Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Öz vətənini donuza oxşadan yazıçı...


Ceyms Coys
Ceyms Coys
Kitab bloqu
Qırmızı kitablar


Allah sənin ürəyini çəkməsin, ay Coys! Sənin bu andıra qalmış romanını oxumaq lap zülm-məşəqqətdi...

Görəsən, bu acı bağırsağın nəyinə şedevr deyirlər... Sənin özünə də 20-ci əsrin ən nəhəng yazıçılarından biri...

İlk təəssüratım belə olmuşdu.

COYS, MƏN VƏ ÇEX PİVƏSİ

İrland yazıçısı Ceyms Coysun 800 səhifəlik kərpic də yox, “kubik” romanında - “Uliss”də bütün hadisələr bircə günün içində baş verir.

Elə bir süjeti də yox, günün günorta çağı yuxu basırdı məni, oxuya-oxuya vaxtımı boş yerə itirdiyimi düşünürdüm, nəzərlərim səhifədəki sözləri, cümlələri izləyir, özüm isə gah beynində sabahın planlarını götür-qoy edir, gah da Praqanın isti yay günündə divana “yapışdığın” vaxtda yoldaşlarının hardasa ləzzətlə sərin çex pivəsi içdiklərini düşünüb əsəbiləşirdim.

Pis olan bircə odur ki, bu çexlər qəribə camaatdı, pivəni “elə-belə” içirlər, noxudsuz, kilkəsiz...

...Balıq demişkən, dahiyanə əsər “Qoca və dəniz”di, “Anna Karenina”dı, “Cinlər”di...

Burda isə iki nəfər – yəhudi reklam agenti Blyum və gənc irland yazarı Stiven - biri şəhərin bu başından, digəri o biri başından çıxıb Dublini gəzib-dolaşıb gah qəzet reaksiyasına, gah dəfn mərasiminə, gah da fahişəxanaya baş çəkib – yüz cür adamla qarşlaşıb, uzun-uzadı söhbətləşib - günün sonunda tapışırlar.

Amma sonra qəfil də yolları ayrılır – bağçada kürək-kürəyə - biri o tərəfə, biri bu tərəfə təbii ehtiyaclarını ödəyib ayrılırlar.

Vəssalam!

COYSA OXUCU "NİFRƏTİ"NİN KÖKLƏRİ...

Onlar 3 qardaş sayıla bilər. Coys, Prust, Kafka. Yaxşı mənada dağıdıcı. Klassik roman janrının düşmənləri. Modernizm cərəyanının görkəmli nümayəndələri və 20-ci əsr ədəbiyyatının inkişaf yolunu müəyyən edəcək səviyyədə nəhəng yazarlar.

Bir modernist kimi Coys həm də Avropanın “klassik” əxlaq və mədəniyyətinə üsyan elan etmişdi.

Avropa mədəniyyəti əsrlərlə iki özül üzərində inkifaş edib – yunan-Roma mədəni irsi və xristian əxlaqı.

Təsadüfi deyil ki, Coys öz “Uliss” romanını Qərb ədəbiyyatının ilk mənbələrindən olan “Odissey”lə (Homer) analogiya əsasında qurub.

Homerin dastanında əsas tema “ata və oğul”dur. Telemax Troya müharibəsinə yollanmış atası Odisseyin yolunu gözləməkdən yorulur və onun ardınca yollanır.

Başına müxtəlif macəralar gəldiyi üçün geri – ailəsinin yanına qayıtması müşkülə dönən Odisseyin arvadı Penelopaya elçi düşənlər çoxalır.

Uzun yolçuluqdan sonra Telemax atası ilə görüşür, onlar geri qayıdırlar, Penelopa ərinə sədaqətini qoruyub saxlayır, Odissey gəlib çıxandan sonra öz rəqiblərini məhv edir.

Necə də xoşbəxt bir sonluq...

Bu xoşbəxt sonluq – Avropanın iki min ilə qədər hökmran olmuş əxlaqının – ilahi qanunauyğunluq düşüncəsinin sumvolu sayıla bilər.

Yəni hər şey ilahi iradəyə tabedir, o, əxlaqla yaşa və xoşbəxtliyə çatacaqsan.

Homerin bu dastanı həm də struktur baxımından Qərb ədəbiyyatı tarixində bir çox əsərlər üçün ilham mənbəyi olub.

Coys isə ona tamam başqa yöndən yanaşıb.

Modernist Coys üçün belə klassik süjetlər yaramır, onun üçün belə klassik süjetlər müasir dövrə uyğun deyil. O qəsdən əsərin süjetini “dağıdır” və klassik formalara öyrəşmiş oxucunun nifrətinə tuş gəlməsi qaçılmaz olur.

Klassik romançılıq maraqlı, oxucunu müxtəlif üsullarla əsəri axıracan oxumağa vadar edən bir konstruksiyadırsa, Coysun romanının süjeti hansısa vacib ardıcıllıqla, kuliminisiya və düyünün açılması kimi detallarla formalaşdırılmır.

ATA İLƏ OĞULUNKU NİYƏ TUTMADI?

Coys ədəbiyyatda həyatın, tarixin ilahi qanunauyğunluq əsasında cərəyan etməsi, oğulun nəhayətdə ataya qovuşması, qadının sədaqət simvolu kimi təsvir edilməsi kimi əsrlərdir formalaşan düşüncəyə etiraz edir.

Coys üçün belə bir qanunauyğunluq mövcud deyil, o tarixə də, həyata da bir xaos kimi baxır, onun fikrincə, həyatı, tarixi hadisələri qabaqcadan “planlaşdırmaq” mümkün deyil.

Məhz buna görə, onun romanında Homerin əsərindən fərqli olaraq “ata və oğul” görüşsə də, əslində “oğul” Stivenin məqsədi heç də “ata” Blyumu tapmaq deyil, onlar təsadüfən görüşürlər.

Onlar gecə birlikdə Blumun evinə gedirlər.

Amma Telemax və Odisseyin görüşündən fərqli olaraq Stiven və Blüm bağçada müxtəlif istiqamətlərə sidik ifraz edirlər, sonra da Stiven Blümgildə qalmayıb gedir. Özü də bilmir ki hara...

Blümün arvadının isə məşuqu var, əri evdə olmayanda ona xəyanət edir.

Coys qadını ilahiləşdirmir, onu “ərə sədaqət, ailə səadəti” rəmzi olaraq təqdim etmir, onun üçün qadın da öz zəflikləri olan bir insandır.

Coysun Sürixdəki (İsveçrə) məzarı
Blüm arvadının başqa kişiylə əlaqəsindən şübhələnir, amma cəmiyyət içində heç nə olmamış kimi gəzir, işə gedib-gəlir, pul qazanır, cəmiyyətdə müəyyən mövqe sahibidir.

Blyum cənnət-cəhənnəm anlayışlarına ürəyində gülür, amma bunu cəmiyyət içində açıq büruzə verməməyə çalışır.

Gənc yazar Stiven isə bütün steretiplərə qarşı çıxır, əsərləri çap edilməsə də, marginallaşmaq, pulsuz qalmaq təhlükəsi ilə üzləşsə də, azad yaşamağa üstünıük verir.

Bir gənc yazıçı olaraq heç kəsdən asılı olmaq istəmir.

O, doğma atasının evini tərk edib, öz həyat yolunu müstəqil şəkildə müəyyənləşdirmək istəyir, atasının bu işə müdaxiləsindən bezib.

Həm də “mənəvi” atası Blyumun da ona öz evində sığınacaq vermək təklifini rədd edir.

Əsərin sonunda onun harada gecələcəyi bilinmir.

Amma o, azaddır.

Elə bir mövzu yoxdur ki, onun haqqında sərbəst fikrini deyə bilməsin.

Xüsusən də streotiplər barədə.

O, yəhudiləri Britaniyanın əsas problemi sayanlara gülür, Şekspiri toxunulmaz elan edib onun haqqında yeni fikirləri qəbul etməyənlərlə barışmır, məşhur dramaturq haqda onun öz nəzəriyyəsi var...

VƏ DONUZ MƏSƏLƏSİ...

Gənc yazar Stiven elə Coysun özüdür.

Coys Vətənini tərk edib xaricdə yaşadığı və ən gözəl əsərlərinin qürbətdə yaratdığı kimi Stiven də irland cəmiyyətinin bütün stereotiplərindən azad olmağa çalışır.

Gah millətçilər onu ingilis müstəmləkəçiliyinə qarşı hərəkata qoşulmağa çağırır, gah solçular onu cəmiyyətdəki ədalətsizliklərə etiraz etməyə səsləyir.

Amma o, bunların hamısından boyun qaçırır.

Çünki onun mövqeyi budur ki, əsl yazıçı həyata hansısa ideologiyaların prizmasından baxa bilməz.

O özünü bütün bu stereotiplərdən azad etməlidir.

Coysun Dublindəki heyəli
Coys İrlandiyanı “Uliss”də Stivenin dili ilə “öz p...nu yeyən donuz adlandırır”.

Tarix boyu İrlandiyanın müstəqilliyi uğrunda vuruşan qəhrəmanları elə irland xalqı özü məhv edib.

Coysa görə, yazıçı bu siyasi oyunların, bu əxlaqın bir hissəsi olmamalıdır.

Onun işi yazmaq və hadisələrə qiyməti öz əsərində verməlidir.

Ən açıq şəkildə, amma tam müstəqil olaraq.

O ölkəsinə kənardan baxa və onu tam şəkildə görə bilməlidir.

Ceyms Coysu bu mövqeyinə görə İrlandiyada çox adam sevməzdi.

Amma ölümündən 8 il sonra - 1949-cu ildə İrlandiya ingilis müstəmləkəçiliyindən azad olub özünü müstəqil respublika elan edəndən sonra irlandlar onun dahiliyini daha yaxşı anlamağa başladılar.

“İrlandiya öz p...nu yeyən donuzdur” yazan yazıçıya təkcə Dublində heykəl qoyulmur, o həm də ölkəsinin bütün dünyada simvollarından birinə çevrilir.

Onu oxumaq üçün özünə “zülm etməyə” - Praqanın isti yay günündə sərin çex pivəsi içməkdən olmağa dəyər...

Həmçinin oxu
Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus
Orxan Pamuk. "İstanbul": Hansı güzgülər bədbəxtlik gətirir?
İslama qayıdış və qızılgülün adı
XS
SM
MD
LG