Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:47

Tehran Əlişanoğlu Aqşinin "Göləqarğısancan" romanını tənqid edir


Bu yazısı ilə ədəbi tənqidçi Tehran Əlişanoğlu "Oxu zalı"nda gənc yazar Aqşin Yeniseyin "Göləqarğısancan" romanı ilə bağlı keçirilən müzakirəyə qoşulur.


GÖLƏ QARĞI SANCAN KİMDİR?


“Azadlıq radiosu”nun layihəsini alqışlayıram; müasir romanların, kitabların müzakirəsi ictimai dəyərləndirmə baxımından vacibdir;

“Oxu zalı”nın bu işə ən yeni ədəbiyyat sırasından girişməsi ikiqat önəmlidir: baxaq, görək bu adda ədəbiyyatın bizə təklif elədiyi nədir...

Ən nəhayət, (Aqşin) güman ki, süjetsizlikdən bezib... qəhrəmanının ölümünə fitva verir; və guya bu yerdə təhkiyəçi-qəhrəman Leş Əli barəsində yazmaq eşqinə düşür; hansı hünərinə görə, yenə bəlli olmur.
Roman yazmağa cəhd etmiş Aqşin Yeniseyi də bu proyekt içindən salamlayıram; ən yeni ədəbiyyatı günümüzə gətirən, təqdim edən, adını çıxaran yazar kimi son zamanlar onun piarı mətbuat-efir-internet portalları bilmir, durmadan yeriyir.

Bu normaldır; ilk romanını qələmə almış Aqşin, məncə, dərk etmişdir ki, bədiiyyat-istedad-zəhmət öz yerində, Ədəbiyyat son olaraq həqiqəti deyəndə olur, həqiqətin carçısı olanda olur.

Gənc ədibin israrla, çılğınlıqla, bəzən hətta alternativlərə qəti yox deyən bir ədəbi qısqanclıqla, hara gəldi dırmanıb yazıçı mövqeyi nümayiş etdirməyə çalışması, yek kəlmə iddiası da elə bu sevdadandır – düşünürəm...

Aqşinin bir lirik ürkəkliyi ilə ədəbiyyata parlaq gəlişi çoxlarının yadında olmalıdır:

“Unutmaq sözünün şəkli” kitabında; az sonra zamanın sərt üzündən eymənib, gözünə publisist kəsər, aktual düşüncə və çılpaq çağırış motivləri də qatdı; bir az da keçmiş: qəzet publisistikası, solçu dünyagörüş, esseist mövqeyi... – bugün yazıçı pozası almaqdan ötrü daha nə lazımdır ki!

Bütün bunları gəlişigözəl olsun deyib də anmıram; “Göləqarğısancan” romanının özü bu obrazı çağırır, yada gətirir, bu mənəm, mənəm, həmənəm, həmən-həmənəm deyib də vurğulayır; intəhası indi roman sözü-formatı-qiyafətinə hacət var, bu da roman...

Doğrusu, “Göləqarğısancan”ı səriştəli bir oxucu iştahıyla, amma çox çətinliklə, usana-usana, dayanıb-dura oxumuşam; həmincə roman sözü-formatı-qiyafətini axtara-axtara; axtarmışam da ona görə ki, mətn boyu elə hey vəd versə də, özü bu sözü-mətləbi-qayəni – roman həqiqətinin nədən ibarət olmasını axıracan da mənə deyə bilməyibdir.

Mətnin maraq aurası büsbütün metaforik şair sözü və publisist nəfəs üzərindədir: bir çox nələr-nəsnələr ətrafında esseist düşüncələri, bu və ya digər müşahidələrdən doğan orijinal fikir və yozumlar, bu və ya digər sosial gerçəklərin çılpaq şərhi: lümpen həyatına dair qəzəbli səhnələr, qrotesk mənzərələr, bəşəri qarğış və insanlığa ironiya, bir az H.Herisçi sayaq poetik butaforiya, bir az R.Tağı sayağı publisist kərkinmələr və s. və i.

Əsla, Aqşinin bədii istedadına şəkk etmirəm; xam bədiiyyat çabaları altında orijinal bir yazarın yatdığına da bəlkə hamıdan çox inanıram.

Bədiiyyat müstəvisində Ədəbiyyat hardasa elə ötür-ötür, apar-apar oyunudur; on-onbeş il öncə, məsələn, R.Tağının, H.Herisçinin hələ qərib görünən bədii nəfəslərinin bugünlü ədəbiyyatımızın, məsələn, estetik mündəricəsinə girib, gənc yazarların çinədanından çıxması elə bədii gəlişmədir; məsələ budur ki, sən onu hansı həqiqətlə yükləyirsən...

Aqşin Yenisey roman-ətrafı piarında günün tipik bir azərbaycanlısı haqqında yazdığını söyləyir; adı Leş Əlidir, heyvan cəmdəklərini kolbasa sexlərinə sırımaqla dolanışığını çıxarır.

Reklam üçün bəlkə də əlverişlidir; amma oxuyanlar bilir, Aqşinin romanı heç də bu obraz üzərində durmayıbdır; doğrudur, başlanğıcda təhkiyəçi-qəhrəman qonağı olan, qənşərində otuzdurduğu Leş Əli adlı bir bədheybətin naturasından böyük bir həvəslə qəhrəmanı olası obrazın portretini yapa bilir, amma bu hələ yalnız yaxşı bir başlanğıcdır.

Roman-bioqrafi strukturu (qəhrəman üzərində olan romanlar adətən bu strukturu seçir) təsvirə aldığı qəhrəmanı elə bir nöqtədən müşahidəyə, təhlilə cəlb edir ki, bütövlükdə görə və göstərə bilsin.

Gənc romançı isə ilk həmlələrdə hələ heç qəhrəmanına yanaşma, təmas nöqtəsini tapammır...

Yaxın məsafədən (qənşərində) seyrdən sonra təhkiyəçi birdən-birə “yaxından tanışlıq” adıyla Leş Əlini uzaqlara atır; oxucusuna qəhrəmanı uşaqlıqda, gəncliyində görmüş insanların şahidliyi ilə tanıtmağa cəhd edir.

Görünür, yaxından təsvirə gələsi elə bir əhvalat, hadisə yoxdur da; axı leş satıb başını saxlayan bir kimsənə barəsində balaca bir hekayə, ya aktual publisist yazıdan savayı nə alına bilər ki.

Uzaq şahidlərin dindirilməsi (danışması) ilə qəhrəmanın tanıdılması üsuluna mən Latın Amerikası romanında, habelə A.Məsudun “Azadlıq” romanında rastlamışam; burda abstraksiya və ümumiləşmiş müşahidələr heyrət əlaməti olaraq məhz qeyri-adi qəhrəmanın şərhi üçündür.

Tipik Leş Əli haqqında uzaq həmkəndliləri niyə məxsusi danışmalı və nə deməlidirlər ki (heyvanları incidən, leş eşələyən, ən pis əməllərə imza atan, oxuyub-yazmaq bilməyib, məktəbin və müəllimlərin təhqir obyektinə çevrilən hamıya bəlli idbar bir kənd uşağı obrazı)...

Tipiklik belədir ki, ən ardıcıl arqumentasiyalarla romançı Leş Əlinin niyə məhz belə (Leş Əli) olmasına izah verməlidir.

Sosial səbəblərdənmi, tarixi-mədəni faktorlar səbəbinəmi, ya daha da dərin altsəbəblərdənmi?

Bütövlük və inandırıcılıq qayğısına qəti qalmadan, romançı bu amillərin az qala cəmisini qəhrəmanının boyuna biçməyə həvəslənir.

Mahiyyət etibarilə Leş Əli bioloji-instinktiv olaraq eybəcər doğulub: “...and içir ki, Əli anasının qarnından çıxan kimi qaçıb girdi su bəndinə və başladı qurbağa öldürməyə.

Sonra daşla kərtənkələlərin başını əzib, cəsədlərini ipə düzdü, boynundan asdı, əlinə bir söyüd çubuğu götürdü, sükan əvəzi sağa-sola fırladıb başladı kəndin içində ağzıyla maşın sürməyə...”

Aqşin Yenisey Azadlıq Radiosunun studiyasında
Axx, bu Avropa romançılığının ekspansiyası!, mətndə bir neçə dəfə qınaqla ədəbiyyatımızın Qərb romançılığını sadəcə təqlid etməsi anılsa da, belə bir məqamda P.Züskindin “Ətriyyat” romanının ecazkar təsirindən qurtulmaq asanmıdır: söhbət bədheybət eybəcərliyindən gedir.

Amma işə bax ki, Züskindin duyğusuz, daş qəhrəmanı hətta sevgisində də qəddarcasına özünə sadiqdirsə, Leş Əli romanın axırına doğru birdən-birə mənəvi ölüdən duyğusal sevgi qəhrəmanına çevrilir, başqa bir – psixoloji obrazın donuna girir (psevdo-ironiya məqamı burda mahiyyəti dəyişmir, çün münasibət ifadə edib, obrazın mündəricəsinə qəti dəxaləti yoxdur)...

Əlinin bədheybətliyində kommunist atasının, “kapitalizmə, burjua sinfinə nifrət edən sadə və hirsli sovet kəndlisi”nin sanki birbaşa günahı yox, o, qırmızı imperiya çökər-çəkməz doğulub və belə çıxır ki, tam müstəqilliyimizin övladıdır; amma nə bilmək olar, romançı övladlarına Marks, Lenin, Voroşilovun adını vermiş ailənin sosial mənşəyini xatırlatmağı da heç əbəs bilmir – od olmasa, tüstü çıxmaz inadıyla.

Amma görünür, azərbaycanlının Leş Əliliyi ən çox onun məhz azərbaycanlılığında, şərqliliyində, müsəlman olmağındadır; nədən? – bu yerdə romançıya, təbii ki, dolanışıq üçün cəmdək satmağa məcbur olmuş birisinin (sosial-bioloji bədheybətin) timsalı azlıq edir.

Başqa obrazlar hesabına o, Leş Əlini “zənginləşdirməyə” qərar verir; şəhər həyatında Leş Əli daha Leş Əli olmayıb, obraz konkretliyini itirir; sərgərdan, çayxana avarası, yumurta alverçisi, siyasi konyukturçu, yalançı müxbir, saxta partiya üzvü, aşiq (sevgiyə parodiya) cildlərində görünür.

Sanki müəlif qəhrəmanını bircə-bircə publisistikasının hədəfi kimi sınamağa başlayır; halbuki əsərdə eyni rolda paralel personajlar da var (Gursəs və onun komandası)...

Ən nəhayət, güman ki, süjetsizlikdən bezib (zira roman-bioqrafi əvvəli, davamı və axırı olan hadisə-əhvalatsız keçinə bilməz), qəhrəmanının ölümünə fitva verir; və guya bu yerdə təhkiyəçi-qəhrəman Leş Əli barəsində yazmaq eşqinə düşür; hansı hünərinə görə, yenə bəlli olmur.

İnsafən deməliyəm ki, əsərin ikinci yarısında – o yerdən ki, romançı qəhrəmanın ölümü versiyasına qane olmayıb, başqa süjetə əl atır, təhkiyəci-personaj bir neçə dostunu da götürüb, kəndə, Leş Əlini ziyarətə gedir, Leş Əlinin də obrazı bu planda təbii, səliqəli, daha real alınır.

Birbaşa müşahidə və təsvir planında Aqşin Yeniseyin dadlı təhkiyəsi, iti qələmi var; xüsusən idillik kənd mənzərələrinin sükutunu asta-toxdaq müdaxilələri ilə uf demədən pozurkən; şeirlərində olduğu kimi, prozasında da Aqşin bu yerdə əvəzsizdir.

Bir anlığa düşünək, roman yazmağa şirnikməyib, o, kənddə tək-tənha, ailəsi tərəfindən tərk olunmuş, qoca nənəsi ilə zəhmətkeş həyatı yaşayan, ara-sıra şəhərdən tanış dost-aşnası, layiqincə qonaqpərvərliyi, sədaqətli iti... – sadiq bir insan barəsində hekayət (povest) yazmağa qərar verə idi!

Həmən zəhmətin ecazına dala-dala bir də baxıb görəsiydik ki, bu həyatın adı da, dadı da birdir – leş alıb-satmaq!; çağımız barədə necə amansız bir əsər alınardı, hə?

Qayıdaq o yerə ki, “Göləqarğısancan”, çoxsaylı müəllif bəyanatlarına rəğmən, heç də Leş-azərbaycanlılıq barəsində roman-bioqrafi strukturuna girmir.

Bu, kifayət qədər uğurlu alınmasa belə, birbaşa düşüncə romanı qiyafəti-formatına oturmuş bir mətndir.

Romanın ayrıca – düşüncə planını daşıyan təhkiyəçi-qəhrəmanı var; və çox yerdə onun müəllifdən, romançıdan məxsusi ayrılması, yazar, qələm əhli, romançı qəhrəman kimi kənardan görünməsi qabarıqdır.

Yadımıza salsaq, roman Cünun çağrılan personaja xitab və bu dərd əhlinin təsvirini verən girişlə ayaq alır; “Sənə o zamanlardan danışıram ki...” cümləsiylə start götürən əsas mətn isə başlanğıcdaca xəstə bir cəmiyyətin kollektiv portretini cızan geniş panorama meyl edir və yenə xitab: “Ölkə içki düşkünüydü, Cünun!”

İlk hədəf bəllidir: qırmızı imperiya çökdükdən sonra dözülməz qalıqları altda, sosial özbaşınalığı, başsız tarixi-mədəni keçmişi, etno-çılpaqlığı, fanat insanları və fanatik-fantastik çırpınışları-entuziazmı ilə dal-qabaq qalan bir cəmiyyətin son dərəcə qəmgin-peşiman halı (burda bircə Qarabağ müdaxiləsi mövzusu xatırlanmır)...

Və uğurlu tapıntı – monoloji düşüncəni hər yerdə dialojiyə (Cünuna xitablar) kökləyə bilən dinamik forma...

Sonrasına baxaq; Cünuna xitablar mətn boyu davam edir; amma əvvəlcə kökləmə səciyyəsində olan, maraqlı hadisələr vəd verən bu müraciətlər (“Cünun, sən uzaqlara bax...”) tədricən formallaşır, Leş Əli barəsində təfərrüatların passiv təsdiqinə “zü” tutur və azaldıqca azalır.

Görünür, təcrübəsiz romançı imitasiya etdiyi formanın (Həmid Herisçidənmi?) önəminə gərəyincə həssas ola bilmir; Leş Əli məqamına aludə olduğundan (halbuki mətnin qapsadığı düşüncə çevrəsində belə məqamlar nə qədərdir) romançı bəlkə də heç janrın fərqində də deyildir.

Təəssüf!; düşüncə romanı düşüncə dramatizminə köklənə bilmir; odur ki, mətn əlahiddə hissələrə parçalanır, artıq qeyd olunduğu kimi, ayrı-ayrı passajlara, yozumlara, təsviri personajlara, publisistika və metafora oyunlarına səpələnir; bütöv, aydın, məqsədli roman sözü, qayəsindən danışmaq olmur...

Düşüncə hədəfi sanki bəllidir dedik: sosial və tarixi bəlalar içrə capalayan xəstə Azərbaycan; bu zaman gənc romançı bir neçə tematik plana xüsusən ehtiraslıdır.

Bunlardan birincisi din mövzusudur; başdan-başa ateistlər ölkəsindən çıxmış cəmiyyətin indi də Allah ideyasına qurşanması romançını yamanca əsəbləşdirir... İkincisi, qadın məsələsidir, Şərq, o sıradan Azərbaycan qadınının reallıqları...

Üçüncüsü, mətnin az qala hər guşəsindən üzə duran seksual inqilab temasıdır...

Hədəflər Aqşinin poeziyasından da, publisistikasından da bəlli olanlardır; roman atəşi necə, açılırmı?

Deməzdim; düşüncə sırası boyu mətnə təkrar-təkrar yüklənən mövzular heç də problemləşdirilmir, bədii analizə gəlmir; eləcə suqqestiv boyalar şəklində qalaqlanıb-qalır.

Roman dərki konseptuallıq istəyir; atəş məhz hansı platformadan açılmışdır.

Dini fanatizm, eybəcər dindarlıq vaxtilə Mirzə Fətəlinin də kəskin publisist atəşinə məruz qalmışdır – “Kəmalüddövlə məktubları”nda; xəstə Azərbaycan Ə.Haqverdiyevin kəsərli publisist qələminə tuş gəlmişdir – “Xortdanın cəhənnəm məktubları”nda, “Mozalan bəyin səyahətnaməsi”ndə; publisist yaxınlığa görə məhz bu əsərləri anıram; platforma açıq və bəlliydi; maarifçi ironiya da, realist gülüş də bir ona yönəlmişdi ki: bu xalq nədən tərəqqidən, intişardan, sivilizasiyadan yan qaçsın...

Üstündən əsr, əsr yarım ötür; gor qazmaqla iş aşmaz; roman düşüncəsi axtara-axtara təhkiyəçi-qəhrəmanla təmas, kontakt arayıram; atəş hansı nöqtədən açılmışdır? O qəzəblənir, şəbədə edir, məzələnir, bir elə ona görəmi ki, azərbaycanlının dini İslamdır?; Azərbaycan qadını zavala gəlir, nədən, günahı doğrudan da mı eləcə Şərqliliyindədir?

Bütöv Azərbaycan cəmiyyəti xəstədir, niyə, eləcə Azərbaycan cəmiyyəti olmağındanmı?

Təhkiyəçi-qəhrəmanın bütün bu suallara cavabı yoxdur; bəlkə də düşüncə məsuliyyətinin altına girməzlikdən yükü elə hey bu və ya digər personajın üstünə atıb, yayınır.

Qəhrəmansız isə roman olmur. “Bizim ölkədə telefon xətlərində seksual inqilab çoxdan baş verib, Cünun, özü də elə namuslu, ismətli ev qızlarının hesabına...”; yükləməyə nə var, Amerika ədəbiyyatından misal: seksual inqilabı təfərrüatlarınacan anlamaqdan ötrü məşhur Henri Miller roman-üçlüyündə təhkiyəçi-qəhrəmanını daha hansı situasiyalardan keçirməmişdi!; bizim Vətən dərdi çəkən düşüncə qəhrəmanımız isə zavallı ev qızlarının tumanları altına boylanmaqla eyni işi gördüyünümü zənn edir?

Nə qədər mahir qələmə tuş gəlsə də, əsərdə pornoqrafik səhnələrə aludəçilik aşkardır.

Hətta bir məmurun iti ilə cinsi əlaqə detalından iki dəfə, ayrı-ayrı şəkillərdə istifadə olunub. Sanki sosial ədalətsizlik mövzusuna müəllif açıq qəzəbi ilə cavab axtarır.

Mən bir yazımda da yazmışam; bizim sosialçılıqla məşğul yazarlarımızda qəzəb heç də etibarlı silah deyil; ədəbiyyat qəzəbi sevmir...

Bu əsnada Aqşin Yeniseyin sağlam ironiyası daha əfzəldir; milli (xüsusən də patriarxal) çizgilərə şəbədə məqamlarında bu, doğma və əsil görünür.

İstedadına ərk edib, mən Aqşin Yeniseyin gölə qarğı sancanı elə burdaca, ilk roman təcrübəsində basdırdığına inanıram.
Əsərdə dərdin bir-birinə caladığı bir “şən və hazırcavablar dəstəsi” də var: qəzetçi Keyşəbədə, cənublu şair Çörək və təhkiyəçi-qəhrəman (lap Danabaşı yazıya götürən üçlüyü xatırladır); bax illüstrativ genişliyə uymasaydı, Aqşinin qələmində bu şən dərdlilər dəstəsinin sərgüzəştləri barəsində yığcam bir hekayət (povest) də əsil alınardı – düşünürəm.

Ən çox təhkiyəçi-qəhrəmanla mən əsərin lap sonluğunda kontakta girə bilirəm.

Bu, bəlkə də romançının da qəhrəmanı ilə eyniləşdiyi, birikdiyi məqamdır.

Hansımızın başına gəlməyib, yaxınlarını itirən yazıçı qəzəbsiz, sevincsiz, həyat istəklərindən uzaq bəşəri bir kədərin içinə girir; indi onu bu rahat uyqunun ağuşundan yalnız Ədəbiyyat qopara-qurtara bilər; ümidli sonluqdur, deyilmi?

“Göləqarğısancan” romanının müqəddiməsində, mətbuatda Koelyo başlanğıclarına bənzədilən daha bir pritça da var; Musa peyğəmbər və kor uşağın əhvalatı.

Həmin kor uşağın timsalında romanda göləqarğısancan kimdir?

Aydındır ki, təcrübəsiz romançı bu yerdə daha çox qəhrəmanı Leş Əlini görmək istəyir; amma ciddi mətləblərə əl atıb, oxucunu həqiqət dəryasına cəlb edən, sonra da axıracan üzmək bilməyib özüylə bahəm sularda qərq edən yazarın özü necə, gölə qarğı sancan adlanammazmı?

İstedadına ərk edib, mən Aqşin Yeniseyin gölə qarğı sancanı elə burdaca, ilk roman təcrübəsində basdırdığına inanıram.

Həmçinin oxu
Aqşin Yenisey "Göləqarğısancan" (Romandan parça)
XS
SM
MD
LG