Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

«Heydər Əliyevin göstərişi olsa da, ev vermirlər»


Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam
Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam
Azadlıq Radiosuna müraciət edən 68 yaşı İdman və Gənclər Nazirliyinin keçmiş işçisi Fərrux Məmmədov deyir ki, Azərbaycanda idman üzrə yeganə elmlər doktorudur. Ancaq evi yoxdur. Ona mənzil və prezident təqaüdü verilməsi üçün mediada dövlət başçısı İlham Əliyevə müraciət edəndən sonra onu nazirlikdəki baş məşqçi vəzifəsindən kənarlaşdırıblar:

«Məni çağırıb bildirdilər ki, niyə sən prezidentə müraciət ünvanlamısan. Deyirəm axı mən 13 yaşından işləyirəm, 84 manat pensiya və 340 manat maaş alıram. Evim yoxdur, qazandığım pulun böyük hissəsini kirayə verirəm. Mən mütəxəssisəm. Mütəxəssis olmayan neçə adamlara İdman Nazirliyinin xətti ilə mənzil verilib. Mənə niyə ayrılmır?»

Fərrux Məmmədov bildirir ki, hələ 1993-cü ildə keçmiş prezident Heydər Əliyev ona mənzil verilməsi ilə bağlı göstəriş verib. Ancaq o göstərişi də yerinə yetirən yoxdur:

«1993-cü ildə mən Səbayel rayonunda Dairə Seçki Komissiyasının sədri idim. O zaman seçkini yaxşı təşkil etdiyimə görə Heydər Əliyev məni təriflədi və məndən soruşdu ki, nəyə ehtiyacın var? Mən də evimin olmadığını dedim. O, dərhal göstəriş verdi ki, mənim sənədlərim hazırlansın və mənə mənzil verilsin. Sənədlərim çox sürətlə hazırlandı, ancaq ev verilmədi. Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam. Baxmayaraq ki, 1993-cü ildən prezident 100-lərlə insana ev bağışlayıb. Özü də Heydər Əliyevin göstərişi ilə yazılan sənəddə deyilirdi ki, mənə ev növbədənkənar verilməlidir».

Fərrux Məmmədov deyir ki, bu məsələni ictimailəşdirəndən sonra ona qarşı kampaniya başlayıb:

- Məni kadrlar idarəsinə çağırıb dedilər ki, müqavilə imzalamalıyıq. Dedim axı Azad Rəhimov məni işə götürəndə, heç bir müqavilə imzalanmamışdı…

- Bəs o zaman Sizi işə necə götürmüşdülər?

- Mənim vəzifəmdə işləyən 40 nəfər var. Məsələn «Zenit» idman cəmiyyətinin sədri həm orda işləyir, həm də nazirliyin seleksiya üzrə baş məşqçisidir.

- Onların heç biri ilə müqavilə bağlanmayıb?

- Məsələ burasındadır. İdman məktəblərinin direktorlar da həmçinin. Onların hamısı çalışdıqları yerlərdən, üzv olduqları federasiyalardan böyük əməkhaqqı alır. Mən isə elmlər doktoru ola-ola yalnız nazirlikdən 340 manat əməkhaqqı alırdım. Onu da mənə çox gördülər. Müqavilənin birini geri tarixlərə tərtib ediblər – 2006-2009-cu illər üçün. Birini isə 2010-cu il üçün. Ancaq mənə göstərilən qaralamada müddət 1 il yaxılmışdı. Sonradan onu mənim xəbərim olmadan 6 aya dəyişiblər. Əmək Məcəlləsinə görə, bu müqavilələrin bir surəti məndə qalmalıydı, verməyiblər, işdən uzaqlaşdırılacaqdımsa, xəbərdar edilməliydim, etməyiblər.

Fərrux Məmmədov onu da iddia edir ki, İdman və Gənclər Nazirliyində peşəkar olmayanlar çalışır:

«Nazirlikdə çalışanların çoxu başqa ixtisasların sahibləridir. Hərə öz qohumuna orda bir iş verib. Mənə də ona görə iş, ev, pensiya vermirlər ki, nə pulum, nə də adamım var. Bunun axını necə olacaq?»

Qarşı tərəfin mövqeyini öyrənmək üçün İdman və Gənclər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bizə bildirdilər ki, məsələ artıq məhkəmə araşdırması predmeti olduğundan nazirlik öz mövqeyini iyunun 17-də keçirilən prosesdə açıqlayacaq. Üstəlik, Fərrux Məmmədovun bir zamanlar işlədiyi idman bölməsinin rəhbərliyi Sinqapurda səfərdədir, onların suallarımızı cavablandırmaq imkanı yoxdur.
XS
SM
MD
LG