Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Namizədlərdən o qədər sənəd istəyirlər ki…


Erkin Qədirli
Erkin Qədirli
«Bir dənə ərizə ilə DSK-ya müraciət edirlər. Dairə onlara imza vərəqələri verir və 450 imza toplanmalıdır».

MSK sədri Məzahir Pənahov bir müddət əvvəl jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, namizədlərin qeydiyyata alınması proseduru o qədər sadələşdirilib ki, daha bundan artıq sadələşdirmək mümkün deyil.

Seçkilərdə namizəd kimi iştirak etməyə hazırlaşanlar və mütəxəssislər isə bu barədə bir qədər fərqli fikirdədilər.

MƏNTİQƏ UYĞUN OLMAYAN SƏNƏDLƏR TƏLƏB EDİLİR


2010–cu il parlament seçkilərində 16 saylı Yasamal seçki dairəsindən namizədliyi irəli sürülmüş hüquqşünas Erkin Qədirli deyir ki, mövcud proseduru həqiqətən də mürəkkəb hesab etməmək olar.

Amma bununla belə, seçki qanunvericiliyini və qeydiyyat prosesini sadələşdirmək üçün hər zaman imkan var. Onun sözlərinə görə, vətəndaşın özünün öz namizədliyini irəli sürməsi bu prosedurların ən sadəsidir. Və o artıq tələb olunan sənədləri təhvil verib, sonrasının necə olacağını gözləyir. Ancaq namizədlik təşəbbüs qrupları, xüsusilə siyasi partiya və onların bloku tərəfindən irəli sürüləndə proses bir qədər mürəkkəbləşir. Çünki namizədlərdən məntiqə uyğun olmayan sənədlər tələb edilir.

SƏNƏDLƏRİ SAYMAQLA QURTARMIR

Müsavat Partiyası seçki departamentinin müdiri Gülağa Aslanlı da deyir ki, partiyalardan və partiyaların bloklarından tələb olunan sənədləri saymaqla qurtarmır:

Gülağa Aslan
«İstənilən sənədlər bunlardır. Siyasi partiya blokuna dail olan partiyaların qurultaylarının və yaxud rəhbər orqanlarının namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları (əgər protokol istənilirsə, qərar nəyə lazımdır, yox əgər qərar lazımdırsa, protokol nə üçündür). İkincisi, siyasi partiya blokuna daxil olan partiya nümayəndələri iclasının siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarları və müvafiq iclasın protokolu. Yenə də həm qərar, həm də protokol istənilir. Bundan başqa, bütövlükdə səlahiyyətli nümayəndələrin siyahısının bütün dairələrə və MSK-ya göndərilməsi tələb olunur».

Gülağa Aslanlı əlavə edir ki, tələb olunan sənədlər baxımından prosedurda namizədlərin işini çətinləşdirən kifayət qədər ciddi məqamlar tapmaq olar və bunların hamısının sadələşdirilməsi mümkündür. Ancaq buna görə indi kimisə qınamaq da olmur. Çünki parlamentin qəbul etdiyi Seçki Məcəlləsi belədir.

SƏNƏDLƏRİN NOTARİAL QAYDADA TƏSDİQLƏNMƏSİ İSƏ MALİYYƏ BAXIMINDAN MÜƏYYƏN TƏSİR EDİR

Seçki eksperti Hafiz Həsənov isə deyir ki, siyasi partiya və ya blokdan 125 dairə üzrə hər namizəd üçün ayrıca 10-a yaxın sənəd tələb olunur. Bu sənədlər həm fiziki həm də müddət baxımından xeyli vaxt aparır. Sənədlərin notarial qaydada təsdiqlənməsi isə maliyyə baxımından müəyyən təsir edir. Amma problemdən çıxış yolu var:

Hafiz Həsənov
«Siyasi partiyanın təsdiqlənmiş nizamnaməsini bütün dairələrə təqdim etməyə ehtiyac yoxdur. Blok, yaxud siyasi partiya bir mərhələdə MSK-ya müraciət edib həm qeydiyyatdan keçə, həm də vahid sənəd verməklə namizədlərini təqdim edə bilər. Sonra MSK həmin siyahını DSK-lara paylamaqla xeyli sənəd toplanmasının qarşısını ala bilər. Çünki bu qədər sənəd seçki komissiyaları üçün də əlavə işdir».

Hafiz Həsənova görə, artıq bu seçkilər üçün proseduru sadələşdirmək gecdir. Amma seçkilərdən sonra Seçki Məcəlləsində digər təkmilləşdirmələrlə yanaşı bu məsələnin də üzərinə qayıtmaq olar. Və QHT-lər də ayrıca təkliflər təqdim edə bilərlər. Əgər əlbəttə ki, belə bir istək olarsa.

Hüquqşünas Erkin Qədirli isə düşünür ki, hər bir namizəddən notarial qaydada təsdiqlənmiş partiya nizamnaməsi tələb etməkdənsə, DSK, yaxud MSK özü Ədliyyə Nazirliyinə sorğu göndərməklə həmin partiyanın qanuniliyini rahat şəkildə yoxlaya bilər.
XS
SM
MD
LG