Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:46

Mənəvi zərərlə bağlı iddialar niyə təmin olunmur?


Hikmət Hacızadə
Hikmət Hacızadə
- Məhkəmənin birinci və ikinci instansiyasını keçdik, məhkəmə bizim iddiamızı rədd etdi. Biz iddia ərizəmizdə hətta sağlamlığımıza də zərər dəydiyini qeyd etmişdik. Amma mənim məsələmə barmaqarası baxıb rədd etdilər.

Dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə üz tutanlardan biri də hazırda həbsdə olan gənc blogger Adnan Hacızadənin atası Hikmət Hacızadədir. O, istintaq müddətində oğlu ilə görüşə icazə vermədiyi üçün Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə vermişdi.

Hikmət Hacızadə müstəntiqdən görüşə icazə verilməyən hər gün üçün mənəvi zərər əvəzi 20 manat təzminat tələb edirdi. Amma məhkəmə onun bu iddiasını təmin etmədi.

BİGANƏ MÜNASİBƏT


Əksər yerli hüquqşünaslar arasında da belə bir fikir var ki, Azərbaycan məhkəmələri bir çox hallarda mənəvi zərərlə bağlı iddialara biganə yanaşır və çox nadir hallarda zərərçəkən ona dəymiş mənəvi zərərin əvəzini qanuni yolla əldə edə bilir. Halbuki, mənəvi zərərin ödənilməsi ilə bağlı həm Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarları var, həm də Mülki Məcəllədə bununla bağlı maddə öz əksini tapıb.

Bir sözlə, yerli qanunlara görə istənilən fiziki şəxs hüquq və azadlığının pozulması, şərəf və ləyaqətinin təhqir olunması nəticəsində ona dəymiş zərərin əvəzini tələb edə bilər. Qanunda zərər vuran şəxsin mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması,
Ənnağı Hacıbəyli
zərərçəkənin isə maddi təzminat tələb edə bilməsi də nəzərdə tutulur.

Reallığa gəlincə isə, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti, hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, məhkəmə hakimiyyətinin müstəqil, hakimlərin isə peşəkarlığının yetərli olmaması kifayətdir ki, qanunlar eləcə kağız üzərində qalsın. Ə.Hacıbəylinin dediyinə görə, qanunun özündə də müəyyən düzəlişlərə ehtiyac var, çünki bu cür məhkəmələrdə hakimlər məhz qanundan çıxış edərək mənəvi zərər çəkmiş iddiaçıdan bunu sübut etməyini tələb edirlər. Halbuki, Avropa Məhkəməsinin rəyinə görə mənəvi zərər insanın iç dünyası, ruhi aləmi ilə bağlı olduğundan onu sübut etmək mümkün deyil:

BU MÜDDƏA QANUNVERİCİLİKDƏN ÇIXARILMALIDIR

- Hesab edirəm ki, Azərbaycan qanunvericiliyi Avropa Konvensiyasına və Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılmalıdır. Yəni zərərçəkmişin çəkdiyi mənəvi zərərin sübut olunması ilə bağlı müddəa qanunvericilikdən çıxarılmalıdır. İkincisi, hakimlərin peşə hazırlığına xüsusi diqqət yetirilməlidir, məhkəmə təcrübəsi elə vəziyyətə çatdırılmalıdır ki, hakimlər bu cür işlərdən qorxmasınlar, əgər həqiqətən də mənəvi zərər tələbi irəli sürülübsə, onu diqqətlə araşdırsınlar və qərar çıxarsınlar.

ONDA MƏHKƏMƏ NƏYƏ LAZIMDIR Kİ...

Əli Hüseynov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Məhkəmə Hüquq Şurasının üvzü Əli Hüseynovun fikrincə isə, ölkədə mənəvi zərərlə bağlı əksər iddiaların məhkəmələrdə təmin olunmaması kimi bir problem mövcud deyil. O ki qaldı iddiaçının mənəvi zərər çəkməsini sübut etməsinə:

- Məhkəmə o orqan deyil ki, orda tərəflər çəkişməsin. Məhkəmə o orqandır ki, sübutları araşdırır. İstənilən məhkəmə öz qərarlarında mütləq sübutları dəyərləndirir və sonra qərar çıxarır. Necə ola bilər ki, hansısa mənəvi ziyan iddia olunur və siz deyirsiz ki, burda heç bir sübuta ehtiyac yoxdur, onda məhkəmə nəyə lazımdır ki...

Son illərin mənəvi zərərlə bağlı məhkəmə işlərinə dair rəsmi statistik göstəriciləri əldə edə bilməsək də, əksər yerli hüquqşünasların dediyinə görə, bu iddiada olanların sayında son iki ildə kəskin artım müşahidə olunur.
XS
SM
MD
LG