Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:37

Azərbaycan Amerikanı doğrudan da strateji müttəfiq sayırmı?


Elmar Şaxtaxtinski

(E.Şaxtaxtinski Amerikada yerləşən AZAD (Amerika Azərbaycanlıları Demokratiya Uğrunda) təşkilatının rəhbəridir. Təşkilat Azərbaycan və başqa ölkələrdə demokratiyanın inkişafına çalışır. Azad Avropa və Azadlıq Radioları Korporasiyasının ingiliscə İnternet saytı üçün yazdığı bu yazıda ifadə etdiyi fikirlər müəllifin şəxsi mülahizələridir. Yazının əsas məqamlarını diqqətinizə çatdırırıq).


Azərbaycan hökumətinin və onun xaricdəki dəstəkçilərinin sevimli bir ifadəsi var: ABŞ və Azərbaycan “mühüm strateji tərəfdaşlardır”.

Azərbaycanın coğrafi mövqeyi və zəngin enerji ehtiyatları doğrudan da belə bir müttəfiqlik üçün imkanlar açır. Amma indi Azərbaycandakı neftə əsaslanan diktatura ilə ABŞ arasında hazırda mövcud olan münasibətlərin strateji xarakter daşımasını söyləmək qətiyyən mümkün deyil.

Hətta Bakının Qərblə əməkdaşlığının təməl elementləri – enerji və təhlükəsizlik də Azərbaycan rəsmilərinin özləri tərəfindən tez-tez təhlükə altına qoyulur.

Son bir il ərzində Azərbaycan hakimiyyəti Amerikanın onun avtoritar siyasətini və ölkədəki geniş yayılmış korrupsiyanı tənqid etməsindən və Obama administrasiyasının ona münasibətdə saymazyanalığını hiss etdiyindən məyus olaraq NATO-nun Əfqanıstandakı mssiyasını dəstəkləməkdən imtina edəcəyinə davamlı şəkildə eyham vurmağa başlayıb.

Ötən ilin noyabrında Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov Nyu-Yorkdakı Kolumbiya Universitetindəki çıxışında hətta Əfqanıstandakı hərbi əməliyyatlarla bağlı Amerikanın daxilində gedən debatlara qoşulmuş, ABŞ-ın Əfqanıstanda hər hansı real müharibə strategiyasının olmaması və Əfqanıstanda Amerika əsgərlərinin sayının artırılmasının uğur gətirmədiyi haqda fikirləri xatırlatmışdı.

İqtidaryönlü millət vəkilləri isə bir ara Qərbin neft şirkətlərini Azərbaycandan qovmaq haqqında parlamentdə fikirlər səsləndirmişdilər. Hakimiyyət Amerikada təhsil alan azərbaycanlılara maddi dəstəyi dayandırıb. Dövlətin nəzarətində olan mediada açıq Anti-Amerika çıxışları səslənib.

Hillari Klinton Bakıda
Özünü “Amerikanın yaxın müttəfiqi” adlandıran bir ölkə Amerikanın regiondakı maraqlarını belə asan şəkildə necə təhlükə altına qoya bilər?

Bunun cavabı Azərbaycanda hakimiyyətdə olan rejimlə Avro-Atlantik məkana inteqrasiyaya yönələn etibarlı tərəfdaşlıq ideyası arasında fundamental ziddiyyətlərdədir.

Azərbaycan elə bir ölkədir ki, orada hökumətyönlü insanların dəstələri polislə birlikdə müxalifətin mitinqlərini dağıdır, mülki geyimli “idmançılar” bloggerləri döyür və həmin bloggerlər sonradan həbsə atılır. Jurnalistlər öldürülür, yaxud Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq azadlığa buraxılmır. Qərbin radiostansiyaları yerli dalğalardan məhrum edilir.

Yuxarıda qeyd edilən geriləmələrə baxmayaraq iki ölkə arasında gərginliyi aradan qaldırmaq üçün bu yaxınlarda ABŞ-ın müdafiə naziri Robert Geyts və dövlət katibi Hillari Klinton Bakıya səfər etdilər.

Geyts Azərbaycan prezidenti İlham Əliyevə xoş gəlsin deyə ona ABŞ prezidenti Barak Obamanın məktubunu çatdırıb.

Klinton isə yerli hüquq-müdafiə təşkilatları və müstəqil medianın müdafiəçilərini məyus edərək hətta rejimi insan haqları sahəsində olmayan “inkişafa görə” alqışlayıb.

Bu cür reveranslardan sonra Əliyev rejimi həbsdəki jurnalist və bloggerlərə qarşı hökmləri ya qüvvədə saxlamış, ya da uzatmışdır.

Bundan başqa Əliyev Kreml ilə Rusiyaya satılan qazın həcminin iki dəfə artırılması haqda saziş imzaladı.

Bakı polisi etiraz aksiyasını dağıdır
Bu, Qərbin dəstəklədiyi NABUCCO layihəsi üçün nəzərdə tutulan qazın hesabına baş verdi.

Bütün bunlar göstərir ki, rejim heç bir islahat aparmaq istəmir və insan haqları sahəsində vəziyyətin yaxşılaşmasını öz mövcudluğuna təhlükə kimi görür.

Buna görə də Qərblə əlaqələrdən öz qısamüddətli, müvəqqəti mənafelərini həyata keçirmək üçün istifadə edir.

Azərbaycandakı hakim sülalənin xətrini xoş etməyə yönələn səmərəsiz və uzaqgörməyən cəhdlərdənsə, Qərb siyasətçiləri Azərbaycanda demokratiya və fərdi azadlıqları bölüşən qüvvələri dəstəkləməlidirlər.

Əsl strateji müttəfiqlik məhz bu dəyərlər üzərində qurula bilər.
XS
SM
MD
LG