Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:29

MSK yoxsa, Prezident Aparatı?


Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov
«Seçkiləri həyata keçirən Mərkəzi Seçki Komissiyası deyil, Prezident Administrasiyasıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov deyib. Onun sözlərinə görə, seçkilər icra hakimiyyətindən asılıdır.

«Mən hesab edirəm ki, seçki prosesi Azərbaycanda icra strukturlarının nəzarəti altındadır. Fərqi yoxdur aşağıdan, yəni yerli icra hakimiyyətindən tutmuş, mərkəzi icra hakimiyyəti və hətta Prezident Administrasiyası səviyyəsində. Sadəcə hərənin öz bölgüsü var və reallıq bundan ibarətdir ki, bu seçkiləri əslində həyata keçirən, təşkil edən Mərkəzi Seçki Komissiyası deyil, Prezident Administrasiyasıdır və onun yerli strukturlarıdır».

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyib ki, dövlət qanunlar üzərində qurulmalıdır. Qanunların işləməsi barədə bəyanatlar və ya sərəncamlar vasitəsi ilə deyil.

SEÇKİDƏN-SEÇKİYƏ TƏLİMAT
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu


«Bu gün əgər seçki məcəlləsi MSK–nın qəbul etdiyi təlimatlara uyğun hüquqi güc əldə edirsə və yaxud da Prezident Aparatının göstərişi ilə Seçki Məcəlləsi və ya Konstitusiya işləyirsə, bu, o deməkdir ki, həmin ərazidə, həmin siyasi coğrafiyada dövlət adında bir qurum yoxdur. Çünki dövlət öz-özünə işləyən qanun və Konstitusiya əsasında mövcud olan siyasi bir strukturdur. Dövlət və hakimiyyət orqanlarının o cümlədən Prezident Aparatının vəzifəsi qanun və konstitutsiyanın icrasına nəzarətdir. Yəni həmin qanunun icrasına qiymət verməkdən ibarətdir. Dövlət belə idarə edilməlidir. Yoxsa tutaq ki, Azərbaycanda Konstitusiya var, həmin Konstitusiyanın hər hansı bir maddəsi məsələn Məzahir Pənahovun öz kefinə qəbul etdiyi hər hansı bir təlimatla hüquqi güc əldə edəcək seçkidən-seçkiyə, bununla da biz guya demokratik seçki keçirəcəyik. Bu tamamilə yanlış bir mövqedir».

MƏNFİYƏ DOĞRU TENDENSİYA


Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov seçkilərin keçirilməsi ilə bağlı ATƏT-in təklif etdiyi tövsiyələrə də toxunub. O deyib ki, bu tövsiyələr də Azərbaycan hökuməti üçün rol oynamır.

«İyunun 18-də ATƏT təkliflə çıxış elədi, seçki məcəlləsinə mənfi istiqamətdə dəyişikliklər oldu. Seçki qabağı müddət azaldıldı və s. ATƏT təkliflərlə çıxış elədi məntiqi baxımından gözləmək olardı ki, hökumət müsbətə doğru nələrisə dəyişəcək. Amma sanki hökumət bu təkliflərin acığına daha mənfi addımlara gedir ki, nə qədər seçki qanunvericiliyi ilə bağlı təkliflər, tövsiyyələr versəniz, o qədər əvəzində geriyə gedəcəyik. 2008-ci ildən bəri aparılan proseslər göstərir ki bu tendensiya mənfiyə doğru dəyişir».

Sərdar Cəlaloğlu isə namizədlərin telekanallarda çıxışı məsələsinə toxunaraq qiymətlərin televiziyalarda olduqca baha olduğunu bildirib.

Media eksperti, Bakı Dövlət Universitetinin müəllimi Qulu Məhərrəmli
1 SANİYƏ 47 MANAT


«Azərbaycanda özəl televiziyalar var, amma müstəqil deyillər. Yəni bunlar da bu və başqa şəkildə hakimiyyətə yaxın olan dairələrin əlində olan özəl televiziyadır. Və bu televiziyalar özlərinin simasını qorumaq üçün seçkiqabağında təbliğata istənilən kimi razılıq verirlər. Amma onun elə qiymətlərini müəyyənləşdirirlər ki, həmin qiymətlər adi vətəndaş üçün seçkilərdə demək olar ki, öz namuslu əməyi ilə, özünün imici ilə iştirak edib tutaq ki, millət vəkili adını qazanmaq istəyənlər üçün əlçatmazdır. Məsələn televiziyalarda bir saniya 47 manat hesabı ilə götürülür ki, 3 dəqiqəsi 50-60 min dollar pul edir».

Media eksperti, Bakı Dövlət Universitetinin müəllimi Qulu Məhərrəmli telekanalların təbliğat üçün qoyduğu qiymətləri lətifə adlandırıb.

ADI ÖZƏL TELEVİZİYALAR


«Bu, gizli deyil, hər kəs bilir ki, özəl kampaniyaların adı özəldir. Əksəriyyəti müstəqil qərar vermək imkanına malik deyillər. Yəni bu televiziyaların çoxu göstərişlə, hətta qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı bu cür qərar verilir. Amma xarici təcrübə var. Əslində təbliğat kampaniyasında elə qiymətlər müəyyənləşdirilməlidir ki, özəl televiziyalar da bunda bu və ya başqa formada gəlir əldə edə bilsin. Yəni o maddi texniki bazalarını genişləndirmək üçün bu bir fürsətdir ki, onlar yaranmış bazardan bəhrələnsinlər. Çox təəssüf ki, ağlagəlməyən qiymət qoyulur. Qoyulan qiymət əslində lətifədir. Heç kim düşünməsin ki, bunları niyə belə edirlər sualının cavabını cəmiyyətdə heç kəs bilmir».

XS
SM
MD
LG