Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:43

«Beynəlxalq birlik bu seçkilərin daha demokratik keçirilməsi üçün səy göstərir»


Əli Kərimli
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP sədri Əli Kərimli deyib. Amma onun fikrincə, əsas məsələ odur ki, xalqın özü bu seçkilərə kütləvi şəkildə qoşulsun:

«Tina Kaydanau ilə söhbətdən məndə belə bir qənaət yarandı ki, ABŞ, beynəlxalq birlik bu seçkilərin daha demokratik keçirilməsi üçün səy göstərir. Əlbəttə, heç kim - nə biz, nə beynəlxalq təşkilatlar vəd verə bilməz ki, bizim bu səylərimiz hansı həddə qədər nəticə verəcək. Mən hesab edirəm ki, burda müxalifətdən də, beynəlxalq təşkilatlardan da ən önəmlisi yəqin ki, xalqın özünün kütləvi şəkildə bu prosesə qoşulmasıdır. Biz adamları həvəsləndirə, onların seçki prosesinə inamını qazana bilsək, yüz minlər bu prosesə qoşulsa, hesab edirəm ki, beynəlxalq şərtlər demokratik seçki keçirmək üçün daha əlverişlidir hal-hazırda».

Müsavat başqanı İsa Qəmbər deyib ki, Müsavat-AXCP seçki blokunun yaranması istiqamətində məsləhətləşmələr başlayandan Azərbaycanda siyasi aktivlik artıb:

«Yada düşdü ki, bu il Azərbaycanda seçki keçiriləcək. Medianın bu məsələyə diqqəti nəticəsində ictimai proseslər fəallaşdı. Müxtəlif siyasi qüvvələr seçkilərlə
İsa Qəmbər
bağlı qərarlar verməyə başladılar... Haqqında heç bir söhbət getməyən bloklar bir günün içində yaranmağa başladı. Özünə çox arxayın danışan hakimiyyət Müsavat-AXCP məsləhətləşmələri başlayandan sonra açıq şəkildə etiraf etdi ki, onlar öz namizədlərini yalnız bizim namizədlər bəlli olandan sonra açıqlayacaqlar».

Əli Kərimli isə deyib ki, bu blokun yaranması ilə ilk növbədə hakim partiyaya ciddi rəqib yarandı:

«Blokun yaranması bizi ilk növbədə daha pisindən qurtardı. Daha pisi nə idi: bizim səylərimiz parçalansaydı, səsləri parçalasaydıq, bütün resurslarımızı 125 dairənin arasında bölüşdürsəydik, bu, əlbəttə ki, yaxşı bir şey vəd etməzdi. Biz indi tam əksinə nail olmuşuq. Bizim indi bütün resurslarımız toplanacaq. Bizim bütün imkanlarımız hamımız üçün istifadə olunacaq. Güman edirik ki, seçki üçün ən önəmli olan məsələlərdən biri də ictimai ab-havadır, adamların prosesə inamıdır».

XS
SM
MD
LG