Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Svetlana Quliyeva "Qobustana aparan yol" (Hekayə)


Məhləni yenə səs-küy bürümüşdü. Təşviş var idi insanların canında. Səbrsizlənirdilər. Uşaqlar oyunlarını dayandırmışdılar.

Biş-düşlərini atıb eyvanlardan aşağı sallanan qadınlar hamını bürüyən bu təşviş, həyəcan olmasaydı, gülüş obyektinə çevrilərdilər.

Yox, bu gün onları heç kəs ələ salmayacaqdı, əksinə arvadını eyvandan sallanan görməyən kişi cib telefonuna əl atıb arvadına bir-iki söz deyəcəkdi, arvad da iş-gücünü atıb peyda olacaqdı üçmərtəbəli binanın eyvanlarının birində.

Mən də işdən evə dönürdüm, çox yorğun idim, yeganə arzum yatmaq idi, lakin qonşularımın yarıdan çoxunun küçədə, qalanının da eyvanlarda olması məni bir şeydən duyuq saldı.

Amma şübhə etdim. Yaxınlaşıb birindən soruşdum:

- Olmaya, Bəhlul kişi aşağı enəcək?

- Elədir ki, var.

- Xəstədir axı.

- Arvadı deyir, əl çəkmir, üç gündür deyir ki, düşəcəm.

- Uşaqlardan köməyə qalxan var?

- Hə, iki cahıl göndərmişik. İndilərdə gələr.

Bəhlul kişinin aşağı enəcəyini eşidən kimi yorğunluğum da, yuxum da sanki haradasa gizləndilər.

Bəhlul kişi elə-belə adam deyildi. Məhlənin ağsaqqalı idi, sözün əsl mənasında. Saçı-saqqalı ağarmış bu qoca Vətən mühaibəsində iştirak etmiş, pencəyinin üstündə medal əlindən boş yer olmayan, yaşı yüzə çatmış bir adam idi.

Həyatını heç vaxt boş yerə sərf etməmişdi. Az qala, doxsan yaşına qədər işləmişdi, sonra işdən əl çəkib yığışmışdı evə, tez-tez məhləyə düşüb hər kəsi ətrafına yığar, öyüd-nəsihətlə dolu bir əhvalat danışardı.

Amma son iki ildə Bəhlul kişini cəmi üç-dörd dəfə görmək nəsib olmuşdu bizə.

Arvadı zəhlətökən qarı olduğu üçün heç kəs onu evində yoxlamağa getmirdi. Gəl ki, o, aşağı düşəndə bütün məhlə toplaşırdı onun başına.

Bu dəfə Bəhlul kişini həmişəkindən çox gözləməli olduq. Nəhayət, blokdan hündürboy, ağ saçlı, arıq bir qoca göründü, pencəksiz idi, təkcə köynəkdə.

Heç bu cür görməyə alışmamışdıq Bəhlul kişini.

Hətta yayın cəhənnəmi xatırladan çağlarında belə medallı pencəyini çıxarmayan, camaatın acından ölən vaxtı, çörək növbələrində ağaca dönən vaxtı öz keçmiş müharibə yoldaşlarının medallarını satdıqlarını görəndə:

“İndi namussuz, şərəfsiz qalacaqlar!” – deyən Bəhlul kişi bu dəfə pencəksiz idi. Namusu belə bir şeyə dözməyən cavanlardan biri dözməyib üçüncü mərtəbəyə cumdu.

Hamının gözü artıq əyləşmiş, nəfəsini dərən Bəhlul kişiyə zillənsə də, amma gözümüzün qırağı ilə blokdan pencəklə çıxacaq cavanı gözləyirdik.

Cavan isə əliboş çıxdı, sakit pıçıltısı: “Qarı deyir, pencək artıq yoxdur”, hər kəsə ötürüldü. Əslində cavanın dediyi bu cümlənin sonunda qarının dediyi qarğış da var idi.

Cavan da onu birinci Mərdan dayıya demişdi. Mərdan dayı isə ağıllı adamdır. “Başı batsın o pencəyin!” – sözlərini də camaata ötürsəydi, artıq heç kəs Bəhlul kişiyə qulaq asmayacaqdı.

Hamının fikri qalacaqdı pencəyin yanında, hərə öz ağlında Bəhlul kişi ilə qarısının arasında baş vermiş qalmaqalın ssenarisini yazacaqdı.
Bəhlul kişi bir az sürən hal-əhvaldan sonra dilləndi:

- Bəs pencəyimi niyə soruşmursuz? Görmürsüz ki, geyməmişəm?

Cavabların hamısı təxminən eyni, yəni belə oldu:

- A kişi, fikrimiz səndə qalıb, pencək heç yadımıza düşür ki!

Və sual:

- Bəs hanı sənin istəkli pencəyin?

Bəhlul kişinin cavabı hamımızı lap mat qoydu:

- Aparıb verdim muzeyə, ancaq bir şərtlə ki, medalları elə nətəri pencəyin üstünə düzmüşəm, elə pencək qarışıq o cür də qalacaqlar. Razılaşdılar.

Heç kəs səsini çıxarmırdı. Qəribə bir hiss keçirirdik. Bizə elə gəlirdi ki, Bəhlul kişinin özünü muzeyə veriblər. Camaatın dillənmədiyini görən ağsaqqal dilləndi:

- Zarafat deyil ey, artıq Bəhlul kişinin pencəyi şkafda boş-boşuna asılmayacaq, muzeyin eksponatı olacaq. Bəs məni təbrik etmək istəmirsiz?

Təbrikləri bütün kişilər, heç nədən xəbəri olmayan uşaqlar və eyvanlardan az qala yerə yuvarlanacaq qadınlar Bəhlul kişiyə yağdırdılar.

Amma necə deyərlər, hər məhlənin öz dəlisi olar. Bizimki də Dəli Zaurdur. Zaur bütün sevinc və alqışları xıpp kəsdi.

- Ay Bəhlul kişi, de görək, sən bu əntiq pencəyini muzeyə neçəyə satdın?

Bəhlul kişi Zaura diqqətlə baxdı:

- Sən məni indiyədək nə isə satan görmüsən, Zaur? Heç görmüsən ki, namusumu, şərəfimi satım? Məgər siz hamınız bilmirdiz ki, o pencək mənimçün nə idi? Eyib olsun sənə, Zaur. Mən pencəyimi muzeyə hədiyyə etmişəm.

Camaat bir ağızdan Zaurun əvəzinə üzr istədi, dəli olduğu xatırladıldı. Sonra Zaurun qısa qışqırıq səsləri gəldi. Cavanlardan bir-ikisi yoxa çıxdı, elə Zaur da.
Yeri gəlmişkən, Bəhlul kişinin arvadının pencəyi qarğımasının səbəbi də aydın oldu.

Sonra isə Bəhlul kişi nəfəsini dərdi və heç kəsin bayaqdan əsəbiləşmiş bir insandan gözləməyəcəyi bir sakitliklə danışdı:

- Vaxtım azdır. Söhbətim isə ciddidir. Sizinlə sonuncu dəfə danışacam.

Qəribə görünəcək sizə danışacaqlarım, amma mənə nə vaxtsa haqq verəcəksiniz, yəqin Qobustana gedib çıxanda.

Çünki hamımız Qobustana gedirik. Qobustana aparan yol hamardır, şüşə kimi. Minillər bundan öncə Qobustandandan çıxmışıq, indi qınımıza qayıdırıq. Azərbaycanın bütün bölgələrinin camaatı, bütün millətimiz əl-ələ verib Qobustana gedir.

Məqsədimiz, amalımız Qobustandır. Çünki Qobustana aparan yol yüngüldür, hamardır, alışdığımız yoldur.

Başqa yollar da var. Ancaq biz onları seçmirik. Məsələn, Şeyx Şamilin yolu!

Sıldırımlı qayalar, keçilməz çaylar, bulunmaz keçidlər... Bunlar kimi nəyin lazımdır? Bir halda ki Qobustan var.

Tarixə həkki olunmağın iki yolu mövcuddur.

Biri mübarizlik göstərib canını fəda vermək, yaxınlarının zindanlara salınacağı ilə razılaşaraq tarixsizliyə həkk olunmaq, silinmək, itirilmək, qohum-əqrəbanın gözlərində onların da üstünə qara kölgə saldığın üçün nifrəti görmək, lakin yenə də tarixi dəyişmək kimi vecsiz ümidlər bəsləmək...

Biri də Qobustana yollanmaq. İndi sual edəcəksiz ki, bizim heç Qobustan yadımıza da düşmür, ay qoca? Nə özündən təzə xəbər çıxarırsan?

Amma ən maraqlısı da elə budur! Birinci yola, yəni tarixə düşməyə can atanlar öz istəyindən xəbərdardırlar. Qobustana gedənlərin isə heç nədən xəbəri yoxdur. Heç nədən!

Qobustana getdiklərini bilməyənlər, lakin məhz o yolda addımlayanlar şadlıq evləri tikirlər, diskotekalar, barlar, əyləncə mərkəzləri açırlar.

Hər gün axşam saat altıdan gecə saat birə-ikiyə kimi bütün millətimiz, bütün Azərbaycan məhz burda həmrəy olub rəqs edir.

Yerimiz bizə dar gəlir. Hər gün yeni bir şadlıq sarayı doğulur. Millət açarla işə salınmış oyuncaq kimi dayanmadan oynayıb rəqs edir.

Qobustana gedirik. Hər an, hər dəqiqə, hər saat... Dayanmadan Qobustana gedirik. Amalımız yaxındır.

Darıxmayın, az qalıb, biz də nə isə etməliyik axı! Heç qoyarıq o qayaüstü rəsmlər, yallı gedib dövrə vuran əcdadlarımızın əksi silinsin?

Lazım gəlsə, özümüz yonulub qayalara əks olunarıq, təki minillər boyu qayalarda dövrə vurub yallı gedən əcdadlarımız bizdən razı qalsınlar, əsas onların tarixini qoruyaq, danışmayaq, səs çıxarmayaq, hətta bacarırıqsa, səs tellərimizi tamamilə qırıb yerindən çıxaraq, təki onlar kimi səssizcə dövrə vuraq, qayalara həkk olunaq, əcnəbilər də gəlib bizi qayaların üstündə görsün, necə şad-xürrəm, necə xoşbəxt, necə səssiz olduğumuzu görsünlər.

Qobustana aparan yol budur. Özümüzün özümüzdən xəbərsiz seçdiyimiz yol budur.

Tarixə həkk olunmağın ən asan, ən faydasız yolunu seçmişik, heç kəsə lazım olmayan, çölün düzündəki qayaları, daş parçalarını seçmişik. Fəth edə biləcəyimiz yeganə yüksəklik budur cünki.


Sizə bu yolda uğurlar! “Sizə” deyirəm, çünki mən sizinlə getmirəm, qayalara həkk olunmağa deyil, ölümə hazırlaşıram.

Hamı bir ağızdan:

- Nə danışırsan, ay Bəhlul kişi? Hələ cavansan...

Bəhlul kişi əlini qaldırıb sakitlik istədi.

- Mən xoşbəxtəm, çünki bədbəxt olduğumdan xəbərdaram, siz isə bədbəxtsiz, çünki özünüzü xoşbəxt sanırsız.

Mənə kim yuxarı qalxmağa kömək edər?

Həmin gün hamımız dilxor idik, hər dəfə Bəhlul kişidən öyüd-nəsihətlə, xoş ruh-əhvalla dolu bir əhvalat eşitməyə alışmışdıq.

Bu dəfə isə hər şey tamam fərqli idi. İzaholunmaz bir hiss keçirirdik.

Hamı əvvəlcə bir-birinin üzünə, sonra da eyvanlardan sallanıb məyusluqdan özlərini az qala aşağı atacaq arvadlara baxdı. Çarəmiz yox idi.

Düzdür, Bəhlul kişinin moizəsini Mərdan dayı da eşitdi, amma səhəri gün axşam saat altıdan on ikiyə kimi onun oğlunun toyunda oynamaq borcumuz idi.

Səhəri gün axşam hamımız utanmaz-utanmaz toya yollandıq, dayanmadan vur-çatlasın oynadıq, axıra yaxın da elin adəti ilə yallı getdik.

Düz deyirdi Bəhlul kişi, hamı əl-ələ tutmuşdu, bir-birini tanıyanlar da, tanımayanlar da, hamı da eyni templə yallı gedirdi.

Özümdən asılı olmayaraq yallının ritmlərinin sədası altında “Qobustana gedirik” oxuyurdum.

Yallı zəncirində əlimdən tutub məni sağa doğru aparan bir qız tənbehedici baxışlarla dedi: “Yallıda söz olmur, cavan oğlan. Yallını səssizcə gedərlər.”

Düzdür, elə Bəhlul kişi də belə demişdi: “səssizcə, bacarırsan hətta səs tellərini qırıb yerindən çıxar...” Görəsən, yallı gedən qonşularımın ağlından heç Bəhlul kişinin dedikləri keçirdi?

Dözə bilmədim, özümü dövrədən çıxarıb yallı gedənlərə kənardan tamaşa etdim.

Dövrə çəlimsiz idi, heç bir həndəsi fiquru xatırlatmırdı. Bir az da gülməli idi. İnsanları dayanmadan bu qədər rəqs etməyə nə sövq edir axı?

Özümə də, qonşularıma da əsəbiləşdim. Toyu tərk edib, məhləmizə gəldim. Burda isə gözlənilməz bir mənzərə ilə qarşılaşdım.

Bəhlul kişinin böyük oğlu (adını xatırlamıram) bir neçə gədəyə yas çadırının hardan-hara qədər düzəldiləcəyini başa salırdı.

Yaxınlaşıb salamlaşdım. Soruşmaq istəyəndə səs tellərimin bircə sözə gücü çatdı:

- Olmaya...

- İki saat bundan qabaq tapşırdı canını. Səhərə hazırlıqlar edirəm.

- Allah rəhmət eləsin...

- Allah ölənlərinə rəhmət eləsin. Bəs məhlənin camaatı hanı, bayaqdan burdayam, bir nəfər çıxmır.

- Heç çıxmayacaqlardar da. Hamı gedib.

- Hara?

- Qobustana.

Sentyabr, 2010
XS
SM
MD
LG