Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Yenə Təbriz


Kənan HACI

Dünya ədəbiyyatı xəzinəsinə öz paylarını vermiş bütün yazıçı və şairlər yaşadıqları dövrdə heç vaxt uzun müddət bir yerdə qalmamış, daim səfərlərdə olmuş, bir qitədən o biri qitəyə səyahətlər etmiş, gəzib-dolanmış, bəziləri uzun müddət mühacirətdə yaşamış, qürbət acıları çəkmişlər.

Adları sadalasaq, çox uzun bir siyahı alınar.

Həm də deyirlər, çox oxuyan yox, çox gəzən çox bilər.

Ölkədaxili turnelər və xarici ölkələrə barmaqla sayılacaq qədər az olan səfərlərimin təcrübəsindən çıxış edərək deyə bilərəm ki, bir yerə ikinci dəfə getmək insana çox gözəl hisslər yaşadır.

Təbrizə ilk dəfə bu ilin qışında getmişdim. Astara sərhədində gördüklərim bütün əhvalımı pozsa da Heyran-Ərdəbil-Sərab yolu hisslərimi nizama salmışdı.

Biz Təbrizə girəndə artıq axşam düşmüşdü və aram-aram qar yağırdı.

Bu barədə ötən səfər qeydlərimdə yazdığımdan təfərrüata varmıram.

İkinci gəlişimdə özümü daha arxayın və sərbəst hiss edirdim.

Sərhədi keçən kimi ötən dəfə bizi öz maşınında Təbrizə aparmış Səid qarşımda peyda oldu. Üstümüzə yeriyən taksi sürücülərinin həmləsini yarıb onun maşınına əyləşdik.

Səfərimizin məqsədi elə də ciddi deyildi. Bu dəfə də xanımımla birlikdəydim. O, indidən başı bağlı gəzməyin qayğısını çəkirdi.

Orucluq ayı İranda yeməkxanalar, mağazalar işləməz, küçədə bir kimsənin damağında siqaret görə bilməzsən, çox ciddi qadağalar mövcuddur.

Amma daxilən azad insanları gördükcə bir az yüngülləşirsən, yoxsa bu qaragüruh səltənətində adam az qalır boğulsun.

Xanımım yol boyu bir-birini əvəz edən mənzərələri seyr etdikcə deyir: “Bura Qax yolunu xatırladır.”, “Bura eynilə Zaqataladır!”, “Bura Binəqədi dairəsini xatırladır.”

Qırmızı dağlara baxırsan, elə bil ət qutabının üstünə sumax səpibsən, bu bənzətmə Xızı dağlarını qalxarkən ağlıma gəlib.

Tanış mənzərəylə rastlaşanda İlhamə xanım dərhal dilləndi: “Bura ki, Xızıdır!”

Bu ondan irəli gəlir ki, torpağın kökü, şirəsi birdir, qardaşın qardaşa oxşamasından təbii nə ola bilər?!

Yolüstü nahar etmək istədik, Səid bizi gözəl bir yerə apardı. Ərdəbil yolunun kənarında xudmani yeməkxana var, nəhəg meşə sanki ovcunun içindədir. Orda oturub bir qismət çörək kəsdik.

Sonra Ərdəbil terminalından rahat bir avtobusla Təbrizə yola düşdük.

Bəndeyi-həqiriniz qəribə, anlaşılmaz hisslərin əsiri olmuşdu. Buralar da vətəndir, arada isə sərhəd durur.

Sərhəddi keçəndə Arazın sakit axışına baxırdım, iki qardaş arasına qılınc təki qoyulan Arazın suları sanki mülayimləşib, tarixin amansız məntiqi önündə yumşalıb.

Tarix boyu çox sərhədlər aradan götürülüb, xəritələr dəyişilib. Bütöv Azərbaycanı ikiyə bölən imperiya çoxdan cəhənnəmə vasil olub, onun sərhəd yarası isə hələ də göynəyir...

Bu gün İran adlanan yerdə milli demokratik qüvvələrə qarşı repressiya həyata keçirilir, Milli Oyanış Hərəkatının fəalları zindanlara atılır, onlara olmazın işgəncələr verilir.

Onlar bizim qan qardaşlarımızdır.

Onlara edilən zülm bizim bütövlüyümüzə endirilən zərbədir. Təbrizdə mübariz ruhlu insanlar yetərincədir, bu şəhər tarix boyu inqilabların beşiyi olub.

Rejimin ən çox qorxduğu, ehtiyatlandığı və basqı altında saxladığı məkan Təbrizdir.

***

Təbriz terminalında dostumuz Məmmədrza bizi qarşıladı, onun qara rəngli “Reno”sunda bacısının Zəfəraniyədəki evinə yollandıq.

Xanımı Sədaqət bizi gülər üzlə qarşılayır. Yeznəsi Məhəmməd Yekani təzəcə dünyasını dəyşib, bizim gəlişimizdən bir gün əvvəl onun qırx məclisini veribmişlər.

Çox gözəl, yaraşıqlı, komfort şəraitli bir evdir, həyətə açılan eyvan göz oxşayır, gül-çiçəkli bağçaya baxdıqca gözün dincəlir.

Təbriz-Culfa dəmiryolu fonunda dağlar
Böyük zalda kondisioner işləyir, yol yorğunluğu canımızdan çıxır.

Məhəmmədrzanın da, Sədaqət xanımın da rəftarında, danışığında kənd adamlarına xas o qədər səmimilik var ki, qonaq olduğunu unudursan.

Dostumuzun bir oğlu var, adı Kiyarəşdir.

Mən orda olarkən Təbrizin Səhənd stadionunda “Bələdiyyə” futbol komandası ilə Abadanın “Neft” komandasının oyununun şahidi oldum.

Stadionda fars rejiminin əleyhinə şüarlar səsləndirilirdi: “Rus, fars, erməni, Azərbaycan düşməni!”, “Bakı-Təbriz, Ankara, Türk hara, farslar hara?!” “Azərbaycan var olsun, düşmənləri kor olsun!” və sair və ilaxır.

Bu oyun canlı yayımla efirə verildiyindən stadionda səslənən şüarlar televiziya vasitəsilə də yayılırdı və heç şübhəsiz ki, fars oliqarxiyası da bu şüarları eşidirdi.

Təbrizin komandası 3:2 hesabıyla qalib gəldi və o andan şəhərin küçələrində canlanma əmələ gəldi.

Gecə vaxtı dostumuz Məhəmmədrzanın maşınında evə qayıdırdıq, yollarda polislər qarışqa kimi qaynaşırdı.

Yerli əhali “Bələdiyyə”nin qələbəsini qeyd edirdi, siqnal verə-verə şütüyən maşınların üzərində türk bayrağı dalğalanırdı.

Neçə yerdə polislə gənclərin arasında “razborka” gedirdi, bəzi yerlərdə əməlli-başlı qarışıqlıq düşmüşdü.

Avqustun 22-ində “Traxtur” öz azarkeşlərilə görüşməliydi, səsləndirilən şüarlardan və qarışıqlıqdan qorxuya düşən İran Futbol Federasiyası oyunu təxirə saldı.

Indi bu sətirləri yazarkən mətbuatda oxudum ki, avqustun 23-ündə axşam saatlarında həmin “Səhənd” stadionunda “Traxtur” ilə “Mələvan Ənzəli” komandaları arasında keçirilən görüşdə azərbaycanlı azarkeşlərlə hökümət qüvvələri arasında qarşıdurma yaranıb.

Matç 2:0 hesabıyla “Traxtur”un xeyrinə başa çatıb.

“Traxtur”a azarkeşlik etmək üçün Təbriz şəhərinə Güney Azərbaycanın başqa yerlərindən də minlərlə adam gəlibmiş. Bu oyunda da eyni şüarlar səsləndirilib.

Bir-iki dəfə axşamlar Şah gölünə getdik. Düzdür, indi bu gözəl məkan El gölü adlanır, amma camaat hamılıqla Şah gölü deyir.

Mən də “Şah gölü” ifadəsini xoşlayıram, nəsə mənə doğma gəlir. Bakının heç bir yerində bu dizaynda geniş ərazi mövcud deyil.

Bakının dənizkənarı Milli Parkı da Şah gölü ilə müqayisəyə gəlmir. Burada axşamlar ailəliklə gəlib çadır qururlar və sübhə qədər o çadırın içində qalırlar.

Çadırı olmayanlar maşınlarla gəlir, çəmənliyə xalça-palaz sərib bardaş qururlar, gecədən xeyli keçənə qədər yeyib-içir, şirin-şirin söhbətləşirlər.

Təbrizdə çayxana
O qədər tanış üz var ki, mənə elə gəlir Azərbaycanın müxtəlif yerlərində bu adamlarla, ya da onların bənzərləriylə görüşmüşəm.

Güllü-çiçəkli bağçalar ruhuna dinclik gətirir, ovaqtını duruldur. Şah gölünün yüksəkliyində əzəmətli bir otel ucalır.

Deyirlər, İlham Əliyev Təbrizə gələndə bu oteldə dincəlir. Otelin yuxarısında dairəvi bir restoran var ki, döşəməsi fırlanır. Oradan Şah gölü ovuc içi kimi görünür.

Axırıncı axşam Firudin adlı bir azərbaycanlı öz ailəsilə birlikdə bizimlə görüşə gəldi.

Günortanın istisindən sonra sümüyümüzə işləyən axşam sərinində dərdlərimiz çözələndi. Söz sözü çəkdi. Qəribi burda ağlamaq tutdu!..

O danışırdı ki, bir neçə il bundan əvvəl azərbaycanlıları hansısa qəzetdə pıspısa şəklində təsvir etmişdilər, buna görə şəhərdə qırğınlar oldu, nə qədər azərbaycanlını öldürüb Şah gölünə atdılar.

Dəhşətə gəldim. Görün, bu millətin başına nə oyunlar açırlar?!

Firudin bəyin həyat yoldaşı Süheyla xanım türkcəsinin şirinliyi ilə əsl kübarlıq işığına bürünüb.

Geyimi, rəftarı, düşüncələrilə tam müasir bir xanım olduğu görünür. O da xalqımızın dərdlərindən danışır.

***

Bu səfərdə məni ən çox Kəndovan heyrətləndirdi. Bu yer son dərəcə qeyri-adi gözəlliyə malik olan ekzotik bir məkandır.

Kəhrəba təpələrin yamacında sıralanmış şişpapaq qayaların içində insanlar yaşayır, bu qaya evlər deyilənə görə, qışda isti, yayda isə sərin olur.

Traktorsazi klubu Təbriz stadionunda
Təbrizdən Kəndovana maşınla xeyli yoldur. Məhəmmədrza o möcüzəli yerləri bizə göstərmək üçün maşının sürətini artırır, Təbrizdən çıxırıq, təbiətin gözəlliyi elə bil soluxur, yol boyu bizi şəhərin sənaye bazasını təşkil edən zavodlar, kirəc karxanaları, xırda sexlər müşayiət edir.

Köhnə mülklər, qədim, yosma, ovulub tökülmüş kərpic evlər, yaylalara qonan təkəm-seyrək yurdlar qarşısıalınmaz bir qüvvə ilə məni özünə çəkirdi.

Yolun solunda müasir şəhərcik- Səhənd...

Sonra Üsgü gəlir. Hündür mərtəbəli ağ evlər sıralanıb, qırmızı kirəmitli mülklər boyunbağı kimi şiş təpələrin boynundan asılıb.

Kəndovanda tacirlər qarağat dadı verən qırmızı çay, acı qarpız, göyzəban, cürbəcür ədviyyat satırlar.

Qırmızı çay qan təzyiqinin dərmanıdır, almaya bənzəyən acı qarpız isə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır, onu ilıq su dolu vannaya atıb ayaqlarını içinə qoyursan, qarpızın acısını dilində hiss edənə qədər ayaqların vannada qalmalıdır.

Şəkəri bu yolla “sındırmaq” olur.

Dağlardan süzülüb gələn bulaq suyu da min bir dərdin dərmanıdır. Bir-iki bardaq doldurub maşının yük yerinə qoyuruq.

Qaya evlərin qaşındakı düyünləri kim çözə bilər, alnındakı qırışları kim oxuya bilər?! Deyilənə görə, Qabil Habili bu yerlərdə öldürüb.

Kəndovan dünyanın ilk cinayətinə şahidlik edib.

Alnından bulaq-bulaq su axıdan yollar yenə ahəstə-ahəstə bizi Təbrizin küçələrinə qaytarır.

Bir günün təəssüratı o qədər zəngindir ki, fikirlərimi heç cür nizamlaya bilmirəm.

Nisgil dumanı kimi dağların ətəyincə sürünən “Qaragilə” mahnısının sədaları qulaqlarımda səslənir:

Təbrizin küçələri dolanbadolan, Qaragilə,
dolanbadolan...


Bu şəhərin nə böyük səbri varmış!

Təbriz bazarı
Zaman-zaman inqilablara hamilə olmuş Təbriz zahirən sakit görünsə də içindəki fırtınanı görməmək mümkün deyil.

Təbrizin ədəbi mühiti ilə tanışlıq istəyimi hələ Bakıdaykən dəyərli dostum Sayman Aruza bildirmişdim.

O da Təbrizdə yaşayan bir neçə şairin ünvanını vermişdi ki, onlarla görüşsən səninçün faydalı olar.

İlk öncə Cəfər Bozorg Əmini aradım. Çox duyğulu, mehriban, səmimi bir insan.

Saytlarda şəkillərini görmüşdüm deyin, uzaqdan görən kimi onu tanıdım. Cəfəri həm də şeirlərindən tanıyırdım. Söhbətimizdən sonra onun yüksək zövqünə, ədəbi ideallarına bir daha bağlandım.

Sayman Aruzun şeirləri haqqında yazdığı təhlili yazını oxuyandan sonra gördüm ki, Cəfərin ədəbi baqajı, iç dünyası zəngindir.

Gedəndə “Özündən qaçmaq olmur” adlı şeir kitabımdan aparmışdım, Cəfər bəyə verdim ki, dostlara çatdırsın.

İnanıram ki, Cəfər Əminlə tale bizi yenə görüşdürəcək.

Yolumuz “Gülüstan bağı”ndan keçir. Keçən dəfəki gəlişimizdə “Gülüstan bağı”nın yaxınlığındakı “Pasargad” otelində qalmışdıq, amma o bağa ayaq basa bilməmişdim.

İndi bu bağda dolaşıram və yadıma başıbəlalı şair, Pişəvəri hökümətində Maarif naziri olmuş Məhəmməd Biriya düşür, onun fəci taleyi haqqında düşünürəm.

Həmid Herisçi yazır ki, Biriya cavanlığında bu bağda “çərxi-fələk”(karusel) fırladırmış, inqilabdan, Sibir qazamatından keçən şair Təbrizə döndükdən sonra ömrünün ixtiyar çağında “Gülüstan bağı”yla üzbəüz bir divara söykənib gəlib-gedənin falına baxırmış, bir gün elə oradaca canını tapşırır...

Bu gün o tayda soydaşlarımızın qanı tökülür və bu qan torpağı dirildir.

Azadlıq heç vaxt özü gəlmir, o qan görməsə, gözə görünməz. Azadlığı Təbrizə gətirənlər bütövlüyümüzün qaranquşlarıdır.

Bakı-Təbriz-Bakı
XS
SM
MD
LG