Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:02

“Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”


Bu yazısı ilə ədəbi tənqidçi Əsəd Cahangir Pərviz Cəbrayılın "Ən yeni ədəbiyyat" seriyasında çap olunmuş "Yad dildə" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qatılır.

VERSİYA

İç Pərvizlə Dış Pərviz ASİ olub “Yad dildə”nin öldüyü boyu bəyan edər

Birinci bölüm:
Ekstraversiya: Bayırroman və Dış Pərviz

Tanınmamış yazar Pərvizin “Yad dildə” romanında (Bakı, “Ən yeni ədəbiyat” seriyası, Qanun, 2010) olayların başlıca məkanı İçərişəhərdir.

Biz də İçəriromana keçəcəyik, amma Bayırromanda – kitabın girişi və arxa qapağında müəllif haqda elə fenomenal məlumatlar verilir ki, fikrimizcə, bunlar üzərində dayanmağa dəyər: Arxadan başlayaq: “Pərviz – 1971-ci ildə doğulub. İlk kitabı “Öləngi” (2000-ci il) “İlin kitabı” kimi dəyərləndirilib.

O öz romanında da siyasi müxalifət qəzetinin əməkdaşı olaraq qalır.

Qarşı duran tərəflərdən birinə pərəstiş, digərinə isə patoloji nifrət və qəzəb ona siyasi qarşıdurmaların fövqünə qalxıb olayları obyektiv qiymətləndirməyə, yazıçı mövqeyi sərgiləməyə imkan vermir.

Uzun-uzadı siyasi-publisit yorumlamalar, dini-mistik, “elmi-fəlsəfi” ricətlər, qəhrəmanların aramsız internet yazışmaları süjeti önəmli dərəcədə ləngidir, oxucunu yorur və romanın oxunmasını əngəlləyir.

Uzaqbaşı bu yazıya “qərəzli” tənqidçinin subyektiv versiyası adı verəcək, sonra facebook-da bir-birinə sevgilərini izhar edəcəklər. Çe ilə Banuçiçək kimi...
Bu gün də dartışma mövzusu olaraq qalan əsər 23 illik fasilədən sonra Azərbaycanda roman janrının aktivləşməsinə təkan verib”.

Pərvizin təvazökar şəklinin yanında yer alan və heyrətamiz “təvazökarlıq” nümunəsi olan bu sözləri oxuyub son on ilin ədəbi prosesindən az-çox xəbəri olan birisi kimi fikirləşirəm: “Bu qədər coşqun ədəbi-bədii hadisələr dönəmində, görəsən, hansı planetdə olmuşam?

Axı mənim kosmanavtikaya heç vaxt nə imkan, nə də marağım olmayıb”.

Elə çıxmasın ki, yaradıcı kimsənin özünəgüvəncinə (hətta lap iddiasına) qarşıyam.

Əlbəttə, bu iddianı dillə deməkdənsə, işdə göstərmək daha yaxşı olardı.

Amma yazıçının haqqı çatırsa, yəni o, iddiasını kitabın təkcə cildi yox, içində də ortaya qoyursa, məncə, özünütəqdimin birbaşa formasına da doğal yanaşmaq olar.

Onda bu, heç olmasa səmimi bir özündənrazılıq kimi görünər. Olsun, önəmlisi budur ki, ortalığa nəsə çıxsın.

Məsələn, 90-cı illərdə Salamın tele və qəzet müsahibələrindəki bu sayaq çıxışları uzaqbaşı xoş təbəssüm doğura bilərdi.

Pərvizə gələndə isə iddia ilə imkan, bayırla iç arasındakı eyforik uyarsızlıq qabarıq (hətta çox qabarıq) görünür və etiraz da burdan doğur.

Romanlarında personajları yuxuya verməyə özəl meyl edən, yuxu-gerçəklik keçidlərinə tez-tez üz tutan, bir sözlə, “röya estetikası”nı sevən, “mürgülü” romanlar yazan Pərviz, bəlkə, yuxarıda özü haqda yazılanları da yuxusunda görüb?

Yəqin bu üzdən o, “dartışma mövzusuna çevrilmək” ifadəsinin ardında necə iddialar durduğunun fərqində deyil?

Məsələn,

- “Peyğəmbər”, “Afət”, “Topal Teymur”, “Səyavuş” pyesləri – Cavidi yeni cəmiyyət quruculuğunu qoyub mövzunu gah İran, gah Turandan götürməkdə qınayırdılar;

- “Aygün” poeması – S.Vurğunu ailə-məişət konusuna enməkdə, hətta qəhrəmanlarından bəzisinə (Əmirxan) “feodalizm qalığı” olan adlar verməkdə suçlayırdılar;
- “Rənglər” silsiləsi – R.Rzanı abstarksionizm, formalizmə yuvarlanmaqda günahlandırırdılar;

- “Körpüsalanlar” povesti – İ.Əfəndiyevə əsərin əsas qəhrəmanı Səriyyənin xarakter və davranışının Azərbaycan qadınına uyğun gəlmədiyini deyirdilər;

- Ə.Kərim, F.Qoca, F.Sadıq, Ə.Salahzadə, İ.İsmayılzadə kimi 60-ci illərin gənc şairlərinin şeirləri – mühafizəkar qanadın təmsilçiləri bu cavanların R.Rzanın ardınca heca vəznini bir kənara qoyub sərbəst şeirə keçməsini çoxəsrlik milli gələnəklərə arxa çevirmək kimi başa düşürdülər;

- “Dünyanın arşını” romanı – S.Əhmədlini kolxoz quruluşuna qarşı çıxdığı, genəlliklə sovet toplumunun “işıqlı tərəflərini” görmədiyi üçün məhkəməyə çəkirdilər;

- “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı - Anarı Təhminə obrazıyla bağlı “Səriyyə məsələsi”ndə ittiham edirdilər;

- “İtkin gəlin” romanı – belletristika, yüngül “çtiva” saydıqları bu əsərin müəllifi Ə.Hacızadənin geniş oxucu kütləsi arasındakı görünüb-eşidilməmiş populyarlığını nə həzm edə bilir, nə də bunun sirrini aça bilirdilər;

- “İdeal” romanı – İsa Muğannanın o vaxtacan yazdığı əsərlərdən, hətta özünün ədəbi təxəllüsündən belə imtinası, fenomenal daxili-ruhi potensialın – qnozisin açılışı hesabına Nizami və Nəsimidən sonra təkrarlanmayan ikinci düşüncə qatına keçməsi, Odər dili ideyası, bədii fikirlə elmi-fəlsəfi düşüncəni sintezləşdirməsi, bir sözlə, yazıçılıqdan peyğəmbərliyə keçməsi şok effekti yaradırdı.

- “Dəyirman” povesti – M.Süleymanlını naturalistik səhnələrə meylinə, “həyatı birtərəfli əks etdirdiyinə”, “sovet gerçəkliyini bütün yönləriylə ümumiləşdirə bilmədiyinə”, “təsadüfi, lokal kənd olaylarına ümummilli səciyyə vermək” çabalarına görə tənqid edirdilər;

- V.Səmədoğlu, R.Rövşən, V.B.Odərin şeirləri – sosrealist ədəbiyyatın istehsalat, inqilab və s. kimi ənənəvi mövzularını bir kənara qoyan bu şairlərin Allah, ölüm, kədər, tənhalıq və s. kimi “pessimist” konularda yazmasıyla barışmırdılar;

- Salamın şeirləri – gənc şairin bir neçə minillik daşlaşmış ifadələr üzərindəki dil oyunları, Füzulidən üzü bəriki çoxəsrlik obrazlara diametral əks rakursdan yanaşması, bir sözlə, poetik travestiya əməliyyatı biranlamlı qarşılanmırdı;

- “Nekroloq” romanı – H.Hersiçinin sahilsiz roman janrına keçmək, stereotipləşmiş “yaradıcılıq” anlamı yerinə “dağıdıcılıq” anlayışını irəli sürmək, hər cür avtoriteti rədd edən postmodern estetika meyarlarından çıxış etmək, mətn və həyatı maksimum yaxınılaşdırmaq, adi, bayağı faktlar arxasında mistik-fəlsəfi mənalar axtarmaq, bir-birindən uzaq olay və predmetlərin ağlasığmaz batini əlaqəsini üzə çıxarmaq çabaları çaşqınlıq doğururdu.

Görəsən, Pərvizin “Öləngi” romanı nəyə görə “dartışma mövzusu”na çevrilməliydi?

Bu dartışma nə vaxt, harda oldu? Olsun ki, Pərvizin hansısa dostu çay, yaxud içki məclisində “Öləngi”ni tərifləyib, kimsə romanın adını hansısa yazısında çəkib, hətta ona özəl məqalə də həsr edib.

Amma, görəsən, bunlar dartışma konusuna çevrilmək deməkdir? “Öləngi”, yumşaq desək, oxunubmu ki, onun haqqında dartışma da başlansın?

Məncə, dünyanın ən çətin oxunan romanının (“Uliss”) müəllifi Coysun özü belə “Öləngi”yə qibtə edərdi.

Əgər elədirsə, “23 illik fasilədən sonra” o, “Azərbaycanda roman janrının aktivləşməsinə” necə “təkan” verə bilər?

Əksinə, “Yad dildə”ni yazan Pərvizin bəyənmədiyi “A” romanından (E.Qaraqan) impuls almasını sezmək böyük diqqət-filan tələb eləmir. Hər iki romanda –

- həyatdan, cəmiyyətdən narazı gənclər gizli inqilabi təşkilat yaradırlar, birincidə HOST, ikincidə isə ASİ təşkilatı;

- HOST təşkilatına A, ASİ-yə isə Çe gizli adı ilə mason liderləri kimi gözəgörünməz, naməlum adamlar başçılıq edirlər;

- inqilabi mübarizə olayları arasında melodramtik sevgi ünsürləri yer alır, birincidə Anarla Aysel, ikincidə isə Çe ilə Banuçiçək arasında;

- sosial-siyasi həyat antiutopik durum kimi səciyyələndirilir;

- çağdaş sosial-siyasi sorunların həlli yolları paralel olaraq həm də tarixi qatda axtarılır;

- əsas süjet xətti yardımçı olaylar, müəllif ricətləri ilə vaxtaşırı kəsilir;

- finalda inqilabi mübarizənin illüzyor səciyyəsi üzə çıxır, gənclər məğlub olur.

İnsafən, “A” romanı ilə “Yad dildə” arasında mühüm bir fərq də var – alternativ nəsrə məxsus çaparaq yazı manerasına malik birinci roman oxucuya zövq verdiyi halda, müxtəlif metodların konqlomeratından ibarət ikincini oxuyub başa vurmaq əsil hünər tələb edir.

Bəs, görəsən, kim kimi təqlid edib? On doqquz yaşlı Elxan öz romanını otuz doqquz yaşlı Pərvizdən iki il öncə yazıb. Nəticəni özünüz çıxarın.

Özündən iyirmi yaş kiçik bir gənci təqlid etməkdə Pərvizi qınamaq olardı.

Amma onu qınamağa daha ciddi səbəb var - təqlid etdiyi şəxsi üstəlik də bəyənməmək, “Azadlıq” radiosundakı dartışmada nəinki gənc yazarı, hətta onun haqqında yazan tənqidçiləri belə məhşər ayağına çəkmək çabaları!

Pərviz öz virtual dünyasının tənhalıq əzablarıyla baş-başa qalan obrazlar yaratmağa meyllidir.

Bəs onun özü necə, bircə dəfə gözünü yumub, başını əlləri arasına alıb düşünübmü: bəy dediyim nədir, bəyənmədiyim nədir?

Mətləbdən uzaq düşməmək şərtilə, kiçik bir ədəbi-tarixi ekskursa lüzum görürük.

İyirmi-otuzuncu illərdə H.Cavidi təqlid edən gənc şairlər dəstəsi həm də onun ən qatı tənqidçiləri idi.

Bu ikili münasibət sadəcə yuxarıların “burjua cığırdaşı” adı ilə damğaladığı böyük şairə qarşı kompaniya açması və V.Mayakovski, D.Bednı ənənələrindən ilham alan komsolmolçu gənclərlə “pantürkist” Cavid arasındakı ideoloji ayrılıqdan irəli gəlmirdi.

Məsələnin iyirminci illərin hər cür siyasi-ideoloji qarşıdurmalarından uzaq həm daha genəl, həm də daha konkret - sırf fərdi-psixoloji səbəbləri də var idi.

Birincisi, ifşa olunmaq qorxusu altında olan təqlidçi etkiləndiyi mənbəni gözdən salmağa həmişə meylli olur.

İkincisi, istənilən bir sahədə, o cümlədən də ədəbiyyatda müəyyən uğur qazanan adam başqaları üçün sanki aşılması gərəkən divara çevrilir.

Qarşı tərəf bu maneəni istedadla aşa bilməyəndə çıxış yolunu onu danmaqda görür.

Romantik ideallar şairi öz böyük istedadı və yenilməz kimliyi ilə özünütəsdiq çabalarında bulunan gənclər qarşısında başı səmalara çatan divar misalındaydı.

Səma şairinin repressiyası bu divarı torpaq şairlərinin önündən nəinki qaldırmadı, əksinə, ona aşılmaz, transsendent xarakter, əbədi səciyyə verdi.

Komsomolun ömrü isə vur-tut yetmiş il çəkdi.

Daha bir misal. Yuxarıda sözügedən komsomol aktivlərindən olan və Cavidin həbsindən sonra onun mövqeyinə yüksələn S.Vurğun özü də çox keçmədi ki, nankorlardan eyni zərbəni aldı və -

Qucaq-qucaq oğurlasın şeirimi dostlar,
Barı şair qüdrətimi onlar danmasın”-

demək zorunda qaldı.

Misalların sayını bəsdi deyincə artıqmaq da olar, amma bütün bunlar Pərvizin Elxana “tənqidi” münasibətini belə yekunlaşdırmağa gətirib çıxaracaq: qara(qan) məni basınca, mən “qara(qa)nı basım.

Bəs, Pərviz Azərbaycan romanı tarixindəki “23 illik fasilə” deyəndə görəsən nəyi göz önünə alır?

Bəlkə bu, 1988-ci ildən üzü bəriki dövr – özgürlük dönəmidir?

Əgər sözügedən 23 ildə roman janrında “fasilə” baş veribsə, onda S.Əhmədli (“Meydan” trilogiyası), A.Məsud (“Azadlıq”), Anar (“Ağ qoç, qara qoç”), Ə.Əylisli (“Ətirşah Masan”), K.Abdulla (“Yarımçıq əlyazma”) və digərlərinin Pərvizin “Öləngi”sindən ölçüsüz dərəcədə önəmli romanları nədir?

“Öləngi”nin bu gün – üstündən vur-tut on il keçəndən sonra eləcə arxiv materialına çevrilməsi isə göstərir ki, beş-üç nəfər dost-tanışın köməyi ilə Akademiyanın Ədəbiyyat İnstitutunda müzakirəyə çıxarılmaq hələ heç nə demir.

Onun 2000-ci ildə “İlin kitabı” adını almasında da təəccüblü bir şey yoxdur.

Görünür, həmin il ikinci nəsr kitabı nəşr olunmayıb.

On ildən sonra - özünün yeni romanında Allah axtarışına çıxan Pərvizin elə kitabın cildindəcə belə allahsız mübaliğlərə yol verməsi, özündən istedadlı və təcrübəli imzaların üstündən bir qələmlə xətt çəkmək cəhdi isə bütün ölçüləri aşır.

Olsun ki, bütün bu sözlərin müəllifi Pərviz yox, kitabın redaktoru, yaxud naşiridir.

PƏRVİZ
Amma müəllif Pərvizdir və belə cığal fikirlərin imza qoyduğu kitabda yer almasına imkan verməsə, o daha ağıllı və ədalətli hərəkət etmiş olardı. Bəs onda son otuz-qırx illik poeziyamızda bütöv bir dönəm yaradan R.Rövşənin kitabının annotasiyasında nələr yazılsın?
Bir neçə il öncə cavan nasirlərin yaradıcılığına dair yazımda Pərvizin romanına da bir neçə cümlə ayırmışdım, təbiidir ki, tənqidi anlamda.

Estetik keyfiyyətindən asılı olmayaraq, məhsuldar nəsr fəaliyyəti ilə məşğul olanlar sırasında beş-altı il öncə uğursuz bir roman yazıb qeybə çəkilən Pərvizin də adının hallanması oxuculara qəribə görünə bilərdi.

Bunu anlayırdım. Amma tərəddüdlərimə rəğmən onun adını yazıdan çıxarmadım. Məqsədim oxucunun diqqətini hamı tərəfindən unudulan Pərvizə, onun diqqətini isə ədəbi prosesə cəlb etmək idi.

Çünki açıq-aşkar uğursuzluğuna rəğmən, “Öləngi”də “nəsə” olduğunu da hiss edirdim.

Mənə elə gəlirdi ki, bu “nəsə” potensial nasir istedadının ilkin işartısıdır.

Və bu işartıya güvənib “Öləngi” müəllifinin gələcək nəsr çabalarının müəyyən uğurlarla sonuclanacağına gümanlıydım.

Bəs, Pərvizin ikinci roman çabası bu gümanları nə dərəcədə doğrultdu?

Əvvəlcə gəlin görək yeni romanı haqda Pərviz özü nələr düşünür. “Yad dildə”nin bir səhifəlik girişi əsl bəhbəhnamədir: “demokratik bədii düşüncənin formalaşmasında xidmətləri olan müəllif” (sağ ol!); “intellektual monoloqlar” (afərin!); “zəngin psixoloji süjet” (mərhəba!); “hər kəs üçün ibrət dərsi” (əhsən!); “dərin siyasi-fəlsəsi məzmun” (malades!); “problemləri ümumiləşdirmə gücü” (bərəkallah!)... Və bir səhifəlik bəh-bəh axır ki öz apofeozuna çatır: “...roman ... düşünə bilən hər bir Azərbaycan gəncinin stolüstü kitabına çevrilə bilər (inşallah!)”.
Aydındır ki, bütün daxili şübhələriylə yanaşı əsl istedadda həm də özünəgüvənc olmalıdır.

Xüsusən də bədii mətnin yaranmasının qaynar məqamları, gərgin ilham anlarında yazıçı allahlıq eşqinə belə düşə bilər.

Axı o “yaradır”! Amma bir daha təkrar edirik ki, özünəgüvəncə yalnız ortalığa qoyulan fakt bəraət qazandıra bilər. Görəsən, Pərviz bu təmtəraqlı filoloji epitetlərin özünün yeni kitabına o qədər də yaraşmadığının fərqində deyil?

Elə bil ki, özünü hansısa totem quşa bənzədən Meksika hindusu başına alabəzək lələklər taxıb.

Bunu Pərvizə xatırlatmaq, bir qədər gec də olsa, onu bu zərərli eyforiyadan xilas etmək, məncə, ən azı savabdır.


***

İkinci bölüm:

İntroversiya: İçəriroman və İç Pərviz


Pərvizin bədii dünyagörüşünün bir başlıca özəlliyi və sorunu var: o, xəyalında qurduğu eyforik dünyaya qapıldığından gerçəklik ölçülərini itirir və bu, onun oxucularla ilişgi imkanını istisna edir.

Sonucda oxunmur və belə çıxır ki, sadəcə özü üçün yazır. Pərviz, Kantın terminləriylə desək, özündəşey ədəbiyyatının görkəmli təmsilçisi, “Öləngi” özündəşey nəsrinin təkrarsız örnəyidir.

90-cıların əksər təmsilçiləri (Salam, Xanəmir, Q.Ağsəs, O.Fikrətoğlu, Səhər, İ.Fəhmi və s.) kimi Pərviz də psixoloji tipinə görə ekstravert yox, introvertdir.

K.Yunqa görə ekstraversiya və introversiya şəxsiyyətin iki tipidir.

Ekstravertlər xarici qavrayışa, introvertlər isə daxili təsəvvürlərə önəm verirlər.

60-cı illərin psixoanalitiki Ayzenkə də görə, ekstravertlər xaricə, introvertlər isə daxilə yönəlik adamlardır. Görəsən, niyə 90-cıların ən tipik nümayəndələri məhz introvertdir? Ən coşqun ictimai-siyasi olayların (sovet imperiyasının süqutu, meydan olayları, tez-tez baş verən siyasi çevrilişlər, Qarabağ müharibəsi, iqtidai iflic, aclıq, vətəndaş qarşıdurması təhlükəsi və etnik-milli sorunlarla bağlı qiyam cəhdləri və s.) nəinki şahidi, bəzən hətta iştirakçısı olan bu gənclərin ekstravert olması daha məntiqi olmazdımı?

Amma əksərən olmadılar. Bunun başlıca nədəni odur ki, qlobal və ümummilli səviyyədə tragik olaylar diqqəti insanın içinə yönəldirdi.

İnsan əzablardan keçərək özünü tanıyır. Bu, aksiomadır.

Bir sistemdən digərinə əzablı keçid ikinci doğuluş, bu isə özünüdərk prosesi doğururdu.

Pərvizin on il öncə yazdığı “Öləngi” romanı da, “Kilkə” silsiləsindən olan hekayələri də özünütədqiq səciyyəli aşırı introversiya örnəkləridir.

Sadəcə, bunlar müəllifin fərdi özünüdərkindən çıxaraq nə ictimai, nə də bədii fakta çevrilə bilmir.

Bunun suçunu tənqidçilərdə görən “inqilabçı” Pərviz son illər həm də ədəbi müxalifətə keçib.

Gəlin, bu məsələdə onu qınamayaq. Bəlkə tənqidçilər olmasa, Pərviz doğrudan da şedevrlər yarada bilərdi?

İntrovert xarakter Pərvizin şeirlərində daha çılpaq üzə çıxır. Yeganə predmeti ruh olan bu virtual örnəklər Azərbaycan poeziyasında ən materiyasız şeirlərdir.

Bu şeirlərin cismi, bədəni yoxdur. Nə virtualizmin korifeyi Füzuli üçün səciyyəvi olan gül, bülbül, şam, pərvanə, nə də çağdaş öndərləri R.Rövşən, V.B.Odər və Salam üçün xarakterik olan güzgü, uşaq, yol, bulud, gəmi, ağac və s. rəmzi-simvolik obrazlar belə Pərvizin introvert poetik dünyasının anturaj, dekor və rekvizitlərinə çevrilmir.

Bu şeirlər sanki havadan ibarətdir. Onları oxuyanda heç nə görmür, eləcə nəyinsə üzümüzə toxunduğunu hiss edirik. Belə qeyri-maddiliyə V.B.Odərin ayrı-ayrı şeirlərindəki müəyyən parçalarda rast gəlmək olur.

Şeir virtual dünyaya nəsrdən daha yaxındır. Pərvizin nəsr çabalarının alınmamasının bir səbəbi də olsun ki, budur.

Nəsr yazılarında daha çox ictimai-siyasi olaylara üz tutan Pərviz bu olayları da virtual planda yazmaqda davam edir.

Forma ilə məzmun arasındakı ziddiyyət isə uğursuzluğa aparır. “Öləngi” 90-cı illər olaylarının gerçək yox, bir insanın daxili dünyasına proyeksiya olunaraq sınmış forması – pərvizanə-nərgizanə mənzərəsidir.

Amma bu mənzərədə Pərvizlə yanaşı başqalarına da məxsus ortaq məqamlar, demək olar ki, yoxdur.

O başqalarından danışanda da özündən bəhs edir, kənara baxanda da Nərgiz kimi yalnız özünü görür.

Bu yöndən romannın anlaşılmazlığının səbəbini anlayıram. Başqaları onun fərdi, “yad dilini” anlamır, çünki o özü başqalarının dilini bilmir. “Öləngi” zərrə qədər də işıq düşməyən qaranlıq mağaraya bənzəyir. Əllərini bu mağaranın soyuq, qaranlıq divarlarına sürtə-sürtə nə qədər getmək olar? Axı oxucu yarasa deyil.

Biz bununla introvert təfəkkürün uğurlu bədii mətnə mütləq anlamda tərs mütənasibliyini vurğulamırıq. Düşüncənin dışa, yaxud içə yönəlməsindən asılı olmayaraq, istedad istedaddır.

Məsələn, Dostoyevskinin romanları bütün toplumsal səciyyəsi ilə yanaşı həm də güclü introvert xarakteri daşıyır.

Kafkanın novella və romanları isə dünya ədəbiyyatında introversiyanın parlaq örnəkləridir.

Amma daim öz içində vurnuxan bu yazıçının ən yaxşı əsərlərində oxucu ilə ilişgi də heç vaxt kəslimir, ekspressionist gərginlik bircə an belə diqqətin yayınmasına imkan vermir.

Virtualizm Kafkanın əsərlərinə seyrək bir duman gətirir.

Bütün psixoloji-fantastik səciyyəsinə rəğmən hadisələrin gözlə görünəcək qədər maddiliyinə malik “Çevrilmə” novellasını çıxmaqla, onun başlıca əsərlərindəki (“Amerika”, “Proses”, özəlliklə də “Qəsr”) olayları sanki tül pərdə arxasından seyr edirik.

Bununla yanaşı hər şeyi görür, olaylar çıxmazının sonunacan gedib çıxa bilirik.

Eyni sözləri fransız impressionist yazıçısı M.Prustun “İtən vaxtın sorağında” romanı, yaxud da Pərvizin çox sevdiyi və təqlid etməyə çalışdığı H. Hessenin də əsərlərinə (“Yalquzaq”, “Muncuq oyunu” və s.) şamil etmək olar.

Milli nəsrdə introvert bədii təfəkkürün ən tipik örnəkləri Anarın “Əlaqə” povesti və M.Süleymanlının əsərləri (“Şeytan”, “Yel Əhmədin bəyliyi” və s.), özəlliklə də “Köç” romanıdır.

A.Məsudun hekayə və povestləri, xüsusən də “Azadlıq” romanı bu istiqamətdə növbəti addım olub milli nəsrdə içə yönəlmənin hələki son həddidir.

PƏRVİZ
Onun “İzdiham” sürrealist poeması isə introversiyanın şiddətinə, şüuraltı eksprerssiyanın gərginliyinə görə anoloqu olmayan nümunədir.

Məntiqlə “Öləngi” yeni mərhələnin göstəricisi olmalıydı. Amma Pərvizin bədii istedadının yetərli olmaması estafeti irəli aparmağa ona imkan vermədi. Çünki, o, əslində, nə içə, nə də dışa baxmır, sadəcə gözlərini yumub. Və bu qaranlıqda özü bir şey görmədiyi kimi, başqalarına da nəsə göstərə bilmir.

K.Yunq “Libido, onun metamorfozları və simvolları” kitabının böyük bir hissəsini müəyyən komplekslərə malik miss Millerin şeirlərinin psixoanalitik çözümlənməsinə həsr edib.

Superyad dildə yazılan “Öləngi” romanı da tənqidçidən daha çox psixoanalitikin araqşdırma predmeti ola bilər.

Hər kəsin həyatında 28-35 yaş öz daxili dünyasına giriş – özünüdərk dövrüdür.

İnsan məhz bu yaşda kitablardan öyərndiyini bir kənara qoyub öz ruhunun kitabını oxumağa başlayır.

Bu yaş dövrünü başa vuran adam içindən çıxır – özünüdərk prosesində öyrəndiklərini başqalarına təqdim edir.

Məncə, istedad da elə budur. Çünki istedadın başlıca özəlliyi özünəməxsusluqdur. Hətta bu yaş dövründə də özünə gəlib çatmayan, təqlidçilik edənlərin sözün ciddi mənasında istedadı məndə həmişə şübhə doğurub.

Otuz iki yaşında “Göləqarğısancan”ı yazan Aqşinin hələ də H.Herisçinin təqlidçisi olaraq qalmasına tənqidi yanaşmağımızın başlıca nədəni də məhz bu idi.

“Mən kiməm, nəyə qadirəm və hansı perspektivi vəd edirəm?”

İstedadın ilkin açılışı dövrü olan sözügedən yaş dönəmində insan başqalaırna bunu çatdırır.

Bura qədərkiləri isə istedadın olsa-olsa işartıları – qabiliyyət və onun ilkin səviyyədə ifadə bacarığı saymaq olar.

Pərviz “Öləngi”ni 29 yaşında, yəni özünəgiriş dövrü, “Yad dildə”ni isə özündənçıxış dönəmindən sonra – 39 yaşında yazıb. “Yad dildə” romanında introversiyanın öz aparıcı mövqeyini saxlamasına rəğmən, “Öləngi” ilə müqayisədə önəmli dərəcədə zəifləməsi, introvert və ekstravert düşüncənin müəyyən qədər də olsa, bir araya gəlməsi bu üzdən məntiqidir.

Hər halda burda izlənilməsi mümkün olaylar var. Bəs, Pərviz nə deyir?

İçərişəhərdə əhaliyə su verilmədiyinə görə dəhşətli sususzluq başlayır. Allahın peyda olması ilə bağlı əhali arasında şayiələr yayılır.

Hamı möcüzəni göydən gözləsə də, konspirasiya məqsədilə “Dədə Qorqud” qəhrəmanları adlarını özlərinə nik götürən bir dəstə gənc ASİ adlı gizli təşkilat yaradır və Polkovnikin rəhbərlik etdiyi Xuntaya qarşı inqilabi mübarizəyə hazırlaşırlar.

İnternet yazışmaları vasitəsilə tanış olduqları Çe təxəllüslü, tanımadıqları bir nəfər onları qiyama çağırır.

ASİ-çi qızlardan biriylə Çe arasında virtual bir eşq də yaşanır.

Xunta ailə məsələlərinə qarışmağa qədər müxtəlif şantaj üsullarına əl atır, ASİ-çilərdən bəzilərini həbs edib onlara işgəncə verir.

Arada Polkovnikin ölüm xəbəri yayılsa da, sonra bunun şayiə olduğu üzə çıxır.

Nəhayət, Aşura günü qiyam başlayır. Polis istər azadlıq mücadiləsi, istərsə də dini təziyəyə yığışanları amansızcasına dağıdır.

Dastançıların diliylə desək, qırılan qırılır, qaçan qaçır.

Sağ qalanlardan bir kişi özünü Qız qalasından atır.

Özü də ASİ-çilərdən olan təhkiyəçi evinə dönür və yarımyuxulu arvadının yataqdaca ona verdiyi xəbərdən şoka düşür: sən demə, onların məktəbli oğlu öz yaşıdları arasında “inqilabi” dərnək yaradıb.

Məktəblilər “Bu Xunta devrilənədək!” devizi ilə mübarizəyə hazırlaşır. Həyat və mübarizə davam edir.

Müsair tematika, ümummilli taleyüklü aktual problematika çağdaş nəsrin qarşısında duran vacib məsələlərdəndir.

Bu sorun cavan nasirlərin yaradıcılığında özünü daha qabarıq göstərir. Bizdə bu konuda qəribə bir durum var.

Müasir tematikaya meyl edənlərin əksərən lazımı istedad və ustalığı, müəyyən nasir istedadı olanların isə aktual mövzu və çağdaş problematikaya meyli yoxdur.

Bunun bir səbəbi də sovet dövründən miras qalmış belə bir qənaətdən irəli gəlir – ictimai-siyasi mövzuya meyl guya ədəbi xaltura, mövzu arxasında gizlənmək, ideologiyaya xidmət etmək, bir sözlə, “ciddi ədəbiyyata” dəxli olmayan deklarativ bir şeydir.

Bu qənaət sovet dövrü yazıçısının özünü ideologiyaya xidmətdən qorumaq vasitəsi kimi pozitiv səciyyə daşıyırdı. Lakin dəyişən zaman problemə yanaşmanı da dəyişməyi tələb edir. Bir çox yazıçılar, özəlliklə də cavanlar isə məhz bu dialektik dəyişkənliyin fərqinə varmırlar.

Pərvizin aktual mövzuya – çağdaş cəmiyyət adamının mənəvi azadlığı, siyasi hüququ, maddi rifahı sorunlarına üz tutması bu üzdən təqdirəlayiqdir. Amma sözün ən geniş anlamında, nəzəri mənasında.

Bəs məsələyə konkret yanaşsaq necə?

Pərvizin siyasi dünyagörüşü üçün də introvert düşüncədən irəli gələn eyforizm səciyyəvidir.

Onun istər siyasi müxalifət, istərsə də iqtidara münasibəti biryönlü olmasıyla səciyyələnir.

Qarşı duran tərəflərdən birinə pərəstiş, digərinə isə patoloji nifrət və qəzəb ona siyasi qarşıdurmaların fövqünə qalxıb olayları obyektiv qiymətləndirməyə, yazıçı mövqeyi sərgiləməyə imkan vermir.

O öz romanında da siyasi müxalifət qəzetinin əməkdaşı olaraq qalır.

Eyforizm təkcə Pərviz yox, bütövlükdə onun mənsub olduğu siyasi düşərgə üçün lap başlanğıcından səciyyəvi olub.

Yadınızdadırsa, 1993-cü il Bakı olaylarının 1793-cü il Parij hadisələri ilə anoloji müstəvidə dərki az qala dəb halına gəlmişdi.

Meydan hərəkatı liderlərindən kimisə Robespyer, kimisə Marata təşbeh edir, Bayıl həbsxanasını Bastiliyaya bənzədir, Bakının küçələrində Qavroş axtarırdılar.

Bircə V.Hüqoya bənzətməyə yazıçı tapılmırdı. Çünki inqilaba bəslənən ümidlərin iflası qələm adamlarını mənən sındırmış, bəziləri hətta ölkəni tərk etmişdi.

İnqilabi romantikanın aşıb-daşdığı 90-cı illərin əvvəllərində bu qəbil siyasi eyforizmi başa düşmək olardı.

Yetmiş ildən bəri əsarət altında qalan insan nəhəng imperiya maşını ilə mücadiləyə qalxmışdı.

Amma indi – üstündən iyirmi il keçəndən sonra hələ də 90-cı illərin eyforiyası ilə yaşamağa siyasi infantilizmdən başqa ad vermək olmur.

Mənsub olduğu siyasi düşərgənin əksər üzvləri kimi Pərviz də bu müdətddə sanki zərrə qədər böyüməyib.

“Yad dildə”ni oxuyanda uzun illərin ayrılığından sonra uşaqlıq oyuncaqlarını görən adama məxsus hisslər keçirirsən. Bu cəhət romana heyrətamiz sadəlövhlük gətrir.

Siyasi hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi, sosial xaos, hərbi uğursuzluq, buxarapapaqlı müdafiə nazirinin romantik şeirlər oxuya-oxuya döyüş əmrləri verməsi...

Bəyəm bütün bunlar çox da uzaq olmayan keçmişdə - Pərvizin tərənnümçüsü olduğu adamların vur-tut bir il çəkən hakimiyyəti dövründə baş verməyib?

Elə güman etməyin ki, Pərvizi məhz siyasi görüşlərinə görə ittiham edirik.

Məqsədimiz onun hadisələrə birtərəfli yanaşmasını diqqətə çatdırmaqdır.

Çünki “Yad dildə”nin siyasi qəzet köşələrindən çıxıb sözün ciddi mənasında bədii romana çevrilməsini əngəlləyən amillər sırasında müəllfin subyektiv-tarixi versiyasının da, bizcə, az rolu yoxdur.

Bəs, Pərviz öz subyektiv versiyasını necə yazıb?

Romanın metodu xaotikdir - magik realizm və psixoloji realizm əvəzlənmələri üstəgələk postmodernistik ünsürlər, hətta bayağılıq təəssüratı doğuran sentimental notlar.

Dialektizmlər və şivələrdən müəllif təhkiyəsində də istifadə arzuolunmazdır.

İstər müsbət personajlarla bağlı “Dədə Qorqud” ad sistemi (Qarabudaq, Qazan, Aruz, Beyrək, Burla, Banuçiçək, Qaraca Çoban, Qanturalı və s.), istərsə də mənfi qəhrəmanlarla ilgili konspirativ işarələr (Polkovnik, Mehri) tapdalanmış cığırla getmək təsiri bağışlayır və iki şeydən xəbər verir: müəllifin bədii təxəyyülünün kasadlığı və cəsarətsizliyi.

Qarşı duran tərəflərdən birinin internet yazışmalarınacan təsviri, digərinin isə ötəri eskizlər şəklində əksi konfliktoloji situasiyaya duman gətirir və Pərvizin sevimli qəhrəmanlarını yel dəyirmanları ilə döyüşən Don Kixota bənzədir.

Uzun-uzadı siyasi-publisit yorumlamalar, dini-mistik, “elmi-fəlsəfi” ricətlər, qəhrəmanların aramsız internet yazışmaları süjeti önəmli dərəcədə ləngidir, oxucunu yorur və romanın oxunmasını əngəlləyir.

Müəllif fərqində deyil ki, filosofluq konusuna çevirdiyi söz-söhbətləri iyirmi ildir ki, mətbuatdan, televiziyadan eşitməkdən usanmışıq.

Başqalarını deyə bilmərəm, şəxsən mən dörd yüz səhifədən artıq romanda nasir qələminə məxsus vur-tut on beş səhifə gördüm - Qarabudağın xanımı ginekoloq Mehinin şantaja məruz qalması ilə bağlı epizod.

Nəticədə eynilə ginekoloq personayı kimi Pərvizin roman “tutmaq” əməliyyatı da uğurlu alınmır.

Təəsüf ki, yenicə doğulmuş “Yad dildə”nin səsinin çıxacağı, onun nəinki stolüstü kitaba çevriləcəyi, ümumən oxunacağı ehtimalı azdır. Amma, görəsən, buna görə qəm yeməyə dəyərmi?

Əlbəttə ki, yox. Axı ən azı stulüstü kitaba çevrilmək şansı var.

Əsl şanslılar isə proqnozlarıma inanmayanlardır – uzaqbaşı bu yazıya “qərəzli” tənqidçinin subyektiv versiyası adı verəcək, sonra facebook-da bir-birinə sevgilərini izhar edəcəklər.

Çe ilə Banuçiçək kimi...
XS
SM
MD
LG