Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

İsa Qəmbər: «Siyasətdən gedərəm...»


İsa Qəmbər və Əli Kərimli - 12 oktyabr 2010
İsa Qəmbər və Əli Kərimli - 12 oktyabr 2010
“Hakimiyyət “AXCP-Müsavat” blokunun namizədlərini qeydə almamaqla seçki mühitini aradan qaldırmaq istəyir. Pulsuz efir vaxtı verilməlidir, bunu ləğv etmək istəyir. Pullu efir vaxtı isə bəllidir, elə qiymətlər müəyyənləşdiriblər ki, yalnız ölkədə haram pullar qazanan hakimiyyət nümayəndələri, onların ətrafında dolananlar o imkanlardan istifadə edə bilirlər”.

Bu fikri oktyabrın 12-də Müsavat başqanı İsa Qəmbər “AXCP-Müsavat” blokunun mətbuat konfransında deyib. Partiya sədri bildirib ki, blokun real seçki kampaniyası aparması üçün 61-dən çox namizədinin qeydə alınmasına ehtiyac var. Ancaq bu göstərici hazırda 25-dir. Blokun 92 vahid namizədindən 26-nın namizədliyi qeydə alınmayıb, 41 nümayəndənin məsələsinə isə hələlik baxılmayıb.

6 NƏFƏRİN DƏ NAMİZƏDLİYİ QEYDƏ ALINMASA...

AXCP sədri Əli Kərimli də namizədlərin 50 faiz prinsipi ilə qeydə alındığını, hər iki namizəddən birininin qeydə alınıb, digərindən imtina edildiyini bildirib:

“AXCP-Müsavat” blokunun seçkidə blok kimi iştirak etməsi üçün yalnız 6 nəfər rezervimiz qalıb. Hazırda bütün namizədlərimizə baxılsa belə, 66 namizədimiz ola bilər. Yəni bundan sonra daha 6 nəfərin namizədliyi qeydə alınmasa, bu, “AXCP-Müsavat” blokunun seçki bloku olaraq seçkidən kənarda qalması demək olacaq”.

“AXCP-Müsavat” bloku iddia edir ki, hökumət alternativlərini seçkidən yayındırmaq üçün müxtəlif pozuntulara gedir. Əli Kərimli:

“Elə vəziyyət yaradıblar ki, ötən seçkilərdə 3-4 dəfə 2000 imza toplayaraq namizəd olmuş – (əvvəllər qeydiyyatdan keçmək üçün imza 2 min idi) faktiki qalib olmuş şəxslər, hətta MSK-nın rəsmi sənədlərində 5-7 min səs alması təsbit edilmiş şəxslər indi iddia olunur ki, 450 imzanı toplaya bilmirlər. Bizim blokun bir çox nüfuzlu təmsilçilərinə qarşı bu üsuldan istifadə ediblər”.

MSK-NI GÜNAHLANDIRMAQ LAZIM DEYİL

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu günədək 550-dən çox adamın namizədliyi qeydə alınıb.

Namizədlərin qeydə alınması oktyabrın 15-i saat 18.00-da başa çatır, bundan sonra təbliğat-təşviqat kampaniyasına start veriləcək.
Azər Sarıyev
O zamana kimi isə müxalifət bloku MSK-nın açıqlamalarını təmkinlə gözləməlidir. Və əgər 61-dən az namizədi qeydə alınarsa, onda bəzi imtiyazlardan məhrum olacaq.

Öz növbəsində MSK mətbuat katibi Azər Sarıyev blokun iddialarının həqiqətə uyğun olmadığını deyir:

“Kim özünü təbliğ etməyə çalışırsa, çatışmazlığını ört-basdır edirsə, bundan ötrü MSK-nı günahlandırmaq lazım deyil. Yaxşı olar seçicilərlə işləsinlər, hüququ yaxşı öyrənsinlər, seçki hüququnu mənimsəsinlər, seçicilərin etimadını qazansınlar. Burda seçki komissiyalarını ittiham etmək üçün heç bir əsas yoxdur. Kimin sənədləri qaydasındadır – fərqi yoxdur bu partiyalıdır ya partiyasız, həmin şəxs qeydə alınır”.

BLOK KİMİ QEYDİYYATA ALINMASA...

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə deyir ki, blokun namizədləri seçki dairələrinin azı 60-da qeydiyyatdan keçərsə, onda blokun pulsuz efir vaxtından, plakatlardan pulsuz istifadə hüququ olacaq, rəsmi çap KİV-lərdə təşviqat yeri qazanacaq. Əks təqdirdə blokun vahid seçki fondu ləğv olunacaq.

Ancaq müxalifət bloku indidən narahatlığını gizlətmir. “AXCP-Müsavat” bloku hesab edir ki, blok namizədlərinin qeydə alınmamasına beynəlxalq təşkilatlar biganə yanaşmamalıdır. Digər tərəfdən siyasi bəyanat da verərək daha az namizədi təsdiqlənəcəyi təqdirdə, müxtəlif dairələrdə müstəqil namizədləri dəstəkləyə biləcəyini də istisna etmir. AXCP sədri Əli Kərimli boykot ehtimalının da qaldığını, istənilən mərhələdə bu məsələyə baxıla biləcəyini bildirib.

SİYASƏTDƏN GEDƏRƏM

Müsavat başqanı İsa Qəmbər isə yerli və beynəlxalq mütəxəssislərə təklif edib ki, komissiya yaradaraq iqtidar və müxalifətin qeydiyyatdan keçən və keçməyən namizədlərinin sənədlərini yoxlasınlar:

“Əgər YAP-ın 113 namizədindən 13-nün sənədləri qanunvericiliyin tələblərinə uyğun olsa, mən siyasətdən gedərəm. Yoxlasınlar, rəy versinlər”.

ATƏT-in parlament seçkilərini müşahidə edən uzunmüddətli missiyasından bu təklifə münasibət öyrənmək istəsək də, yalnız gələn həftə mövzuya qayıda biləcəklərini dedilər.

AZƏRBAYCANDA BELƏ BİR PRAKTİKA OLMAYIB


Hafiz Həsənov
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə deyir ki, indiyə qədər belə bir praktika Azərbaycanda olmayıb:

“Əgər blok ehtimal edirsə ki, hakim partiya namizədlərinə nisbətən müxalif namizədlərə ayrı-seçkilik var, bunu xarici və yerli müşahidəçilərin səyləri ilə birgə qrup yaradıb yoxlaya bilərlər. Bunu qadağan edən heç nə yoxdur. Azərbaycan seçki praktikasında buna rast gəlinməyib”.

MSK-dan isə bildirdilər ki, əgər kimsə seçki şikayətlərinə baxılması prosesində iştirakdan imtina edirsə, bu onların problemi deyil.

Bu günədək seçkilərin ilkin mərhələsi ilə bağlı MSK-ya 60-a yaxın şikayət daxil olub.
XS
SM
MD
LG