya Allah, getdik!

...Dədə-baba ocaqlarından çıxmamışdılar, heç köhnə otaqları da sökməyə əlləri gəlməmişdi, hər tərəfindən təzə otaqlar artırmışdılar, aynabənd, iki mərtəbə çardaq, eni on, uzunu otuz metr mağar tikmişdilər, üstünə də üzüm artdandırmışdılar.

Məhlə gülün- çiçəyin içində üzürdü. Son beş ili rayonda işləyib özünə təzə tikilmiş binada üçotaqlı ev alıb orda yaşasa da, hələ kənddən ayrıla bilməmişdi, hər şənbə-bazar kənddəydi.

Komsomolda, icrakomda işləyəndə də hər mal nobatında icazə alıb özü gedirdi.

Piyada dağda, dərədə mal, keçi dalınca qaçmaqdan yorulmurdu. Hələ keçilər qarnın bir az doyurub sakitləşəndə Qalanın başına çıxıb üzüaşağı şeir də qoşurdu...

Bəzən aşıb daşaraq, bəzən yavaşıyaraq, gəlib keçir Saraydan, əzəmətli Bərgüşad...ilk şeir dəftərçəsin 5-də oxuyanda ədəbiyyat müəllimi Tahir F. oxuyub lağa qoyub özü də gülmüşdü, uşaqları da ona güldürmüşdü, elə o vaxtdan şeir yazmağın daşın atmışdı.

Hara baxırdısa öz evlərin, həyət-bacaların görürdü, qəhərin güclə boğdu, loxması az qala boğazında qalacaqdı.

Çoxları kimi o da buralara gəlib düşəndən sonra o torpağın gözəlliyin dərk eləmişdi;- necə cənnət məkanda yaşamışdıq...

- Əmoğlu, uzaq olsun, ağrıyan yerin yoxdu ki, nəysə birtəhərsən, görürəm sənin yeyib içməklə aran yoxdu, bunu da içirik o sağlığa ki, gün o gün olsun Qubadlıda sizin məhlədə oturaq.

- Siz oturun, mən bir bağ-bağata baxım gəlim,-deyib ayağa durdu.

Tövlənin iyi çəkirdi onu elə bil, içəri girməkdən özün saxlaya bilmədi.

Qapının ağzında qara inək bağlanmışdı, balasın yalayırdı, görən kimi fınxırdı, yəqin dünən doğmuşdu, buzov hələ əmcəyin tapa bilmirdi, çənəsindən tutub ağzın məməsinə dirədi.

Ağzından süd axırdı, süd deyəndə hələ ağüz olar, bir buğum bişəndə yumurta sarısının qayğanağı kimi sarı, şipşirin ...nə deyirdik onun adına, yuxanın arasına düzüb dürmək eliyib yeyirdik, iki-üç gün də bulamasının içinə çörək doğruyub yeyirdik, ya da düyünün üstünə töküb yeyirdik.

Nə deyirdik ona...Pəyənin iyin bir də çəkdi içinə.

Onların da qara inəyi vardı, «qəmər» deyirdilər, anasının inək sağanda şirin avazlı oxşaması gəldi qulağına, ürəyi əsdi.

Hər kəndə gələndə mütləq tövləyə baş çəkərdi, dərhal da iy hopurdu paltarına, evə qayıdırdı, elə qapıdan içəri ayaq basan kimi başdıyırdılar ki, elə bil tavlanın bütün iyin-qoxun özünnən yığıb gətirmisən, pal-paltarın çıxardıb asırdılar havaya, amma özünə ləzzət eliyirdi bu iy, hələ soyuqdəyməsi, qripi olanda girirdi tövləyə, çalğını alırdı əlinə, süpürürdü, tezcə də tərliyirdi, bütün azar-bezarı tərnən biryolluq gedirdi.

Nəydi onun adı, dadı da düz dilinə qədər gəlib çıxmışdı...Bağ-bağatı bir də dolandı, hara baxırdısa gözünün qabağında ordakı ağaclar gəlib dururdu.

Onu çağırırdılar. Gəlib bayaqkı yerində oturdu. Dilinin ucuna gəlib qayıdırdı o söz....

- Əmoğlu, səninki qonaq gəlmək olmadı, yəqin uşaqları gətirmədiyinə görə boğazından heç nə getmədi.

Sağollaşıb maşına mindilər. Kəndlə Mingəçevirin arası 5-6 kilometr olardı. O itik söz dilindən, fikrindən qaçqın düşmüşdü, onu rahat buraxmırdı, düşmüşdü o sözün dalınca, tuta bilmirdi, darıxır, əsəbiləşirdi, həm də o sözdən utanırdı, gör söz də işlənməyəndə dilə gəlmir, uzaq qaçır, tutduruq vermir...

Binanın qabağına çatmışdılar, maşındakı qayıtdı:-mən ölüm, heç özün də yemədin, nənəm uşaqlara bir az kənd pay-püşü qoyub-qatıq, şor, kətə, bəhməz...
- Kə-tə-məzzz... tapdım, kətəməz, sağ ol e səni...

Təəccübnən:-əmoğlu, o nə olan şeydi ?

- Heç... qapını üzünə açan yoldaşı bir az duruxdu, nəfəsin içinə çəkdi :- vallah səndən kənd iyi gəldi... Üzünü paltarına sürtdü, iysiləndi, qəhərsiləndi :-həmən iydi, vallah kəndimizin iyidi...
XS
SM
MD
LG