Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Svetlana Quliyeva "İnadkar saat" (Hekayə)


Sakitcə uzanmışdı. Başı fikirlərdən tam azad idi. Gözləri yumuluydu. Bəlkə də mürgüləyirdi.

Bəlkə də sadəcə yatmaq istəyirdi, lakin alınmırdı. Telefon artıq iki dəfə zəng çalmışdı. Bu dəfə üçüncüsüydü.

O, içində zərrə qədər yuxu olmayan gözlərini açdı. Saata baxdı. «Hələ ondur? Niyə belə ləng işləyir?» Mobil telefon dolabçada özünü öldürürdü. O artıq fikrincə hazırlaşırdı:

– Axı səndən neçə dəfə xahiş eləmək olar? Məni belə tez oyatma. Mən yatmaq istəyirəm, sən isə… Alo? Alo?

Onun gözlərində yavaş-yavaş gizli kədər və hansısa dumanlı xatirə sezilməyə başladı. Elə ağlamaq istədi ki… Ancaq gözlərindən bir damcı yaş da sıxıb çıxara bilmədi.

Acıqla üzərindən yorğanı tulladı. Onun yastığını qucaqlayaraq qoxusunu içini çəkməyə çalışdı.

Amma onun qoxusu yox idi. Yalnız “Ariel”in iyi gəlirdi. Kimsə camaşırı yumağa macal tapmışdı.

Romantik filmlərdə isə sevdiklərinin yastığa hopmuş qoxusunu elə gözəl şəkildə içərilərinə çəkirlər ki… Lakin onun qoxusu heç vaxt yastıqda və yaxud köynəyində qalmırdı. O, demək olar ki, tərləmirdi.

On iyirmi. Elə bu?

O, qəfildən qalxaraq yatağında oturdu. O, qızının gur, incə ağlama səsini aydın eşitdi. Yuxudan oyanmış və nədənsə qorxmuşdu.

Xələti geyinmədən alt paltarındaca dəhlizin sonuna, onun yataq otağına doğru qaçdı. Otağın qapısı kilidlənmişdi. Onun kiçik şahzadəsi ağlayırdı.

O, birdən özünü pis hiss eləməyə başladı. Qapını kim bağlayıb?

− Mənim pişik balam, ağlama, sakitləş. Mən açarı tapan kimi sənin yanına qayıdacağam. Oldu? Bircə sakitləş. Mən elə indicə gəlirəm.

O, pilləkənə doğru şığıdı. Birinci mərtəbəyə düşdü. Bəs bu açar harada ola bilər? Bəlkə, mətbəxdədir? Mətbəxdə olmadı. Körpə dayanmadan çığırırdı. O, artıq iradəsini itirməyə başlamışdı.

Əlləri əsirdi. Dəhlizdəki rəflərdə də açar tapılmadı. Körpə var gücü ilə çığırırdı. Birdən ağlına anbara baxmaq gəldi. Bütün qapıların açarları orada bir dəstdən asılmışdı axı.

Bütün dəsti götürüb pilləkənlə yuxarıya doğru uçdu. Belə sürətə öyrəşmədiyindən dizləri əsirdi. Bəlkə, səbəb başqa idi? Uşaq isə dayanmadan ağlayırdı.

Uşaq otağınacan qaçıb − “darıxma artıq buradayam, ana səni sakitləşdirəcək, ağlama, quzum”, deyə-deyə lazımi açarı axtarmağa başladı.

Nəhayət, qapını açaraq özünü otağa tulladı. Səs-səmir yox idi. Çarpayı yığılmışdı. Onun sevimli gəlinciyi çarpayının yanındakı dolabçanın üstündə idi.

Ancaq uşaq heç yerdə gözə dəymirdi. Bu, o qədər gözlənilməz idi ki, o, elə qapının yanındaca döşəməyə çökdü. Dumanlı gözləri ilə ətrafa nəzər salmağa başladı.

− Axı sən harada gizlənmisən? Şkafdasan, hə?

Cavab gəlmədi. O, cavab gəlməyəcəyini bilirdi. Onun kiçik qızcığazı artıq bir daha ağlamayacaqdı. Heç vaxt. Heç vaxt. Nə ağlayacaq, nə güləcək, nə də ki sevinəcəkdi. Heç vaxt. Artıq heç vaxt.

O, başını yuxarı qaldıraraq divardan asılmış gül formasındakı saata baxdı. On birə on dəqiqə qalırdı. Eh…

Qalxaraq onun çərçivəyə salınmış şəklinə doğru yaxınlaşdı. Burada onun cəmi üç yaşı vardı.

Kimsə giriş qapısının zəngini çaldı.

Körpəmə doyunca baxmağa da imkan verməzlər.

Otaqdan çıxıb qapını kilidlədi, ağır-ağır yataq otağına doğru getməyə başladı. Qapının zəngi yenidən çalındı.

− Yox, getməyəcəyəm. Yenə də aldadırlar.

Əlləri ilə qulaqlarını yumub yorğanın altına girdi. Zəngin zəhlətökən səsi ədyalın altından və barmaqlarının arasından da sızıb keçirdi. Artıq dözməyib qışqırdı:

− Gəlirəm, bəsdirin, gəlirəm.

Qara rəngli xələtini geyindi. Əvvəllər onun şkafında onlarla rəngbərəng xələt asılardı, ancaq sonra onlar harasa yoxa çıxdılar. Yalnız bu qalmışdı. Qara, qapqara…

− Kimdir?

− Mənəm.

− Doğrudan sənsən?

− Əlbəttə. Aç. Səhər yeməyini gətirmişəm.

− Qarabasma deyilsən?

− Əlbəttə, yox. Hər gün bunu soruşursan. Daha bəsdir, aç, bu ki mənəm.

− Yaxşı, açıram.

− Sabahın xeyir.

− Salam, ana.

İxtiyarsız şəkildə dönərək saata baxdı. On ikiyə iyirmi dəqiqə qalırdı.

− Niyə belə gec gəldin?

− Sən ki, tez gəlməyimi xoşlamırsan. Əsəbiləşirsən.

− Hər, düzdür. Yadıma düşdü. Hamınız məni qəzəbləndirirsiniz. Bax, elə o da bilir ki, mən səhər tezdən yuxudan oyadılmağı sevmirəm, amma yenə də zəng vurur...

− Sən… sən kimi deyirsən?

− Nə?

− Yəni, kimdir ki, zəng edən?

− Necə yəni kimdir? Əlbəttə, Elxan. Bu nə axmaq sualdır verirsən, ana!

− Bağışla, mən…

− Nə isə, unut getsin. Səhər yeməyinə görə çox sağ ol.

− Dəyməz.

− Hə, bir də unutmamış soruşum, Leylanın otağının qapısı niyə kilidlənmişdi?

− Sən özün dünən onu kilidlədin. Açarı isə mənə verdin.

− Nə? Ola bilməz. Necə yəni “dünən”? Bəs elə isə o, bu gün necə Elxanla gedə bildi? Sən nəyisə qarışdırırsan.

− Hə? Ola bilər. Bəs o, Elxanla haraya belə?

− Yəqin onun ofisinə. Başqa hara gedəcəklər ki?

− Hə də. Yəqin ki.

− Ana?

− Hə?

− Sənə elə gəlmirmi ki, mənim saatım çox ləng işləyir?

− Qol saatın, ya mətbəxdəki?

− Elə hamısı, ana!

− Tutuşdurmusan?

− Nə dəxli var? Onların hamısı, ümumiyyətlə, çox ləng işləyirlər. Başa düşürsən?

− Sən yəqin ki, nə iləsə başını qatmalısan. Bütün günü boş-bekarsan. Buna görə də, sənə elə gəlir ki, saat ləng işləyir.

− Nə ilə məşğul olum ki?

− Nə bilim, məsələn, qiraətlə. Sən həmişə çox oxuyardın.

− Mən oxumaq istəmirəm.

− Onda, bəlkə, nə isə toxuyasan.

− Zəhləmi tökmə. Bununla saat tez işləməyəcək ki! İndi birin yarısıdır? Birazdan yatmaq olar.

− Qızım, bəlkə, bu gün səninlə həkimə gedək, hə?

− Həkimə? Nəyə görə? Mənim heç bir yerim ağrımır. Hə, bu sənə lazımdır…

− Yox, mənə yox. Sənə. Başa düşürsən, hər şey çox sadədir. Bu həkim çox gözəl, xoş qadındır… Siz yalnız ordan-burdan danışacaqsınız. O da sənə bəzi məsləhətlər verəcək.

− Mən axı həkimə getmək istəmirəm. Məni özümdən çıxarmaq sənin xoşuna gəlir? İstəmirəm, eşidirsən? İstəmirəm.

− Qışqırma. Sənə həyəcanlanmaq olmaz. Gedək, bir az uzan. Ancaq əvvəlcə bu həbi iç.

− Bu, nədir ki?

− Elə-belə. Vitaminlərdir.

O, saata baxa-baxa yuxuya getdi. Saatın böyük əqrəbi üç rəqəminə yaxınlaşanda kirpikləri qapandı. Anası dərindən rahat nəfəs aldı. Aşağı düşüb çantasından mobil telefonu götürdü. Həkimin nömrəsini yığıb monoton zəng səsinə qulaq asmağa başladı.

− Alo? Salam, Mila. Hə, mənəm. Elə əvvəlki kimidir. Yenə heç nə xatırlamır. Yenə də deyir ki, əri zəng edib ona. Bütün bu vaxtı yadına da düşmür ki, mobil telefonunu özü sındırıb. Səhərlər heç nə yadına düşmür, ancaq axşama yaxın nə isə xatırlamağa başlayır. Nəyisə yada salır, amma hər şeyi yox. Onu sənin yanına gəlməyə razı sala bilmədim. Səni də evə buraxmaz. Mən ona səhər-axşam yuxu dərmanı verirəm. Oldu, çalışaram. Hələlik.

Anası mobil telefonu çantasına qoyub mətbəxi qaydaya salmağa başladı. İntizarla gözlərini saata zillədi.

Doğrudan da, çox ləng işləyir. Bəlkə, dayanacaq? Bəlkə, həyatın özü dayanacaq? Elə olarsa, qızı da daha hər dəfə oyananda bir neçə ay əvvəl Elxanla Leylanın başına gələnləri yada salmalı olmayacaq?

Bəlkə, daha hər dəfə özündən çıxaraq qabları sındırıb paltarları döşəməyə tökməyəcək? Bəlkə, daha başına gələn müsibətdən sarsılmış səsi ilə çığırmayacaq?

Eh, bütün otaqlardakı saatlar necə də ləng işləyirlər… Bədbəxt qızının nədənsə hələ də sındırmadığı saatlar necə də ləng işləyirlər.

mart, 2010
Rus dilindən tərcümə edən: Aqşin Atalızadə
XS
SM
MD
LG