Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Rövşən Yerfi “Günahsız" qatil"


Rövşən Yerfi
Rövşən Yerfi
Yazıçı Rövşən Yerfinin yeni çapdan çıxan "Günahsız" qatil" kitabından bir parça.


İsa peyğəmbər onlara dedi: ”Sizlərdən
kim günahsızdırsa, ona birinci daş atsın”.


Qapı aramla döyüldü:

-Ay qız, İnci, bəsdi yatdın, nə qədər yatmaq olar, gün günortanı ötüb, dur ayağa da, eşidirsən məni?

Məsmə idi onu çağıran.

- Yenə nə istəyir görəsən, - yarıyuxulu mızıldandı. - Bəlkə otaq lazımdı ona, buna görə bu hay-küyü qaldırıb?

Yuxusuzluqdan ağırlaşan göz qapaqlarını çətinliklə açıb, qarşı divardakı dördkünc saata baxdı. Gün günortanı ötüb, axşama yaxınlaşırdı.
Gecə barından çıxıb evə çatanda səhər hələ açılmamışdı.

İçəri daxil olan kimi səssizcə öz otağına girib, qapını arxadan bağlayıb, əyni paltarlı çarpayısına uzanaraq yuxuya getmişdi.

Qollarını dartıb gərnəşməklə yanaşı ağız dolusu əsnədi. Əsnəyəndə nəfəsindən gələn xoşagəlməz içki iyi burnunu qıcıqlandırdıqca əti çimçəşirdi. Barda ötən gecəni xatırladı. Əvvəlcə hər şey öz qaydasında idi.

Gecə keçdikcə ətrafındakı kişilərin onu tez-tez müxtəlif içkilərə qonaq etməsi haldan çıxardı.

Qatıb-qarışdırdığı içkilərin təsirindən beyni dumanlanmışdı. Sonra onu o biri qızlarla birlikdə kiçik otaqların birinə apardılar. Orada onunla nə etdilər, başına hansı oyunlar açdılar - xatırlamırdı.

Dağılışanda kimsə qucağına alıb maşına oturtmuşdu. Maşından düşəndə sərxoşluğundan səndirləsə də özünü evə çatdıra bilmişdi.

Ətrafına boylandı, yadına əl çantası düşmüşdü: görən dəmləşməsindən istifadə edib ona “atmamışdılar?”

Çantasını yoxlayıb sakitləşdi. Sağ olsunlar, gözü tox uşaqlardı, - fikirləşdi. Hər şey öz yerində idi: açarları, cib telefonu, bir də ən ümdəsi - gecə "zəhmət haqqısı", yaşıl bank bileti. O bilet ki, insanın istənilən işində, “kütləsindən” asılı olaraq, yaşıl işıq yandırmağa qadirdi.

Nə qədər yorğun, əzgin olsa da öz xoşu ilə ayağa durmasaydı, bir neçə dəqiqədən sonra Məsmə qara-qışqırıq ilə başının üstünü kəsdirəcəkdi. Ayağa durub yuyunmalı, üz-gözünü, əyin-başını qaydaya salıb növbəti "iş saatına", yaxınlaşan gecəyə hazırlaşmalı idi.

Yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura vanna otağına tərəf yön aldı. Məsmə onu bu vəziyyətdə görcək laqeyd qala bilməyib bozardı:

- Fu.., zalımın qızı gör nə qədər içib ki, yanından keçmək olmur. Zəhrimarın iyindən baş çatlayır. Aaaz, nə məcburdu belə içəsən, görməmişlik edəsən, hansı gününə şadsan?

- Sənin kimi anası olmağıma, - İnci atmacalı cavab verib vanna otağına girdi.

- Olmuşdun mənim tayım. Mən olmasaydım, çoxdan qurd-quşa yem olmuşdun. Yad ellərə aparıb Allah bilir, ya qul etmişdilər, ya da itkin düşüb ölmüşdün...

...Məsmə İncinin analığı idi. Qəlbinin dərinliklərində gizlin nifrət bəslədiyi kök, bəstəboy qadın həm də onun son ümidgahı idi.

On dörd yaşında anasız qalmışdı. Ayın yarısını dənizdə işləyən atasının heç vaxt qədrini bilmədiyi, hər evə gələndə gözümçıxdıya saldığı anasını Allah qəfil sağalmaz bir xəstəliyə düçar edib, əllərindən aldı.

Anasının ili çıxmamış günlərin birində haradansa tapışdığı Məsməni evə arvad gətirdi.

İlk aylar ailədə bütün işlər qaydasında gedirdi. Məsmə qılıqlı, xoşxasiyyət, hamı ilə yolagedən idi.

Yalnız atasının dənizdə olan günlərində "qohumlarıma gedirəm", - deyib onu təkbaşına qoyub bir neçə gün müəmmalı yox olması eşidib bilənə də anlaşılmaz görsənirdi.

İnci analığının bir müddət harasa gedib qayıtması barədə atasına xəbər verərsə Məsmə ilə davalaşacağından qorxub susurdu.

Nəhayət, Məsməni kimlərləsə görənlər atasına məsələni çatdırmışdılar.Bir gün işdən evə qəzəbli qayıdan atası Məsmənin üstünə çığırdı:

- Qızı evdə tək qoyub nə sülənirsən orda-burda it kimi? Qıçını qatdala altına, otur evində. Bir də eşitməyim, mən evdə olmayanda özbaşına harasa gedəsən..

- Bəs neynim, on beş gün bayquş kimi oturub səni gözləyim? Mən də insanam, darıxıram. Çıxıb bir qohumuma dəymək mənə qəbahətdir?

- Ağzımı açma qızın yanında. Haçandan qohum-əqrəbalı olmusan? Sənin qohumunun "qostinsanın" qabağında nə başı qalmışdı?! Yoxsa keçmiş məskənlərini unuda bilmirsən?

Söhbətin gözlənilməz şəkil aldığını görən Məsmə arxasını yerə vurmadı:

- Bəs məni alanda tanımırdın, gözlərin harda idi?

İncinin ilk dəfəydi atasına yazığı gəldi: qışqırmaqdan savayı əlindən bir iş gəlmirdi. Həmişə anasını yerli-yersiz kiməsə qısqanıb, üstünə hücumlanıb döyən atası, indi elə bil qorxurdu, əl-ayağı bağlanmışdı.

Demə o, Məsmə ilə eyş-işrət zamanı tanış olub, onun yüngül həyat tərzi keçirməsindən də xəbəri varmış. Gözə görünməyən qüvvə atasının gözlərini bağlayıb, ağlını almışdı. Guya Məsməni düz yola çəkib ev qadınına çevirəcəkmiş.

Atasının qadağasından sonra Məsmə əri evdə olmayanda daha harasa yox olmadı. Əksinə, "kişi qohumları" və özü sayaq qadınlar evə ayaq açmağa başladılar.

Belə vaxtlarda "əngəl" olmaması üçün İncini bir iş, ya bəhanə tapıb müəyyən vaxt evdən uzaqlaşdırmağa çalışırdılar.

Əvvəllər bu bəhanələri anlamayan İnci "qonaqların" ona dikilən harın baxışlarını hiss etdikcə, onları görməmək üçün özü həmin saatlarda evdən kənarlaşmağa çalışır, gününü küçələrdə, parklarda keçirən tay-tuşları ilə dostluq etmək məcburiyyətində qalardı.

- Ay Məsmə, nə qəşəng qızın var. Meyvəsinin nübarını haçan dərəcəksən, vaxtı döyül?

- Yox a, hələ balacadır. Bir-iki il keçsin, "baxarıq".

Təsadüfən qulağına dəyən bu sözlərin tam mənasına varmasa da, analığının hiyləgər baxışı qanını qaraltmışdı. Artıq dərk edirdi ki, Məsmə atasına yaxşı arvad olmadığı kimi, ona da layaqətli ana olmayacaqdı.

Səlim Məsməni alandan sonra yaxın qohum-əqrəba da onlardan üz döndərmişdi.

Günü-gündən dedi-qodu artır, qonşular da rastlaşanda salamlaşmaq istəmirdilər.

Dənizdən yorğun qayıdan atasının əhvalını korlamamaq, evdə qırğın düşməməsi üçün İnci hər şeydən özünü xəbərsiz göstərsə də, onun az-çox məlumatlı olmasını, ürəyində əzab çəkməsini gözlərindən duyurdu.

Atası peşman olmuşdu. Gümanı düz çıxmamışdı. Məsmədən ona ailə olmayacaqdı. Bəs nə etsin? Necə, hansı adla evdən çıxarsın? Ona xəyanət etdiyini boynuna qoya bilərdimi?

Çünki Məsmə nə edirdisə, o evdə olmayanda edirdi. Özü də səriştə ilə, izsiz-filansız. Məsməyə görə işini atsınmı? Onsuz da tanış-biliş arasında əvvəlki hörməti qalmamışdı.

İndi də işdə hamıya məlum olacaqdı ki, Səlim arvadının ipini yığa bilmir, evdə oturub ayağına bağlamaq məcburiyyətindədir.

Təzədən evlənmək də asan məsələ deyildi. Özünə layiqlisini tapması üçün xeyli müddət arayıb-axtarmalıydı. Şübhəsiz başqa evin "otur-duruna" alışmış bir ərsiz arvadla evlənməliydi.

Hardaydı beyni, qəlbi tər-təmiz qadın, bu yaşında ona ərə gəlib, qızına sahib duraydı? Bu müddətdə dənizdə olanda qızına kim həyan olacaqdı? Öz doğma anasını əvəz etməsə də ona analıq etməyi bacaran ev qadını lazım idi.

Deməli, yaxşısını tapmaq üçün gözləməli, dözməli, sonra qərar verməliydi.

O isə tələsmişdi! Axır vaxtlar daima fikirli gəzirdi. Bəzən tək olanda öz-özüylə danışırdı. Hərdən taleyini, Məsməyə rast düşdüyü günü qarğıyır, çox vaxt özünü axmaqlığına görə qınayırdı.

Əgər İncinin anası sağ olsaydı, lap Məsmə ilə dilxoşluq etsə də yəqin ki, evinə gətirməyəcəkdi.

Keçmişdə yazıq arvadına etdiyi haqsızlıqları düşünür, bu günləri acı taleyi ilə bağlayırdı. Deməli, o, verdiyi acıları, özü də dadmalıydı. Pis olmasa, yaxşının qədri bilinməz deyiblər.

Fikirdən rahatlıq tapa bilmirdi. Səlim sanki çiyinlərində ağır yük daşıyırdı. Həmin o yükün nəticəsiydi ki, bir payız günü dənizdə hava xoş olsa da hündürlükdən müvazinətini saxlaya bilməmiş, suya düşüb boğulmuşdu.

Təbii ki, bu, ehtimal idi. Ekspertizanın rəyi beləydi. Bəlkə də ayağı heç büdrəməyib, həyatından bezib özünü atmışdı. Özündən və Allahından savayı həqiqəti kim bilə bilərdi?

Atasının ölümü hamı tərəfindən bədbəxt hadisə kimi qarşılansa da, İncinin nəzərində günahkar analığı idi. Haqqında yayılan dedi-qodulara, evdə yaranan narazılığa, tez-tez aralarında olan davalara o baiskar idi. Onu ölümə, özünə qəsdə sürüklədiyi üçün atasının qatili hesab edirdi.

Amma qatil gözü ilə baxsa belə, Məsmədən qeyri kimsənin ona yaxın durmaması bu söhbəti açıb ağartmasına dəymirdi. Xalasının biri uzun illərdi xaricdə yaşayır, digəri isə yenicə rəhmətə getmişdi.

Başqa yaxın kimsəsi yox idi. Gözləmək lazım idi. İnanırdı ki, analığı nə vaxtsa etdiklərinin cəzasını alacaqdı. O günə qədər isə hər hansı bir yolla yaşamalıydı. Hələ ki, müstəqil yaşaya bilməzdi.

O, Məsmənin qayğısına möhtac idi. Ona görə də bildiklərini ürəyində saxlamağa, susmağa üstünlük verdi. Məqamı çatana qədər.

Əslində Məsmə insan kimi pis insan deyildi. İncini görən gündən onunla mehriban rəftar edir, hər qayğısını çəkməyə çalışırdı. Doğma qızı qədər xətrini istəyib, gözəl geyinməsinə, yaraşıqlı görünməsinə həmişə diqqət yetirərdi.

Özü demişkən, qoy deməsinlər ki, ögey ana əlinə baxır. Baxmayaraq ki, övladı yox idi və ümumiyyətlə olmamışdı...

Bütün insani keyfiyyətlərini, yaxşı cəhətlərini kölgədə qoyan yeganə qüsuru ayağısürüşkənliyi idi. Məsmənin nəzərində isə bu qüsur adi həyat tərzi, yaşamaq qaydasıydı.

Canındakı ehtirasdanmı, yoxsa anasının yolunu davam etdirmək alnına yazılmışdımı, ağlı kəsəndən hamı kimi yaşamağı bacarmadı.

Həyatın sərt üzünü görənədək, bəxtindən bir kişi də qarşısına çıxmadı ki, sevməyin nə olduğunu anlatsın, ona sahib çıxıb, xanımı etsin. Əksinə, hamı onun təcrübəsizliyindən öz məqsədi üçün istifadə etdi.

İlk günlər özünü "qurbanlıq" hesab etsə də, sonradan "sənətinin bilicisi" oldu. Say-hesabını itirdiyi abortların nəticəsi o oldu ki, sonsuz qaldı.

Ömrünün payızında, yaşı qırxı haqlayanda İncinin atası ilə qarşılaşması isə ona gecikmiş, vaxtı keçmiş baharı xatırlatdı. Lakin artıq gec idi. Sərbəst, özbaşına yaşadığı uzun illər bütün varlığına təsir göstərmişdi.

Ömrü boyu bir kişi ilə yaşamaq, ona heç vaxt xəyanət etməmək?! Onun üçün bu çox çətin idi.

Layiqli qaydada yaşamağı ürəyi istəsə belə, bacarmırdı. Bədənini idarə edən, ürəyinə üstün gələn sehrli bir qüvvə ona qalib gəlirdi. Bu mücadilədə tək özü ilə mübarizə kifayət etmirdi.

O, gərək eyni zamanda illər ərzində ünsiyyətdə olduğu dostlarından, tanışlarından imtina etməli idi. Və yaxud, bu torpaqdan baş götürüb getməliydi.

...Məsmənin qız vaxtından ən çox xoşladığı zövq cinsi yox, müştəridən aldığı qazancın şirinliyi idi. Elə qızlığını da pula, bahalı pal-paltara, ənlik-kirşana qurban vermişdi. Əlinə pul gələndə mağazaları gəzməkdən yorulmazdı.

İstəyi isə bitib-tükənmək bilmirdi. Könlündən saysız-hesabsız pullar keçirdi. Müstəqil olmaq nə qədər yaxşı olsa da, sərfəli müştəriyə rast gəlmək hər zaman mümkün deyildi.

Vasitəçisiz keçinmək çətin idi. Ona görə də, şəhərin mərkəzindəki mehmanxananın qarşısında tanış olduğu rəfiqəsinin məsləhəti və köməyi ilə dəstəyə qoşulmaq məcburiyyətində qaldı.

Dəstə, təhlükəsizlik baxımından da sərfəli idi.

Tək olarkən bəzən müştərinin kobulduğu ilə rastlaşanda polisə müraciət etməyə ürək etmirdin. Polisdə çox vaxt o kobudu cəzalandırmaqdansa, sənin üstünə düşüb incidirdilər.

Ancaq dəstədə olanda dəstəbaşının polislə gizli sövdələşməsi varsa, haqlı tərəf kimi xətərsiz ötüşürdün. Onun kimi qadınları idarə edən, müştərilərə vasitəçilik yaradan dəstəbaşı xanımın - "Mama Roza"nın qazancın tən yarısına yiyə durması da onu açmırdı. Belə olanda, özünə münasib iş yeri tapmağı qərara aldı.

Ürəyindən mağazada satıcı işləmək keçirdi. İmkanlı tanışlardan soraq etdi. Nəhayət, bir gün satıcı işi tapıldı.

Amma mağazada deyil, şəhərin girəcəyində, yol kənarındakı təzə açılan kafedə satıcı işinə qəbul edildi. İşə düzələndən sonra müstəqil yaşamaq üçün evdən ayrılıb, kirayə mənzil tutdu.

Məsmənin xoş davranışı, yaraşıqlı qaməti ilk gündən kafeyə gələn-gedənlərin diqqətini cəlb etdi. Az vaxt ərzində kafenin müştərilərinin sayı artdı. Daha ona kimisə axtarmaq lazım gəlmirdi. Əksinə, onunla “yaxınlıq” etmək istəyənlər birə-beş artmışdı.

Hətta bəzən iş vaxtının sonunadək dözməyənlər də tapılırdı. Belə halda, müdirin razılığı ilə, qazanca şərik olmaq şərti ilə müştərini narazı salmamaq naminə, gözdənkənar kabinada "nümunəvi xidmət" göstərməli olurdu.

Çox keçmədi, kafe xüsusilə sürücülər arasında tanınıb, öz adı ilə yox, "Məsmənin kafesi" kimi məhşurlaşdı.

İllər ötdükcə, laubalı həyat onu usandırmağa başladı. Hər il yaşı artdıqca, gözəlliyinin azaldığını, bədəninin əzalarının boşaldığını duyduqca, nə vaxtsa bu qayğısız günlərinin sonu olacağını düşünərək özündən asılı olmadan əsəbiləşirdi.

Gələcəyi üçün narahatlıq yaradan tənhalıq qorxusu daim canını sıxırdı.

O, kafedə bir müddət işləyəndən sonra özünə imkanı çatan hər şeyi əldə etmişdi. Bir otaqlı ev almışdı, evində normal şərait yaratmışdı. Daha onun-bunun qapısında kirayə qalmırdı.

Hər cür ev əşyası, çoxlu pal-paltarı, ehtiyat pulu, hər yerdə dostları var idi. Həyatından narazı deyildi. Özü seçdiyi həyat idi. Əzabı da, sevinci də ona xoş gəlirdi.

Başı yoldan ötənə, gəlib-gedənə, çox vaxt eyş-işrətə elə qarışmışdı ki, yaşının otuzu keçməsini hiss etməmişdi.

Bir səhər tezdən kafenin həyətinə bir minik maşını girdi.

Maşından orta yaşlı kişi, nisbətən cavan qadın və beş yaşı da ola-olmaya şeytangöz bir qız düşüb kafeyə daxil oldular. Uzaq yoldan gəldikləri hiss olunurdu.

Bu kafeyə ailə nadir halda gəlirdi. Onlar içəri girəndə balaca qız necə Məsmənin gözünü tutdusa, bütün iş-gücünü atıb, qızla oynamağa başladı.

Qızcığazın parıldayan gözlərini, yumşaq saçlarını, xırda əllərini, yaraşıqlı sifətini oxşamaqdan, öpüb qucaqlamaqdan özünü saxlaya bilmirdi. Elə bil əl ilə yaradılmış canlı kukla idi.

- Kukla, kukla...

Məsmənin nəvazişlərinə əvvəlcə cavab verməyib, anasının qucağına qısılan qızcığaz, ondan bir xeyli şirniyyat aldıqdan sonra üzü güldü. Anası da, Məsmə də sevindi:

- Uşaq fağır neyləsin, qan nədi, iliyimizə keçib. Xeyrimiz olmasa, üzümüz gülməz.

Yeməklərini qurtaranda Məsmə yenidən onlara yaxınlaşıb qızı qucağına alaraq oynatdı:

- Kuklanı satın mənə. Mən alıram, verməsəz, gəlib evinizdən oğurlayacağam.

Atası gülə-gülə:

- Bizim kuklamızın qiyməti yoxdur. Heç kimə verə bilmərik. Kukla istəyirsən, get, zəhmət çək al, - onun əzizləməsini eyhamla cavabladı.

-Allahın verdiyi payın tayı-bərabəri olmaz, - anası yoldaşının sözünə qüvvət verdi.

Məsmənin könlünü hələ heç bir uşaq bu cür ovsunlamamışdı. Ürəyində ani istək baş qaldırdı: kaş onun da belə balaca balası olaydı.

O, qızın ciblərini konfetlə doldurdu, çoxlu-çoxlu öpüb anasına qaytardı. Onlar gedəndə Məsmənin gözləri nəmlənmişdi. Ömründə ilk dəfə idi uşaq istəyirdi. Əvvəl əl-ayağına dolaşacağından ehtiyatlanıb, uşaq barəsində heç düşünməmişdi də.

O, nə qədər heyvansayaq tək özü üçün yaşayacaqdı? Sabah qocalıb əldən düşəndə ona kim yiyə duracaqdı?

Qadın üçün ana olmaqdan gözəl nə var dünyada? Mütləq, necə var ana olmalıydı. Atasının kimliyi, olub-olmaması əhəmiyyətli deyildi. Özü atalıq edəcəkdi.

Qazancı, yığdığı ona bəs idi. Təki, "ana" deyib, qucaqlayan olsun, malına, evinə, özünə sahib dursun. Ancaq yaşının bu çağında ana olmaq asan deyildi.

Cavan vaxtlarında hamilə qalmamaq üçün nələr etməmişdi? Çətin ondan ana olardı. Gərək təcili həkimə müraciət etsin.
Ertəsi gündən başlayaraq, xeyli müddət həkimlərə ayaq döydü.

Müalicələr yazıldı. İki ilə qədər ümidlə yaşadı. Lakin nəticəsi olmadı. On beş il əvvəl etdiyi başıpozuq hərəkətlərinin cavabını aldı: O, heç vaxt ana olmayacaqdı!

Bir zamanlar hamiləlikdən yaxa qurtarmağa pul xərcləyirdi. İndi tərsinə! Xərclədiyi pulların da xeyri yox idi. Artıq özü də bu qənaətə gəlmişdi ki, arzusu alınmayacaq. Möcüzəyə ümid bağlayan həkimlər isə öz xeyirlərinə görə onu yeni müalicələrə həvəsləndirib əldən buraxmaq istəmirdilər.

Daha iynə-dərmandan da bezmişdi. Allahına sığınıb, qismətinə qane olmaq istəyirdi. Demək, belə lazımmış. O, ana olmağa layiq deyilmiş...

Bir neçə il də keçdi. Həyat öz axarı ilə davam edirdi. Məsmə həmişəki kimi həyatını kafeyə, müştərilərə həsr edə, taleyi ilə razılaşıb ömrünün günlərini, havayı əlinə keçən pul sayağı boş-boşuna xərcləyirdi. Yaşı qırxı haqlamışdı.

Özünü nə qədər cavan göstərməyə çalışsa da, əvvəlki təravəti, yaraşığı qalmamışdı. O, bunu onunla olmaq istəyənlərin azalmasından hiss etmişdi.

Keçmiş tanışları, müştəriləri daha özündən çox, kafeyə ayaq açan cavan qızlarla maraqlanır, onu vasitəçilik etməyə dilə tuturdular. Başa düşürdü ki, artıq dövranı bitmək üzrədi.

Beş-on il də ötəcək, onu vaxtında olsaydı, oğlu yaşında, təcrübəsiz, nəsə öyrənmək istəyən cavan uşaqlardan qeyri kimsə istəməyəcəkdi.

Əvvəl pərt olsa da, köhnə dostlarını itirməmək xatirinə vasitəçi olmağa razılaşmaq məcburiyyətində qalırdı. Etdiyi vasitəçiliyə görə isə hər iki tərəf könüllü, bir-birindən xəbərsiz "hörmət"lərini çatdırırdılar. Bu minvalla get-gedə özü istəməsə də "Mama Roza"ya çevrilirdi.

Axır aylar kafeyə ara-bir gəlib gedən, saçlarına dən düşən ortaboylu, çox da kök olmayan kişinin daim ona qəribə nəzərlərlə baxması nəzərindən yayınmamışdı. Son illər özündən yaşlı kişinin ona belə baxmasını xatırlamırdı. Az-çox yenə cavanlar yaxınlaşıb, yaddan çıxarmırdılar.

O kişi, sanki gözləri ilə nəsə demək istəyən, amma deməyə utanan yeniyetməyə oxşayırdı.

Qəfildən peyda olduğu tək, bəzən günlərlə yox olurdu. Heç kəsə qaynayıb qarışmayan, uzaq küncdəki stolda papiros çəkə-çəkə yalnız pivə içən, daim fikirli bu kişi Məsməni ilk gündən özünə cəlb etmişdi.

Hər dəfə ona yaxınlaşıb maraqlanmaq, həmsöhbət olmaq istəmişdisə, özünün də heyrət etdiyi bir hiss onu həyalı davranmağa məcbur etmişdi.

Olmayanda isə mütləq ona yanaşacağını qərar verən Məsmə, kişini görəndə tərəddüddən donurdu. Başını işə qatırdı. Nə vaxt ki, onu həmişə oturduğu stolun arxasında görmürdü, özünü danlayıb peşman olurdu.

Nəhayət, son gedişindən sonra bir axşam onu yenidən kafedə görüb, sevindi. Daxilində güc toplayıb gülə-gülə stola yaxınlaşdı. İllərdən bəri topladığı təcrübə dadına çatdı.

- Salam! Xoş gördük!

- Salam! Xoş günün olsun, - onun yaxınlaşması kişini sevindirmişdi. Elə bil o da çoxdan soruşmağa çəkindiyi sualın cavabını eşidəcəkdi:

- Əyləş, ayaq üstə zəhmət çəkmə, - qarşısındakı stula dəvət etdi.

Məsmə əyləşdi. Həmişə kənardan müşahidə etdiyi insanın sifət cizgilərinə yaxından nəzər salıb baxışlarının dərinliyinə heyrətləndi. Onun siması nədənsə tanış gəlirdi. Görən harda görmüşdü onu? Nə bilsin. On beş yaşından o qədər kişi görmüşdü ki, hansını yadda saxlayacaqdı? Xatırlamırdı.

- Mənə bax, çoxdandı sənə göz qoyuram. Mənə belə qəribə baxırsan e... Olmaya məndən xoşun gəlir?

Sözlər kişiyə ləzzət verdi:

- Düz tapmısan, elədir ki, var, səndən xoşum gəlir.

- Yox a, birdən vurulub edərsən mənə, - Məsmə şaqqanaq çəkdi.

Söhbətin bu məcraya gəlməsi hər ikisinin gülüşünə səbəb oldu.

- Onda vur gəlsin, - əlini kişiyə tərəf uzatdı, - Məsmə...

Məsmənin əlini ona tərəf uzatmasını əvvəlcə gec anlayıb, sonra özü də əlini uzadıb sevinclə onun əlinə vurdu:

- Səlim!

- Bilmirəm, nə vaxtsa səni görmüşəm, tanış gəlirsən. Bir az qocalmışam, yaddaşım korlaşıb. Bəlkə özün deyəsən. Əvvəllər, bu son üç-dörd ayı demirəm, bu kafeyə yolun düşüb?

- Sən qocalmamısan, maşallah cavan qıza oxşayırsan, qorxma gözə gəlməzsən.

Sonra Səlim gülüşünü saxlayıb, mətləbdən yayınmayıb, ah çəkdi:

- Hə, düz deyirsən, gəlmişdim. On il qabaq. Ailəmlə gəlmişdim. Yaxşı yaddaşın varmış, bir dəfə gəlsəm də xatirində qalıbmış.

Məsmə özü də özünə mat qalmışdı. O, on il qabaq, bir dəfə gələn adamı yadında necə saxlaya bilərdi? Yəqin onu kiməsə oxşadıb. Özü də ailəsi ilə. Yenə "qonağı" olmuş olsaydı, dərd yarıydı. Hər halda özünü sındırmaq istəmədi:

- Deyirəm axı, səni nə vaxtsa görmüşəm. Yaxşı, bəs sonra niyə gəlmədin, yoxsa kafemiz xoşuna gəlmədi?

- Yox, elə deyil, mən arvadla çox adam arasına çıxan deyiləm. O gün uzaqdan gəlirdik, evə çatanacan dözmədik, istədik bir hovur dincələk, aclığımızı öldürək. Onda səninlə görüşdük. O gün bizə göstərdiyin qayğını, diqqəti həmişə xatırlayırdıq, xüsusilə balaca qızımızla....

- Nə tez yadına düşmüşəm. Daha bir on ildən sonra gəlsən mənim yerimdə başqasını görəcəksən. Yoxsa əl-qolunu tutan var? Ürəyin nə vaxt istəyir gəl, get, yenə ailəni də gətir. Dünya dağılmayacaq ki,..

- Elə deyil, - Səlimin səsi hüznləşdi, - dörd ay olar ki, yoldaşım dünyasını dəyişib. İndi hər bura gələndə, səni görəndə, o günləri təkrar yaşayıram, yüngülləşirəm...

Söhbətin qəmli məcraya yönələcəyini gözləməyən Məsmənin sifətindən gülüş çəkildi. Son illər bəzən ürəyini ağrıdan tənhalığını xatırladı. Bütün həyatını arsızlıqla yaşamaq baş tutan iş deyildi. Heç kim pis gündən, ölümdən sığortalanmamışdı.

Səlimin kədərli üzünə baxıb qəlbində onun rəhmətə gedən arvadına qibtə etdi. Heç olmasa onun üçün qəmlənən, xatırlayan var idi. Məsməni kim arayıb axtaracaqdı?

- Allah rəhmət eləsin. Cavan idi?

- Bir yaşda olardıq.

- Sən çox qocalmamısan ki... O bir-iki saçın da yəqin arvaddan sonra ağarıb. Sənə nə var, uzağı ili çıxmamış nə çoxdu arvad, birini tapacaqsan. Bəs arvaddan neçə uşaq qaldı?

- Bir.

- Nə yaxşı çox deyil. Qızdı, oğlan?

- Qız.

- Neçə yaşı var?

- On dörd. Sən onu görmüşdün. Onu da özümüzlə gətirmişdik. Yadındadı, deyirdin, bu kuklanı mənə satın. Bayaq dedim axı...

Məsmənin elə bil yaddaşının qaranlığına işıq seli yayıldı. On il əvvəl səhər minik maşınından düşüb kafeyə girən orta yaşlı kişi, nisbətən cavan qadın və o gün ağlını başından alan şeytangöz balaca qız gözlərinin önünə gəldi. Yarı heyrət, yarı sevinclə, qeyri-ixtiyari çığırdı:

- Kukla! Yadıma düşdü...

Gözləri nəmləndi. Kədərlə başını buladı.

- Yazıq anasız qaldı. Bax belədi də, Allahın işi. Kiminə vermir, kiminə də verir, dərd verməyi də yaddan çıxarmır. Kukla o gün qəşəngliyi ilə, istiqanlılığı ilə ürəyimi almışdı. Yəqin indi də gözəl olar, dəyişməz, elə deyil? Mən məmnuniyyətlə o qıza analıq edib, saxlardım.

Səlim Məsmənin o günü xatırlamasına sevinir, kədərinə şərik olduğu üçün həm yad, həm də keçmiş xatirəsinin yaxın adamı hesab etdiyi qadını minnətdarlıq dolu baxışlarla süzürdü.

Həmin axşamdan Məsmə ilə Səlimin arasında səbəbini özləri də tamlıqla dərk edə bilmədikləri xoş bağlılıq yaranmışdı. Kafedəki görüşlərin sayı artdıqca, bir-birlərinə münasibətləri istiləşirdi.

Hətta Səlim olmayanda Məsmə darıxır, özünə yer tapa bilmirdi. Sonradan bildi ki, Səlim dənizdə işləyirmiş. Bu səbəbdən bəzən günlərlə gözə dəymirmiş.

Səlimlə tanış olandan Məsmə xasiyyətində dəyişilmə hiss etmişdi. O, ömründə heç kim üçün darıxmadığı halda Səlim üçün darıxır, narahatlıq keçirirdi. Onu görəndə əziz adamını görmüş kimi sevinir, könlü açılırdı. Özündəki dəyişikliyə təəcüblənib gülmüşdü.

Olmaya Səlimə vurulub aşiq olmuşdu?! İllər boyu adi bir işarə ilə istənilən kişi ilə kafenin kabinəsində görüşməyə hazır olan Məsmə, bu mənada Səlimi xəyalına gətirməyə belə həya edirdi.

Gün-gündən istiləşən münasibətlərinin nə ilə nəticələnəcəyini gözəl anlayan, həyatın hər üzünü görən bu "aşiqlər" ürəklərindən keçəni həyata keçirməyə cürətləri çatmırdı.

Səlim onu gəzəyən hesab etmək istəməsə də, bu işi ləngimədən görməyin vacibliyini anlayırdı. Əks halda aralarındakı münasibət xoş sonluqla deyil, sarsıntı ilə qurtaran xatirəyə çevriləcəkdi. Yeniyetmə dövrü çoxdan keçmişdi.

Daha hər şeyi öz adı ilə çağırmaq, həyatda olduqları kimi rəftar etmək vaxtı idi. Onların münasibətlərinin gələcəyi bu görüşdən asılı idi. Ya möhkəmlənəcək, ya da hər şey bitəcəkdi. Məsmə ilk addımın özü tərəfindən atılacağı halda Səlimin könlünə dəyə biləcəyindən ehtiyatlanırdı.

Həm də Səlimin ona fahişə gözü ilə deyil, fərqli gözlə baxması, qürurunu artırırdı, onu əksiltməyə qoymurdu.

Səlim qəti qərara gəldiyi gün, həmişə içdiyi pivədən əlavə, cürət dərmanı – azca araq da içdi. Məsmə ilə söhbətin şirin yerində, kimsənin onlara qulaq asıb-asmamasını yoxlamaq məqsədilə ətrafa göz gəzdirib, alçaqdan ciddi səslə dedi:

- Məsmə, deyirəm gör neçə aydır biz söhbətləşirik, görüşürük, gəl ki, görüşümüzün ardını o kabinaların birində davam etdirmirik. Hə, necə baxırsan bu məsələyə?

Çoxdan gözlədiyi təklifi eşidəndə xoşhallanan Məsmə bir anlıq dinmədi, nədənsə sifətinə qızartı gəldi. Ömründə heç zaman bilmədiyi, qızlığından yox olub, indi isə haradansa peyda olan qəribə duyğular onda həya hissləri yaratmışdı:

- Nə deyim, əgər lazım bilirsənsə, hara gərəkdir, ora gedərəm.

- Onda zəhmətdən keçib, dur kabinalardan yaxşısını seç, isti-isti, vaxtı itirməyək.

Məsmə ayağa durmaq istəyəndə, qəlbindən gələn səs onu dayandırdı. Yox, Səlimi kabinəyə aparmayacaqdı. O başqaları ilə eyniləşə bilməzdi. Səlim onun tərpənməməsindən narahatlandı.

- Nə oldu, fikrə getdin?

- Gəlsənə belə edək. Səbr eylə, işdən çıxım, gedək evimə. Hə, necədi?

Məsmənin evinə dəvət etməsi Səlimin ürəyincə idi.

- Əla, əla! Bəyənilsin.

Doğrudur, Səlimdən əvvəl də evində başqalarını qonaq etmişdi, əlbəttə, daha hər yoldan ötəni yox. Məsmənin evi, şəraiti ən başlıcası isə hələ şuxluğunu tam itirməyən əzalarının gözəlliyi Səlimin xoşuna gəldi. Həmin gecə o, axtardığını tapmış kimi sevinirdi.

Məsmə, izahını tapmaqda çətinlik çəkdiyi hisslər burulğanında nə edəcəyini bilmirdi. İlk dəfə idi yataqda əzizləndiyini, sevildiyini duyurdu. Demək, onu da ürəkdən öpmək olarmış.

Dərk etdi ki, qadına ehtiras öldürən "maşın" kimi yox, sevgini paylaşdığın insan kimi yanaşılmalıdır. Amma pul, maddi təmənna insani münasibəti dəyişir, alverə çevirirdi.

Gecənin şirinliyindən ayıla bilməyib, Səlimin nə vaxt getdiyindən xəbər tutmayan Məsmə, səhər vərdiş etmədiyi halla rastlaşmışdı.

Elə bil nəsə çatmırdı: yatdığı kişidən "zəhmət haqqı"sız ayrılmışdı. Yeri görsənsə də, Səlimdən pul götürməzdi, özünü təhqir olunmuş hesab edərdi. Döşəyinin altını, ciblərini, ağlına gələn hər tərəfi yoxladı, ilk dəfə axtardığını tapmamasına sevindi. Güman ki, Səlim də onun belə düşündüyünü duyub evə ilk gəlişi münasibəti ilə aldığı fransız ətri ilə kifayətlənmişdi.

Hər ikisinin könlündən olan bu görüşdən sonra əlaqələri daimiləşdi. Tez-tez görüşməyə başladılar. Məsmə, ömrünün payızında da olsa sevilməyinə sevinirdi. Deyəsən, nəhayət, Tanrının ona yazığı gəlmiş, qarşısına onu sevəcək kişi gətirmişdi.

Görən, sevgisi vaxtsız açılan çiçək təki tez də solmayacaqdı? Əslində onların arasındakı bu istilik sevgidən çox, iki tənha insanın dostluğuna bənzəyirdi.

Bu dostluq da ya məhəbbətə çevriləcək, ya da adi qadın-kişi münasibətini ötməyəcəkdi. Görüşlər artdıqca, Məsməyə öyrəşən Səlimin könlündən onunla ər-arvad olmaq keçirdi.

Çünki onun qadınla əlaqələri başqalarının diqqətindən yayınmır, getdikcə tanışlarının arasında müxtəlif söz-söhbət yaranmasına rəvac verirdi.

Məsmənin İnciyə analıq edəcəyinə, dostluğun məhəbbətə çevriləcəyinə inanan Səlim, onu rəsmi qadını etmək, şəriksiz sahibi olmaq istəyirdi.

O, ilk dəfə niyyətini Məsməyə bildirəndə nə cavab verəcəyini bilməyən Məsmə bir anlıq dondu. Ona belə təklifin ediləcəyini heç zaman düşünməmişdi. O ailə həyatına hazır idimi? Qalan ömrünü bir kişiyə həsr edə bilərdimi?

Başlıcası, ögey ana olmaq yükünü daşıya biləcəkmi? Özünə arxayın idimi?

- Qulaq as, uzağı beş-altı il də bu kafedə gününü keçirəcəksən.

Bəs sonra? Sonrasını fikirləşmisən? Ailə sahibi olmaq istəmirsən? Ərinin, həsrətini çəkdiyin qızının olmasının nə ziyanı var?

Bəsdi, gəl həyatını dəyiş. Qızıma analıq et, mənimlə yeni həyata başla. Kafedəki işindən də çıx, bir otağını da sat, yığış mənim evimə. Sahibəlik et, heç nəyin də fikrini çəkmə. Bütün ehtiyaclarını mən ödəyəcəyəm.

Səlimin təkrar-təkrar dediyi bu sözlər bir müddət qulağında cingildədi. Qəlbini didib-dağıdan suallar rahatlıq vermirdi.

Doğrudanmı, o, bundan sonra ömrü boyu yalnız bir kişi ilə yaşamağa tab gətirəcəkdi? Səlimi kiminləsə dəyişməyəcəkdi, xəyanət etməyəcəkdi?

Həmişə ona ən sadə, adi görünən, varlığını büruzə verən bu iş məgər xəyanət idimi? Özünə bu yolu seçəndən bəri alışdığı vərdişini, xasiyyətini dəyişməyə gücü çatacaqdımı?

Əvəzində müəmmalı gələcəkdən, tənhalıqdan qurtulacaqdı. Həsrətində olduğu övladı - qızı olacaqdı. Ər nəvazişi görəcəkdi, adamlar içərisində "gəzəyənin birisi"ndən namuslu arvada dönəcəkdi.

Axır ki, Səlim onun ağlını ala bildi. Bəlkə elə buna görə də Məsmənin Səlimdən xoşu gəlirdi. Onun, daim düşüncəsinə təsir edə bilən kişiyə ehtiyacı var idi. Səlimin təkidi ilə bir otaqlı mənzilini satdı, kafedəki işindən çıxdı. Rəhmətə gedən arvadının ili çıxanadək Səlimin evinə yığışdı.

İnci - şeytan qız xeyli böyümüşdü. Bütün günü qıza qayğısını, diqqətini əsirgəməyən Məsmə bir ay içində İnci ilə dostlaşdı. Səlim onların mehribanlığını görüb, ailəsini yenidən bərpa etməsinə qəlbən sevinirdi.

Amma, Məsməni evə gətirən gündən qohum-qardaş Səlimdən üz döndərdi. Onu vaxtından tez, həm də özünə layiq olmayanla evlənməyində günahlandırıb, ayaqlarını evdən kəsdilər.

Məsmənin kimliyini, keçmişini gizlətmək çətin idi. Yaxşı deyiblər ki, oğruluqla, əyriliyin ömrü qırx gün çəkər. Onu tanıyanlardan qaçmaq, gizlənmək mümkün deyildi. Belə adamlarla rastlaşdıqda Səlim ona dikilən istehza dolu baxışlardan daxilən sarsılırdı.

Vaxtı ilə vasitəçilik etdiyi qızların Məsməni axtarmağı, evə gəlməsi ilk narazılığın yaranmasına səbəb olmuşdu.

- Qəribə adamsan ey, necə deyim ki, məni axtarma, gəlmə evə. Elə şey olar? İstəmirsən, zəhmət çək, otur yanımda, getmə işə. On beş gün atıb gedirsən, qalıram dörd divarın arasında. Daş-divarla dərdləşim?

Səlim bəzən Məsməyə haqq versə də, iş məsələsində karıxırdı.Otuz ilə yaxın çalışdığı işini atıb, ömrünün əlli yaşında haradan təzə iş tapacaqdı? Əlindəki qazancını arvad güdazına verə bilməzdi.

Sabah da Məsmə onu imkansızlıqda qınayıb, işinə qayıtmaq söhbətini ortaya atacaqdı. Yalnız dözmək, ev xanımına dönməyini gözləmək lazım idi.

Əfsus, belə olmadı. Hər şey nəzərdə tutduğun kimi alınsa, nə var idi ki... İnci evdə sakitliyi qorumaq xatirinə dinməsə də, qonşulardan eşitmişdi ki, o işdə olanda qızı evdə tək qoyub, günlərlə harasa yox olurdu.

O vaxtdan ürəyinə qara şübhələr dolmuşdu: demək, Məsmə dözə bilmədi, ona xəyanət edirdi.

Davalaşıb, evdən harasa çıxmağı qadağan etdi. Növbəti dəfə dənizdən qayıdanda, Məsmənin rəfiqələrinin evində "at oynatmasını" eşitdi.

Məsmə düzələnə oxşamırdı. Fikir çəkməkdən qaraqabaq olan Səlim səhvini düzəltməyə çıxış yolu tapmırdı. Tutaq ki, Məsmədən ayrıldı. Bəs İncini neyləsin? Onların yaxınlaşmasına elə qızının yetimliyi səbəb olmamışdımı?

Qızı Məsmədən ayırmasa, gələcəyi necə olacaqdı? Məsmə yoluxucu xəstəlik kimi onu da öz gününə salıb, məhv edəcəkdi. Gözü görə-görə balasını bataqlıq əjdəhasına qurban vermişdi...

Səlimin qısqanclığı Məsməni hövsələdən çıxarmışdı. O, ayın bir-iki gününü könlünü açmaq üçün dostları ilə görüşməsində pis heç nə görmürdü. Keçmişi ilə bağlı bütün əlaqələri, insanları bir gündəcə itirmək, yox etməyi bacarmadı.

Və istəmirdi. Təzə həyatının şirinliyindən doyunca dadmamış, keçmişinə tüpürməklə yaşadığı bütün ömrünü, varlığını inkar etmiş olurdu. Onu əhatə edən mühitdən, insanlardan isə birdən-birə ayrılmaq asan deyildi.

Zaman lazım idi. Zamana dözməyəndə isə məkanı dəyişmək gərək idi.

Səlim zamana dözmədi. Məsmənin məkanını dəyişməyə də gücü çatmadı, öz məkanını dəyişdi. Sirli-müəmmalı ölümü ilə.

Onun yasında sanki hamı nəsə bilirdi. Həqiqətdə isə kimsə dəqiq heç nə bilmirdi. Bizi axarında aparan həyat özü də beləydi...
XS
SM
MD
LG