Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Mehman Musabəyli "Homo sapiens" (Hekayə)


ONLAR ÖZ ƏCDADLARINI YEDİLƏR. Çünki, əhalinin sayı artırdı. Səbəb, sürətlə qeyri-qanunilərin doğulması idi. Qanunilər isə nə baş verdiyini anlamaqçün, bacardıqları qədər ölümlə mübarizə aparıb, əcəl vaxtını uzadır, sonra əcdad əti yemədikləriçün, acından ölürdülər. Son nəfəslərində anladıqlarını heç kəsə demirdilər. Çünki, qeyri-qanunilər qanuniləri başa düşməzdilər...

Əcdadlar azalır və azaldıqca da "delikates" titulu qazanırdılar.

...Hadisələri çoxdan bəri izləyən qeyri-qanuni bir biznesmen qazanc yeri tapıbmış kimi, nəşriyyata pul buraxıb, cild-cild "Qırmızı kitab"lar çap etdirməyə başladı. Qeyri-qanuni aşpaz ona, heyvanları müdafiə etdiyi üçün, "Vəhy verilmiş heyvan" adı verib, döydürtdü...

Ən axırıncı yeyilən Qarulla adında meymun oldu...

...VƏ BİR GÜN GÖRDÜLƏR Kİ, HEÇ NƏ QALMAYIB. Tamamilə heç nə. "Birinci toyuq yaranıb, yoxsa yumurta?" --- kimi elmə çağırış tullayan sualı, "axırıncı toyuq yeyildi, yoxsa yumurta?" --- kimi vicdanı oyadan, insani hisslərə toxunan sual əvəz etdi. "Və kim yedi?"...

Mərkəzi Kəşfiyyat idarəsi bu və ya bu kimi başqa sualların cavabını bilirdi. Amma həmişəki kimi susurdu.

Bu vəziyyət ən çox tarixçiləri narahat edirdi. Təkamül prosesini göstərmək üçün faktın olmaması, qonşu Planetlərin yanında biabır olmaq demək idi.
(Tarixçilər qeyri-qanuni olsalar da, qanunilərin planetar sistemindən xəbərləri var idi.) Bununçün də onlar "Bütün ölkələrin planetarları, birləşin!" devizi altında qapalı konqress keçirdilər. Konqresdə əcdadların bərpası təklifi irəli sürüldü. Təklif yekdilliklə bəyənildi və LABORATORİYALARDA SÜNİ YOLLA HƏMİN ƏCDADLARIN İMİTASİYALARINI YARATMAĞA BAŞLADILAR. (Laboratoriyalarda işləyənlər qeyri-qanunilər idilər.)
Bütün qeyri-qanunilər əcdadların bərpası işini alqışlayırdılar.

Bütün qeyri-qanunilər ilk əcdadın yaranmasını səbirsizliklə gözləyirdilər.

Bütün qeyri-qanunilər ilk əcdadın toyuq, yoxsa yumurta olacağı barədə mübahisə edirdilər.

Bütün qeyri-qanunilər əcdadlarını bərpa etmək istəyirdilər --- ONA GÖRƏ YOX Kİ, KÖKSÜZ, TARİXSİZ, ƏCDADSIZ QALACAQLARINDAN QORXURDULAR, ONA GÖRƏ Kİ, YEMƏYƏ BİR ŞEY OLSUN.

1995
XS
SM
MD
LG