Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Kamran Nəzirli "Qoca uşaq" (Hekayə)


Axşamçağı təxminən saat yeddi olardı. Bir az əvvəl batmağa doğru tələsən günəşin istisi hələ yandırırdı.

Bir yandan bürkü və bir yandan da göy üzünün birdən-birə qaralması, topa-topa buludların kül rəngində bulanıq şəkil alması çadırın beş addımlığında sakit-sakit axan arxın qırağında daş üstündə oturmuş kişiləri ürəksıxıcı yay günlərinin istilərindən heç olmasa bir saatlığa qurtarmalıydı.

Hamı şıdırğı yağış gözləyirdi; qocalar bu əlaməti neçə dəfə sınamışdılar və həmişə də düz çıxmışdı.

Amma yağış yağmaq bilmirdi; buludlar da çəkilmirdi ki, heç olmasa qürub edən günəş görünsün.

Nə də küləkdən-zaddan əsib eləyirdi. Havadan baş açmaq olmurdu. Yaşlı kişilərdən biri düz hülqumuna qədər dirənən nimdaş köynəyinin bağlanmış düymələrinin ikisini axır ki açdı və:

– Bişdik, nəfəs almaq mümkün deyil ha, belə də hava olar? - deyə narazı halda təxminən otuz-otuz beş kilometr uzaqda görünən alçaqboylu, keçəl dağlar qoynunda bulanıq, kül rənginə bürünən kəndlərinə tərəf baxdı. - Yəqin, kənddə bir hava var, indi o çinarlığın yuxarısı var ha, oraları külək tutur... - davam etdi.

Heç kəs kişinin sözlərini eşitmədi və bəlkə də eşitdilər, sadəcə əhəmiyyət vermədilər.

Çünki onlar doxsan ikidən bəri ermənilərin soxulub zorla qamarladığı kəndlərinin hayında deyildilər.

Məsələn, həmin o nimdaş köynəklinin böyründə oturub qəlyan tüstülədən Abbas kişi təxminən altmış-altmış beş yaşlarında olardı və yüz faiz böyürdəki çadırın içinə diqqət kəsilmişdi; ordan gəlininin bir azdan dünyaya gətirəcəyi ilk nəvəsinin çığırtısını eşitmək istəyirdi, vəssalam.

Amma hələ ki gəlini sancılardan çadırın içərisindəki arvadları az qala divara dırmaşdırırdı, brezent divara! Ağrıdan ufuldayan gəlinin səsindən Abbas kişini hərdənbir dəhşətli utancaqlıq bürüyürdü.

Kişi elə bil bu bir neçə dəqiqənin içində bir qədər də yaşlaşmışdı; bayaq özünün dediyi kimi, «mənim polad belim bürküdən ikiqat olub».

O biri də onun kimiydi, intəhası, arabir havanı lənətləyir, sonra da çuxura düşmüş qəmli gözlərini tez-tez səyirdə-səyirdə uzaqda görünən kəndə tuşlayırdı.

Bayaq dedim, bu, həmin kənd idi ki, orda kişilər doğulmuşdu; yaşamışdı, onların ataları, babaları, ulu babaları, uludan da uluları doğulmuşdular, yaşamışdılar, qurmuşdular… axırda da bir-iki erməni dığası rusların köməyilə gəlib bu kişiləri qovmuşdu ordan; çox da uzağa yox, otuz-otuz beş kilometr bu tərəfə, düzəngaha.

Hə, bax, məsələnin əsl məğzi beləydi; nə isə, bu kişilər barədə hələlik bu qədər.

Bir az aralıda, arxın sol tərəfindəki böyürtkən kollarının yanında həsirin üstündə dirsəklənən və özü kimi üzütüklü birisiylə nə barədəsə mırt vuran oğlanın da çətin ki o kənd yadına düşəydi.

Bu düzəngahın çöl-biyabanına artıq öyrəşən o üzütüklü oğlanın otuz yaşı olardı; amma onun görkəminə baxan adam dərhal deyərdi ki, elə bunun da əlli-altmış yaşı var.

Və bu, yaşından qoca görünən cavan, yəni Məmməd, bir azdan ata olacaqdı; ilk körpəsini qucağına götürəcəkdi; sonra yəqin ki, dünyanın ən xoşbəxt kişisi kimi sevinəcəkdi.

Onun yanındakı, siqareti acgözlüklə sümürən, saçları ağappaq qar kimi ağarmış cavanın gözləri yol çəkirdi; hara baxırdı, hansı səmtə baxırdı, nə üçün baxırdı, özü və Allahı bilirdi; pasportuna baxsaydın, yəqin ki, doğum tarixi min doqquz yüz yetmiş bir, ya da yetmiş iki olardı.

Lakin o da yaşından xeyli qoca görünürdü, hələ üstəlik doxsan üçdə davadan təkayaqlı qayıtmışdı; təkayaqlı cavan çadırın içində ufuldayan gəlinin dopdoğma qardaşıydı.

Doxsan üçdən bəri, yəni davada bir ayağını itirəndən ona artıq cavan demirdilər; cəbhədə döyüş yoldaşları ona «qoca kapitan» ləqəbi vermişdilər.

Muğanlıda, Şıxbabalıda, Çəmənlidə ermənilərlə döyüş zamanı cəbhə yoldaşları ona demişdilər ki, «dədə, Rafiq, sən bizim komandirimiz rəhmətlik Şirinin əsl tayısan ki varsan.

Bunnan sonra sənə «Qoca kapitan» deyəcəyik. Saç-saqqalın ağarıb dayna!».

Elə də oldu, ləqəbi lap görkəminə tuş gəlirdi: «Qoca kapitan» evə, evə deyəndə ki, düzəngaha gələndən sonra da hamı onu beləcə, yəni cəbhədəki kimi çağırırdı.

Həmin o «qoca kapitan» da bir azdan dayı olacaqdı və deyəsən, heç bu günkü bürkü, kəndlərinin üstünü almış bulanıq hava onun vecinə deyildi.

Dayı olmağın dumanlı ləzzəti barədə düşünürdü; o, bu ləzzəti çoxdandı gözləyirdi, indi isə içinə çəkdiyi tüstüyə qarışdırırdı; dünən humanitar yardımın gətirdiyi, üstündə «Amsterdam» yazılmış siqaret qutusunu barmaqları arasında əzik-üzük edəndən sonra ciyərlərinə çəkdiyi tüstünün yarısını burnundan və ağzından buraxırdı.

Amma bilmək olmurdu ki, o, havada əyri-üyrü xırda buludcuqlar yaradan tüstüdən necə ləzzət alırdı.

Hər halda, tüstüdən ləzzət alan adama bənzəmirdi. «Qoca kapitan» bacısının ərinə tərəf çöndü:

– Helə bil turşumuş qatıq iyi verir, -deyə siqaretə işarə elədi. - Beləsini birinci dəfədi çəkirəm. Heyif döyüldü «Astra». Bir qullab vuran kimi götürürdü səni. Bunnan gərək bir paçka çəkəsən ki doyasan.

Yeznəsi dinmədi, çömbəldi, qulağını arxda quruldayan qurbağalara tərəf tutdu; yox, o, nəsə sudan ayrı bir səs eşitmək istəyirdi; orda nəsə vardı, ayrı bir şey vardı; heç özünə də bəlli deyildi necə səs eşitmək istəyirdi.

Əlbəttə ki, qurbağaların qurultusunu elə gecə-gündüz eşidirdi və bu səslərdən elə bil doymuşdu.

Çadırın içindən qəfil çölə çıxan arvadlardan biri təlaş və həyəcan içində üzünü arxın qırağında daş üstündə oturmuş və yalın ayaqlarını suya sallayan oğlan uşağına tutub ərklə çımxırdı:

– Ədə, Vidi, al bu vedrəni doldur bəri ver! Tez eləginən!

Uşaq elə bil bunu gözləyirdi və vedrəni arvadın əlindən qapıb arxa tərəf yüyürdü.

Bayaqkı qəlyan çəkən Abbas kişi daşın üstündən durdu, şalvarını çırpa-çırpa üzünü arvadına tutdu:

– Vəziyyət nə təərdi, ay Tərlan?

– Yaman ağırdı... Bu mamaça da gəlib çıxmadı... Sancıları çoxalıb... Yazıq qız day haldan düşüb ha...

O tərəfdə dirsəklənən gəlinin əri sanki indi ayıldı, qulağını arxdan çəkib anasına tərəf boylandı.

– Nənə, Rizvan mamaçanı hindilərdə gətirər, deynən bir az dözsün...

Tərlan su ilə dolu vedrəni uşağın əlindən alıb çadırın içinə girdi və heç o səsin sahibinə, yəni oğluna tərəf baxmadı da.

Oğlan uşağı nənənin tapşırığını yerinə yetirdiyi üçün özündən razı halda gəlib oturdu yenə həminki daşın üstündə.

Təkayaqlı, üzütüklü «qoca kapitan» uşağı yanına çağırdı, dedi:

– Vidi, ged Lətifdən bir dənə «Bakı», ya da «Qarabağ» al gətir. Deynən Rafiq dedi ki, yazsın dəftərə... sora pulunu verəcəm...

Uşaq arx boyu uzanan ot-ələf basmış cığırla götürüldü.

Çadırın içindən həmin o Tərlan yenə hövllü çıxdı, baxdı ora-bura, sonra oğlunun üstünə qışqırdı:

– Ədə, uşağı hara göndərdin?

– Siqaretə...mən göndərdim, -deyə təkayaqlı yeznəsinin yerinə cavab verdi.

– Bə bunu kim doldursun?- arvad əlindəki boş vedrəni göstərdi.

Gəlinin əri Məmməd yerindən qalxdı, vedrəni arvadın əlindən aldı, arxın o başına, daşlıq tərəfə könülsüz-könülsüz getdi.

«Qoca kapitan» da yerindən qalxıb çəliyini götürdü və arvada tərəf gəldi:

– Tərlan xala, nooldu axı?

Tərlan rəngi-rufu kömür kimi qaralmış təkayaqlıya ərklə dedi:

– Allah kərimdi! Görək də noolur! Gecəyədək inşallah salamat qurtarar, -sonra onun siqaret sümürdüyünü görüb ərkyana acıqlandı:- Ədə, o zəhrimarda nə görmüsən? Öldürdü axı səni! Bax gör səni nə günə qoyub? Bir dərisən, bir sümük!

«Qoca kapitan» güldü, sonra:

– Bacımoğlu olan kimi atacam!-deyib çadırdan bir xeyli uzaqlaşdı.

Hardasa uzaqlarda, o çılpaq, alçaq dağların ətəyində kəndin düz başının üstündəki bulanıq buludların arasından ildırım çaxdı; göy elə bil at kimi kişnəməyə başladı.

Nimdaş köynəkli kişi «şükür Allaha!» deyib yanındakı qudasına elə bil gözaydınlığı verirdi.

Abbas kişi isə tərpənmirdi, sanki bununla demək istəyirdi ki, yalançı gurultudu, inanma.

Və o, düz də fikirləşirdi. Göy cəmi bir dəfə kişnədi, ildırım cəmi bir dəfə çaxdı və yenə köhnə hamam, köhnə tas. Bürkü. Qara, bulanıq buludlar. Arxın sakit axan suları və qurbağaların qurultusu.

Çadırın içindən səs gəldi. Bu, səs deyildi, Abbas kişinin gəlininin çığırtısı, ufultusuydu. Adamın tüklərini ürpədirdi. İçəridəki arvadların səs-küyü də götürmüşdü aləmi başına.

Cavan gəlin mürəxxəs ola bilmirdi. Qışqırırdı. Ufuldayırdı. Arvadlardan biri ona ürək-dirək verirdi.

– Özünü topla, başına dönüm, güc ver dayna! Bir az da... Hə...hə... Yenə güc ver... Qorxma, gözümün işığı, qorxma! Allah-təala köməyin olsun! Bir az da güc versən, azad olazsan! Qadan alım, darıxma, Allah yol açacaq!

Allah hələ səbirliydi, yol açmırdı və cavan ananın bətnindəki çağa deyəsən dünyaya gəlmək, azad olmaq istəmirdi!

Amma onun yolunu gözləyənlər çox idi; bütün qohum-əqraba, qonum-qonşu, el-oba. Və o, dünyaya gələn kimi görən nə olacaqdı axı?

Düz yeddi il idi ki, onun yolunu gözləyirdilər və yeddi il idi ki, Mənzərin, həmin o çadırın içində qovrulan, ufuldayan Mənzərin bu işıqsız çadırın brezent divarları arasında, bəzən qupquru, bəzən buz kimi donuq, bəzən isə nəmişlikdən çürüntü iyi verən torpaq döşəmənin üstündə ərinə arvadlıq eləyən, qayınatası və qaynanasına gəlinlik eləyən, qardaşına bacılıq eləyən, anasına övladlıq eləyən Mənzərin- uşağı olmurdu; ötən qış Mənzər birdən-birə dedi ki, özündə dəyişiklik hiss eləyir, başı gicəllənir, ürəyi elə bil ağzına gəlmək istəyir.

Məmməd, yəni əri, həmin qəlyan çəkən Abbas kişinin oğlu, buna əhəmiyyət verməmişdi, amma Mənzərin anası Suğra xala dərhal məsələni anlamışdı.

Özünü o yerə qoymamışdı və demişdi ki, yəqin “Sana” yağındandı; ya da o gün gətirilən humanitar yardım qarğıdalı yağından.

Çünki həmin o qarğıdalı yağını qonşuları Səkinəgil də işlədəndən sonra özlərini pis hiss eləməyə başladılar; uşaqlar başladı qusmağa; səhərədək su içdilər, qatıq içdilər, qaytardılar.

Və heç kəs bilmədi ki, bu yağın tərkibində nə vardı belə?

Günlər bir-birini əvəz etdikcə Mənzər özündəki sürətli dəyişiklikləri daha tez-tez hiss eləməyə başladı və nəhayət, hamıya gün kimi aydın oldu ki, Mənzər, yeddi ilin uşaq həsrətlisi artıq hamilədi.

Qarnı böyüdükcə sevinirdi, gah ağlayırdı, gah da qəmli-qəmli durub alçaqboylu dağların ətəyində görünən kəndlərinə tamaşa edirdi.

Kəndin düz on kilometrliyində bizim əsgərlər durmuşdu; erməni əsgərləri isə kənddəydi; kənd bir qədər yüksəklikdə yerləşirdi; ordan aşağını, düzəngahı görmək çətin deyildi. Amma atəşkəsə görə ermənilər güllə atmırdılar və həm də onlar atan kimi bizimkilər də başlayırdı atmağa.

Beləcə bir-iki saat atışandan sonra atəş səsləri kəsilirdi və bir də görürdün tüstü kəndi götürüb başına.

Və yəqin ki, orda kiminsə ya ot tayası, ya da evi yanıb külə dönəndən sonra bu tüstü ərşə çıxırdı.

Camaat danışırdı ki, ermənilərin vecinə deyil; onların kəndi deyil ki?

Ev-eşikləri onlar tikməyiblər ki, od düşən kimi tez söndürsünlər? Və kəndin boş və sahibsiz qalmış evlərinin hansı birinə od düşsəydi aram-aram yanıb kül olacaqdı.

Mənzərin qardaşı «qoca kapitan» deyirdi ki, ermənilər bunu bilə-bilə edirlər; bizə yanğı versinlər, yəni ki, baxın, ay türklər, sizin tifaqınız gözünüz baxa-baxa od tutub yanır; dağı belə çəkərlər ha düşmənə!

Və hərdən bu cəhənnəm istisiylə bacılaşan cin vururdu qoca kapitanın təpəsinə, gedib girirdi səngərə, əsgərlərə deyirdi ki, «adam kişi olar, nə durub baxırsız!

Dalınız yoxdu?! Verin bəri avtomatı, özüm gedəjəm!». Bax belə.

Mənzərgil kənddən didərgin düşəndə özləriylə heç nə götürə bilməmişdilər və elə öz canlarını götürüb qaçmışdılar.

İlk aylar haralara getmədilər; o vaqonda, bu çadırda, o tövlədə, bu məktəbin uçuq-sökük binasında yaşadılar; axırda kəndin ağsaqqalları yığılıb sözü bir yerə qoydular, gəldilər bu düzəngahda yurd saldılar; qaçqınkomdan gəlib dedilər ki, burda olmaz; heç bir kommunikasiya vasitəsi yoxdu buralarda.

Nolsun arxın qırağıdı? Həm də ermənilərin otuz kilometrliyidi, təhlükəlidi.

Amma Məmmədin atası, həmin o qəlyan çəkən Abbas kişi qətiyyətli kişiydi və dedi ki, ya mənim və ailəmin meyidini görəcəksiniz, ya da biz burda yurd salacağıq, kəndimizə yaxın olaq.

Və bunu da o ümidlə demişdi ki, bu gün-sabah erməniləri qovacağıq, gedib oturacağıq evimizdə.

Amma o bu gün-sabah, bu bugün-sabah, oldu düz doqquz il. Və bu gün bu nöyüt lampasının zəif-zəif işıqlatdığı çadırın içində qovrulan Mənzər yatsaydı yuxusuna da girməzdi ki, bir gün o, çadırda bax beləcə, həkimsiz-filansız, mamasız-mamaçasız uşaq doğacaq.

Və bu uşağı yeddi il gözləsə də, yeddi ilin bütün ağrı-acısı, soyuğu-sazağı, xiffəti-intizarı canına-sümüyünə işləsə də, düşünürdü ki, axır ki nəsə olmalıdı, belə qalmaz.

Ona görə də dözürdü; lap bəzən yeməyə bir şey tapmırdılar, yenə də deyirdi ki, ruzu Allahındı, o bilən məsləhətdi.

Allahın bildiyi məsləhəti isə bu çadırdan gizlətmişdilər; bu çadıra onun qətiyyən dəxli yoxuydu.

Bəzən anası da, qayınanası da, balaca qaynı Vidadi də onlarla bir çadırda qalırdı. Ortadan pərdə çəkmişdilər; arvadlar ayrı, kişilər ayrı yatırdı.

Və hələ ərə getdiyi bu yeddi ildə Mənzər əri ilə doyunca yatmamışdı; bəzən vəziyyət onların hər ikisini sarsıdır, əsəblərini sakitləşdirə bilmirdilər.

Mənzər dinmirdi, çünki dili qısaydı; uşağı olmurdu. Uşaq olsaydı, başları qatışardı.

Falçı qalmadı getməsinlər; Ağcabədidən, Gəncədən beləni gəzib dolandılar. Bir aləm də pul xərclədilər, xeyri olmadı. Və biri dedi qızın böyrəkləri xəstədi.

Biri dedi ki, oğlanın böyrəkləri xəstədi. Nə isə... Hərə bir söz dedi və cavan ər-arvad vaxtından tez qocaldılar. Mənzərin üzü qırışlandı, barmaqları kobudlaşdı, saçlarına dən düşdü.

Nə yaşı vardı ki! Cəmi iyirmi beş! Əri də onun kimi; bu yeddi ildə Məmməd elə bil yüz ton dərdi çiynində daşıyan yaşlı kişilərə bənzəyirdi. Üzü də tüklüydü həmişə.

Mənzərlə əri yaşdan asılı olmayaraq qocaldıqca onların ətrafında olan doğmalar, yaxınlar, qohum-əqraba da elə bil onlardan güc alıb yaşlaşırdı.

Və bu çadırın ətrafına yığışan adamların hamısı demək olar ki, yaşından qat-qat qoca görünürdü.

Bu «qocalar» və «qarılar» bu gün, bu qəribə yay gecəsi yurd dərdi çəkmirdilər; kənddəki bulanıq havanın hayında deyildilər. Bu adamlar doğuş gözləyirdilər və bu doğuş onlar üçün bəlkə də havadan vacib idi.

Bu dəfə çadırdan Mənzərin anası Suğra xala çıxdı; o, heç kəsə çımxırmadı, tələm-tələsik əlində bürmələdiyi əski-üskü parçalarını tərli bədəninə yapışmış qırmızı-sarı zolaqlı donunun yaxalığına soxdu.

O biri əlində tutduğu iri, yumru ləyənçəni hıqqıldaya-hıqqıldaya arxın qırağına tərəf apardı.

Uzaqdan qaynanasını qan-tər içində bu vəziyyətdə görən həsirə dirsəklənmiş Məmməd dik yerindən qalxdı; birdən-birə ona elə gəldi ki, bu, onun arvadının, yəni Mənzərin əlli yaşlı anası deyil.

Bu, çadırın içində ağrıları ilə baş-başa qalmış Mənzərin sanki doxsan yaşlı, beli donqarlaşmış dopdoğmaca anasıdı; Suğra xala necə qocalmışdı, ay Allah!

Məmməd bir anlıq düşündü ki, yəqin qayınanası həmişə beləymiş; amma arvad hələ diridi, əlli-ayaqlıdı; paltar yuya bilər, ya da təndirə od vurub çörək bişirə bilər…

Çadırın içindən yenə qarmaqarışıq səslər gəlirdi:

– Allah, öldüm! Ayy! Mama, ölürəm, kömək elə! Of! Allah! Allah! Ay! Mama, qurban olum! Öldüm eyyy!

– Qorxma, başına dönüm, bir azca da döz! Qadan gəlsin maaa, ağrın ürəyimə… Bıyy…

– Mənzər, bacın qurban, bir balaca da güc versən, mürəxxəs olazsan dayna!!!

Mənzərin anası yenə tələm-tələsik içəri girdi. Qəlyan tüstülədən Abbas kişi nimdaş köynəkli quda¬sına sarı döndü.

– Havam çatmır, Əhməd, - dedi. - Gəl bir az o tərəfə gedək.

İkisi də çadırdan uzaqlaşdı. O tərəfdəki çadırlardan zəif lampa işıqları gəlirdi. Gecə zülmət donunu vaxtından tez geyinmişdi, göy üzünə iraq olsun elə bil qapqara pərdə çəkmişdilər.

Bu pərdəni yortsaydı leysan yortacaqdı, o da ki, görünməyən iş, hələ istəmirdi ha tökülsün yerə, camaatı bu cəhənnəm bürküsündən qurtarsın.

Buralardan bir qədər uzaqlaşan kimi elə bilirdin orda-burda papiros közərtisinə oxşar bir şey közərir.

Bu, həmin o çadırlardan gələn zəif lampa işığıydı ki, vardı. Həmin o qəlyan tüstülədən kişi oğlunun qaynatasıyla, yəni Əhməd kişiylə danışırdı.

– Deyirsən, Rizvan şəhərdən yenicə gəlib, hıy?

– Hə... Deyir, oralar lap qaynayır ha, dayı!!!

– Burdakı kimi olammaz ha!

– Deyirəm, ta bizim kəndə dönməyimiz getdi, ay Abbas…

– Heylə demə, ağzıvı bəddiyə açma dayna. Deyir, axı Atətdi, nə zir-zibildi, yenə gəlib. Lap bura gəlib çıxıblar e… Hə, sən öl, Müştəba qəzetində yazıb e… Lap qulağımızın dibindədilər, Xankəndində… Görək bu dəfə dığalar nə deyəcəklər…

– Ə, saa deyirəm, bu kişi almadı ha, day heç kimin xörəyi döyül! Nə Atət, nə Amerika, nə Rusiyət! Bunnar yalandı Babanın yanında. Sən öl hamısını qatdıyıb qoyar altına… Amma bu dığaları niyə qatdamır, başaçammıram?

– Bu, helə-belə məsələ deyil ha, asan düzələ. heylə şeylər var ki, biz bilmirik. Allah kərimdi… Deyirəm, bir azdan ikimiz də baba olacıyıq e… Bəlkəm nəvəmizin ayığı düşdü… İnşallah!

– Allah ağzınnan eşitsin… Deyirəm, nolaydı ha, nəvəmiz doğulan kimi, radyo bir xəbər verəydi ki, bizimkilər Qarabağı alıb… Sən öl, nəvəmi də vurub qoltuğuma, budu ha, ayaqyalın düz kəndə… Otuz kilometr nədi ki…

Gedib o həyətdən o qara qoçu yıxacam yerə, sən öl! (Elə şövqlə dedi ki, elə bil o qara qoçu dünən qoyub gəlib)

– Bir dənə də erkək məndə… Əəə, sən heylə danışdın, lap ağzım sulandı. Gəl bir qayıdaq, görək bu köpəyoğlu nə təər oldu, nöş gəlmək istəmir ocağa; boğazım qurudu ha, bu gecə səhərədək vuracam sənnən…

İkisi də gəldikləri yolla lal-dinməz qayıtdı. Çadırdan yenə səslər gəlirdi:

– Can bala, ağrın ürəyimə!

– Can bacı, gözünü sevim, lap ucundadı, hə, bir az da… ay sağ ol, başı göründü…(Bu, Mənzərin bacısı Mahizərin səsiydi)

– Azz, bir oyana dur, azz, nimçəni gətir, hə, qadan alım…

– Azz, o ağı dəyişdir, ordadı, stulun üstündəki təmizdi, ver bəri… Hə, qadan alım… Budey ha, ay maşallah! Beş kilodu, lap dədəsidi ki var ha…
Babalar diqqətlə qulaq verdi.

Və ikisi də məmnun oldu; amma ikisinin də ürəyinə xal düşdü. Görəsən Tərlan onlardan hansını nəzərdə tuturdu? Hər halda, ikisinin də ürəyinə damdı ki, bu gələn oğlandı.

Beş kilo. Amma çadırdan daha səs gəlmədi; heç kəs cınqırını çıxarmırdı. Gəlin daha zarımırdı, arvadlar birdən-birə səslərini xırp kəsmişdilər. Çağa ağlamırdı. Görən nooldu bunnara?

Babalar karıxdılar. Hərə bir tərəfə getdi. Bir azdan yenə qayıtdılar. Çadırdan yenə səs gəlmədi.

Qəlyan tüstülədən Abbas kişi hövsələdən çıxdı. Oğlunu hayladı.

– A bala, Vidi hardadı?

– Lətifin dükanından hələm qayıtmayıb…

– Bə, Rafiq hara yox oldu? - bu dəfə indicə doğmuş gəlinin atası, həmin o nimdaş köynəkli Əhməd kişi soruşdu.

– O da Vidinin dalıyca getdi…

– Ay oğul, Mamed, bir gör orda noldu, niyə çıxmırlar çölə?-deyə Abbas kişi cibindən dəsmalını çıxarıb alnının tərini sildi.

Tərlan xala güllə kimi çadırdan çıxdı, əlində boş vedrə istədi cumsun arxa, Məmməd qoymadı, vedrəni qapdı, nəsə ciddi bir şey olduğunu sanki anladı, özü yüyürdü arxa.

Arvad hövllənmişdi. Danışa bilmirdi, az qala yıxılacaqdı.

– Ay arvad, noldu, niyə dinmirsən?

– Başımıza xeyir…

– Heylə de dayna, ə, təbrik… Sözümüz sözdü ha… Bu gecə səhərə kimi vuracıyıq, hıy?-Abbas söyüncək arvadın sözünü kəsdi.

– Aman ver dayna, qızın vəziyyəti xarabdı… Rizvan noldu?

Babalar yenə narahat oldular. Çadırdan Suğra xala da çıxdı.

– Azz, Tərlan, bir bura gəl dayna… Bu uşaq niyə belə oldu?

Nənələr dərhal çadıra cumdular.

Çadırdan yenə səslər gəlməyə başladı.

– Azz, nə təərsən? Şükür allaha, sağ-salamat azad oldun, gözün aydın!

Babalar sevindilər.

– Azz, Tərlan, bu uşaq niyə belədi, ağlamır heç! Azz, lampanı bəri tut dayna! Azz, çıx çölə, Mamedə deynən Səkinəni çağırsın, onnarın lampasını də gətirsin, -Suğra xala böyük qızı Mahizərə çımxırdı.

Məmməd artıq qonşu Səkinəgilin çadırına götürülmüşdü və bir azdan Səkinə əlində lampa çadırın içinə girdi.

– Azz, gözdəriz aydın... azz, bu uşaq niyə ağlamır?

Babalar yenə narahat oldular.

Çağa doğurdan da ağlamırdı. Amma diriydi, gözü yumuluydu, çimizdirirdilər onu. Ağlamırdı. Birdən arvadlardan biri qıy vurdu.

– Azz, buyyy! Bismillah! Bu uşaq niyə belədi, az?

– Buy, başımıza xeyir, Allah, Allah, bu nədi belə?

Babalar və cavan ata artıq bir yerdə dayana bilmirdilər. İçəridəki arvadların heyrətli nidaları babaları lap keylətmişdi.

– Azz, Tərlan, bu uşağın alnı niyə heylədi?

– Allah, allah, bunun barmaqları niyə heylədi, azzz?

– Bismillah, buyy, azz, başındakı tüklər də ağappaqdı, azz, bu nə işdi? Ədə, Abbas, ədə, Məmməd!

Bir andaca kişilər çadırın içinə doluşdular. Hamı arvadların heyrətindən donub qalmışdı.

Uşağı ağa bürümüşdülər; onun saçları lampaların gur işığında ağappaq görünürdü; üzündə və alnında lap qoca kişilərinki kimi qırışlar vardı. Xırda gözləri çuxura düşmüşdü. Abbas kişi təmkinini pozmadı:

– Azz, nolub uşağa, gül kimidi! –dedi. Elə bil pərdənin o tərəfində heysiz uzanmış gəlininə eşitdirmək istəyirdi ki, hər şey yaxşıdı, həyəcanlanmasın.
Arvadlar deyəsən kişinin eyhamını qanmadılar, yenə heyrətlə çağaya baxırdılar.

Babalar çadırdan çıxdılar; Məmməd heç bilmirdi neyləsin və o, ömründə belə ipisti doğulan körpə görməmişdi; ona elə gəlirdi ki, yəqin elə dünyada bütün çağalar elə beləcə doğulur və elə bu görkəmdə olur.

Ürəyində isə körpəyə yaraşan ad da fikirləşdi; ad deyəndə ki, ləğəb: Qoca uşaq!

Məmməd də çadırdan çıxdı və onda gördü ki, qonşu çadırlardan adamlar tökülüşüb gəliblər. Çadırın içinə girib-çıxanlar heyrət edirdilər, təəccüb edirdilər, deyirdilər:

– Allahın möcüzəsidi!

– Uşaq lap qoca kişiyə oxşayır!

– Allah özü kömək olsun, uşaq heç ağlamır!

Həmin yay gecəsi Mənzərin bibisioğlu Rizvan da mamaçasız gəlib çıxdı; dedi ki, mamaça Süsəni aparıblar Saatlıdakı çadır şəhərciyinə. Orda da doğan var! «Qoca kapitan» və Vidadi də gəlib çıxdı.

Ətraf çadırlarda nə ki qohum-əqraba vardı hamı burdaydı; camaat bilmirdi sevinsin, ya bir-birlərinə başsağlığı versin.

Çünki çadıra girib çıxanların sir-sifətindən məlum olurdu ki, hələ yer üzündə (onun üzü qara olsun helə!) belə şey olmayıb ki, uşaq anadan qoca doğulsun.

...Yağış səhər də yağmadı, hava heç açılmadı da. Ən dəhşətli bürkü çadırın içindəydi. Mənzər oyanmışdı, çağasını qoymuşdu sinəsinin üstünə. Döşü südlə doluydu, axıb gedirdi.

Çağa isə ananın döşünü əmmək istəmirdi. Yuxudan dursaydı, yəqin ki əməcəkdi və elə əməcəkdi ki, o alnındakı qırışlar da gedəcəkdi.

Çünki dünən gecə Mənzər öz qulağıyla eşitdi; həkimlikdən bir balaca başı çıxan Səkinə deyirdi ki, uşağın dərmanı ana südüdür.

Bakı, 2002
XS
SM
MD
LG