Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Sultan Mərzili "Çiçəkli xanım" (Fantastik hekayə)


Hərdən İçərişəhərin ətrafında çadralı-çarşaflı gənc bir xanım görəndə təəccüblənmirdim.

Bəziləri qara, bəziləri ağ, bəziləri də başqa rəngli çarşafda hicablı və daha sıxı örtülü qadınları da görmək heyrət doğurmurdu.

Sivilizasiya ilə gələnək, keçmişlərlə bu gün, daş mağaralarla mərmər saraylar həmişə yanaşı, bəzən də iç-içə olmuşlar. Burda elə bir heyrətləndirici şey də yoxdur.

Məni heyrətə salan başqa şey oldu.

Füzuli demişkən, bir bütün həqiqi surətini görəndə mən də heyrətimdən lal oldum və bir müddətdən sonra özümə gəlib ağlımı başıma toplayandan sonra bu sətirləri yazmağa başladım. Əhvalat belə olmuşdu.

Ötən yayda məzuniyyət vaxtı Bakıya gələndə, bir dəfə yolum İçərişəhərə düşdü. "İçərişəhər" metrosundan çıxıb köhnə dövlət universitetinin binasının yanından sağa burulub pilləkənlərlə qalxaraq qala divarını aşıb içəriyə keçdim.

Şirvanşahlar sarayına yaxın kiçik parkda əyləşib dincəlirdim. Burda Əlağa Vahidin üstünə adı yazılmamış heykəlinə baxır, xəyyalara dalırdım.

Sanki onun vəsf etdiyi, sevdiyi gözəlləri təsəvvürümə gətirirdim, onların xəyallarının bu heykəlin ətrafında fırlanaraq ona tamaşa etdiklərini, nazlandıqlarını təsəvvür edirdim.

Və Vahidin əvəzinə o xəyali gözəllərin birinə üz tutaraq: "Bilsən sənə ey gül nə qədər hörmətimiz var!"- deyə pıçıldayırdım...

Bu zaman qarşıdan keçən çarşafı xırda çiçək naxışlı cavan bir xanımın dönüb mənə tərəf baxdığını hiss etdim.

Başımı qaldıranda baxışlarımız ani olaraq toqquşdu. Qeyri-adi bir kontakt alındı.

Bədənimdə güclü elektrik cərəyanı toxunmuş kimi giziltili bir ağrı qarışıq xoşluq duydum. Yerimdən dik atıldım. Qız gülümsəyib baxışlarını yana çevirdi, xırda hamar addımlara uzaqlaşdı.

Arxasınca tələsik durub sürətimi artırsam da çata bilmədim, İçərişəhərin dar dalanlarının birində onu itirdim.

Kiçik pəncərəli binalara arabir gözaltı baxa-baxa əliboş geri qayıtdım. Sanki çox qiymətli bir şey itirmişdim. Yenidən kiçik parka dönüb əyləşdim. Düşündükcə özüm-özümü qınadım.

"Yekə ağsaqqal kişisən, müəllim adamsan, sənin harana yaraşır ki, tanımadığın, yad, cavan bir qızın arxasınca düşmüsən? Adama nə deyərlər, İçərişəhərin dəliqanlıları bıçağını qarnına soxar, heç bilməzsən ki, harda qaldın..."

Elə belə-belə ağlabatan düşüncələrlə mühakimə qurur və özümə təskinklik verərək, sakitləşirdim. Amma ürəyimin dərinliyində bir güclü maraq toxumunun cücərməkdə olduğunu hiss edirdim.

O qızın ani baxışları mənə çox şey demişdi, mənasını tam araşdıra da bilmirdim, amma güclə də olsa fəhm edirdim.

Bakıda qalmağa vur-tut bir həftə vaxtım var idi. Moskvaya dönüş biletimi əvvəlcədən almışdım.

Çünki Bakıdan almaq çox müşkül olur, bilet həm baha başa gəlir, həm də çətin tapılır, bəlkə də qəsdən, daha da baha satmaq üçün.

İndi də dostalrımla, qohumlarımla görüşüb vidalaşmalı, bir az da özüm üçün gəzib-dolanmaq fikrində idim.

Amma bu qız mənim planlarımın hamısını alt-üst elədi. Tərslikdən heç kimə də söz açıb deyə bilməzdim, mənə qahmar çıxmaq əvəzinə lağa qoyub gülərdilər də.

Vaxt tapdıqca metrodan çıxıb həmin baxçaya gəlir, özümü əlimdə tutduğum qəzet-kitabları oxuyub istirahət edirmiş kimi göstərirdim, amma əslində təcrübəsiz bir kəşfiyyatçı kimi iş aparırdım.

Kiçik baxçanın daimi qonaqları mənimılə salamlaşır, balaca uşaqlar yaxın gəlib əlimdəki kitab-qəzetin şəkillərinə baxırdılar.

Mən gah gözümə qara eynək taxır, gah çıxarır, gah da hər gün başqa cür paltar geyinib nəzərə az çarpmağa çalışırdım. Günlərim belcə bəhrəsiz keçirdi.

Güllü çarşaflı qız sanki göyə çəkilmişdi. Hərdən öz-özümə qara basmış adamlar kimi şəkkim olurdu: "bəlkə bunlar yuxu kimi bir şeydir", - deyə düşünürdüm.

Sonuncu gün əlacsız qalıb axşam qaranlığı düşənə kimi gözlədim.

Öz-özümə vaxtımı boş və mənasız keçirdiyim üçün peşman olmuşdum və özümü bərk qınayırdım. "Məndə yaxşı şallaq yeri var!" - deyə düşünür, kürəyimdə və yançaxlrımda sızıltılı cəza payımı hiss edirdim.

Durub əli ətəyindən uzun halda getmək istəyirdim ki, tindən həmin çarşaflı qızın baxçaya sarı gəldiyini gördüm.

Ürəyim sürətlə döyünməyə başladı, ola bilməzdi! Bu dəfə heç cürə onu itirməməli idim! Özümü sanki ona qarşı laqeyd kimi göstərib hürkütməməyə çalışırdım.

Amma qız sürətli addımlarla düz mənim üstümə tərəf yeriyirdi. Ətrafıma baxdım, bəlkə arxa tərəfimdə kimsə dayanıb, ona tərəf gəlir, deyə düşündüm.

İkimizdən başqa kimsə yox idi. Mən özümə gələnə kimi qız artıq qarşımda dayanmışdı. Gözəl, uzun kiprikli, iri ala gözləriylə üzümə baxıb astadan salam verdi. Sonra:

- Siz məni gözləyirdiniz, elə deyilmi?- deyə soruşdu.

Mən ani duruxaraq :

- Bəli, sizi gözləyirdim,- dedim. Qız qətiyyətlə:

- Onda arxamca gəlin, beş-altı addımdan uzaqda qalsanız bir də məni görə bilməyəcəksiniz, - dedi və dönüb uzaqlaşmağa başladı.

Artıq götür-qoy etməyə də vaxt yox idi. Ani qərar qəbul etdim, ya bu bir həftəlik, bəlkə də hələ nə qədər davam edəcək intizarın içində qalmalıydım, ya da risgə getməli idim. İkincini secdim.

Əslində seçim də yox idi, qızın sözləri məni sanki hipnoz etmişdi.

Mən gözəyarı aramızdakı məsafəni saxlamağa çalışırdım. Arabir qeyri-iradi olaraq çönüb geri baxır, bizi izləyib-izləməyənin olub-olmadığını yoxlayırdım.

Nəhayət, yarıqararanlıq dalanların birinə burulduq, qız sumkasından bir topa açar çıxarıb köhnə daravazanın balaqapısını açarla açdı, içəri keçdik, sonra yenidən qapını bağladı.

Dar həyətdə yerdən bir neçə daş pilləkən hündülüyündə yerləşən köhnə, divarının suvağı qopub-tökülməkdə olan evin içərisinə keçdik.

Qapını yenə də bağladı. Otaq qaranlıq idi, yad adam harada nə olduğunu anlaya bilməzdi.

Hardansa iç-içə olan otaqların birinin pəncərəsindən zəif işıq süzülüdü.

Başımda qeyri-ixtiyari olaraq qara fikirlər qaynaşırdı. Çox səfeh bit hərəkətə yol verdiyimi düşünürdüm.

Bəlkə də insan orqanları ilə al-ver edənlərin toruna düşmüşdüm.

Amma artıq geriyə yol yox idi və mən öz şənimə sığışdırıb qızın əlindən qaça bilməzdim.

Qız alaqaranlıqda qolumdan tutub məni o tərəfə çəkdi. Qaranlıqda fəhmlə rəfdən nə isə götürüb zəif işıq süzülən pəncərəninn nəfəsliyini açaraq pərdəsini kip örtdü.

Sonra kibrit çəkldi, üstü ağ parça örtüklü kiçik dəyirmi mizin üstündəki şamı yandırdı.

Qaranlıqdan sonra otaq xeyli işıqlı görünürdü. Yerə rəngi solmuş xovsuz xalça döşənmişdi.

Hündür tavanın ortasından lampaları yanıb qaralmış köhnə bir qəndil asılmışdı. Divarda Qlız qalasının da təsviri olan Bakı mənzərələri asılmşdı. Bu şəkillərdən əlavə kiminsə portreti də var idi.

Orjinal ya surət olduğu da bilinmirdi. Burda çoxdan insan yaşamadığı hiss olunurdu.

Küncdəki yazı stolunun üstünə köhnə bir kompüterin monitoru qoyulmuşdu.

Monitorun yanında şəffaf plastik şüşənin altında 25-30 sm-lik ölçüdə qəşəng bir kaktus kolu vardı.

Kaktus kolu xırda novruzgüllərinə bənzəyən çiçəklər açmışdı, amma onun şüşə qalpaq altında olamağı mənə qəirbə gəldi.

Divardan qaynar gözləri gülümsəyən bir oğlan portreti diqqətimi çəkdi. Kiminsə avtoporterti də ola bilərdi.

Holland rəssamı Rembrandtın üslubunda, tünd qaraya çalan qırmızı və qəhvəyi boyalarla işlənmiş portretdə zəif işıq altıda uz cizgiləri nisbətən seçilir, qalan nə vardısa qaranlıq duman içində itirdi. Bir anlığa şəkiln mənim neçə illər qabaqkı portretimə bənzədiyini düşündüm.

Yox, o mən ola bilməzdim. Çarşaflı qızın iri gözləri titrək şam işığı düşən yarıqaranlıqda daha da iri və işıqlı görünürdü. O:

- Nə qədə vaxtınız var?- deyə işgüzarcasına sakit səslə soruşdu. Mən sualı tam anlamasam da:

- Şabaha qədər, sabah Bakıdan uçmalıyam - dedim.

- Onda, vaxt itirməyək, deyə qız mənə qonşu otağı göstərdi, - keçin əlnizi yuyun, birlikdə çay içərik, həm də tanış olarıq, - dedi və mənim "vaxt itriməyək" məsəlini yalnız kişi kimi başa düşməyim bəlli oldu.

Qız kiçik bir şam yandırıb nəlbəkidə vanna otağına qoydu.

Əlüzyuyulan yerdə divaradan köhnə bir güzgü asılmışdı, amma əgər qaranlıqda ləkə kimi səyriyən kölgələri nəzərə almasaq, adamı düzgün göstərirdi.

Əlimi yuyub otağa keçdim, artıq bu zaman kiçik mizin üstünə qaz plitəsində isidilmiş iki fincan çay qoyulmuşdu.

Qız mənimlə qarşı-qarşıya amma çarşaflı əyləşmişdi. Mən kişi olduğumu bir daha xatırlayıb və bir az da onun gözlərindəki isti baxışlardan ürəklənib ərk eidrmiş kimi, nəzakətlə soruşdum:

- Bağışlayın, çadranızın niyə çıxarmırsınız, axı siz zənnimcə sivil bir xanımsınız?

- Utanıram, ona görə!- deyə qız başını aşağı saldı. - Amma nə isə gizlədirdi, sözlü adama oxaşayırdı. Çarşafı tərpəndikcə ondan qəribə bir bihuş edici çiçək ətri gəlirdi.

- Yox, siz yəqin gözdəymədən qorxursunuz, - deyə zarafatla onun kefini açmağa çalışdım, - amma mən sizi əmin edə bilərəm ki, gözlərimdə pis nəzər yoxdur, əksinə, mənim baxdığım insanlara yaxşılıq gəlir...

- Siz heç həyatınızda sevmisinizmi? - deyə qız qəfil gözlənilməz bir sual verdi. Mən bir az duruxdum:

- Əlbəttə sevmişəm, indi də o duyğulara biganə deyiləm. Hər yaşın da öz sevgisi olur. - Deyərək nəsihət verirmiş kimi qızım yaşında bu qıza diqqətlə baxdım və onun sifətində bir titrəyiş hiss etdim.- Amma zaman keçdikcə o duyğular da dəyişilir, yeni bir keyfiyətə keçir, elə indi də nə zamansa yaşadığım sevgimin içində olduğumu düşünürəm.

- Sizcə mənim çarşaflı gəzməyimin səbəbi nədir? - deyə qız gözlərimin içinə baxanda onun iri ala gözlərində yaş parladığını gördüm.

- İndi ziyalılarımız arasında yenidən dininə, qədim adət-ənənəsinə dönüş var, məncə bunda pis bir şey yoxdur. Hərçəndi abır-həya zahirdən daha çox insanın daxili keyfiyyətir.

- Yox, bunlara görə deyil, sevgidəndir!

- Allaha sevgidənmi?! - deyə heyrətimi gizlədə bilmədən soruşdum və bəlkə xristianlıqda olduğu kimi biz müsəlmanlarda da qızların allaha sevgi naminə kişi sevgisindən imtina etdiklərini düşündüm.

- Yox, onun yer üzünüdəki nümayəndələrinə, - deyə qız qüssəli bir kinayə ilə cavab verərək, öz hekayətinə başladı. Başının hərəkəti ilə divardan asılmış oğlan portretinə tərəf işarə etdi:

- Onunla biz birinci sinifdən bir yerdə oxumuşduq. Orta məktəbi bitirəndən sonra hər ikimiz ali məktəbə qəbul olunduq.

Mən jurnalistikanı seçdim, o da fizikanı. Uşaqlıqdan ədəbiyyatı, qəzet-jurnalları, televiziya yayınlarını çox sevirdim. Hətta elə bilirdim ki, diktorlar hardansa gəlib evimizin içərisindəki televizorun içinə doluşub danışırlar.

Mən məktəbi bitirib televiziya kanallarının birinə işə düzəldim, müəllif proqramı aparırdım, özümə görə tamaşaçılarım və pərəstişkarlarım da var idi.

O da məktəbini bitirdi, Amerikada, Los-Aanjelos Univertitetinin doktoranturasına girdi. Nə isə bir əhəmiyyətli kəşf eləmişdi, hərbi xarakterli olduğundan mənə də açmırdı. Biz bir-birimizi sevirdik.

Mənə evlənib Amerikaya gertməyimizi təklif etdi. Mən çox düşünüb daşındım, ata-anamı, Bakını, bax bu İçərişəhəri heç cür tərk edə bilməyəcəymi görüb imtina etdim...- Qız başını ağağı salıb susdu. Gözlərindən yaş süzülüb fincanın nəlbəkisinə düşdü.

Mən düşündüm ki, hər halda ağlayanda insan sakitləşir, amma özümü çox mütəssir hiss etdim. Qız özünü ələ alıb davam etdi.

- Axırıncı dəfə gələndə ata-anasını da apardı. Bura onların evidir, satmağa ürəkləri gəlmədi, həm də nə bilmək olar, bəlkə qayıdası oldular.

Hələlik hərdən bir mən gəlib baş çəkirəm,- deyə qız əlinin hərəkəti ilə otaqları göstərdi. - Gələndə mənə balaca bir kaktus kolu gətirmişdi. Amerika hindularının bir qəbiləsinin sitayiş etdiyi, müqəddəs saydığı kaktus kolu. Balaca bir kol idi.

Beş-altı santimetrlik adi kaktusa bənzəyirdi, amma görünüşündə nə isə anlaşılmaz bir qəribəlik vardı. Monitorun yanına qoydum.

Hərdən o yadıma düşəndə, əlimi şüşəsinə toxundururb sanki onu oxşayırdım, bu zaman sanki kol da dirçəlirdi, canlanırdı, elə bil sevinirdi. Novruz bayramı gecəsi kaktus çiçək açdı.

Məh həyatımda elə gözəl çiçəklər görməmişdim. İstər-istəməz qapağını qaldlrb əlimlə onun çiçəklərinə toxunmaq istədim.

Qapağı qaldırdım, çiçəklərin çox gözəl, adamı bihuş edəcək qədər gözəl qoxusu vardı. Əlimi onlardan birinə toxundurub oxşamaq istədim. Bu zaman tikanı əlimə batıb qanatdı.

Ağrıdan ixtiyarsız olaraq əlimi ağzıma tutdum. Ağrı keçib getdi. Bu əhvalatdan sonra arabair bədənimə istilik gəlir, qızdırma olurdu. Fikir vermidim.

Qırx gün keçdi. Gecəsi bədənimdə güclü allergiya hiss etdim, bütün bədənim ağcaqanad dişləmiş kimi səpişib gicişmə vermişdi.

Allergiyanı sakitləşdirən həblərdən və əsəb sakitləşdirici dərman atıb yuxuya getdim. Səhər oyananda elə bir narahatlıq hiss etmirdim.

Əl-üzümə su çırpıb güzgü qabağında soyunub özümə baxdım ... Gözlərimə inana bilmədim! Gördüm ki,... gördüm ki... - deyərək qız hönkürdü və çadrasını yerə atdı.

Onun əynində dəbdə olan dərin dekolteli qolsuz, qızılı zəfəran rəngində ipək koftası vardı. Ağ-appaq boynunda yumru, kiçik çoxüzlü prizmaları xatırladan qara şəvə muncuqlardan boyunbağı asılmışdı.

Qızın qolları, çiyinləri, sinəsi və mənim hiss etdiyimə görə bədəninin əl, üz və topuqalarına qədər ayaqlarından başqa hər yeri kaktusun üstündəki kimi xırda, gözəl çiçəklərlə dolu idi.

Sanki kimsə qəsdən o çiçəkləri ona yapışdırmışdı.

Bu qız elə bil canlı ərik, ya da şəftəli ağacı idi. Bədənindən zərif bahar qoxusu, gül qoxusu gəlirdi və bu qoxu adamı sehrləyərək özünə çəkirdi.

Qız çiçəklərə bürünmüş zərif qollarını mizin üstünə qoyub başını qolları üstünə əydi və için-şin hönkürdü.

Mən gözlərimə inanmayaraq qorxu və təlaşla hönkürən qıza baxır, onun çiçəklərlə bəzənmiş zərif bədəninə çaşqınlıq içində tamaşa edirdim.

Ürəyimdə bütün varlığımla ona kömək etməyə, dərdinə şərik olmağa güclü bir istək yaranırdı.

Ayağa qalxıb yaxına gəldim. Əlimi ehtiyatla, onun için-için hıçqırdıqca tərpənən, axıb çiyinlərinə tökülən gur qara, qaralığından tünd maviyə çalan saçlarına toxundurub, başını sığalladım.

Bilmirəm bu anda mənim ona mərhəmət hisslərimi, ya bir erkək kimi kişilik hisslərimmi güclü idi. Əlimlə yavaşcadan çənəsini yuxarı qaldırdım, yanaqlarında şeh kimi donmuş yaşları sildim, gözlərinin içinə baxdım.

Onu ovutmaq üçün heç bir söz tapa bilmədiyimdən sakitcə baxaraq gözlərinin içindəki gözəl bir yaşılın içində itdim...

Qız gözləri yarıyumulu halda sanki yuxuya getmişdi. Qəlbimdəki şəfqət hissləri daşdı, mən onun alnından və göz qapaqlarını üstündən öpdüm. Qız əli ilə qolumdan tutub ehmalca kənar etdi:

- Lazım deyil. Daha heç kəs məni sevə bilməz! Hətta siz də. Mənə ancaq yazığınız gələ bilər.

Mən ixtiyarsız olaraq əlimi onun çiynindəki güllərdən birinə toxundurdum:

- Ağrımır ki?

- Adətən, bir şey toxunanda ağrıyırdı. Amma siz toxunanda ağrımır, əksinə xoş qıcıqlanma verir.

Mən bir az aralıya çəkilib əllərimi silkələməyə başladım. Qız başını qaldırıb təəccüblə mənə baxırdı. Onun yaşı qurumaqda olan gözlərində kədər və qüssə azalmış, maraq artmışdı.

- Siz nə edirsiniz? Sehribazsınız? - deyə zorla gülümsəyərək yarızarafat, yarırişxənd soruşdu.

- Hə, əgər alınsa. Mən ziyilləri sağalda bilirəm, çiçəklərlə ilk dəfə vuruşmaq istəyirəm,- deyərək əllərimi bir-birnə aramla yaxınlaşdırır və uzaqlaşıdır, öz aləmimdə energetik kanallarımdan güc yığırdım.

Qarşımda dayanan gözəl bir qıza kömək etmək istəyi, onun ümid və cəsarətsizlik dolu baxışları məni qeyri-adi dərəcədə tərpətmişdi. Mən qızın sol qolunu açıb stolun üstünə qoymasını xahiş etdim.

Sonra qolunun əvvəlki kimi hamar, gülsüz, çiçəksiz olduğunu mümkün qədər təsəvvüründə canlandırıb gücləndirməyi xahiş etdim.

Sağ və sol əllərimin şüaları ilə çiçəklərdən birini hədəf tutub məsafəni qısaldıb-uzatmaqla passlar edir, gülü məhv etməyə çalışırdım. Məni tər basmışdı, ovcumun ortası köz basılmış kimi qızışıb yanır, güclü istilik hiss edirdim.

Qızın qabarıq sinəsinin zərif dərisi, nəfəs aldıqca sinəsinin ahəstə enib-qalxması mənə qeyri-adi bir güc verirdi.

Və hiss edirdim ki, hələ heç adını da bilmədiyim, aramızda yaş uçurumu olan bu qızı sanki neçə illər boyu, ömür boyu gözləmişəm və sevmişəm.

Mən öz sevgimi xilas etməli idim. Hədəf seçib üstündə passlar etiyim çiçək yavaş-yavaş soluxaraq büzüşürdü, sanki onu şaxta vurmuşdu.

Hər ikmizin baxışları onun üstündə idi. Mən büzüşmüş gülün hələ də hiss olunan ləçəklərini topa burub baş və şəhadət barmağım arasında tutdum.

- Ağrı hiss etmirsən ki? - deyə qızdan soruşdum.

- Yox, əvvəlki kimi ağrımır, amma arı sancması kimi bir gizilti var, - dedi.

- Dişlərinizi bir-birinə möhkəm sıxın və dözümlü olun, ola bilsin heç ağrı da hiss etməyəcəksiniz, - deyək bir az ara verdim və ləçəklərindən yapışdığım çiçəyi ani bir sürətlə çəkdim. Qız arı sancmış kimi ufuldayıb susdu.

Çiçəyin qaratikan kolununun tikanına bənzər kökünun yerində arı sancmış kimi deşik izi qalmışdı və ordan sarımtıl-qırımızı su çıxdı. Mən spirt və pambıq istədim. Qız durub pambıq və trümonun alt gözündən Amerika malı olan tekila şüşəsi gətirdi.

- Bu yarayar?

- İçməyə yarayar, amma yara üçün bilmirəm, gəl yoxlayaq, - dedim. Şüşəni açıb pambığın üstünə damızdırdım və çiçəyin kokü çıxan yerə sürtüb əlimlə üstündə saxladım. Spirtin göynərtisi qızı ufuldatdısa da, dözdü.

Bir xeyli susduq. Sonra mən pambığı götürüb çiçəyin kökü çıxan yerə baxdım. Kiçik bir qızartıdan başqa bir şey qalmamışdı.

- Qələbə!- deyə sevinclə qışqırdım və onu bağrıma basdım. Bu zaman mənim üçün ən doğma adam o idi. Bəlkə də mən də onun üçün elə idim. Qolundan tutub özümə yaxınlşdırdım və çiçəyin yerindən öpdüm.

Qız qolun yana çəkdi:

- Lazım deyil, sizə də keçə bilər, - deyə qayğıkeşliklə dilləndi. Biz stullarımza çokdük, göz-gözə baxışaraq gülümsədik. Çiçəkli qız qayğıkeşliklə dəsmal gətirib alnımın tərini sildi. Mən onun çiçəklərinə baxıb xoşbəxt-xoşbəxt gülümsəyirdim.

Gecə yarıdan keçmişdi...
XS
SM
MD
LG