Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Kolxozçuların keçirdikləri varlı və şən həyat


1937-ci ilin martında Bütün Azərbaycan fövqəladə IX sovet qurultayı keçirilib. Qurultayın 11 mart iclasındakı çıxışlarından bəzi çıxarışlar «Kommunist» qəzetinin 12 mart tarixli sayında dərc edilib. Salyan rayonundan olan Böyükkişi Cəbrayılovun çıxışı xüsusilə alqışlanıb.

«Həyatımız varlı və şən olmuşdur»

«Yoldaşlar! Sosialist vətənimizdə bolşeviklər partiyasının rəhbərliyi ilə qazanılmış qələbələr Stalin konstitusiyasında təsdiq edilmişdir. Biz indi bu qurultayda toplaşaraq Stalin konstitusiyası əsasında tərtib edilmiş Azərbaycan SSR konstitusiyasını tədqiq və təsdiq edəcəyik. Bizim Konstitusiya bütün dünyada yeganədir, orada bizə verilmiş əmək, əmək haqqı, təhsil qocaldıqda və ya şikəst olduqda həyatımızın təmin olunmaq hüquq və imkanı bu vaxtadək tarixdə eşidilməmişdi.

Biz qazmalardan çıxıb işıqlı evlərə köçürük

Bizim rayonda kolxozçular keçirdikləri varlı və şən həyat üçün nə qədər sevinir, ulu Stalinə təşəkkür edirlər.

Kolxozumuzda briqadir olan Abdulla Nəcəfov 36-cı ildə 73 min manat pul qazanmışdır.

Məmməd Səlim Quliyev 54 min manat almışdır. 50 min manatdan artıq pul alan kolxozçularımız çoxdur. Əlbəttə bu qədər gəliri olan kolxozçunun həyatı varlı və şən olacaqdır.

Biz qazmalardan çıxıb, yeni evlərə, 4-5 gözdən ibarət döşəməli, tavanlı, işıqlı evlərə köçürük.

Biz düşmənə silah qaldırmırıq, top-tüfənglə onları əzmirik. Lakin bizim bu yüksək gəlirimiz və misli görünməmiş həyatımız onları əzir və məhv edir. (Alqışlar)»
XS
SM
MD
LG