Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

«Siyasi qüvvələr «AXCP-Müsavat»ı gözləyir»


«Bu gün YAP-da daxil olmaqla ölkədə bütün siyasi qüvvələr bizim qərarımızı gözləyirlər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. İsa Qəmbərin sözlərinə görə, bir sıra partiyaların namizədlərinin hansı dairədən qeydə alınması Müsavat- AXCP seçki blokunun qərarından asılıdır.

SİYAVUŞ NOVRUZOV DA ETİRAF ETDİ Kİ...

«Faktiki olaraq bu gün YAP da daxil olmaqla ölkədə bütün siyasi qüvvələr bizim qərarımızı gözləyirlər. Bir çox partiyalar, müxalifət adlandırılan partiyalar blok qurma barədə danışırlar,amma ortada heç nə yoxdur. Bir sıra hakimiyyətin yanında olan partiyalar var ki, uzun müddət blok haqqında danışırdılar, ancaq son günlərdə Müsavatla-Cəbhənin seçki blokunun alınacağı görünəndən sonra bir az dəqiq danışmağa başlayıblar ki, blok yaradacaqlar. Hətta Siyavuş Novruzov da etiraf etdi ki, biz müxalifətin namizədlərini izləyirik, o bəlli olandan sonra biz də öz namizədlərimizi müəyyənləşdirəcəyik. Yəni bununla etiraf etdilər ki, YAP-ın seçki qərarları, faktiki olaraq hakimiyyətin seçki qərarları, çünki YAP-ın seçki qərarları fiktiv bir şeydir, yəni qərarları prezident aparatında qəbul edəcəklər. Onların namizədlərinin hara gedəcəyi bizim qərarımızdan asılıdır».

Müsavat başqanı Siyavuş Novruzovun «YAP-ın 500 mindən çox üzvü var, hamısı da ləyaqətli insanlardır, ancaq onlardan yalnız 125 nəfəri deputat seçiləcək» fikrinə də münsibət bildirib. İsa Qəmbərin sözlərinə görə bu qeyri ciddi bir rəqəmdir.

HAKİMİYYƏT DAXİLİNDƏ ZİDDİYYƏT VAR

Əli Kərimli

«500 min YAP-çının böyük əksəriyyəti 2000-ci ildə də, 2005- də də bizim namizədlərə səs veriblər. Bu keçmiş Sovet İttifaqının Komunist partiyasının rəqəmi kimi qeyri-ciddi bir rəqəmdir. YAP-ın siyahısı varsa, masanın üzərinə qoysunlar, qoymurlarsa, demək yoxdur, yalan danışırlar. Çünki əvvəla öz daxillərindəki ziddiyyətləri həll edə bilmirlər. Ziddiyyətlər var hakimiyyət daxilində, Əliyev rejimi daxilində. İkinci də biz namizədlərimizi bəyan edənə qədər öz namizədlərini bəyan edə bilmirlər çünki bizim namizədlərdən asılı olaraq öz sistemlərini quracaqlar».

AXCP sədri Əli Kərimli isə deyib ki, Azərbaycanda bütün partiyaları məhv etmək siyasəti aparılır. Onun sözlərinə görə hətta hakim partiya daxilində heç kimin sərbəst fikir söyləmək səlahiyyəti yoxdur.

YAPDAXİLİ QADAĞA?

«YAP- da siyasətdən sıxışdırılıb çıxarılır. Artıq klassik mənada YAP partiya olmaqdan çıxıb. Partiyanın qərarları partiyada kollegial qaydada müzakirə olunmur. Partiyanın hətta ali orqanında təmsil olunan insanların öz mövqeyini ifadə etməsinə qadağa qoyulub. Hər kəs yuxarıdan aşağıya ancaq təlimat gözləyir ki, o təlimatı yerinə yetirsin. İndi elə bir şərait yaradılıb ki, bütün YAP-çılara sanki siyasətlə məşğul olmaq qadağan alunub. Sanki bu adamlar siyasətçi yox, əsgərdirlər. Bunlara nə komanda verilsə «bəli, baş üstə» deməlidirlər. Seçki gəlib çatıb, amma heç biri cəsarət edib deyə bilmir ki, mən deputatlığa namizəd olacam, filan dairədən namizəd olacam. Yaxud bu məsələni müzakirə edə bilmir. Bu iqtidar partiyasının özünü də sıradan çıxarmaq cəhdidir. Ölkədə partiyasız cəmiyyət formalaşdırmaq siyasətidir».

AXCP sədri yeni seçki blokunda bəzi dairələr üzrə namizədlərin toqquşması məsələsinə də münasibət bildirib. O deyib ki, artıq 70-dən çox dairələr üzrə namizədlər müəyyənləşib. Bir neçə dairədə müstəqil namizədlər dəstəklənəcək və dəstəklənən müstəqil namizədlərin sayı dairələr üzrə arta bilər. Əli Kərimli onu da deyib ki, onların sırasında deputat olmağa o qədər layiqli namizədlər var ki, hamısını yerləşdirilməsi üçün çətinlik çəkirlər.

«Bir çox dairələr var ki, orada bizim tanınmış özünə inanan və layiq bildiyimiz namizədlər toqquşurlar. Eyni dairədən namizəd olurlar. Belə dairələr təssüf ki, var və çoxdur. Amma bu işin bir pozitiv tərəfi də var. Bu onu göstərir ki, hökumətin bütün təbliğat tezislərinə baxmayaraq müxalifət sıralarında bütün bu təzyiqlərdən sonra da yetərincə çoxlu sayda layiqli deputat olmağa namizədlər qalıb və onlar o qədər çoxdur ki, biz çətinlik çəkirik onların dairələr üzrə yerləşdirilməsində. Ona görə bizim belə bir razılığımız var ki, biz hansı dairələrdə razılığa gələ biləriksə, həmin dairələrdə razılığa gəlməyi sürətləndirək, seçki blokunun yaranmasını təmin edəcək qədər razılaşma əldə edək, sonra isə razılaşması çətin olan dairələrə bir daha diqqətimizi cəlb edəcəyik. Biz onu da mümkün sayırıq ki, blok yaranandan sonra, çoxlu sayda blokun vahid namizədləri olandan sonra bir neçə dairədə bizim blokun vahid namizədləri olmaya da bilər. Amma bir neçə dairədə hər iki namizəd çox israr etsə, onlara yarışma fürsəti tanıyacağıq».
XS
SM
MD
LG