Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Zakayev Kremlə veriləcəkmi?


Əhməd Zakayev həbs ediləndən sonra polis tərəfindən müşayiət edilir, Varşava - 17 sentyabr 2010
Əhməd Zakayev həbs ediləndən sonra polis tərəfindən müşayiət edilir, Varşava - 17 sentyabr 2010
Polşa polisi Əhməd Zakayevi tutub-saxlayıb. Polis bunu Rusiyanın tələbi ilə edib. Sürgündə fəaliyyət göstərən separatçı İçkeriya Çeçen Respublikasının baş nazirini Kreml terrorçu sayır.

Polşa polisinin sözçüsü Mariuç Sokolovski polisin hərəkətinin tam qanuni olduğunu deyir, çünki beynəlxalq axtarışı elan olunan şəxsi həbs etmək Polşanın beynəlxalq öhdəliyidir.

Onun sözlərinə görə, indi Zakayevin taleyini Polşa məhkəməsi həll etməlidir. Məhkəmə Rusiyanın verdiyi faktları araşdırıb, müəyyən edəcək ki, Zakayev Rusiyaya verilsin yoxsa yox.

Ancaq Polşanın baş naziri Donald Tusk Moskvaya xəbərdarlıq edib ki, məhkəmə qərarı Rusiyanın istədiyi kimi olmaya da bilər.

Brüsseldə olan Tusk deyib ki, ölkədən çıxarma proseduru hələ ölkədən çıxarmanın özü deyil.

ZAKAYEVƏ XƏBƏRDARLIQ EDİLMİŞDİ

Zakayev Polşaya sentyabrın 16-da gəlıib. O, sürgündə olan çeçenlərin konqresində iştirak etmək istəyirdi.

Polşa Zakayevə xəbərdarlıq etmişdi ki, o, Polşaya gəlsə, həbs olunacaq.

Zakayev Polşaya gəlməzdən əvvəl AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinə verdiyi müsahibədə deyirdi ki, onun Polşaya gəlişi tam qanunidir və istənilən suala cavab verməyə hazırdır:

«Mən inanmıram ki, Rusiya Polşaya hər hansı bir yeni informasiya vermiş olsun. İndiyədək verilən bütün informasiyalar iki dəfə Britaniya və Danimarka məhkəmələrində araşdırılıb. Əgər Polşa məhkəməsi qərara alsa ki, suallara ehtiyac var, onda mən cavab verməyə hazıram».

Rusiya Zakayevin həbsinə sanksiyanı 2002-ci ildə verib. Zakayev 1990-cı illərdə Moskva ilə çeçenlərin müharibəsində iştirakına görə ittiham olunur.

Zakayev bir vaxtlar Çeçenistan Respublikasının baş nazirinin müavini, sonralar isə Çeçenistan lideri Aslan Məshədovun sözçüsü olub.

Əhməd Zakayev polis müşayiətində - Varşava, 17 sentyabr 2010
1999-cu ildə Zakayev Məshədovun prezident qvardiyasının komandiri idi.

DANİMARKA VƏ BRİTANİYA MƏHKƏMƏLƏRİNİN QƏRARLARI

Çeçenistanı 2000-ci ildə tərk edən Zakayev Rusiyanın verdiyi sanksiya ilə 2002-ci ildə Danimarkada da həbs olunmuşdu.

Onda Danimarka məhkəməsi Rusiyanın ekstradisiya tələbini rədd etdi.

Danimarkadan Britaniyaya gedən Zakayev burda da Rusiyanın həbs tələbi ilə üzləşdi. Ancaq Britaniya məhkəməsi Rusiyanın tələbini qətiyyətlə rədd etdi.

Britaniyalı hakim bildirdi ki, Rusiyada Zakayevi işgəncə gözləyə bilər, ona görə Zakayev Rusiyaya verilə bilməz.

Britaniyalı hakim Timoti Vorkmanın qərarında deyilirdi ki, Rusiya Zakayevi ruslara qarşı gücdən həddən artıq istifadədə ittiham edir, ancaq hakimin fikrincə, bunun sübutu yoxdur.

Rusiya cavab olaraq Britaniya məhkəməsini ikili standartlarda ittiham etdi.

2003-cü ildə Britaniya Zakayevə siyasi sığınacaq verdi.

2003-cü ildən bəri Zakayev beynəlxalq qaçqın pasportu ilə Fransaya, Almaniya və elə həmin Polşaya səfər edib, ancaq heç vaxt həbs olunmayıb.

Britaniyanın Zakayevə verdiyi siyasi sığınacaq öz statusuna görə Avropa Birliyi ölkələrinə şamil edilmir. Ancaq Polşa məhkəməsi Britaniya məhkəməsinin qərarını və Zakayevə siyasi sığınacaq verilməsinin səbəblərini nəzərə almalıdır.

Beynəlxalq qanunla heç bir ölkə başqa ölkənin tələbi ilə cinayətkar hesab olunanı ekstradisiya etməyə məcbur deyil. Müttəhimi qeyri-azad məhkəmə gözləyəndə və ya işgəncə təhlükəsi olanda onu ekstradisiya etmirlər.
XS
SM
MD
LG