Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

Nemət Pənahlı: ««Toyota»mın üstündə hələ də «satılır» yazılıb»


Nemət Pənahlı
Nemət Pənahlı
«Hər hansı bir rəqibimə qarşı kampaniya aparmaq fikrim yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında 15 saylı Yasamal birinci Seçki dairəsindən namizədliyini irəli sürmüş Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib. Partiya sədrinin sözlərinə görə, onun həmin dairədən seçkilərə qatılması 3 ay öncə məlum idi.

«Mən təxminən üç ay öncə mətbuatda açıqlama verdim ki, seçkidə iştirak etsəm, namizədliyimi irəli sürəcəyəm. Mənim namizədliyim oradan açıqlanandan əleyhdarlarım bu fikri ortalığa atıblar ki, guya Nemət Pənahlı hakimiyyət tərəfindən İsa Qəmbərə qarşı qara piar aparmaqdan ötrü salınıb. Faktiki olaraq, bu adla bunlar başlayıblar qara piar aparmağa, kampaniya aparmağa. Mənim əleyhimə bu kampaniyanı artıq başladıblar. Mən dəfələrlə ona mesaj da göndərdim, öz mövqeyimi də dedim ki, şəxsən mənim bu seçkilərdə öz mövqeyimi, öz platformamı, öz məqsəd və məramımı xalqla bölüşməkdir. Yəni hər hansı bir rəqibimə qarşı kampaniya aparmaq, qaralamaq fikrim yoxdur».

Nemət Pənahlı 15 saylı dairəni yaxın qohumlarının, Həcc yoldaşlarının həmin dairədə çoxluq təşkil etməsi səbəbindən seçdiyini bildirib.

NAMİZƏDİ PARTİYA ADINDAN QEYDƏ ALMAYIBLAR


Nemət Pənahlı namizədliyini irəli sürərkən üzləşdiyi problemlərdən danışıb. O deyib ki, MSK onu partiya sədri kimi deyil, fərdi qaydada namizədliyini qəbul edib.

«Mən Milli Dövlətçilik Partiyasının rəhbəri kimi qeydiyyata alındım, bütün sənədlər keçirildi, bankdan hesab açıldı. İmza toplayıb gətirib seçki dairəsinə təqdim edəndə bunlar mənim namizədliyimdən imtina etdilər. MSK tərəfindən mənim namizədliyimin qeydə alınmamağı ilə bağlı qərar qəbul etdilər, mənim namizədliyimi ləğv elədilər. Əsas gətirdilər ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının rəhbəri kimi sənin namizədliyin qeydə alına bilməz. Əsaslı, məntiqli heç bir söz deyilməyib. Məni faktiki olaraq milli dövlətçilik partiyasının rəhbəri kimi qeydiyyatdan keçirməkdən bu hökumət imtina edib».

«YAP BİZİMLƏ RƏQABƏT APARA BİLMİRDİ»


Nemət Pənahlı rəhbərlik etdiyi partiyanın fəaliyyətindən də danışıb. Özünün daim siyasətdə dəsti-xəttinin olduğunu deyən Nemət Pənahlı partiyasının müxalifətdə durduğunu bildirib. O deyib ki, partiyanın 73 rayonda konfransları keçirilib. 75 min rəsmi ərizə ilə partiyaya üzvlüyə yazılan var. O deyib ki, partiya yarananda nüfuzu daha da çox idi.

«Bizim partiyada o qədər nüfuzlu adamlar toplaşmışdı ki, o zaman hətta YAP belə bununla rəqabət apara bilmirdi».

«MEYDANI VERDİM MÜXALİFƏTƏ»


Nemət Pənahlı bir vaxtlar passiv siyasətlə məşğul olduğunu etiraf edib. Həmin ərəfədə yaradıcılıqla, bizneslə məşğul olduğunu bildirib:

«Meydanı verdim müxalifətə. Ancaq öncədən deyirəm ki, bu müxalifəti, bu qüvvəni mən tanıyıram və bunların nail olacağı şeyi görmürəm mən. 10-15 il də bunlara zaman verdim. Bu gün respublikada nə dəyişilib? Müxalifət hansı uğura imza atıb?»

«Mən istəsəm belə, siyasətdən gedə bilmərəm, mənim bir məsuliyyətim var» – deyən Nemət Pənahlı deyib ki, namizədliyini irəli sürdüyü dairədəki rəqibləri uduzacaqlarını bildiklərindən narahat olmağa başlayıblar.

«Qardaş, namizədliyini ayrı yerdən ver də. Yüz dənə dairədən danışmısınız. Milli Dövlətçilik Partiyasından bir Nemət Pənahlı verib. Mən 3 ay öncədən açıqlamışam bu dairədən verəcəyəm. Sən iddia etmirsən ki, hakimiyyət Nemət Pənahlını bizə rəqib qoyub. Ordan vermə, başqa dairədən ver də. Yerini dəyişə bilməzsən. Ancaq burda onlar uduzacaqlarını mütləq səviyyədə bilirlər».

Nemət Pənahlı deyib ki, özünə əmin olmasaydı, ordan namizədliyini verməzdi. O deyir ki, əsas rəqib kimi həmin dairədə YAP-ın namizədini görürmüş.

NEMƏT PƏNAHLI HEYDƏR ƏLİYEVLƏ NİYƏ GÖRÜŞÜB?


«Açığı mən orda özümə rəqib YAP-ı görürdüm. Çünki müxalifətin seçkini saxtalaşdırmaq imkanı yoxdur. Ona görə mən rəqib hakimiyyəti hesab edirdim. Ona görə hakimiyyətin namizədi barədə kifayət qədər araşdırma aparmışdım. Orada da Gülər Əhmədovadan narazı idi insanlar».

Nemət Pənahlı vaxtı ilə Heydər Əliyevin istəyi ilə onunla görüşdüyünü bildirib.

«Heydər Əliyev bir neçə dəfə sifariş edib ki, mənimlə görüşmək istəyir. 90-cı ilin axırlarında mən ilk dəfə Heydər Əliyevlə görüşmüşəm. Və o zamana qədər mənim Heydər Əliyevlə heç vaxt əməkdaşlığım və fikrim olmayıb».

Nemət Pənahlı deyib ki, Heydər Əliyevlə əməkdaşlıq etmək üçün onun qarşısında şərt irəli sürüb.

«Heydər Əliyev mənə əməkdaşlıq təklif edib. Uzun müddət danışandan sonra mən Heydər Əliyevin qarşısında şərt qoymuşam. Demişəm necə ki, siz Kommunist Partiyasının üzvüsünüz, mən Nemət Pənahlının sizlə əməkdaşlığı mümkün deyil».

Nemət Pənahlı deyib ki, Heydər Əliyevin partiyadan imtina etməsindən sonra bir müddət bu əməkdaşlıq baş tutub və bu əməkdaşlığın səbəb və əsasları olub.

Verilişi bütünlüklə dinləsəniz, daha ətraflı öyrənəcəksiniz.

XS
SM
MD
LG